31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir

 

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar diaspor təşkilatları, xarici ölkələrdəki səfirliklərimiz müxtəlif tədbirlər keçirir. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı faktlarının dünya ictimaiyyətinə çatdırılması üçün sərgilər təşkil olunur, müxtəlif dillərdə hazırlanmış kitablar, videodisklər və broşürlər yayılır.

Dubayda Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə 31 mart azərbaycanlıların soyqırımının 92-ci ildönumu ilə bağlı tədbir keçirilmişdir. Soyqırımı qurbanlarının yad olunduğu tədbirə bu ölkədə yaşayan müxtəlif xalqların nümayəndələri qatılmışlar. Son yüz ildə erməni terrorçularının Azərbaycan, türk və digər xalqlara qarsı törətdikləri soyqırımı hadisələrini özündə əks etdirən sənədli film nümayiş olunmuşdur. Sonra tədbirdə ötən 200 ildə 1 milyondan artıq azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncamla 1918-ci ilin hadisələri hər il martın 31-də azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Tədbirdə iştirak edənlər baş verən hadisələri bəşəriyyətə və insanlığa qarsı vəhşilik adlandırmışlar. Tədbirdə erməni terrorunu əks etdirən fotosərgi nümayiş olunmuş, müxtəlif dillərdə kitablar, videodisklər və broşürlər paylanmışdır.

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar növbəti günlərdə də müxtəlif ölkələrdəki azərbaycanlı diaspor təşkilatları, eləcə də Azərbaycanın diplomatik nümayəndəlikləri tədbirlər, etiraz mitinqləri keçirəcəklər. Almaniyadakı Azərbaycan Evi, Azərbaycanlıların Koordinasiya Mərkəzi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti və Azərbaycan Kültür Ocağı martın 31-də Berlindəki Ermənistan səfirliyi qarşısında etiraz mitinqi keçirəcəkdir. Almaniyadakı diaspor təşkilatlarımız ermənilərin 1918-ci ilin martında Bakıda və Azərbaycanın müxtəlif rayonlarında azərbaycanlılara, türklərə, yəhudilərə və digər millətlərə qarşı törətdikləri soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün materiallar hazırlayaraq yayacaqlar.

Kanadada isə diaspor təşkilatları 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə bağlı aprelin 24-də - ermənilərin qondarma erməni soyqırımını qeyd etdikləri gün Ottavada Ermənistanın Kanadadakı səfirliyinin və Kanada parlamentinin önündə etiraz aksiyası keçirməyi qərarlaşdırmışlar.

 

 

Azərbaycan.- 2010.- 31 mart.- S.  3.