Naxçıvan folkloru
antologiyası
Bu günlərdə "Əcəmi" nəşriyyatı "Azərbaycan folkloru antologiyası" seriyasından "Naxçıvan folkloru antologiyası"nın birinci cildini oxuculara hədiyyə edib (Azərbaycan folkloru antologiyası: Naxçıvan folkloru, I cild. Naxçıvan, "Əcəmi" nəşriyyatı, 2010). Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamına əsasən AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsinin hazırladığı bu cildə dünyanın ən qədim sivilizasiya mərkəzlərindən olan Naxçıvanın zəngin folklor mühitindən toplanılmış qiymətli və əvəzsiz folklor örnəkləri daxil edilib.
Baş məsləhətçisi Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, rəyçiləri AMEA-nın həqiqi üzvləri İsa Həbibbəyli və İsmayıl Hacıyev, tərtibçiləri professor Məhərrəm Cəfərli və filologiya elmləri namizədi Rafiq Babayev olan bu kitabı ulu öndər Heydər Əliyevin milli dövlət quruculuğu siyasətinin həyata keçirilməsi istiqamətində irəliyə doğru atılmış layiqli addım kimi qiymətləndirmək olar. Ulu öndərin Azərbaycan intellektual düşüncə daşıyıcılarına ünvanladığı: "Əgər bizim millətimizin keçmişini, tarixini, mədəniyyətini, onun mənliyini bizim alimlərimiz, ziyalılarımız tədqiq etməsələr, xalqımıza, dünyaya göstərməsələr, bəs bunu kim edəcəkdir?" ideoloji ritorikası bu kitabın hər bir səhifəsinin milli ruhunu və ideoloji qayəsini təşkil edir.
Milli dövlət quruculuğunda folklora böyük önəm verən ümummilli lider istər AMEA Folklor İnstitutunun yaradılmasına, istərsə də AMEA Naxçıvan Bölməsində folklorun toplanması və tədqiqi işinə son dərəcə həssaslıqla yanaşmış, milli mənlik və dövlətçilik tariximizin yaddaş xəzinəsi olan folklorun qorunması və öyrənilməsini dövlətimizin milli əsaslarının möhkəmləndirilməsi yolunda zəruri və təxirəsalınmaz iş hesab etmişdir. 511 səhifədən ibarət olan "Naxçıvan folkloru antologiyası"nın birinci cildi yüksək elmi və poliqrafik keyfiyyəti etibarilə ulu öndərin dövlətçilik strategiyasının durmadan həyata keçirilməsi istiqamətində reallaşdırılmış dəyərli və misilsiz layihədir. Təsadüfi deyildir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov kitabın hazırlanmasında təkcə baş məsləhətçi kimi iştirak etməmiş, həm də kitabın nəsrinin reallaşdırılmasına dövlətin maraq və təminatını həyata keçirmişdir.
Cildin tərtibçiləri M.Cəfərli və R.Babayev kitaba yazdıqları ön sözdə onu əbəs yerə "Naxçıvanın söz xəzinəsi" adlandırmamışlar. Folklorun "xəzinə" metaforası ilə səciyyələndirilməsi eşitməyə adət etdiyimiz ifadə kimi artıq ədəbi dilimizin ümumişlək fonduna daxil olsa da, burada "xəzinə" sözü folklora münasibətdə öz mənasını hər zaman saxlayan, tarixin bütün dönəmlərində dəyər və qiymətini nəinki azaltmayıb, əksinə, zaman keçdikcə əhəmiyyəti və rolu, cəmiyyət və dövlət quruculuğundakı yeri və funksiyası artan, milli dəyər kimi qiyməti heç nə ilə müqayisəyə gəlməyən misilsiz yaddaş xəzinəsidir. Bu mənada, cildin bir milli yaddaş xəzinəsi, Azərbaycan varlığının etnokosmik tipologiyasının, etnogenetik kodlar sisteminin folklora müncər olunan modeli kimi dəyər və əhəmiyyəti, bizim səmimi düşüncəmizə görə, cildin tərtibçiləri professor M.Cəfərli və filologiya elmləri namizədi R.Babayevin yazdıqları "Ulu türk yurdu, qədim intibah mərkəzlərindən olan Naxçıvan zaman-zaman tarixin yaddaşına möhtəşəm bir Naxçıvannamə yazıb"; "Bu nümunələr xalqın kağızda yox, ağızda, ürəyinin başında yaratdığı Naxçıvannamədir: bu diyarın söz xəzinəsi, öz xəzinəsidir"; "Burada yurdun söz xəzinəsi, öz xəzinəsi yaranıb: kəlməsi, cümləsi, ilməsi, cilvəsi sehrdi, möcüzədi" cümlələrində bütün ümummilli ruhu və elmi mahiyyəti ilə parlaq şəkildə ifadə olunub.
Toplayıcı və tərtibçilərin uzun illik əməyi və böyük zəhməti, dövlətin daimi dəstəyi və qayğısı altında meydana gələn bu kitabın dəyəri və əhəmiyyəti ölçülməzdir. Zamanla Azərbaycan milli-mənəvi dəyərlər tarixinin ən qiymətli hadisəsinə çevriləcək və çoxyönlülük polifoniyası müxtəlif sahə mütəxəssisləri tərəfindən üzə çıxarılacaq bu cildin folklorşünaslar üçün əhəmiyyəti ilk növbədə peşəkar elmi maraq və düşüncəmizlə müəyyənləşir. Bu mənada, "Naxçıvan folkloru antologiyası"nın I cildi bizim üçün ilk növbədə güneyli-quzeyli Azərbaycan folklorunun nəhəng coğrafiyasında öz mədəni-məhəlli sistem əlamətləri və sosial-mədəni mühit atributlarına görə avtonom kültür fenomeni olan Naxçıvan folklor mühitinin poliqrafik modeli olması baxımından dəyərlidir. Hər bir sistemin mövcudluğu onu makrosistem daxilində avtonomlaşdıran məkan-zaman xrontopunun mövcudluğuna müncər olunur. Naxçıvan folklor mühitinin mövcudluğu bütün hallarda üzərində durduğu ərazi-inzibati vahidinin fiziki-təbii varlığına dayansa da, avtonom folklor mühitinin varlığı həmin ərazi-inzibati mühitdə reallaşan folklor sisteminin kültür özünəməxsusluğunun olub-olmaması, məhəlli əlamət və atributlarının sistem səviyyəsinə qalxa bilib-bilməməsi ilə şərtlənir. "Naxçıvan folkloru antologiyası"nın I cildi Azərbaycan folklor xronotopunun nəhəng coğrafiyasında Naxçıvan folklor mühitinin varlığını janr sisteminin bütövlüyü, ümumazərbaycan folklor düşüncəsinin Naxçıvan kodunun sistem kamilliyi, mühitin folklor obrazının bitkinliyi və mükəmməlliyi, coğrafi kültür simvolikasının məhəlli atributlar sisteminin tamlığı səviyyələrində birmənalı olaraq təsdiq və təsbit edir. Bu mənada, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsi Naxçıvan folklor mühitinin varlığının poliqrafik elmi kodla təsbit edilməsi kimi tarixi vəzifəni dövlətin himayəsi altında böyük uğurla həyata keçirmişdir.
"Naxçıvan folkloru antologiyası"nın I cildi eyni zamada türk dünyasının tarixi-mədəni əzəmətinin, folklor coğrafiyasının bakirəlik və bütövlüyünün bərpası istiqamətində atılmış tarixi addımdır. Görkəmli ədəbiyyatşünas Y.Qarayev yazırdı: "Xəritəmiz yalnız folklorumuzda dəyişməyib, bütün qalıb. Kərküklə və Təbrizlə, Göyçə ilə və Qarabağla, Dərbəndlə və Borçalı ilə indi də bir yerdə, bütövdə yaşadığımız mənəvi məkanın adı - folklordur... Sehrli və müqəddəs folklor ərazisindən bir sətri, bir qarışı da Qorqud və Koroğlu, Oğuz xan və Boz Qurd, Xıdır Nəbi... yada, qəsbkara güzəştə getməyib". Y.Qarayevin milli varlığın folklor bütövlüyü haqqında böyük bir coşqu ilə vurğuladığı bu tezis başqa bir tərəfdən folklorun yaddaş fenomeni kimi milli varlıqdakı yerini qabardır.
Folklor milli yaddaş kimi etnopsixoloji sistemdir; Xalqın varlığı söz və sənət kodları ilə folklor yaddaşında inikas olunur; Folklor yaddaşı xalqın fiziki-mənəvi mövcudluğunun fövqünə qalxmaqla bu yaddaşı yaradan xalqın mövcudluğunu özünə müncər edir; Milli yaddaşda millətin tarixi bütöv xalqın taleyindən keçdiyi kimi, hər bir fərdin taleyindən də keçib gələcəyə gedir; Hər bir etnosun taleyi onun milli yaddaşa nə dərəcədə bağlılığından asılıdır; Yaddaşına qayıda bilən xalq onu millətlər içində millət edən zirvəyə qalxa bilir; Hər bir xalqın bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyi etnokosmik yaddaşın onu hansı şəkildə ayaqda saxlamasından birbaşa asılıdır... Bu mənada, "Naxçıvan folkloru antologiyası"nın I cildi:
- Milli-siyasi varlığımızın tarixi bütünlüyünü bərpa edən Naxçıvan milli yaddaş xəritəsi;
- "Kərküklə Təbrizi, Göyçə ilə Qarabağı, Dərbəndlə Borçalını bir yerdə, bir bütövdə yaşadan mənəvi məkanın" Naxçıvan folklor körpüsü;
- "Bir sətri, bir qarışı da Qorqud və Koroğlu, Oğuz xan və Boz Qurd, Xıdır Nəbi... tərəfindən yada, qəsbkara güzəştə gedilməyən" Azərbaycan milli mənəviyyat kitabının Naxçıvan səhifəsi;
- Xalqın varlığını söz və sənət kodları ilə qoruyan Naxçıvan folklor yaddaşı;
- Öz yaddaşında millətin tarixini bütöv xalqın və hər bir fərdin taleyindən keçirib gələcəyə aparan milli tale kitabımızın Naxçıvan cildi;
- Azərbaycan xalqının bir millət kimi bütövlüyü, ölkə kimi tamlığı və təhlükəsizliyini qoruyan milli etnokosmik yaddaşın Naxçıvan kitabıdır.
"Naxçıvan folkloru antologiyası"nın I cildi güneyli-quzeyli Azərbaycanın folklor tarixi, Avrasiya materikinin tarixini yaratmış Asiya və Avropa türklüyü arasında folklor körpüsü, Ermənistanın Azərbaycan türklüyünün folklor xəritəsində rus imperiyası tərəfindən yaradılmış süni anklav olduğunu, ona görə də folklorlarının başdan-başa oğurluq, mənimsənmə olmasını sübut edən tarixi sənəddir.
Kitabda bölgə folklor materialının təqdimat üsulu öz elmiliyi ilə seçilir. Tərtibçilər folklor materiallarının antoloji formatda təqdimatının mövcud təcrübələrini nəzərə almaqla yanaşı, tərtibat prosesində folklorun canlılıq, bütövlük və sistemlilik prinsiplərini vahid modeldə uzlaşdırmağa müvəffəq olmuşlar. Bu baxımdan cilddə miflər, mif obrazları, inanclar, sınamalar, yasaqlar, əfsanələr, rəvayətlər, mərasimlər, oyunlar, pirlər, ocaqlar, yuxuyozmalar, ovsunlar, alqışlar, qarğışlar, nağıllar, xalq hikmətləri, atalar sözü və məsəllər, lətifələr, sancmalar, deyimlər, əmək nəğmələri, laylalar, oxşamalar, bayatılar, haxıştalar, ağılar, güleymələr, mahnılar, uşaq folkloru, aşıqlar və aşıq rəvayətləri, xalq təbabəti kimi başlıq-sıralanmalar heç bir halda natural-təsadüfi düzüm yox, elmi cəhətdən əsaslandırılmış, folklorun təqdimatının dialektik hərəkət və funksionallaşma dinamikasını əks etdirən sistemdir. Bu təqdimata nəzər saldıqda aşağıdakı tərtibat prinisiplərinin reallaşdırıldığının şahidi oluruq:
1. Janrların düzülüş dinamikası ilk növbədə, Azərbaycan folklor düşüncə kodunun poetik strukturunu əks etdirir. Poetik mətnlərin sıralanma prinsipləri epik, lirik, dramatik növlərin əlaqə və qarşılıqlı təsirdə reallaşan sisteminə tam uyğundur.
2. Verilmiş mətnlərin yaratdığı tərtibat Naxçıvan folklor mühitinin tarixi inkişaf dinamikasını özündə əks etdirir. Tərtibçilərin yazdığı kimi: "Naxçıvan folklor mühitində mifik bir əhval, etnik qədimliyin qüdrəti "hökm-fərmadır..." Doğrudan da, "Nuhdan və mifdən başlanan Naxçıvan" kitabda beşik ağacından qəbilə, tayfa, xalq, millət, etnos ağaclarınadək tarixi bütövlük içərisindədir. Tarix bu kitabda tərtibçilər tərəfindən hərfi anlamından çıxarılmış, fəlsəfi kontekstə salınaraq Azərbaycan insanının Naxçıvan torpağında mifdən bugünə qədər yaratdığı və yaşatdığı tarixi gerçəkliyin ilahi-dialektik dövriyyəsinə daxil edilmişdir.
3. Kitabdakı folklor nümunələri öz tərtibat-təqdimat sistemi ilə Naxçıvanda yaşayan Azərbaycan insanı ilə onun folklor obrazı arasında bir körpü qurur. Mətnlərin tematik strukturu burada yaşayan və bütün cismi, qanı, ruhu və varlığı ilə bu torpağın dünəni, bugünü və gələcəyinə bağlı olan insanın mənəviyyat dünyasının strukturunu inikas edir.
Cilddə verilmiş adlar cədvəli, dialektoloji sözlük, söyləyicilər və toplayıcılar haqqında məlumat, Naxçıvanın folklor xəritəsi kitabın oxunuşunu asanlaşdırmaqla bərabər, onun elmi əhəmiyyətini xüsusilə artırır. Ümumiyyətlə, "Naxçıvan folkloru antologiyası"nın I cildi yüksək poliqrafiyası, nəşr keyfiyyəti ilə göz oxşayır. Əla keyfiyyətli kağızda, qiymətli cilddə çap olunmuş bu kitab folklora dövlət qayğısının təzahürü olmaqla bərabər, xalqımıza verilmiş böyük və layiqli töhfədir. Kitabın daha bir fundamental əhəmiyyəti ilk cildi 1994-cü ildə "Naxçıvan folkloru" kitabı ilə başlanmış və AMEA Folklor İnstitutunda indiyə qədər 20 cildi çap olunmuş "Azərbaycan folkloru antologiyası" layihəsinin layiqli və yüksək səviyyəyə qaldırılmasıdır. İnanırıq ki, "Naxçıvan folkloru antologiyası"nın növbəti cildləri də indiki kimi gözəl olmaqla Azərbaycan mənəviyyat xəzinəsini layiqli töhfələrlə zənginləşdirəcəkdir.
Hüseyn İSMAYILOV,
AMEA Folklor İnstitutunun
direktoru, filologiya elmləri
doktoru, professor
Seyfəddin RZASOY,
AMEA Folklor İnstitutu
Mifologiya şöbəsinin
müdiri,
filologiya elmləri namizədi
Azərbaycan.- 2010.- 31
mart.- S. 7.