Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılmışdır

 

Martın 30-da Azərbaycanda səfərdə olan Belarusun xarici işlər nazirinin birinci müavini, nümayəndə heyətinin rəhbəri İqor Petrişenkonun və Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən verilmiş məlumatda bildirilmişdir ki, danışıqlar zamanı ikitərəfli münasibətlərin inkişafı, yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsi, parlamentlərarası əlaqələrin intensivləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində ikitərəfli əməkdaşlığın əlaqələndirilməsi, Avropa İttifaqının (Aİ) "Şərq tərəfdaşlığı" təşəbbüsü çərçivəsində, eləcə də regionlararası əməkdaşlıq, konsulluq məsələləri üzrə qarşılıqlı fəaliyyət, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, Xarici İşlər nazirlikləri arasında tematik məsləhətləşmələrin keçirilməsi və digər aktual məsələlər müzakirə olunmuşdur.

Görüşdə iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunmuş, iqtisadi, o cümlədən maşınqayırma, aqrosənaye kompleksi, logistika, hərbi-texniki əməkdaşlıq, təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanmışdır.

Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat təqdim edilmiş, münaqişənin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında həll olunmasının və Ermənistanın təcavüzünün ağır nəticələrinin aradan qaldırılmasının regionda davamlı sülhə nail olmağın yeganə yolu olduğu bildirilmişdir.

Qeyd edilmişdir ki, ölkələrimizin BMT, ATƏT, Aİ çərçivəsində qarşılıqlı fəaliyyəti, habelə Aİ-nin "Şərq tərəfdaşlığı" təşəbbüsü əlaqələrin daha da dərinləşməsi üçün geniş imkanlar açmışdır.

Görüşdə habelə, XİN-in Azərbaycan Diplomatik Akademiyasının yaradılması və fəaliyyəti barədə söz açılmış, diplomatik kadrların hazırlanması və təkmilləşdirilməsi sahəsində əməkdaşlıq imkanları müzakirə edilmişdir.

Qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında da görüşdə fikir mübadiləsi aparılmışdır.

İ.Petrişenko səfəri çərçivəsində Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər naziri Elmar Məmmədyarov və Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovla görüşmüşdür.

Səfər çərçivəsində İ.Petrişenko Azərbaycan Diplomatik Akademiyasında olmuş, təhsil ocağının fəaliyyəti və tədris prosesi ilə yaxından tanış olmuşdur.

 

 

Azərbaycan.- 2010.- 31  mart.- S.  2.