Cəlilabad rayon ictimaiyyətinin
nümayəndələri ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV mərasim iştirakçılarını salamlayaraq dedi:
- Sizi ürəkdən təbrik edirəm. Gözəl, müasir diaqnostika mərkəzinin açılışı doğrudan da böyük hadisədir. Cəlilabad rayonunun tibb müəssisələrinin arasında bu, yəqin ki, ən gözəl, ən möhtəşəm mərkəzdir. Həm müayinə, həm müalicə aparılacaq, müxtəlif əməliyyatlar keçiriləcək, ən gözəl avadanlıq quraşdırılacaqdır. Burada ən müasir səviyyə təşkil edilməlidir. Elə etməliyik ki, burada tibbi xidmət çox yüksək səviyyədə olsun. Əminəm ki, həkimlər, tibb işçiləri də burada yaxşı xidmət göstərəcəklər. Burada bütün xidmətlər - müayinə, müalicə, bütün əməliyyatlar pulsuz olacaqdır. Elə etməliyik ki, rayon sakinləri vaxtaşırı buraya gəlib sağlamlıqlarını bərpa etsinlər, müayinədən keçsinlər. Ən azı ildə bir dəfə hər bir vətəndaş gərək diaqnostikadan keçsin. Belə olan halda insanlarımız sağlam olacaq, xəstələnməyəcək və son illər ərzində Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi uğurlar daha da əhəmiyyətli olacaqdır. Çünki bütün bu işlərin təməlində insan amili dayanır. İnsanlara xidmət, insanların ömrünün uzadılması, sağlam həyat tərzi, sağlamlıq - bütün bunlar çox vacib məsələlərdir. İndi bizdə imkanlar var ki, müxtəlif yerlərdə, böyük şəhərlərdə, rayonlarda ən müasir tibb xidməti göstərək. Bu, çox vacibdir. Təkcə Bakıda, yəni paytaxtda deyil, müxtəlif bölgələrdə müalicə-diaqnostika mərkəzləri tikilir. Vaxtilə tikilmiş və yararsız vəziyyətə düşmüş mərkəzi rayon xəstəxanaları əsaslı təmir olunur, yeni xəstəxanalar, tibb ocaqları tikilir. Yəni, Azərbaycanda bu proses çox geniş vüsət alıbdır. Bu, bir daha onu göstərir ki, siyasətimizin təməlində insana münasibət və qayğı durur.
Hər şey - həm iş yerləri, həm iqtisadi imkanlar, həm sənaye potensialının gücləndirilməsi və ilk növbədə, sosial məsələlərin həlli Azərbaycan vətəndaşları üçün olmalıdır. Ona görə indi Bakıda ən müasir standartlara cavab verən bir neçə elmi tədqiqat mərkəzləri əsaslı təmir olunub və yüksək xidmət göstərir. Bölgələrdə - demək olar ki, bütün bölgələrdə ya Dövlət Neft Şirkətinin xəttilə belə gözəl mərkəzlər, ya da Səhiyyə Nazirliyinin xəttilə xəstəxanalar tikilir. Demək olar ki, bütün bölgələrdə artıq yüksək tibbi xidmət göstərilir. Elə etməliyik ki, hər bir rayonda, rayon mərkəzində belə gözəl şərait olsun. Belə olarsa, onda, biz demək olar ki, səhiyyə sahəsindəki islahatların böyük hissəsini həll edə bilərik. Bu, bizim üçün prioritet məsələdir və son illər ərzində bu sahədə böyük investisiyalar qoyulub. Bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır.
Mən çox şadam ki, Cəlilabadda bütün başqa sahələrdə də işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir.
Ölkəmizdə işlər bütövlükdə yaxşı gedir, iqtisadi imkanlarımız artır. Keçən il baxmayaraq ki, bütün dünya böhran içində idi, biz xərclərimizi azaltmadıq, sosial məsələlərə yönəldilən vəsait lazımi səviyyədə qaldı. Bütün infrastruktur layihələri icra edildi. Bu il Azərbaycanın inkişafı daha da uğurludur. İqtisadiyyatımız daha da sürətlə inkişaf edir. Mən bu gün səhərdən müxtəlif tədbirlərdə iştirak edirəm və bütün bu tədbirlər bir daha onu göstərir ki, ölkəmiz dinamik inkişaf edir. Bu inkişaf hərtərəflidir, bütün bölgələrdə görünür.
Əminəm ki, gələcək illərdə Azərbaycan iqtisadi inkişaf templərinə görə liderlik mövqelərini əlində saxlayacaqdır. Bu, artıq gözəl ənənədir. Biz son illər ərzində əldə etdiyimiz uğurlarla əlbəttə ki, fəxr edə bilərik. Ancaq biz əldə edilmiş nəticələrlə heç vaxt kifayətlənməməliyik. Çünki əldə edilmiş nəticələr yeni nəticələrə çatmaq üçün stimul olmalıdır. Biz elə etməliyik ki, ölkə qarşısında duran əsas iqtisadi və sosial problemlər 2013-cü ilə qədər həll olunsun. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci hissəsi 2013-cü ildə başa çatacaq və o vaxta qədər bütün əsas məsələlər öz həllini tapmalıdır. Əsas məsələlərdən biri səhiyyə sistemindəki islahatlardır və yüksək səviyyəli tibbi xidmətin göstərilməsidir. Digər əsas məsələlər təhsil sistemində həm maddi-texniki bazanın gücləndirilməsi, məktəblərin tikintisi, həm də ki təhsilin keyfiyyətinin artırılması, elektrik enerjisi, qaz, içməli su, kanalizasiya problemlərinin tam şəkildə həll olunmasıdır. Bu planlar da vardır və əminəm ki, biz onları 2013-cü ilə qədər icra edəcəyik.
Yeni iş yerlərinin, sənaye müəssisələrinin açılması prosesləri uğurla gedir. Maddi imkanlarımız artır, güc, siyasi iradə, xalqla iqtidar arasında birlik vardır. Ölkənin inkişafı, ölkə hansı istiqamətdə inkişaf etməlidir məsələsi ilə əlaqədar cəmiyyətdə fikir ayrılığı yoxdur. Biz müstəqilliyimizi gücləndirməliyik, müstəqil həyatımızı təmin etməliyik. Elə etməliyik ki, bütün dövrlərdə - bu gün, 10 ildən, 50 ildən sonra Azərbaycan xalqı Azərbaycan dövlətinin taleyini müəyyən etsin. Bunu etmək üçün biz güclü olmalıyıq. Güclü olmaq üçün biz ciddi çalışmalıyıq. Hər bir bölgədə, hər bir yerdə hər bir vətəndaş elə etməlidir ki, ölkəmizi öz zəhməti ilə gücləndirsin.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Burada həm xəstələrə yaxşı xidmət göstəriləcək, eyni zamanda, həkimlər üçün də yaxşı iş şəraiti yaradılıb. O da çox vacibdir. Gərək həkimlərin iş şəraiti elə olsun ki, işləmək onlara zövq versin. Bir daha sizi təbrik edirəm. Sizə uğurlar arzulayıram.
Cəlilabad rayon sakini Gülər İSGƏNDƏROVA dövlət başçısına minnətdarlıq edərək dedi:
- Möhtərəm cənab Prezident, Sizi Cəlilabadın bütün ictimaiyyəti və tibb işçiləri adından ürəkdən salamlayır, "Xoş gəlmisiniz!" deyirəm.
Bu gün Avropanın ən inkişaf etmiş şəhərlərinin belə qibtə edə biləcəyi bir müalicə-diaqnostika mərkəzi məhz bizim rayonda açılır. Bu, Azərbaycanın indiki reallığı, Sizin gərgin əməyinizin, regionların inkişafına göstərdiyiniz qayğının nəticəsidir. Ölkəmizin hərtərəfli və sürətli sosial inkişafını təmin edən siyasətinizdə əhalinin sağlamlığının qorunması, səhiyyənin daha da inkişaf etdirilməsi, müasir tibb müəssisələrinin açılması həmişə ən başlıca məqsəd olmuşdur. Elə bu yaxınlarda 4 rayonda müasir tipli yeni xəstəxanaların tikilməsi və əsaslı təmiri barədə verdiyiniz sərəncam həmin regionların əhalisi üçün misilsiz bir töhfə olmuşdur. Burada qürur hissi ilə demək istəyirəm ki, belə bir xeyirxah layihənin həyata keçirilməsi üçün məhz insanların müraciətlərini və arzularını nəzərə alaraq qərar vermisiniz.
Cənab Prezident, xalqımız yaxşı bilir ki, Siz də, Sizinlə çiyin-çiyinə çalışan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da insanların qayğılarından, ehtiyaclarından həmişə xəbər tutursunuz, onlarla çox ciddi maraqlanırsınız, onlara çox həssaslıqla yanaşırsınız. Siz daim insanları narahat edən problemlərin həlli üçün narahatsınız. Bax budur, Sizin xalqla olan birliyiniz, xalq üçün narahatlığınız, onun problemlərini həll etmək istəyiniz. Elə buna görə də bir daha bütün rayon ictimaiyyəti və tibb işçiləri adından Sizə də, Mehriban xanım Əliyevaya da ürəkdən gələn minnətdarlıq hissimi çatdırmaq istəyirəm.
Bu gün bu diaqnostika mərkəzinin Cəlilabadda açılması yalnız bizim rayonun əhalisi üçün deyil, bütövlükdə cənub bölgəsinin əhalisi üçün əsl hədiyyədir. Bu, artıq bizim regionda ikinci böyük tibb müəssisəsidir. Bu mərkəz ən müasir avadanlıq, gözəl iş şəraiti, bir sözlə, keyfiyyətli tibbi xidmət üçün hər şeylə təmin olunmuşdur. Bu mərkəzin hesabına biz əhalimizə daha keyfiyyətli və ilkin tibbi xidmət göstərə biləcəyik. Bu mərkəzin verdiyi imkanlardan istifadə edərək sakinlərimizi vaxtaşırı tibbi müayinəyə cəlb edəcək, onların xəstəliklərini, o cümlədən bizim region üçün daha xarakterik sayılan revmatik xəstəlikləri, ağciyər, böyrək xəstəliklərini vaxtında aşkar edərək onların müalicəsini səmərəli şəkildə təşkil edə biləcəyik. Əlbəttə, biz həkimlər başa düşürük ki, müasir avadanlıqla təchiz olunmuş belə bir mərkəzdə işləmək üçün çox böyük məsuliyyət daşıyırıq. Öz üzərimizdə daha çox çalışmalıyıq, daha çox oxumalıyıq, dünya təbabətinin yeniliklərini öyrənməli və işimizdə tətbiq etməliyik. Sizi əmin edirəm ki, belə bir töhfəyə cavab olaraq daha ürəklə işləyəcəyik, insanların sağlamlığının keşiyində durmaq üçün bütün bilik və bacarığımızı sərf edəcək, bu müasir kompleksin bütün imkanlarından istifadə edəcəyik.
Möhtərəm cənab Prezident, Siz 2008-ci ilin sentyabr ayında rayonumuza səfəriniz zamanı görülən işləri çox yüksək qiymətləndirdiniz. Doğrudan da, Sizin diqqət və qayğınız sayəsində rayonumuzun siması yaxşılığa doğru gündən-günə dəyişmiş, tanınmaz olmuşdur. Burada yeni sosial obyektlər tikilib və tikilməkdədir. Sizin tapşırığınızla gözəl Olimpiya-İdman Kompleksi tikilir. Bütün bunlar Sizin gərgin əməyinizin nəticəsidir. Xalq Sizin atdığınız hər bir addımı böyük rəğbətlə qarşılayır. Bu, Sizə olan sonsuz inamımızın və ümumxalq məhəbbətimizin hesabınadır. Xalqın məhəbbəti isə insana verilmiş ən uca qiymətdir. Bu gün, icazə verin, bir ana-bacı şəfqəti ilə deyim: Həmişə belə uca olasınız, möhtərəm cənab Prezident! Tanrı Sizi qorusun!
* * *
Sonra rayon
ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev
ilə xatirə şəkli çəkdirdilər.
Azərbaycan.- 2010.- 1
may.- S. 2.