Prezident İlham Əliyev Göytəpə
su anbarının açılışında iştirak
etmişdir
Aprelin 29-da Prezident İlham Əliyev Cəlilabadda Göytəpə su anbarının açılışında iştirak etmişdir.
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə dövlətimizin başçısına məlumat verdi ki, Cəlilabad rayonunun torpaq sahələrini suvarma suyu ilə təmin etmək üçün Göytəpə çayı üzərində ümumi tutumu 3,7 milyon kubmetr olan su anbarının tikintisi məqsədilə 1985-86-cı illərdə işçi layihə hazırlanmışdı. Layihədə torpaq bəndin, suburaxıcı qurğunun, qəza sutullayıcısının, nasos stansiyasının, təzyiqədavamlı boru kəmərinin və suvarma şəbəkəsinin tikintisi nəzərdə tutulmuşdu. 1988-1992-ci illərdə layihənin icrası ilə bağlı bir çox işlər görülsə də, sonrakı dövrdə vəsait çatışmazlığı səbəbindən tikinti işləri dayandırılmışdı. 2005-ci ildə Prezident İlham Əliyevin göstərişinə əsasən bu su anbarının tikintisinin davam etdirilməsinə başlanmış və dövlətimizin başçısının tapşırığına uyğun olaraq layihə daha da təkmilləşdirilmişdir.
Qeyd olundu ki, Göytəpə su anbarında bəndin hündürlüyü 17,5 metrdir. Bəndin üstdən uzunluğu 550 metr, su anbarının ümumi həcmi 3,7 milyon kubmetrdir. Bu hidrotexniki qurğunun faydalı həcmi isə 3,3 milyon kubmetrdir. Təzyiqədavamlı boru kəmərinin uzunluğu 7,14 kilometr, monolit beton üzlüklü suvarma kanallarının uzunluğu isə 12,1 kilometrdir. Anbarın istifadəyə verilməsi Cəlilabadda kənd təsərrüfatının inkişafını sürətləndirəcək, uzun müddət suvarma suyundan korluq çəkən ərazilərin su ilə təmin edilməsinə imkan yaradacaqdır. Bu da öz növbəsində rayonda kənd təsərrüfatı məhsulları istehsalının əsaslı şəkildə artmasına təkan verəcəkdir.
Prezident İlham Əliyev su anbarını işə saldı.
Bildirildi ki, perspektivdə anbarın bəndinin sağ sahilində 300 hektar yeni torpaq sahələrinin suvarılması məqsədi ilə nasos stansiyasının, uzunluğu 2,5 kilometr olan təzyiqədavamlı boru kəmərinin və qapalı suvarma şəbəkəsinin tikintisi, eləcə də su anbarının ətrafındakı kəndlərin əhalisinin gediş-gəlişini yaxşılaşdırmaq üçün Göytəpə çayı üzərində avtomobil körpüsünün inşası nəzərdə tutulmuşdur. Bundan əlavə, bəndin dayanıqlılığının daha da yüksəldilməsi və normal istismarının təmin olunması üçün əlavə tədbirlər planlaşdırılmışdır.
Prezident İlham Əliyev ölkəmizin meliorasiya və irriqasiya sisteminin daha da müasirləşdirilməsi ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.
Mərasim
iştirakçıları dövlətimizin
başçısı ilə xatirə şəkli çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 1
may.- S. 3.