Tarixi ədalətin bərpasına yönələn qətiyyətli çağırış

 

Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı əsrlərlə davam edən erməni terror siyasətinə qarşı ictimai fikirdə əsaslı dönüşün, tarix və politologiya elmlərində isə yeni baxışın əsasını qoydu

 

Dilimizdə işlənən "soyqırımı" ifadəsi yunan sözü olan "genos" - "nəsil", "soy" və latınca "sid" - "öldürürəm" sözlərinin birləşməsindən yaranmış "genosid" məfhumunun türk dillərinə hərfi tərcüməsidir. Beynəlxalq cinayət növlərindən biri olmaqla bahəm, əsas mahiyyəti əhalinin bütöv qruplarının irqi, milli, etnik və dini əlamətlərə görə məhv edilməsidir. Nürnberq və Tokio hərbi tribunallarının nizamnamələri genosidə görə onu həyata keçirənlərin ictimai mövqeyindən, həmçinin müharibə, yaxud dinc vaxtda həyata keçirilməsindən asılı olmayaraq, beynəlxalq cinayət məsuliyyəti müəyyən edir.

"Genosid cinayətinin qarşısının alınması və ona görə cəza müəyyən edilməsi haqqında" 1948-ci il Konvensiyası genosidə bu və ya digər milləti, etnik, dini, yaxud irqi qrupu tamamilə, yaxud qismən məhv etmək məqsədilə edilən hərəkətləri, o cümlədən belə qrupun üzvlərinin öldürülməsini, onlara ağır bədən xəsarətlərinin yetirilməsini, qrupun tamamilə, yaxud qismən fiziki cəhətdən məhv edilməsinə yönəlmiş həyat şəraitinin qəsdən yaradılmasını, uşaqların bir insan qrupundan digərinə zorla verilməsini, bu cür qrup daxilində uşaq doğumunun qarşısını almağa yonəlmiş hərəkətləri aid edir. Milli-mədəni sahədə genosidə hər hansı bir xalqın, irqi (dini) qrupun gündəlik həyatda və məktəblərdə milli dildən istifadə edilməsinin, bu dildə nəşrlərin çapının və yayılmasının qadağan edilməsi, kitabxana, muzey və məktəblərin, tarixi abidələrin, dini ayinlər üçün binaların dağıdılması və məhv edilməsi aid edilir.

Hüquqi baxımdan soyqırımı anlayışı bu cür izah oluna bilər. Lakin bizim günlərimizdə "soyqırımı" ifadəsi daha çox siyasi mənada işlənir. Buna səbəb isə birinci növbədə ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı olmuşdur.

Bundan əvvəl azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə edilmişdir. 1918-ci ilin mart ayında ermənilər tərəfindən xüsusi qəddarlıqlarla həyata keçirilmiş azərbaycanlıların soyqırımı faciəsinin tədqiqi məqsədilə fövqəladə istintaq komissiyası yaradıldı. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu hadisələri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919-cu və 1920-ci illərdə - iki dəfə mart ayının 31-i ümummilli matəm günü kimi qeyd edildi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Dövlət səviyyəsində azərbaycanlıların soyqırımına siyasi qiymət yalnız 1998-ci il mart ayının 26-da ümummilli lider Heydər Əliyevin yuxarıda adıçəkilən fərmanı ilə verildi. Dərin elmi və tarixi faktlara əsaslanan bu fərman Azərbaycan ictimai fikrində böyük dönüşün, tarix, politologiya elmlərində yeni baxışın əsasını qoydu.

Fərmanda göstərilir ki, 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Bununla da ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsinə zəmin yarandı. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında "erməni vilayəti" adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi ilə faktiki olaraq yerli azərbaycanlı əhalinin öz torpaqlarından sıxışdırılması və onun soyqırımı başlandı.

Çar Rusiyası tərəfindən bu siyasət düşünülmüş şəkildə, yerli münasibətlərin hərtərəfli, elmi şəkildə təhlil edilməsi yolu ilə həyata keçirilirdi. Rus dövlətinin yaradıcılarından olan Böyük Pyotrun vəsiyyətlərini həyata keçirən xələfləri isti Cənub dənizlərinə çıxış üçün strateji əhəmiyyət kəsb edən Qafqazda öz əbədi təsirlərini təmin etmək məqsədilə məğrur, əyilməz, mübariz Azərbaycan xalqı ilə dil tapa bilmədikdə bütün tarixi mənbələrdə xəbislik, namərdlik rəmzi kimi tanınan ermənilərlə əlbir olub onlardan geniş istifadə etməyə başladılar. Bu, erməni xalqının özü üçün də tarixi faciənin başlanğıcı oldu. Artıq bu millət xalq olaraq yaşamaq üçün mütləq kiminsə əlində alət olmalı, kiminsə iradəsinə qulluq etməli, siyasətini həyata keçirməli idi. Bəzi tarixi faktlara müraciət edək.

İsa peyğəmbərin həyatından bəhs edən tarixi əsərlərinə görə 1951-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülmüş İsveç yazıçısı Pyer Fabian Laqerkvist həmin əsərlərin birində belə bir epizodu təsvir edir. Fikrindən daşınmaq, peyğəmbər olmadığını etiraf etmək müqabilində İudeyanı sağ-salamat tərk etmək üçün İsa peyğəmbərə edilən bütün təkliflər nəticəsiz qaldıqda edamdan bir gün qabaq onun yanına zindana Akop adlı bir tacir salırlar. Akopun əqidəsizliyi, şərəfsizliyi, öz mənafeyini hər şeydən üstün tutmağı, minlərlə başqasını öz mənafeyinə qurban verməyi təbliğ edən sözlərindən dəhşətə gələn peyğəmbər gecə yarısı həbsxana qapısını döyərək Akopun onun yanından uzaqlaşdırılmasını tələb edir, əks təqdirdə ermənini boğub öldürəcəyini, bununla da peygəmbərliyinə ləkə salacağını bildirir. Həmin epizoda digər Nobel mükafatçısı Bertran Rassel "Yaxşı ki dünyada akoplar azdır, yoxsa bütün insanlar cinayətkar olardılar", - sözləri ilə qiymət verir.

Ermənilərin indiki Azərbaycan ərazisinə köçürülməsində müstəsna xidmətləri olmuş, son nəticədə erməni fitnəkarlığının qurbanı olaraq Tehranda dörd ata bağlanaraq şaqqalanmış "vəziri-muxtarın", rus yazıçısı və diplomatı Aleksandr Qriboyedovun şərəfinə ermənilərin Qafqaza köçürülməsindən 150 il sonra İrəvanın "Müsəlman məhəlləsi" adlanan yerində möhtəşəm abidə ucaldılmış, üzərində "Aleksandr Qriboyedova, qədirbilən erməni xalqından" sözləri həkk edilmişdir. Ermənilərin özlərinə ən yaxın bildikləri bu insanın erməni və azərbaycanlılar haqqında fikirləri maraq doğurur. Dövlət məmuru kimi çarizmin Qafqaz siyasətini sədaqətlə həyata keçirən rus diplomatı bir insan kimi ermənilərə nifrətini gizlətmir, azərbaycanlıların onlardan üstün olduqlarını daim nəzərə çatdırır. 1928-ci il oktyabr ayının 1-də İrana gedərkən Culfa şəhərindən Qafqaz canişini və buradakı rus ordusunun baş komandanı İ.Paskeviçə məktub yazaraq ermənilərin Naxçıvana köçürülməsinin İrəvanda olduğundan da çox narahatlıq və sıxıntı törətdiyini, bu işə görə yerli azərbaycanlılar arasında narazılığın ən yüksək həddə çatdığını bildirən rus diplomatı Naxçıvanda ermənilərin gəlmə olduğunu, onların bu diyarda tarixən yaşamadığını sübut edən rəqəmlər göstərir.

Naxçıvanda həmişə mərdlik qalası kimi tanınmış Sədərək kəndi və bu kəndin sakinləri haqqında yazıçı və diplomatın məlumatları bizim günlərimizdə də böyük maraq doğurur. A.Qriboyedovun bildirdiyinə görə, Sədərək kəndində ermənilərə nifrət və onlara qarşı ikrah hissi o qədər güclüdür ki, Gürcüstanda olduğu kimi, burada da çar hökumətinin ermənilərə himayədarlıq etməsindən təngə gəlmiş yerli əhali kəndə bir neçə erməni ailəsi yerləşdirilməsinə etiraz əlaməti olaraq öz doğma yurd-yuvalarını tərk etmiş, yaşamaq üçün ətrafdakı dağlara çəkilmişlər. Məktubda öz dövlətinin siyasətinin yerinə yetirilməsi üçün məsuliyyətini anlayan diplomatın belə bir qorxusu ifadə olunur ki, çarizmin uğursuz siyasəti sayəsində son nəticədə bizə axıra qədər sədaqətli olmayan ermənilərin əvəzinə yüzlərlə və minlərlə sakini itirə bilərik.

General İ.Paskeviçə başqa bir məktubunda A.Qriboyedov yenə həmin məsələyə toxunaraq yazır: "Bəzən sizin vəzifəli bir rus məmuru ilə yerli bəylərdən birinə bir xələt göndərməyinizin təsiri ordu göndərilməsindən, ciddi cəzalardan, and içdirilməsindən daha təsirli olur".

Bu deyilənlər azərbaycanlıların bir xalq olaraq sıxışdırılıb son nəticədə sıradan çıxarılmasına yönəlmiş ciddi, uzunmüddətli tədbirlərin olduğunu, onların dövlət səviyyəsində həyata keçirildiyini bir daha sübut edir.

Sonrakı dövrlərdə dövlət quruluşları, siyasi rejimlər, ictimai-siyasi formasiyalar dəyişilsə də, Azərbaycana və azərbaycanlılara münasibət sabit qalmışdır. Rəsmi məlumatlara görə, təkcə 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda erməni-bolşevik silahlı dəstələri 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, on minlərlə insanı yurdundan-yuvasından didərgin salmışlar. Mart ayının üç günü ərzində Bakı şəhərində otuz mindən artıq soydaşımız xüsusi amansızlıqla işgəncə verilərək öldürülmüşdür. Şamaxı qəzasının 58 kəndi dağıdılmış, yeddi minədək adam, o cümlədən 1653 qadın, 965 uşaq qılıncdan keçirilmiş və güllələnmiş, Quba qəzasının 122 kəndi yerlə yeksan edilmişdir. Şərur-Dərələyəz, Naxçıvan bölgəsində, Qarabağın dağlıq hissəsində, Zəngəzur qəzasında yüzlərlə azərbaycanlı kəndi yandırılmış, əhaliyə divan tutulmuşdur. İrəvan quberniyasında 211, Qars vilayətində 92 kənd yandırılmış, dağıdılmış və talan edilmişdir. Nəticədə İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildəki 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdi.

"Hümmət" qəzetinin 1918-ci il 37-ci sayında N.Nərimanov S.Şaumyana müraciətində həmin hadisələri sovet hakimiyyətinə ləkə adlandırır, onun üzərinə qara kölgə saldığını qeyd edirdi.

1918-ci il Bakı qırğını heç də azərbaycanlıların zəifliyi demək deyildi. Ermənilər bu hadisəyə uzun müddət hazırlaşmışdılar. Martın 29-da "Evelina" gəmisi ilə Lənkərana gedən yeganə silahlı müsəlman dəstəsi - bir neçə yüz silahlı müsəlman əsgər və zabiti cinayətkar Bakı Sovetinin göstərişi ilə tərksilah edildi. Azərbaycan alimlərinin son dövr tədqiqatları nəticəsində əsl erməni xisləti nümayiş etdirərək özünün sağ qalması üçün başçılıq etdiyi erməni-bolşevik hökumətini güdaza verib aradan çıxmış S.Şaumyanın 1978-ci ildə Moskvada dərc edilmiş "Seçilmiş əsərləri"ndə göstərilirdi: "...Biz atlı dəstəmizə hücum cəhdini bəhanə edərək bütün cəbhə boyu hücuma başladıq. Altı min nəfərə qədər silahlı dəstəmiz var idi. "Daşnaksütyun"un da üç-dörd min nəfərlik milli hissələri bizim sərəncamımızda idi. Bu, vətəndaş müharibəsinə milli qırğın xarakteri versə də, biz buna şüurlu surətdə getdik. Çünki müsəlmanlar üstün gəlsəydilər, Bakını Azərbaycanın paytaxtı elan edə bilərdilər". Əsli-kökü, yurdu-yuvası bilinməyən erməni bolşeviki nəinki Azərbaycanın baş şəhərində milli qırğın törətdiklərini etiraf edir, hətta bu şəhərin Azərbaycanın paytaxtı olmaması üçün daha böyük cinayətlərə hazır olduğunu da gizlətmir.

Həmin hadisələrdən bir qədər sonra S.Şaumyanın "vətəni" üçün paytaxt kimi də Azərbaycanın qədim və gözəl şəhəri olan İrəvan "pay veriləcəkdi". Bu o deməkdi ki, yaxşı hər şey üçün Azərbaycana və azərbaycanlılara borclu olmalı ermənilər bu borcu ödəməyin ən etibarlı yolu kimi azərbaycanlıları fiziki cəhətdən məhv etmək, onlara qarşı soyqırımı həyata keçirmək fikrindən heç zaman daşınmamışlar. Ümummilli lider Heydər Əliyevin yuxarıda adıçəkilən fərmanında çox böyük dəqiqliklə bu barədə deyilir: "Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, adamları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir".

Azərbaycan torpaqlarının yerində salınmış erməni dövləti tarixi ərazilərimizin bir hissəsini sovet hakimiyyəti illərində də "özəlləşdirməkdə" davam etmişdir. 1922-ci ildə Göyçə, Dilican əraziləri, Naxçıvanın doqquz kəndi, 1929-cu ildə Qazaxın beş min hektar münbit torpaq sahəsi, Cəbrayılın üç kəndi, 1946-cı ildə dörd min hektar meşə sahəsi Ermənistana verildi. Bunun mükafatı isə 1918-1920-ci illər soyqırımı, 1930-1938-ci illərdə repressiya, 1948-1953-cü illərdə deportasiya, 1988-1993-cü illərdə təkrar deportasiya və soyqırımı oldu.

"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanının başqa bir hissəsində deyilir: "Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.

Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm surətdə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda, onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazlarını formalaşdırmaq cəhdləri də güclənirdi. "Yazıq, məzlum erməni xalqı"nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırımı törədənlər soyqırımı qurbanları kimi qələmə verilirdi".

Azərbaycanın tarixi haqqında on cildlərlə elmi əsərlər yazmaq, ən yüksək beynəlxalq tribunalardan Azərbaycan xalqının haqq işi barədə saatlarla məruzələr etmək olar, lakin bunların heç biri bu fərmandakı qədər cəsarətli, sərrast, vaxtında deyilmiş fikirlərə çatmayacaq. Yalnız həyatını başdan-başa öz xalqına vermiş, xalq təəssübkeşliyi nümunəsi olan, həm də bəşər mədəniyyətinin ona qədərki tarixini dərindən öyrənərək əxz etmiş böyük şəxsiyyət belə bir tarixi sənədi işləyib ərsəyə gətirə, özündən sonrakı bütün insanlar üçün əlçatmaz vətəndaşlıq nümunəsi yarada bilərdi. Belə bir tale yükü məhz xalqımızın ümummilli lideri, onun daimi və əbədi rəhbəri Heydər Əliyevin qisməti və hünəri imiş.

Acınacaqlı haldır ki, sovet dövründə yüz min nəfərdən artıq Azərbaycan ziyalısı repressiya edilərək aradan götürüldü. Onların əksəriyyəti məhz 1918-1920-ci illərdə Bakıda və Azərbaycanın digər yerlərində azərbaycanlıların soyqırımına etiraz edən, kütlələri bu qətliamın əleyhinə səfərbər edən şəxslər idi. Daha acınacaqlı bir hal isə ondan ibarət idi ki, repressiya baş verdiyi illərdə bu ziyalılar artıq formalaşmış, yetişmiş, xalqın vicdanı sayılan insanlar idilər. Azərbaycanda repressiyanın ermənilərin iradəsi, diktəsi və icraçılığı ilə həyata keçirildiyini nəzərə alsaq, daha bir qanunauyğunluq aşkar olar. Ermənilər, bir tərəfdən, 1918-1920-ci illər hadisələrinə görə öz millətini müdafiə edən Azərbaycan ziyalılarını aradan götürməklə onlardan intiqam alır, digərlərini daim qorxu altında saxlayır, ən əsası isə, gələcəkdə daha dəhşətli antiazərbaycan fəaliyyətinə hazırlıq görmüş olurdular. Bu da öz nəticəsini göstərdi. Belə ki, 1988-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı növbəti deportasiya və soyqırımı həyata keçirildi. İndi "Ermənistan" adlanan tarixi torpaqlarımız əldən getdi, Azərbaycan Respublikası ərazisinin iyirmi faizi işğal olundu. Yalnız xalqın və dövlətin tamamilə məhv olmaq təhlükəsi və lazım olan anda lazım olan şəxsiyyətin meydana çıxması - Heydər Əliyevin xilaskar missiyası Azərbaycan xalqının adının hunlar, qıpçaqlar, latınlar və bir çox digərləri kimi tarixin arxivinə verilməsinin qarşısını aldı.

Fərmanın əhəmiyyətindən danışarkən onun belə bir özəlliyi də xatırlanmalıdır ki, bu fərman Azərbaycan xalqının tarixi keçmişi ilə onun bugünü arasında körpü salaraq onları əlaqələndirir, insanları keçmişi unutmamağa çağırır. Tarixi təcrübə həm də onu öyrədir ki, heç vaxt mövcud vəziyyətlə barışmaq, onu çıxılmaz kimi qəbul etmək olmaz. Haqqında söz açılan fərman yalnız kampaniya xatirinə öyrənilməməli və təbliğ olunmamalı, hər bir azərbaycanlı üçün həyat manifestinə, mübariz silaha çevrilməlidir.

 

 

Fəxrəddin NAĞIYEV,

Dövlət qulluğunun baş müşaviri,

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının

kafedra müdiri, hüquq elmləri namizədi, dosent

 

Azərbaycan.- 2010.-  31mart.- S.  3.