Azərbaycanın milli təhlükəsizlik orqanlarının 91-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir

 

 Martın 30-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzində Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 91-ci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.

Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini, ulu öndər Heydər Əliyevin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibətilə təbrik etmişdir.

Nazir qeyd etmişdir ki, ötən 2009-cu il bir çox mühüm hadisələrlə və milli təhlükəsizlik orqanlarının 90 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi ilə əlamətdar olmuş, yubiley ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir sıra tədbirlərdə iştirakı Milli Təhlükəsizlik Nazirliyinin tarixinə şanlı səhifələr kimi yazılmışdır.

Azərbaycanın sürətli inkişafının və uğurlarının rəqib və düşmən dövlətləri narahat etdiyini diqqətə çatdıran nazir bildirmişdir ki, bu baxımdan, regiondakı maraqlarının təminatında Azərbaycanı özlərinə başlıca əngəl kimi görənlər də vardır, lakin dövlətimizin başçısının dediyi kimi, "Bu bizim problem deyildir. Bizim problemimiz öz milli maraqlarımızı müdafiə və Azərbaycan xalqının təhlükəsizliyini təmin etməkdir".

Nazir xüsusi vurğulamışdır ki, Prezident İlham Əliyev tərəfindən aparılan fəal hüquq mühafizə siyasəti nəticəsində Azərbaycanda sabitlik və təhlükəsizlik qorunub saxlanılır və daha da möhkəmlənir.

Milli təhlükəsizlik orqanlarının ötən il də qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəldiyi vurğulanmış, nazirliyin fəaliyyətinin istiqamətləri üzrə əldə edilmiş nəticələr barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, nazirliyin başlıca iş istiqamətlərindən olan kəşfiyyat fəaliyyətində ötən il düşmən və rəqib dövlətlərin Azərbaycanın maraq və mənafelərinə zidd niyyətlərinin qarşısının alınması məqsədilə adekvat tədbirlər, əməliyyat və informasiya təminatı xeyli artırılmışdır.

Əks-kəşfiyyat fəaliyyəti istiqamətində işlərin xeyli fəallaşdığını qeyd edən nazir milli maraqların təmin olunması üçün bütün sahələrdə vəziyyətin nəzarətdə saxlanıldığını bildirmişdir. Vurğulanmışdır ki, təhlükəsizliyin etibarlı təminatı işi aidiyyəti dövlət orqanları və tərəfdaş ölkələrin müvafiq strukturları ilə əlaqəli şəkildə aparılır. Belə yanaşma xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində tədbirlərin səmərəsini daha da artırır. Ötən il xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 25 nəfər zərərsizləşdirilmiş, onlardan 17 nəfəri barədə məhkəmə hökm çıxarmışdır.

Milli təhlükəsizlik orqanlarının fəaliyyətində Ermənistan xəttinin bütün istiqamətlər üzrə prioritet sayıldığı, düşmən ölkənin Cənubi Qafqazda sülhə və təhlükəsizliyə ciddi təhdid mənbəyi olaraq qalması, strateji əhəmiyyətli beynəlxalq layihələrə qarşı fəaliyyətinin daim izlənildiyi diqqətə çatdırılmışdır.

Terrorçuluğa qarşı mübarizənin ötən il də səmərəli aparıldığını qeyd edən general-leytenant E.Mahmudov bu istiqamətdə görülən ardıcıl tədbirlər nəticəsində respublika ərazisində terror-təxribat aktlarının törədilməsinə hazırlığa, beynəlxalq terror təşkilatları ilə əlaqələrə və qanunsuz silahlı birləşmələrin tərkibində iştiraka, müxtəlif ekstremist-cinayətkar fəaliyyətə görə 84 nəfər barəsində cinayət işlərinin tamamlanaraq məhkəməyə göndərildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, MTN tərəfindən zərərsizləşdirilmiş "Meşə qardaşları" adlı silahlı birləşmənin fəal üzvü, 2008-ci ilin avqustunda "Əbu Bəkr" məscidində terrorçuluq hərəkətində iştirak etdiyinə görə axtarışda olan və xaricdə gizləndiyi müəyyən edilmiş Samir Mehdiyev bu günlərdə tutularaq istintaqa təhvil verilmişdir.

Nazir qətiyyətlə bəyan etmişdir ki, cəmiyyət və dövlətçilik əleyhinə cinayət törətmiş hər bir şəxs harada gizlənməsindən asılı olmayaraq, gec-tez tutulub ədalət mühakiməsinə veriləcəkdir.

Mütəşəkkil transmilli cinayətkarlıq və onunla mübarizənin bütün dünya ölkələri, o cümlədən əlverişli geostrateji mövqeyə malik və dinamik inkişaf edən Azərbaycan üçün də çox aktual olduğu, nazirlikdə energetika və nəqliyyatda təhlükəsizlik, narkotiklərin qaçaqmalçılığı, qeyri-leqal miqrasiya, insan ticarəti, "çirkli pulların yuyulması", kibercinayətlər və mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə sahəsində də işlərin uğurla davam etdirildiyi vurğulanmışdır.

Bildirilmişdir ki, ötən il narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 transmilli mütəşəkkil cinayətkar dəstə və qrupun, həmçinin ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısı alınmış, ümumilikdə 1 ton 142 kiloqram narkotik vasitə götürülmüş, 17-si xarici ölkə vətəndaşı olmaqla 114 nəfər istintaqa cəlb edilmişdir.

Silah və hərbi ləvazimatların qanunsuz dövriyyəsinə, bunların və digər strateji təyinatlı malların qaçaqmalçılığına, saxta sənədlərin hazırlanmasına və istifadəsinə görə 10-u xarici ölkə vətəndaşı olmaqla 62 nəfər saxlanılmış, faktlar əsasında cinayət işləri başlanmışdır.

Ermənistana qarşı informasiya mübarizəsi sahəsində son vaxtlar əldə edilən nailiyyətlər barədə məlumat verən nazir qeyd etmişdir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində ölkə rəhbərinin siyasi kursu üçün əlverişli şəraitin yaradılması Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin prioritet istiqamətidir. Bu sahədə Əsir, itkin düşmüş və girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının apardığı işlər də xüsusi qeyd edilmişdir. Vurğulanmışdır ki, erməni terrorunun ifşasına, münaqişənin tarixi, siyasi və hüquqi aspektlərinə, Ermənistanın təcavüzkar dövlət kimi tanıdılmasına xidmət edən 30 mindən artıq material, o cümlədən kitablar, filmlər və disklər, habelə tanınmış alim və politoloqların yazdığı əsərlər xarici dillərə tərcümə olunaraq geniş coğrafiyada yayılmışdır.

Tərəfdaş dövlətlərin müvafiq orqanları ilə əlaqələrin qurulmasına MTN tərəfindən xüsusi önəm verildiyi, hazırda nazirliyin onlarla xüsusi xidmət orqanı ilə əməkdaşlıq əlaqələri saxladığı, həmçinin bir sıra beynəlxalq strukturlarla işgüzar münasibətlərin mövcudluğu diqqətə çatdırılmışdır.

Kadr hazırlığı məsələsində Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının fəaliyyətini xüsusi qeyd edən general-leytenant E.Mahmudov gələcək əməkdaşların burada yüksək bilik səviyyəsi əldə etdiyini, onlara müasir texniki vasitələrlə işləmək bacarığının aşılandığını vurğulamışdır. Bildirilmişdir ki, akademiyada yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün təlim-tədrisin, xidmət və istirahət şəraitinin müasir tələblər səviyyəsində təşkili diqqət mərkəzindədir. Akademiyada inşa olunmuş İdman-Sağlamlıq Kompleksi də bu məqsədə xidmət edir.

Nazirliyin fəaliyyətinin səmərəli qurulması üçün digər hüquq-mühafizə orqanları ilə birgə işə ciddi önəm verildiyi, bu yöndə işlərin dövlətimizin başçısının rəhbərliyi ilə vahid hüquq-mühafizə siyasəti çərçivəsində reallaşdırıldığı xüsusi qeyd edilmişdir.

Bildirilmişdir ki, peşə bayramı ərəfəsində Prezident İlham Əliyevin sərəncamları ilə nazirliyin bir qrup əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsi və ali zabit rütbələrinin verilməsi dövlətimizin başçısı tərəfindən nazirliyin fəaliyyətinin növbəti dəfə yüksək qiymətləndirilməsi deməkdir. Nazirliyin bütün əməkdaşları adından Prezident, Ali Baş Komandan İlham Əliyevə yüksək diqqət və qayğısına görə dərin minnətdarlıq edən general-leytenant E.Mahmudov dövlətimizin başçısını əmin etmişdir ki, görünməz cəbhənin döyüşçüləri bundan sonra da dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində ayıq-sayıq dayanacaqlar.

Yığıncaqda Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, təhlükəsizlik orqanlarının veteranı Nazim Məmmədov təbrik sözü söyləmiş, dövlətçiliyimizin və milli maraqlarımızın təhlükəsizliyinin təmin olunmasında MTN-in rolunu yüksək qiymətləndirmişlər.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Mərasimdə MTN əməkdaşlarına ali hərbi rütbələrin və təltiflərin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 29 mart tarixli sərəncamları elan olunmuşdur. Bu, şəxsi heyət tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun əmri ilə mükafatlandırılmış daha bir qrup əməkdaşa medallar, təhlükəsizlik orqanlarının veteranlarına isə qiymətli hədiyyələr təqdim edilmişdir.

Tədbirin sonunda MTN-in fəaliyyəti ilə əlaqədar sənədli film nümayiş olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  31 mart.- S.  2.