Ermənistan soyqırımı və
terrorçuluğu dəstəkləyən dövlətdir
31 mart Azərbaycanlıların
Soyqırımı Günüdür
"Azərbaycanlılara
qarşı zaman-zaman törədilən ağır cinayətləri
unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin
məkrli niyyətlərinə qarşı
ayıq-sayıqlıq ruhunda tərbiyə etmək
mühüm vəzifədir".
Heydər ƏLİYEV
Tarixən qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar. Faktlar göstərir ki, bədnam qonşularımız bu qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini "milli mübarizə" yoluna çevirərək dövlət səviyyəsində dəstəkləmişlər. Bu zaman isə onlar müəyyən xarici qüvvələrin maraqlarının ifadəçisinə çevrilmiş, bəzi dövlətlər Cənubi Qafqaz və Qərbi Asiyada möhkəmlənmək üçün daim "erməni məsələsi"ndən öz mənafelərinə uyğun şəkildə istifadə etməyə çalışmışlar.
Erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı və təcavüz siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, bu ərazilərdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu "Böyük Ermənistan" dövləti qurmaqdır. Bu məqsədlə mərhələlərlə həyata keçirilən terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər buraxmışdır.
Tarixi həqiqətlərə işıq
salan sənəd
Hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə öldürülməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 30-31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışlar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra verilmişdir.
Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından da, bir növ, proqram sənədidir. Fərmanda deyilir: "Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir".
Ermənilər Qarabağa XIX əsrdə
köçürülüb
Fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə də toxunulmuş, mərhələlərlə törədilmiş soyqırımı və terror siyasəti dolğun əksini tapmışdır. Sənəddə qeyd olunduğu kimi, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı lap əvvəldən rus-erməni işbirliyinin nəticəsi olmuşdur. Rusiya imperiyası bu yolla Cənubi Qafqazda möhkəmlənmək, ermənilər isə Rusiyanın havadarlığına arxalanaraq tarixi Azərbaycan torpaqlarını ələ keçirib, bu torpaqlarda erməni dövləti qurmaq məqsədini güdmüşlər. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi: "Dağlıq Qarabağ tarixi nöqteyi-nəzərdən Azərbaycanın ərazisidir. Ermənilər Dağlıq Qarabağa XIX əsrin birinci yarısında gəlmişlər. Bu, məlum faktdır. Hüquqi baxımdan bu region Azərbaycanın ərazisidir. Ona görə də biz bu məsələni yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında həll etmək istəyirik. Biz Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusunun verilməsini təklif etmişik. Bu, bizim tərəfimizdən ediləcək maksimum güzəştdir. Çünki onun statusu həmişə muxtar vilayət olubdur".
Tarixi faktlar sübut edir ki, hələ 1721-ci ildə Qafqaza yürüşə çıxan və iki il sonra Azərbaycanın Xəzəryanı ərazilərini, o cümlədən Bakını işğal edən I Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə, "erməni kartını" işə salmış, azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılmasına göstəriş vermişdir. I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət isə təkcə Rusiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil etmişdir. Həmin vəsiyyətə ilk əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərman vermişdir. 1802-ci ildə isə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərmişdir: "Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır".
Bu, Azərbaycan torpaqlarının işğalının başlanğıcı olmuş, 1813-cü ilin "Gülüstan" və 1828-ci ilin "Türkmənçay" müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsi Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi prosesini sürətləndirmişdir. Türkmənçay müqaviləsindən dərhal sonra - 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni vilayəti" təşkil edilmişdir. Bu bədnam fərmanla tarixi Azərbaycan torpaqlarında yaradılacaq gələcək Ermənistan dövlətinin faktiki təməli qoyulmuşdur. Həmin vaxtın rəsmi statistikasına görə, "Erməni vilayəti"nin mərkəzi olan İrəvan şəhərində 7.331 azərbaycanlı, 2.369 erməni yaşayırdı. Buna paralel olaraq Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürülmüşdür. Analoji proses XIX əsrdəki Rusiya-Türkiyə müharibələrinin yekununda (1829, 1878) da özünü göstərmiş, Türkiyə ərazisindən təxminən 85 min erməni köçürülərək sözügedən bölgələrdə məskunlaşdırılmışdır. Bu proses, eyni zamanda, minlərlə azərbaycanlının doğma torpağından qovulması, qətlə yetirilməsi ilə müşayiət olunmuşdur.
XIX əsrin ikinci yarısından ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasəti təşkilatlanmış və planlı aparılmış, Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində "Böyük Ermənistan" dövləti qurmaq xülyasına düşmüş ermənilər "Qnçaq" (1887-ci ildə Cenevrədə qurulub), "Daşnaksütyun" (1890, Tiflis), "Erməni Vətənpərvərləri İttifaqı" (1895, Nyu-York) kimi siyasi-terror təşkilatlarını bu istiqamətə yönəltmişdilər. Sözügedən təşkilatların fəaliyyət proqramlarında azərbaycanlılara qarşı ardıcıl terror və qırğın aksiyaları həyata keçirmək məramı əsas yer tuturdu.
Böyük Sovet Ensiklopediyasında (20-ci cild, 1930) "Daşnaksütyun"la bağlı məlumatda göstərilir: "Daşnaksütyunun 1894-cü ildə qəbul olunmuş birinci proqramı vulqar marksizmin, liberalizmin, xalqçılığın və xırda burjua millətçiliyinin qarışığından ibarət idi. Proqramın mərkəzində "Türkiyə Ermənistanını" azad etmək ideyası dururdu. 1903-cü ildən partiya, demək olar ki, yalnız Türkiyə ərazisində fəaliyyət göstərirdi".
Tarixi faktlar nə deyir
1905-1907-ci illərdəki Rusiya inqilabı zamanı qarışıqlıqdan istifadə edən ermənilər Bakı, Şuşa, Zəngəzur qəzalarında, Qarabağda kütləvi qırğınlar törədərək 75 azərbaycanlı kəndini talan etdilər. Həmin inqilabdan sonra azərbaycanlıların deportasiyası və soyqırımı prosesi örtülü şəkildə davam edirdi. 1914-cü ildə başlanan Birinci Dünya müharibəsi və onun gedişində Rusiyada baş verən inqilablar (1917-ci il) ermənilərin "Böyük Ermənistan" iddiası üçün əlverişli şərait yaratdı.
1915-ci ilin əvvəlində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi. Türkiyə ərazisindən erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda erməni əhalisi köçüb gəlmişdi. Rusiya ordusuna arxalanan ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, sonra isə Qarabağda, Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmağa başladılar.
1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq, Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhaliyə divan tutmağa başladılar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı. Bu ərazidə yaşayan 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşdular.
Qırğınlara 1917-ci il dekabrın 16-da RSFSR Xalq Komissarları Soveti tərəfindən Qafqaz işləri üzrə fövqəladə komissar təyin edilmiş Stepan Şaumyan başçılıq edirdi. Şaumyana Cənubi Qafqazda sovetləşdirmə siyasətini həyata keçirmək və Türkiyədə rus ordusunun işğalı altında olan yerlərdə "Türkiyə Ermənistanı" yaratmaq səlahiyyəti verilmişdi. Birinci Dünya müharibəsinin gedişində baş verən dəyişikliklər də ermənilərin azğın planlarına uyğun idi.
1918-ci il martın 30-da səhər tezdən erməni-bolşevik birləşmələri şəhəri gəmilərdən top atəşinə tutdular. Bunun arxasınca silahlı daşnaklar azərbaycanlıların evlərinə soxularaq amansız qətllər törətdilər. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda 30 min insan qətlə yetirilmişdi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan "İsmailiyyə" binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8.027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər Dağlıq Qarabağda 150 azərbaycanlı kəndini tamamilə dağıtmış, Şuşada görünməmiş qırğınlar törətmişdilər.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xaricı İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdır. 1919-cu və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimı qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyası qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində xalq cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələri tərəfindən törədilən dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Ermənilər isə dünyaya səpələnmiş diaspor təşkilatları vasitəsilə, habelə Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə qondarma soyqırımı kampaniyasına geniş vüsət vermişlər.
Deportasiya siyasəti - etnik separatizmin əyani nümunəsi
1920-ci ildən sonra
Zaqafqaziyanın sovetləşməsindən çirkin məqsədləri
üçün istifadə edən ermənilər 1920-ci ildə
Zəngəzuru və Azərbaycanın bir sıra digər
torpaqlarını Ermənistan SSR-in ərazisi elan etmişlər.
1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə
Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq
Qarabağ "muxtar vilayət" elan olunmuşdur.
Ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdikləri qətliam və etnik
təmizləmə sovet dövründə də davam
etmiş, amma həmin vaxt bu proses "qanun" çərçivəsində
həyata keçirilmişdir. Bu xüsusda Stalin
dövrünün deportasiyasını, 1948-1953-cü illərdə
100 min azərbaycanlının Ermənistan SSR-dəki tarixi
yurdlarından köçürülməsini xüsusi qeyd etmək
lazımdır. SSRİ Nazirlər Sovetinin "Ermənistan
SSR-də yaşayan azərbaycanlıların Azərbaycan
SSR-in Kür-Araz ovalığına köçürülməsi
haqqında" 1947-ci il dekabrın 23-də verilən qərarını
ermənilər çoxdan gözləyirdilər. Anastas Mikoyan
başda olmaqla, ermənilərin Moskvada əyləşən
liderləri "türksüz Ermənistan" uğrunda fəaliyyətə
hələ Böyük Vətən müharibəsindən əvvəl
başlamışdılar. Əsas "səbəb" kimi o
göstərilirdi ki, xaricdə yaşayan on minlərlə erməni
mütəxəssis Ermənistana qayıdaraq "sovet dövlətinin
inkişafı və tərəqqisi naminə
çalışmaq əzmindədir, lakin onların yerləşdirilməsi
ilə bağlı problemlər var". "Optimal"
çıxış yolu isə guya Ermənistan SSR-də
qeyri-ermənilərin yaşadığı torpaqların
boşaldılması idi. Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi
bir müddət bu fəaliyyətin qarşısını ala
bilsə də, Stalin ideyanı dəstəklədi və
SSRİ hökumətinin "tarixi" qərarına imza
atdı. Azərbaycanlıların yaşadığı 476 kənd
tamamilə boşaldıldı. Nəhayət, 1987-1989-cu illər
deportasiyası Ermənistanda azərbaycanlılara qarşı
etnik təmizləməni başa çatdırdı.
Ermənistan soyqırımı və terror siyasətini davam
etdirir
Ermənistanın 1987-1988-ci
illərdən başlayaraq Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı tutduğu mövqe və
atdığı hər bir addım beynəlxalq hüquqla
qadağan edilmiş zor tətbiq etməyə, digər
dövlətin ərazisini ilhaq etməyə əsaslanır.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ
münaqişəsinin əsasında da məhz bu ərazinin
müəyyən bəhanələrlə Azərbaycandan
qoparılaraq Ermənistana birləşdirilməsi məqsədi
dayanır. 1988-ci ilin 20 fevralında ermənilərin Azərbaycanın
Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə
daxil edilməsı haqqında qeyri-konstitusion qərar verməsi,
eləcə də SSRİ rəhbərliyinin bu vilayəti
Xüsusi İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın
tabeliyindən çıxarmağa çalışması ilə
Azərbaycan zorla hərbi münaqişəyə cəlb
edilmişdir.
Ermənistanın dövlət
səviyyəsində dəstəklədiyi terror
aktlarının başlıca hədəfi də təcavüzkar
separatçılıq vasitəsilə Azərbaycan ərazisinin
ilhaqına yönəlmişdir. Ermənistanın
soyqırımı və terror siyasəti nəinki Qafqaz
bölgəsində sabitliyi pozur, eləcə də Azərbaycanla
yanaşı, Türkiyə, ABŞ, Gürcüstan və digər
dövlətlərin milli maraqlarını təhdid edir. Azərbaycan
ərazilərinin ilhaqı məqsədilə terrorizmi və
separatizmi özünə başlıca vasitə kimi seçən
və dövlət səviyyəsində dəstəkləyən
ermənilər 1988-ci ildən bəri Azərbaycanda izləri
Ermənistana və Qarabağ separatçılarına gedib
çıxan 373 terror aktı törətmişlər. Nəticədə
1.600-ə yaxın insan həlak olmuş, 1.808 nəfər
yaralanmışdır. Terror aktları nəticəsində həlak
olanların böyük əksəriyyətini qadın,
uşaq və qocalar təşkil edir. 1988-ci ildən etibarən
bu mənfur siyasətin hansı faciələrlə nəticələndiyi
bir sıra dövlətlər və beynəlxalq təşkilatlar
tərəfindən etiraf olunsa da, hərbi qarşıdurma
zonasından yüz kilometrlərlə kənarda yerləşən
Azərbaycanın yaşayış məntəqələrində
erməni separatçıları tərəfindən törədilən
və minlərlə dinc insanın - müsəlmanın,
türkün məhvi ilə nəticələnən
çoxsaylı terror aktlarına yanaşmada "ikili
standartlar"ın mövcudluğu ciddi narahatlıq
doğurur.
Ümumiyyətlə, ötən
əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın
rəsmi dairələri "Daşnaksütyun", ASALA, MAQ,
"Erməni birliyi", "Erməni Azadlıq Cəbhəsi"
və digər məşhur terror təşkilatları fəallarının
reabilitasiyası məqsədilə genişmiqyaslı
kampaniyaya başlamış, onlara sığınacaq
vermiş, yaşayış və fəaliyyətləri
üçün şərait yaratmış, lazımi maliyyə
dəstəyi göstərmişlər. 1983-cü ilin iyun
ayında Parisdə Orli aeroportunda 8 nəfərin
ölümü və 50-dək insanın yaralanması ilə
nəticələnmiş terror aktına görə
ömürlük həbs cəzasına məhkum edilmiş
terrorçu V.Qarabedyanın azad olunması üçün
Ermənistanda dövlət səviyyəsində imzatoplama
kampaniyası keçirilmişdir. 2001-ci ilin aprelində Fransa
məhkəməsi tərəfindən azad olunan terrorçu
Ermənistanda rəsmi sığınacaq tapmışdır.
Məşhur terrorçu, Qərbi
Avropada "ASALA-nın inqilabi hərəkatı" adlı
qruplaşmanın rəhbəri, 1981-ci ildə Türkiyənin
Romadakı səfirinə sui-qəsd etdiyinə görə həbs
olunmuş M.Melkonyan 1990-cı ildə Fransa həbsxanasından
buraxılaraq Ermənistana gəlmiş, terror fəaliyyətini
davam etdirmək üçün Dağlıq Qarabağa
göndərilmiş və Xocavənd döyüşlərində
məhv edilmişdir.
1992-ci ilin 26 fevralında ermənilər
Azərbaycan Respublikasının Xocalı şəhərinin əhalisinə
misli görünməyən divan tutmuş, tarixə Xocalı
soyqırımı kimi həkk olunan bu qanlı faciə
çoxlu sayda azərbaycanlının məhv edilməsi, əsir
alınması, şəhərin yerlə-yeksan edilməsı
ilə nəticələnmişdir. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş
Xocalı soyqırımı erməni şovinist-millətçilərinin
azərbaycanlılara qarşı iki əsrdən artıq
müddətdə həyata keçirdiyi etnik təmizləmə
və soyqırımı siyasətinin davamı, qanlı səhifəsidir.
Xocalı faciəsi Ermənistanın Dağlıq Qarabağı
işğal etmək məqsədilə apardığı
işğalçılıq müharibəsinin gedişində
dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş
soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir.
Erməni təcavüzkarlarının
Azərbaycan xalqına qarşı törətdikləri
növbəti genosid - Xocalı soyqırımı 613 nəfərin,
o cümlədən 106 qadının, 63 azyaşlı
uşağın, 70 qocanın həyatına son qoymuş, 487
nəfər şikəst olmuş, 1.275 dinc sakin girov
götürülmüş, 150 nəfər itkin
düşmüşdür. Bu soyqırımı aktı nəticəsində
bəzi ailələr bütünlüklə məhv
edilmiş, mülki əhali görünməmiş qəddarlıqla
qətlə yetirilmiş, girov götürülənlərə
amansız işgəncə verilmişdir. Həmin əməllərin
qabaqcadan düşünülmüş qaydada, milli zəmində
insanların məhv edilməsi niyyəti ilə törədilməsi
faciənin məhz soyqırımı olduğunu sübut edir.
BMT Baş Məclisinin
1946-cı il 11 dekabr tarixli 96 saylı qətnaməsində
qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu
tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti
insanlar tərəfindən yaradılan maddi və mənəvi
dayaqlardan məhrum edir. Belə bədnam əməllər
BMT-nin məqsəd və vəzifələrinə tam ziddir.
BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi
ilə qəbul edilmiş və 1961-ci ildə qüvvəyə
minən "Genosid cinayətinin qarşısının
alınması və cəzalandırılması
haqqında" Konvensiyada genosid cinayətinin hüquqi əsası
təsbit olunmuşdur. Konvensiyaya qoşulan dövlətlər
dinc və yaxud müharibə dövründə törədilməsindən
asılı olmayaraq, genosidin beynəlxalq hüquq
normalarını pozan cinayət olduğunu təsdiq edərək,
onun qarşısının alınması və səbəbkarlarının
cəzalandırılması üçün tədbirlər
görməyi öhdələrinə götürmüşlər.
Ermənistanın Azərbaycana qarşı təcavüzü
zamanı həmin konvensiyada təsbit olunmuş genosid cinayətini
təşkil edən bütün əməllər tətbiq
olunmuşdur. Bu işğalçı ölkənin
yürütdüyü soyqırımı siyasəti uzun illərdir
ki, dünya ictimaiyyətinin gözü qarşısında
baş verir.
Beynəlxalq hüquqa görə,
soyqırımı sülh və bəşəriyyət əleyhinə
yönələn əməl olmaqla, ən ağır beynəlxalq
cinayət sayılır. Soyqırımı hər hansı
milli, irqi, etnik və dini əlamətlərinə görə
fərqlənən xüsusi bir qrupun tamamilə və ya qismən
məhv edilməsinə yönəlmiş
aşağıdakı hərəkətlərə deyilir:
birincisi, həmin qrupun üzvlərinin öldürülməsi;
ikincisi, onların sağlamlığına və ya əqli
qabiliyyətinə zərər vurma, bədən xəsarəti,
yaxud əqli pozğunluq yetirilməsi;
üçüncüsü, qrupun qəsdən tam və ya
qismən fiziki məhvinə gətirib çıxaracaq həyat
şəraitinin yaradılması; dördüncüsü, həmin
qrupda doğumun qarşısını almağa yönəlmiş
tədbirlərin həyata keçirilməsi; beşincisi,
uşaqların bir insan qrupundan zorla başqasına
keçirilməsi. Bunlardan hansısa biri hadisənin
soyqırımı kimi qiymətləndirilməsi
üçün kifayət edir. Bu meyarlar baxımından
1918-ci ilin mart hadisələri, habelə Xocalı faciəsi
soyqırımı cinayəti kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası
Milli Məclisinin 1996-cı il 31 may tarixli "Genosid siyasətinin
qarşısının alınması və onun cəzalandırılması
haqqında Konvensiyaya qoşulmaq barədə" Azərbaycan
Respublikasının Qanunu da bu baxımdan az əhəmiyyət
daşımır. Bu qanunla respublikamız BMT Baş
Assambleyasının 1948-ci il 9 dekabr tarixli Konvensiyasına
qoşulmuşdur. Milli Məclisin Xocalı faciəsinin 15
illiyi ilə bağlı qərarında ermənilərin tarixən
azərbaycanlılara qarşı soyqırımı və
terror siyasəti yürütdüyü birmənalı qeyd
olunmuşdur: "Xocalı faciəsi son yüz ildən
artıq dövrdə davakar erməni millətçilərinin
azərbaycanlılara qarşı həyata keçirdikləri
soyqırımı və etnik təmizləmə siyasətinin
yeni bir səhifəsi olmuşdur. XIX əsrin sonlarından
etibarən çar Rusiyasının və digər dövlətlərin
gizli və açıq himayəsindən istifadə edən
erməni millətçiləri "Böyük Ermənistan"
yaratmaq xülyasına düşmüş, ələ
keçirmək istədikləri əraziləri yerli sakinlərdən
təmizləmək niyyəti ilə müxtəlif dövrlərdə
Şərqi Anadoluda və Cənubi Qafqazda soyqırımı
və terror aktları törədərək 2 milyona qədər
günahsız türkü və azərbaycanlını vəhşicəsinə
qətlə yetirmişlər".
Ən yaxşı müdafiə hücumdur
Dünyada gedən
qloballaşma prosesinin sivilizasiyalararası dialoqu zərurətə
çevirdiyi bir vaxtda Ermənistan beynəlxalq hüququn əsas
norma və prinsiplərinə etinasızlıq göstərməyə
davam etməklə özünü ifşa edir, strateji layihələrdən
kənarda qalır. Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən
ciddi problemi kimi indiyə qədər həllini tapmaması
bütövlükdə Xəzər hövzəsi regionunda
sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa
potensial təhdid kimi özünü göstərir. Azərbaycanın
20 faizdən artıq ərazisini işğal altında saxlayan
bu təcavüzkar dövlətin ən müxtəlif səviyyələrdə
ifşası, erməni lobbisinin türk dünyasına
qarşı apardığı bədnam təbliğata
qarşı səmərəli əks-hücumun təşkili
prosesində bütün türkdilli dövlətlərin
iştirakı olduqca vacibdir.
Dövlət
başçısı cənab İlham Əliyev Türkdilli
dövlətlərin və topluluqların 10-cu dostluq,
qardaşlıq və əməkdaşlıq
qurultayındakı çıxışında "Ən
yaxşı müdafiə hücumdur" taktikasından
çıxış etməklə türk dünyasına
qarşı aşkar düşmənçilik siyasəti
aparan bədnam ermənilərin yerində oturdulması
vacibliyini önə çəkmişdir: "Bəzi hallarda
bizim haqqımızda süni şəkildə mənfi rəy
formalaşdırılır və bunun arxasında Türkiyə
və Azərbaycana qarşı düşmənçilik
mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır.
Biz bunu çox gözəl bilirik və hiss edirik. Bizim əleyhimizə
çox böyük, mütəşəkkil, böyük
maliyyə dəstəyinə malik olan və bəzi riyakar
siyasətçilər tərəfindən dəstəklənən
erməni lobbisi fəaliyyət göstərir. Biz onların təbliğatını
ifşa etməliyik, darmadağın etməliyik, ancaq
müdafiə naminə yox. Biz hücum etməliyik,
çünki həqiqət bizim tərəfimizdədir".
Bir müddət əvvəl
ABŞ Konqresində qondarma erməni soyqırımı ilə
bağlı məsələnin ciddiliklə müzakirəyə
çıxarılması, habelə bəzi Avropa ölkələrinin
də bu məkrli kampaniyaya qoşulması ermənilərin
saxtakarlıq mövqeyindən geri çəkilmək niyyətində
olmadığını göstərir. Bu baxımdan xaricdəki
diaspor və lobbi təşkilatlarımız da xüsusi fəallıq
göstərməli, erməni məkrinə qarşı
effektiv əks-hücuma keçməlidirlər. Eyni zamanda, erməni
terror və soyqırımı siyasəti ilə bağlı
təbliğat daxilə deyil, daha çox xaricə
hesablanmalı, ayrı-ayrı dövlətlərin parlamentləri
və hökumət qurumları ilə bu sahədə iş
gücləndirilməlidir.
Ermənistanın təcavüzkarlıq
siyasəti özünü həm də bu ölkənin ali sənədində
əksini tapmışdır. Belə ki, Ermənistan
konstitusiyasında Türkiyəyə qarşı ərazi
iddiası açıq şəkildə ortaya qoyulmuşdur.
Bundan başqa, ermənilər kompakt yaşadıqları
ölkələrdə də təxribatla məşğul
olur, əsassız ərazi iddiaları ilə
çıxış edirlər. Buna misal kimi
Gürcüstanın Cavaxetiya bölgəsinə olan ərazi
iddialarını göstərmək olar. Fikrimizcə, əks-təbliğat
zamanı bu faktlardan da geniş istifadə olunmalı, erməni
iddialarının gələcəkdə bütün dünya
üçün başağrısına çevriləcəyi
əsaslı şəkildə ortaya qoyulmalıdır.
31 mart və Xocalı
soyqırımlarının dünya ictimaiyyətinə
çatdırılması üçün indiyədək
görülmüş işlər daha da genişləndirilməli,
bu sahədə virtual məkanın - internetin hüdudsuz
imkanlarından geniş istifadə olunmalıdır. Etiraf etməliyik
ki, bədnam qonşularımız qondarma erməni
soyqırımı iddialarını genişləndirmək
üçün bu vasitədən geniş istifadə edirlər.
Müxtəlif veb saytlarda Azərbaycanın və
Qarabağın tarixi saxtalaşdırılır, Xocalı
soyqırımı zamanı vəhşicəsinə qətlə
yetirilmiş azərbaycanlılar həyasızcasına erməni
kimi təqdim edilir. Eyni zamanda, Sumqayıt hadisələri ilə
bağlı həqiqətə uyğun olmayan, yalan iddialar irəli
sürülür. Bu baxımdan Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, habelə Azərbaycanın
tarixi əraziləri ilə bağlı son illərdə
yazılmış əsərlərin xarici dillərə tərcümə
olunması da son dərəcə vacibdir.
Son illər xüsusən
Heydər Əliyev Fondunun bu faciələrlə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılması
yönümündəki fəaliyyəti ermənilərin
apardığı məkrli təbliğatın
qarşısını alır. Bu istiqamətdə sistemli və
ardıcıl fəaliyyət göstərən Heydər Əliyev
Fondu Ermənistanın ölkəmizə qarşı təcavüzünün
acı nəticələrinin dünya birliyinə
çatdırılması üçün müxtəlif səviyyəli
tədbirlər təşkil edir. Dağlıq Qarabağ
münaqişəsində xalqımızın üzləşdiyi
faciələri əks etdirən filmlərin, fotosənədlərin,
kitabların və digər kütləvi nəşrlərin
yayılması bu baxımdan mühüm əhəmiyyətə
malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan,
fransız, alman, ərəb, ingilis və rus dillərində
hazırlanmış "Qarabağ həqiqətləri"
bukletlər toplusu və onların CD, DVD variantlarının
bir sıra ölkələrdə paylanılması
işğala məruz qalmış ölkəmizin üzləşdiyi
fəlakətləri əks etdirən ən böyük təbliğat
işlərindən biri olmuşdur. Toplunun 20 min nüsxəsi
Xocalı soyqırımının 14-cü
ildönümündə xarici ölkələrdəki səfirliklərimizə,
Avropa Şurası Parlament Assambleyasının deputat korpusuna,
beynəlxalq təşkilatlara, dünyanın müxtəlif
ölkələrində yaşayan həmvətənlərimizə
göndərilmişdir.
Heydər Əliyev Fondunun dəstəyi
ilə nəşr edilən "Qarabağın tarixi
haqqında məlumat", "Qarabağ münaqişəsinin
başlanması", "Xocalı soyqırımı",
"Azərbaycana qarşı erməni təcavüzünün
nəticələri", "Erməni terror təşkilatlarının
Azərbaycana qarşı fəaliyyəti"
kitabçalarının elektron variantları 2007-ci ildə
Xocalı soyqırımının 15-ci ildönümündə
təşkilatın təşəbbüsü ilə
Avropanın 15 dövlətində keçirilən anma mərasimlərində
xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara,
kütləvi informasiya vasitələrinə,
tanınmış ictimai-siyasi xadimlərə
paylanmışdır. Zəngin faktlara və fotosənədlərə
istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə
avropalıya Qarabağ həqiqətləri, Xocalı
soyqırımı, Ermənistanın ölkəmizə
qarşı həyata keçirdiyi təcavüzkarlığı,
işğalçılıq siyasəti haqqında əsl həqiqətləri
çatdırmışdır.
Hesab edirik ki, bu istiqamətdə
mühüm addımlardan biri də azərbaycanlıların
tarixən kütləvi şəkildə
soyqırımına məruz qaldığı bölgələrdə
memorial komplekslərin və muzeylərin yaradılması ola
bilər. Eyni zamanda, müxtəlif illərdə ermənilərin
soyqırımı siyasətinin qurbanı olmuş
soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi
üçün bölgələrdə abidələrin
ucaldılması məqsədəuyğun olar. Belə
komplekslər gənc nəslin tarixi həqiqətlərlə
yaxından tanış edilməsi baxımından son dərəcə
əhəmiyyətlidir. Əslində, məhz
unutqanlığımızın nəticəsidir ki, zaman-zaman
ermənilərin soyqırımı və terror siyasətinə
məruz qalmışıq.
Xatırladaq ki, Azərbaycan
Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli
"Quba şəhərində Soyqırımı Memorial
Kompleksinin yaradılması haqqında" sərəncamı
bu istiqamətdə mühüm addımlardan biridir. Sərəncamla
Quba şəhərində kompleksin yaradılması
üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Quba Rayon
İcra Hakimiyyətinə 1 milyon manat
ayrılmışdır. Belə bir kompleksin inşası Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması
baxımından son dərəcə vacib əhəmiyyətə
malikdir.
Özləri haqqında
"məzlum xalq" obrazı yaratmağa
çalışan ermənilər bu gün də dünya
ictimaiyyətini qondarma soyqırımı iddiaları ilə
çaşdırmağa, türklər və azərbaycanlılar
barədə mənfi rəy formalaşdırmağa
çalışırlar. Lakin zaman keçdikcə dünya
ictimaiyyəti dərk edir ki, qondarma erməni
soyqırımı məsələsi məhz Türkiyə və
Azərbaycan əleyhinə qərəzli kampaniyanın tərkib
hissəsidir. Eyni zamanda, hər iki ölkənin fəal surətdə
apardığı əks-hücum kampaniyası ermənilərin
əsl xislətini açır, Ermənistanın
işğalçılıq siyasətini ifşa edir. Son illər
əksər beynəlxalq təşkilatlar və dövlətlər
də Ermənistanın işğalçılıq siyasətini
pisləmiş, münaqişənin respublikamızın ərazi
bütövlüyü və suverenliyi prinsipi əsasında həlli
vacibliyini önə çəkmişlər. Dövlət
başçısı, Ali Baş Komandan cənab İlham Əliyev
ermənilərin təcavüzkarlıq siyasətindən əl
çəkməyəcəyi təqdirdə Azərbaycanın
güc tətbiq etmək məcburiyyətində
qalacağını açıq bəyan edir. Bütün
bunların müqabilində ölkə vətəndaşları
ürəkdən inanırlar ki, haqq-ədalət öz yerini
tapacaq, Azərbaycanın ərazi bütövlüyü
tezliklə bərpa olunacaqdır.
Rafael CƏBRAYILOV,
Milli Məclisin deputatı
Azərbaycan.- 2010.- 30
mart.- S. 4.