İşğal siyasətinin ilk
qurbanı - Bağanıs Ayrım
Qənirə Paşayeva və Akif Aşırlının yenicə çapdan çıxmış kitabı "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanis Ayrım" adlanır. Kitabda Qazax rayonunun Bağanıs Ayrım kəndində erməni silahlı qüvvələrinin və keçmiş sovet ordusunun hərbçiləri ilə birgə törətdikləri soyqırımının dəhşətlərindən bəhs edilir. Bəllidir ki, 1990-cı il martın 24-də yeddi nəfər kənd sakini insanlığa sığmayan işgəncələrə məruz qaldı, onlar diri-diri ocağa atıldı, iki nəfər güllələndi. Ocaqda yandırılan insanların kiçiyi 39 günlük körpə, böyüyü isə 70 yaşında ahıl idi. Bu faciə zamanı 17 ev yandırılıb, 11 ev qarət edilib. Əslində, erməni silahlılarının törətdiyi bu faciə soyqırımı faktıdır. Təəssüf ki, bu barədə dünya ictimaiyyətinə o qədər də geniş və ətraflı məlumat çatdırılmayıb.
Ötən əsrin sonunda ermənilərin Azərbaycan torpaqlarının işğal siyasətinin ilk qurbanı olan Qazaxın Bağanıs Ayrım kəndi dünyanın ən böyük dəhşətini, faciəsini yaşadı. Təbiətin özündə belə vəhşi heyvanlar yavruya qıymadığı halda ermənilər qırxı çıxmamış körpəni ocağa atıb yandırdılar. Yaşlılara, qadınlara, uşaqlara aman vermədən gülləbaran etdilər. Bağanıs Ayrımda baş verənlər analoqu olmayan bir qətliam idi.
Kitabın müəllifləri tarixə ekskursiya edərək hələ 1918-1920-ci illərdə Bağanıs Ayrımda erməni daşnaklarının vaxtilə törətdiyi soyqırımlardan, insanlığa sığmayan işgəncə üsullarından söz açıblar. Bəlli olur ki, 1921-ci ildə Qazax rayonunun sərhəd kəndlərindən 9 min kvadratkilometr ərazi SSRİ rəhbərliyinin Azərbaycana təzyiqi nəticəsində zorla alınaraq Ermənistan adlı qondarma bir respublikaya verilib. 1930-1932-ci illərdə də bu "torpaq payı" davam edib. Azərbaycanın tarixi torpaqları hesabına Ermənistan dövlətinin ərazisini daim genişləndirmək istəyənlər 1989-cu ildə yenidən fəaliyyətə başladılar. Beləliklə də Bağanıs Ayrım kəndi ermənilərin intensiv hücumlarına məruz qaldı. Müəlliflər şahidlərin və arxiv sənədlərinin, fotogörüntülərin, videolentlərin yaddaşından süzülən faktlara söykənərək Bağanıs Ayrım qətliamı haqqında oxuculara ətraflı məlumat verməyə çalışıblar. Bu dəhşətli soyqırımının şahidi, 63 yaşlı Allahverən Poladovun söylədiklərindən: "Yəhudi soyqırımından çox danışılır. Faşistlər onları heç olmasa əvvəlcə güllələyirdilər. Ermənilər isə Bağanıs Ayrımda insanları diri-diri yandırırdılar. Qazaxdan gələn həkim-ekspert komissiyası aydınlaşdıra bilmədi ki, yanmış bu sümüklər qadına, yoxsa kişiyə məxsusdur. Bu faciə əsl solyqırımı idi. Biz bu faciəni beynəlxalq ictimaiyyətə çatdırmalıyıq".
Kitabda diri-diri yandırılan insanların şəkilləri də verilib. Dağıdılmış yurd yerlərinin xarabalıqlarının, viran olmuş qəbiristanlıqların şəkillərinə sakit baxmaq olmur. Ailələri bütövlükdə yandıran, dinc əhaliyə rəhm etməyən ermənilərin Bağanıs Ayrımda törətdiklərini adi sözlərlə ifadə etmək çox çətindir. Şahidlər söyləyirlər ki, ermənilər Bağanıs Ayrımda ağacları belə məhv edir, evlərin daşlarını sökərək aparır, qəbiristanlığı dağıdırdılar. Kənd özü boyda xarabalığa çevrildi.
Şahid Yoloğlu Həsənovun dedikləri də insanı riqqətə gətirir: "Bizi qorumalı olan sovet əsgərləri erməni silahlılarının hücumunun və törətdikləri qətliamın qarşısını almadılar". Canını birtəhər götürüb qaçanlar qurtulsa da, kənddə qalanlar diri-diri yandırıldı. İnsanların bu cür yandırılmasını təsdiqləyən fotofaktlar da oxucuların diqqətinə çatdırılır.
Bağanıs Ayrım faciəsindən 20 il keçir. Kitabdan oxuyuruq: "1990-cı ilin mart ayının 23-dən 24-nə keçən gecə mülki əhaliyə amansız divan tutuldu, 6 nəfər insan diri-diri yandırıldı, 1 nəfər qətlə yetirildi, onlarla insan yaralandı, ağır xəsarətlər aldı. Bir neçə dəqiqə içərisində bütün kənd yandırıldı". Bir kənd də yer üzündən belə silindi. 20 il əvvəl yurdumuzun ən gözəl guşələrindən biri olan Bağanıs Ayrım kəndi indi özü boyda bir xarabalıqdır. İnsanlığa sığmayan vəhşiliyin cəzasını almayan erməni quldurları bu qanlı hadisədən sonra Qazaxın Xeyrimli, Aşağı Əskipara, Sofulu, Badxudarlı, Qızıl Hacılı, Yuxarı Əskipara kəndlərini də işğal etdilər. Bu gün Qazaxın 7 kəndi terrorçuluğu dövlət səviyyəsində həyata keçirən Ermənistanın işğalı altındadır. Bağanıs Ayrım soyqırımını törətmiş 18 nəfər erməni İnterpolun axtarışındadır. Bu quldurların Bağanıs Ayrım soyqırımındakı iştirakı tam sübuta yetirilmiş, onların sülh və insanlıq əleyhinə törətdikləri cinayətlər haqqında müvafiq sənədlər İnterpola verilmişdir.
1990-cı
ilin martında Bağanıs Ayrımda törədilən qətliam
erməni silahlı qüvvələri tərəfindən
1992-ci il fevralın 25-dən 26-na keçən gecə
Xocalıda təkrar edildi. Dünya bu soyqırımlarına nə
vaxta kimi laqeyd qalacaq?!
F.XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 31
mart.- S. 6.