Ombudsman bəyanat yaymışdır

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaymışdır.

Bəyanatda iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin Azərbaycan xalqına qarşı hərbi, siyasi, ideoloji təcavüzü, soyqırımı və etnik təmizləmə siyasətini ifşa edən faktlar əksini tapmışdır.

Qeyd edilmişdir ki, ermənilərin azərbaycanlılara qarşı genetik nifrəti özünü tarixin bütün dövrlərində büruzə vermişdir. Qan yaddaşının təməlinə şovinizm hakim olan ermənilərin törətdikləri qanlı faciələrin daha dəhşətlisi 1918-ci il martın 31-də azərbaycanlılara qarşı soyqırımı hadisələridir.

Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə bu cür qanlı faciələr törədilmiş, yüzlərlə yaşayış məntəqəsi xarabalığa çevrilmişdir. Qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində 700 minədək soydaşımız, o cümlədən Bakıda və ətraf kəndlərdə 30 minə yaxın azərbaycanlı öldürülmüş, məscidlər, məktəb binaları yandırılmış, dağıdılmışdır.

Bəyanatda bildirilir ki, beynəlxalq terrorizmə qarşı mübarizəni qarşısına məqsəd qoyan dünya ictimaiyyəti, nəhayət, Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyasi hüquqi qiymət verməli, cinayətkarlar öz layiqli cəzasını almalıdır.

BMT-nin baş katibinə və təşkilatın digər rəhbər şəxslərinə, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirliklərinə və Azərbaycanın diaspor təşkilatlarına ünvanlanmış bəyanatda ombudsman nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə çağırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 31 mart.- S.  2.