Azərbaycan Prezidenti İlham Əliyev Dövlət bayrağı meydanında həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Dövlət bayrağı meydanına gələrək burada həyata keçirilən inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də paytaxtda Dövlət bayrağı meydanının yaradılması haqqında imzaladığı sərəncamına uyğun olaraq Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Dövlət bayrağı meydanının təməli qoyulmuşdur. Dövlət başçısı burada həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi olaraq maraqlanmış, tikinti sahəsində bir neçə dəfə olmuş, işlərin yüksək keyfiyyətlə aparılması ilə bağlı müvafiq tapşırıq tövsiyələrini vermişdir.

Dövlət bayrağı meydanında aparılan tikinti işləri barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, 35 min kvadratmetr ərazisi olan meydanda bütün lazımi infrastrukturun yaradılması nəzərdə tutulur bu istiqamətdə xeyli işlər görülmüşdür. Qeyd edilmişdir ki, dayağının hündürlüyü 162 metr olan dövlət bayrağının uzunluğu 70, eni 35 metr, ümumi sahəsi isə 2450 kvadratmetr olacaqdır.

Dövlət başçısı görülən işlərin yüksək standartlara uyğun olaraq həyata keçirilməsi ilə bağlı lazımi tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  31 mart.- S.  1.