Ər-Riyadda "Heydər Əliyev
və Azərbaycanda milli siyasət" kitabının ərəb
dilində ikinci nəşrinin təqdimat mərasimi
keçirilmişdir
Səudiyyə Ərəbistanı Krallığı Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunda Hidayət Orucovun "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının ərəb dilində ikinci nəşrinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə dost ölkənin rəsmiləri, institutun rəhbərliyi və professor-müəllim heyəti, elm xadimləri, diplomatik korpusun nümayəndələri, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Tofiq Abdullayev iştirak etmişlər.
İnstitutun baş müdiri, doktor Məhəmməd Uverdi təqdimat mərasimini açaraq "Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının ərəb dilində nəşrini və rəhbərlik etdiyi elm ocağında geniş oxucu auditoriyasına çatdırılmasını əlamətdar hadisə kimi qiymətləndirmişdir.
Kitab haqqında nəzəri mülahizələrini bildirən institutun Asiya Araşdırmalar Mərkəzinin müdiri doktor Raca əl Məzruqi əl Bəqami isə əsərin nəşrini ərəb oxucusunun qardaş Azərbaycana və onun ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə xüsusi diqqəti kimi dəyərləndirmişdir.
Tədbirdə çıxış edən İslam İşləri və Vəqflər Nazirləri Konfransının Baş katibi doktor Məcid ət-Türki demişdir ki, həvəslə tərcümə etdiyi bu kitab Azərbaycan və onun əzəmətli oğlu mərhum Prezident Heydər Əliyev haqqında son zamanlar yazılmış ən sanballı əsərlərdən biridir.
Diplomat həmkarları adından danışan Qırğızıstan Respublikasının Səudiyyə Ərəbistanındakı səfiri Yusupbek Şəripov Heydər Əliyevin sovetlər birliyi məkanında, xüsusilə də, müsəlman respublikalarının siyasi elita və ziyalıları arasında böyük hörmətə malik olduğunu, daim müsəlman və türk xalqlarının milli-mənəvi maraqlarını müdafiə etdiyini səmimiyyətlə vurğulamışdır.
Təqdimat mərasimində çıxış edən Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası arasındakı əlaqələrin yaranmasında ümummilli liderimiz Heydər Əliyevin və Səudiyyə Ərəbistanının mərhum Kralı Fəhd bin Əbdüləziz əl Səudun misilsiz xidmətlərini qeyd etmişdir. Bildirilmişdir ki, ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin inkişafına bu gün Prezident İlham Əliyev xüsusi diqqət yetirir.
"Heydər Əliyev və Azərbaycanda milli siyasət" kitabının əsas ideyası və onun ərəbdilli oxucuya çatdırılmasında məqsəd və vəzifələr iştirakçılara açıqlanaraq əlavə edilmişdir ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda tarixi tolerantlıq mühitinin qorunub saxlanılmasında, "Azərbaycan dünyəvi dövlətdir, ancaq biz dinimizdən ayrı deyilik" dünyagörüşü üzərində qurulmuş və bu gün uğurla davam etdirilən dövlət-din münasibətləri sisteminin işlənib hazırlanmasında, həmçinin Azərbaycan xalqının özünəməxsus milli-mənəvi dəyərlərinin zənginləşdirilməsində ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Ərəb dünyasını müasir Azərbaycan həqiqətləri ilə tanış etmək zərurətindən söz açan Hidayət Orucov kitabın ərəb dilində yeni nəşrinə görə İslam Məsələləri, Vəqflər, Dəvət və İrşad Nazirliyinin rəhbərliyinə, xüsusilə də, İslam İşləri və Vəqflər Nazirləri Konfransının Baş katibi, Azərbaycanın səmimi dostu və kitabın tərcüməçisi doktor Məcid ət-Türkiyə təşəkkürünü bildirmişdir.
Azərbaycandakı millətlərarası və dinlərarası dözümlülük modelinin örnək ola biləcək xarakterini açıqlayan Hidayət Orucov tədbir iştirakçılarının suallarını cavablandırmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 30
mart.- S. 2.