Almaniyanın "DPA" agentliyi Azərbaycanla bağlı məqalə yaymışdır

 

Almaniyanın ən böyük informasiya agentliyi "DPA" Azərbaycanla bağlı "Xəzər dənizi sahilində yeni Dubay salınır" sərlövhəli məqalə yaymışdır. Məqalə Almaniyanın əksər mətbu orqanlarında, o cümlədən nüfuzlu "Handelsblatt" qəzetində çap edilmişdir. AzərTAc həmin məqaləni ixtisarlarla təqdim edir.

Yazıda deyilir ki, pəncərənin önündə sıralanmış bahalı maşınlar mağazaların görüntüsünü daha da cəlbedici edir. Yeni ofis və binaların tikintisi üçün kranlar inşaat materialları qaldırır, hər tərəfdə çəkic, elektrik mişarının səsləri eşidilir. Bakı bir neçə ildə xeyli dəyişmişdir. Yeni lüks hotellər açılmışdır.

Neft və qazla zəngin bu Qafqaz ölkəsinin 2006-cı ildən etibarən Bakı-Tbilisi-Ceyhan boru kəməri işə düşmüşdür. Bundan sonra Bakının "qara qızıl"ı Tbilisidən keçməklə Aralıq dənizi sahilində yerləşən Ceyhan limanına nəql olunmağa başlamışdır. Buradan da neft Qərb enerji mərkəzlərinə çatdırılır. Paytaxt şəhəri Bakı "Xəzər dənizinin Dubayı" kimi görünür. Bu gün doqquz milyon əhalinin yaşadığı Azərbaycanda təbii ehtiyatlardan çox səmərəli istifadə edilir.

Azərbaycan həm də Mərkəzi Asiyanın enerji ehtiyatlarına çıxmaqda körpü rolunu oynayır. Ölkə artıq öz yolunu seçmişdir. Azərbaycanın enerji ehtiyatları bu ölkənin milli təhlükəsizlik, müstəqillik və regionun əsas dövlətinə çevrilməsində çox əhəmiyyətlidir.

Bakıdakı Alman-Azərbaycan Biznesin İnkişafı Assosiasiyasının rəhbəri Florian Şröder deyir ki, son 3 ildə klubda qeydə alınmış alman şirkətlərinin sayı 2 dəfə artaraq 100-ə çatmışdır. Daha çox maraq tikinti sahəsinədir. Qlobal maliyyə böhranının və neftin dünya bazarlarındakı qiymətinin düşməsinin Azərbaycana da müəyyən dərəcədə təsir etməsinə baxmayaraq, bu ölkədə "A" növdən olan layihələr (beşulduzlu hoteller, biznes kompleksləri, əsas yol qovşaqlarının tikintisi) uğurla davam etdirilir. Bu, həmçinin lüks mal və maşınların satışına da aiddir.

Azərbaycan neftdən gələn gəlirini gələcək nəsillər üçün saxlamaq məqsədilə vəsaitin böyük hissəsini 1999-cu ildə yaradılmış Dövlət Neft Fondunda (DNF) toplayır. Tarix baxımından qısa dövrdə beynəlxalq səviyyədə tanınan təşkilata çevrilmiş DNF-in yaradılması ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli neft strategiyasının uğurlu nəticəsidir. Hazırda fondun vəsaiti 15 milyard dollara yaxınlaşmışdır.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik lider olduğu, ölkəni uğurla inkişaf etdirdiyi xüsusi vurğulanır.

 

 

Azərbaycan.- 2010.-  31 mart.- S.  1.