Ədliyyə Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir

 

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilmişdir.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri akademiyanın prorektoru, hüquq elmləri üzrə fəlsəfə doktoru İlham Abbasov açaraq Rusiya ilə İran arasında Qafqaz uğrunda müharibənin nəticəsi kimi XIX əsrin əvvəllərində Azərbaycanın Araz çayı boyunca iki yerə parçalanmasının azərbaycanlılara qarşı soyqırımlara zəmin yaratdığını xüsusi vurğulamışdır.

Yığıncaq iştirakçıları erməni millətçilərinin öz himayədarlarının köməyi ilə azərbaycanlıları planlı şəkildə doğma yurdlarından qovub çıxarması, bu hadisələr zamanı, xüsusilə 1905-1907, 1918-1920-ci illərdə, daha sonra sovetlər birliyi dövründə - 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya edilərək keçmiş Azərbaycan SSR ərazisinin aran rayonlarında - onların doğulduqları boya-başa çatdıqları ərazinin iqlim şəraitinə uyğun olmayan ərazilərdə yerləşdirilməsi haqqında antihumanist tədbiri pisləmişlər. 1988-ci ildən başlayaraq qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin davamı kimi qiymətləndirilmişdir.

Çıxış edənlər Azərbaycan xalqının başına gətirilən bu soyqırımı hadisələrinə yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulamışlar. Bu kütləvi amansız qırğın faktlarının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlməsi bu hadisələrin bəşər tarixində qara ləkə olması qeyd edilmişdir.

Tədbirdə xalqımızın məruz qaldığı bu faciələrin dünya ictimaiyyətinə çatdırılması, bu hadisələrə beynəlxalq qurumlarda lazımi siyasi-hüquqi qiymət verilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü aparıldığı xüsusi vurğulanmış, işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə əminlik ifadə edilmişdir.

AzərTAc

 

Azərbaycan.- 2010.- 31 mart.- S.  2.