Milli inkişafımızın memarı

 

Ümummilli lider Heydər Əliyevin yeni neft strategiyası Azərbaycanın bugününün və gələcəyinin etibarlı təminatçısıdır

 

XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi nadir şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyəti min illik tariximizin ən mühüm, şərəfli və böyük bir mərhələsini təşkil edir. Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli məqamlarında xilaskarlıq simvoluna çevrilərək Azərbaycan xalqının ruhuna bir nəfəs kimi qayıdan, onu canı-qanı qədər sevərək hifz edən, milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına çiyinlərini heç nədən çəkinmədən, mərdliklə verən xariqüladə şəxsiyyət olduğu aşkar görünür. Azərbaycanın müasir siyasi tarixinin bir çox səhifələri ulu öndər Heydər Əliyevlə, onun çoxtərəfli və genişmiqyaslı zəngin dövlətçilik fəaliyyəti ilə bağlı olmuşdur. Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürərək hakimiyyətə gələn Heydər Əliyev hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ona dayaq olmuş, zamanın ağır məngənəsindən xilas etmişdir.

 

1991-ci ildə müstəqillik əldə etdikdən sonrakı 3 il ərzində Azərbaycan xalqının mövcud iqtisadi və sosial potensialının böyük sarsıntılara məruz qalması və müstəqil dövlətçıliyini itirmək təhlükəsi ilə üzləşməsi ən yeni siyasi tariximizin acı həqiqətlərindən biridir. Xüsusilə, həmin illərdə respublikamız Xəzər dənizindəki milli sektorda neft layihələrini gerçəkləşdirmək, bu sahədə beynəlxalq əməkdaşlığa nail olmaq, təbii sərvətlərindən səmərəli şəkildə bəhrələnmək istiqamətində ciddi problemlərlə qarşılaşmışdı. Daxildə qeyri-sabit vəziyyətin, xaos və anarxiyanın hökm sürdüyü, xalqın etimad göstərdiyi siyasi hakimiyyətin olmadığı, cəbhə bölgəsində vəziyyətin getdikcə gərginləşdiyi bir şəraitdə xarici neft şirkətləri Azərbaycana sərmayə yatırmağı riskli hesab edirdilər. Həmçinin iqtisadiyyatın digər sahələri kimi, neft sənayesində də tənəzzül prosesi güclənir, hasilatın səviyyəsi getdikcə aşağı düşür, neftçilərin sosial durumu ağırlaşırdı. Əgər 1990-cı ildə 12513 min ton neft hasil olunmuşdusa, 1992-1993-cü illərdə bu göstərici 9563 min tona düşmüş, ümumilikdə neft hasilatı 21,2 faiz, qaz hasilatı 36 faiz azalmışdı.

Lakin həmin dövrdə respublikada yaranmış ağır sosial-iqtisadi vəziyyət təkcə bununla qurtarmırdı, 1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev vətənin sərvətlərini, xalqın varidatını dağıtmaq məqsədilə, hətta neftin taleyini öz əllərinə almaq istəyən qara qüvvələrə qarşı ciddi mübarizə aparmalı oldu. Dövlət müstəqilliyimiz real təhlükə qarşısında idi. Lakin xalqın tələbi və istəyi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev tərəfindən neft amilindən ağıl və məharətlə istifadə olunması yaşadığımız dövrün və zamanın nəbzinin düzgün tutulması, gələcək inkişafın əsas şərti olan hədəf nöqtəsinin fəth edilməsi kimi qiymətləndirilməlidir. Əslində, Azərbaycanın 1994-cü ilin sentyabrında ən çətin maneələrə, kənar təzyiqlərə sinə gərərək "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi olmaqla yanaşı, həm də XX əsrin 70-80-ci illərində bu istiqamətdə həyata keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsi idi.

Müstəqil Azərbaycan dövlətinin iqtisadiyyatının hərtərəfli inkişaf etdiriliməsi naminə neft amilindən səmərəli istifadə olunması ulu öndərin hakimiyyətinin bütün dövrlərində uzaqgörən, düşünülmüş bir siyasət olaraq daim ön planda olmuşdur. Bu böyük şəxsiyyət Azərbaycan xalqının gələcəyini düşünərək hələ XX əsrin 70-80-ci illərində respublikamızda nəhəng neftayırma kompleksi sistemlərinin, müasir səviyyəli neft donanmasının yaradılmasına, keçmiş SSRİ-də analoqu olmayan Bakı Dərin Özüllər Zavodunun tikilməsinə nail olmuşdur ki, indi biz həmin illərdə görülmüş bu böyük işlərin ölkəmizin bugünkü iqtisadi həyatında oynadığı rolun canlı şahidləriyik. Ulu öndər Heydər Əliyev çox-çox sonralar həmin illəri xatırlayarkən demişdi: "1970-ci illərdə görülən işlər, yaradılan bu böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində görülən işlər, yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır. Bu gün bəyan etmək istəyirəm ki, o illərdə bu işləri görərkən mən məhz Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyi düşünürdüm. O işləri görərkən mən əmin idim ki, onlar Azərbaycanın sərbəst, müstəqil yaşaması üçün əsas yaradır".

Təsədüfi deyil ki, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq ulu öndər ölkəmizin neft sənayesinin yenidən bərpası və inkişafı ilə daha yaxından məşğul olmağa başladı. Azərbaycanda siyasi sabitliyin təmin edilməsinə və dövlətçiliyin möhkəmləndirilməsinə nail olan ümummilli lider neft-qaz sahəsində fəaliyyət göstərən xarici şirkətləri ölkəmizə dəvət etdi. Məhz Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti və dünya şöhrətli siyasətçi Heydər Əliyevin şəxsi nüfuzu sayəsində dünyanın neft istehsalçıları olan iri şirkətlərin rəhbərlərini danışıq masası ətrafına toplamaq mümkün oldu. Belə bir çətin və həlledici dövrdə Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri də xarici neft şirkətləri ilə danışıqlar prosesinin cənab İlham Əliyevə tapşırılması idi. Beləliklə də, həmin dövrdə cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin banisi olduğu yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçısı oldu.

Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının məntiqi nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də dünyanın yeddi ölkəsini təmsil edən 11 xarici neft şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Yeni neft strategiyası mövcud prinsiplər və tələblər üzərində qurulan Azərbaycan iqtisadiyyatının qarşılaşdığı nəhəng problemlərin ardıcıl həlli funksiyasını böyük uğurla yerinə yetirdi və uzaq perspektivləri əhatə edən nailiyyətlərin açarı oldu. Müstəqil Azərbaycanın çağdaş siyasi tarixinə qızıl hərflərlə yazılan, bütövlükdə dövlətin, xalqın gələcək taleyində, milli intibah prosesində həlledici rol oynamaqla sabit və tarazlı inkişafa ciddi zəmin yaradan taleyüklü bir hadisənin - "Əsrin müqaviləsi"nin imzalanması əslində, ulu öndər Heydər Əliyev tərəfindən müstəqil dövlət quruculuğunun əsas strateji istiqamətlərindən biridir. Təsadüfi deyil ki, bu saziş sonradan Azərbaycanın qapılarını bütün dünyanın üzünə açdı və növbəti illərdə dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 26 sazişin imzalanması da məhz bunun məntiqi nəticəsi sayılmalıdır. Bu gün keçmişə nəzər salarkən bir daha görürük ki, həmin dövrdə qarşıya qoyulan bütün məsələlər öz həllini tapmış və sözsüz ki, bunun əsas, ən başlıca səbəbi həmin illərdə ulu öndər tərəfindən uğurla, cəsarətlə həyata keçirilmiş yeni neft strategiyası olmuşdur.

2003-cü ildə ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşması xalqımızı dərindən sarsıtsa da, məhz bu böyük və unudulmaz şəxsiyyətin adı ilə bağlı olan iki tarixi hadisə Azərbaycanın bu gününün və gələcəyinin real təminatçısına çevrilmiş və hələ uzun illər bu tarixi missiyanı həyata keçirəcəkdir. Dərin kədər hissi ilə deməliyəm ki, ulu öndərə müəllifi və banisi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimində və "Şahdəniz" yatağından qaz hasilatının başlanılmasında iştirak etmək nəsib olmasa da, hər iki tarixi hadisə birmənalı olaraq Heydər Əliyevin əbədiyaşar adı ilə bağlıdır.

Yaxşı yadımdadır ki, "Əsrin müqaviləsi"nin imzalanmasından sonra hasil olunacaq milyonlarla ton xam neftin tamamilə təhlükəsiz, siyasi və iqtisadi cəhətdən məqbul variantlarla dünya bazarlarına çıxarılması kifayət qədər mübahisəli və çətin məsələlərdən biri olmuşdur. Lakin ümummilli lider Heydər Əliyevin prinsipial və qətiyyətli mövqeyi, nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul edilmişdir. 1996-cı ilin yanvar ayında "Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında" Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanmış, 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verilmişdir. 1997-ci ildə isə Azərbaycan və Gürcüstan hökumətləri arasında neftin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqli nəzərdə tutan saziş imzalanmışdır. 1999-cu il aprelin 17-də ölkə tarixində daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 kilometr, illik buraxılış qabiliyyəti isə 5 milyon ton olan Bakı-Supsa neft kəməri, habelə Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara daxil edildi.

Lakin bütün bunlara baxmayaraq, həmin dövrdə əsas ixrac neft boru kəmərinin hansı ölkələrin ərazisindən keçəcəyi aktual və ziddiyətli məsələ olaraq hələ öz müsbət həllini tapmamışdı. İlk gündən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəməri üzərində israr edən Heydər Əliyev bunun siyasi və iqtisadi baxımdan ən optimal qərar olduğunu sübuta yetirmişdir. Beləliklə də, 1999-cu ilin noyabrında Türkiyənin İstanbul şəhərində, ATƏT sammiti çərçivəsində keçirilən görüşdə ABŞ, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan prezidentləri tərəfindən "Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri"nin çəkilişi haqqında dövlətlərarası müqavilə imzalandı.

Lakin o da yaxşı yadımdadır ki, həmin dövrdə bu kəmərin tikintisinə çox böyük müqavimət var idi. Hətta kəmərin iqtisadi cəhətdən sərfəli olmaması haqqında şayiələr yayılır və deyilirdi ki, Azərbaycan nefti kəmərin doldurulmasına kifayət etməyəcək, başqa ölkələrin nefti də buraya gəlməlidir. Lakin biz dəqiq bilirdik ki, bu şayiələrin, bu fikirlərin heç bir əsası yoxdur. Kəmərin 5 il ərzindəki fəaliyyəti nəticəsində indi artıq demək olar ki, Bakı-Tbilisi-Ceyhan neft kəməri maksimum gücünə yaxın olan həcmdə Azərbaycan neftini dünya bazarlarına çatdırır.

Ümummilli liderin siyasi iradəsinin təntənəsi olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da danılmazdır. Təsadüfi deyil ki, məhz buna görə də bu layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə bu böyük tarixi şəxsiyyətin adının verilməsi barədə qərar qəbul etdilər.

Öz tarixi əhəmiyyəti baxımından heç də Bakı-Tbilisi-Ceyhan neft kəmərindən geridə qalmayan hadisə - Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi və "Şahdəniz" yatağından qazın hasilatı da ulu öndərin müstəqil dövlətçiliyimiz qarşısındakı ən başlıca, müqayisəolunmaz tarixi xidmətlərindən biridir. Məhz bu layihənin məntiqi nəticəsidir ki, Azərbaycan bu gün artıq nəinki neft, eyni zamanda, qaz ixrac edən ölkəyə çevrilmişdir. 1996-cı ildə yenə də ulu öndərin təşəbbüsü ilə bağlanmış "Şahdəniz" müqaviləsi artıq öz səmərəsini verməkdədir. Xüsusilə nəzərə alsaq ki, indiki dövrdə qaz amili ölkələrin enerji təhlükəsizliyini, enerji müstəqilliyini təmin edən əsas faktordur, onda bir daha görərik ki, 1996-cı ildə ulu öndər tərəfindən nə qədər düzgün, nə qədər müdrik qərar qəbul edilmişdir. Təbii ki, əgər həmin dövrdə ulu öndərin cəsarəti və qətiyyəti nəticəsində "Şahdəniz" qaz yatağı üzrə müqavilə imzalanmasaydı, təsəvvür etmək çətin deyil ki, Azərbaycan indi hansı ciddi problemlərlə üzləşə bilərdi.

Bu hadisənin ölkəmiz üçün nə qədər böyük tarixi əhəmiyyət kəsb etdiyinə əmin olmaqdan ötrü unutmamılıyıq ki, 2007-ci ilə qədər Azərbaycan qaz idxal edən ölkə idi. Lakin 2007-ci ildən başlayaraq, artıq respublikamız qazı idxal etmir, əksinə, ixrac edir. Bu gün Azərbaycan qazı Türkiyəyə, Gürcüstana, Yunanıstana, İrana və Rusiyaya ixrac olunur. Təbii ki, bütün bu dəyişikliklər çox böyük siyasi, iqtisadi və coğrafi-siyasi əhəmiyyət daşıyır.

Yeri gəlmişkən deməliyəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı ilin noyabr ayında "Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalamaqla bu sahənin beynəlxalq standartlara uyğunlaşdırılmasına start vermiş, ölkəmiz enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqının ən yaxın tərəfdaşlarından birinə çevrilmişdir. Xüsusilə, həmin memorandumdan irəli gələn və energetika sahəsində aparılacaq islahatlarla əlaqədar qanunvericilik bazasının Avropa Parlamentinın Direktivinə və Əsasnaməsinə uyğunlaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin diqqət mərkəzindədir.

Onu da qeyd etməliyəm ki, 2006-cı ilin iyulunda Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, 2007-ci ilin əvvəlində isə Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin işə düşməsi respublikamızın dünya enerji bazarındakı rolunu əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Strateji əhəmiyyətli bu layihələr bir çox dövlətlərin iqtisadi maraq və mənafelərinin təminatı, habelə aktual məsələ kimi gündəmə gələn enerji təhlükəsizliyi probleminin həlli baxımından da əhəmiyyətlidir. Hazırda bəzi Qərb dövlətləri Xəzər hövzəsinə çıxış imkanı əldə etmək və neft idxalında alternativ imkanlar qazanmaqla birqütblü enerji asılılığından azad olmaq niyyətindədirlər. Bu amil Azərbaycanın Cənubi Qafqazdakı strateji mövqeyini və nüfuzunu daha da artırır, respublikamızın Avratlantik məkana inteqrasiyası üçün daha geniş imkanlar açır. Bir sıra mövcud layihələr də bu sahədə böyük potensialın olduğunu təsdiqləyir.

Azərbaycan qazının Avropa İttifaqı ölkələrinə genişmiqyaslı nəqli hazırda tikilməkdə olan Türkiyə-Yunanıstan-İtaliyanı birləşdirəcək Trans-Adriatik (və ya "Paseydon") qaz kəməri layihəsinin başa çatdırılması və "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin başlanması ilə reallaşa bilər.

Avropanı Xəzər hövzəsinin qazı ilə təmin etmək niyyəti güdən "Nabukko" qaz kəməri layihəsi maraqlı dövlətlərin iştirakı ilə ən yüksək səviyyədə dəstəklənmişdir və məlum olduğu kimi, Azərbaycan da bu sahədə öz rəyini bildirmişdir. Bu iki layihənin reallaşması Avropa ölkələrinə qaz nəqli infrakstrukturunun, ən əsası isə bu ölkələrin qazla təchizatı mənbəyinin diversifikasiyasının, deməli, bütünlükdə enerji təhlükəsizliyinin möhkəmlənməsidir.

Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edə biləcək bir sıra beynəlxalq neft-qaz layihələrindən biri "Nabukko"dur. "Nabukko"nun planlaşdırılmış tam gücü ilə işləməsinə ən əsas yardımçı ola biləcək Mərkəzi Asiya ölkələrinin qaz resurslarının kəmərə çatdırılmasını Xəzərdən keçən Şərq-Qərb qaz nəqli layihəsi təmin edə biləcək. Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri qazın Avropaya nəqli razılığına gələcəkləri təqdirdə Azərbaycan öz infrakstrukturu və digər texniki imkanları ilə bu məsələdə yardımçı ola bilər. Odessa-Brodı neft kəmərinin Plotsk-Qdansk istiqamətində uzadılması ilə Xəzər regionu neftinin Azərbaycan-Qara dəniz-Ukrayna-Polşa ərazilərindən keçərək Baltik dənizinə çatdırılmasının, bununla da, Avropa və dünya bazarlarında neft təchizatı mənbələrinin diversifikasiyasının gücləndirilməsi məqsədini daşıyan layihədə iştirakımızı iqtisadi cəhətdən əlverişli olduğu təqdirdə mümkün hesab edirik.

Trans-Xəzər qaz kəməri layihəsi reallaşdığı təqdirdə məhsulun Azərbaycan və Gürcüstan ərazilərindən keçərək Qara dəniz sahillərində müxtəlif istiqamətlərdə şaxələnməsini nəzərdə tutan məqsədlər çərçivəsində Ukrayna və Şərqi Avropa ölkələrini əhatə edən "Ağ axın" layihəsi də diqqətdən kənarda qala bilməz. Son görüşlərin və danışıqların nəticəsi olaraq Qərb ölkələrinə qazın nəqlinin alternativ marşrutlarının yaranma ehtimalı artmaqdadır. Belə ki, Azərbaycanın Rumıniya və Bolqarıstanla olan razılaşmalarına uyğun olaraq qazımızın Gürcüstanın Qara dəniz sahillərinə çatdırılaraq sıxılmış və ya mayeləşdirilmiş formada gəmilər vasitəsilə həmin ölkələrə, oradan da Avropanın digər yerlərinə paylanmasının mümkünlüyü variantı üzərində işlər aparılır.

13 aprel 2010-cu ildə Buxarest şəhərində Azərbaycan, Gürcüstan və Rumıniyanın energetika nazirləri arasında "Mayeləşdirilmiş təbii qaz və onun nəqli sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması bu istiqamətdə irəliyə doğru atılmış ən mühüm addımlardan biridir. Memoranduma əsasən, tərəflər "Cənub dəhlizi" çərçivəsində Xəzər regionunu Avropa ilə birləşdirən enerji tranziti dəhlizinin inkişaf etdirilməsi niyyətlərini ifadə etmiş, qazın ticarəti və Rumıniyada yeraltı qaz anbarlarından istifadə olunması, enerji sahəsində fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılmasını qərara almışdır.

Bundan öncə, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi ilə Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizim Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair 13 noyabr 2009-cu ildə imzalanmış memorandumda da Avropa İttifaqının enerji təhlükəsizliyinə xidmət edəcək prioritet istiqamətlər müəyyən edilmişdir. Bu da öz növbəsində, Azərbaycanın enerji qaynaqlarının və marşrutlarının şaxələndirilməsi siyasətinə verdiyi böyük önəmin ifadəsidir.

Azərbaycan Respublikası tərəfindən Avropada Qonşuluq siyasəti çərçivəsində qlobal enerji təhlükəsizliyinə yardım etmək məqsədilə bir sıra energetik sazişlər də imzalanmışdır və indi onlar həyata keçirilməkdədir. ARDNŞ (SOCAR) Rumıniya, Macarıstan, Bolqarıstan, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan və digər ölkələrdə öz nümayəndəliyini açmış və məqsədyönlü işlərin aparılması təşkil edilmişdir. Gürcüstanın Qara dəniz sahilində Kulevi neft və neft məhsulları terminalı tikilib istifadəyə verilmiş, Gürcüstanda regionların qazlaşdırılması və qazla təchiz edilməsi həyata keçirilir, 30 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin yaratdığı təməl - yeni neft strategiyası üzərində hərtərəfli və dinamik inkişaf edir. Ölkə iqtisadiyyatındakı dinamik proseslər daha da güclənir, böyük sənaye potensialı yaranır, sosial problemlərin həlli istiqamətində görülən tədbirlər öz bəhrəsini verir, dövlətimizin Bakı-Tbilisi-Ceyhan və digər iri layihələrdəki iştirakdan əldə etdiyi uğurları artıq hər bir vətəndaş hiss etməkdədir.

Neft amilindən olduqca səmərəli şəkildə istifadə edilməsi nəticəsində hazırda Azərbaycan iqtisadiyyatı öz inkişafının çox mühüm mərhələsinə qədəm qoymuş, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində Azərbaycan iqtisadi artım göstəriciləri ilə dünyanın lider dövlətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmiz nəinki Qafqazda, həm də bütün bölgədə söz sahibidir, Azərbaycanın iştirakı olmadan bölgədə qlobal layihələrin həyata keçirilməsi qeyri-mümkündür.

Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyev siyasi kursunu davam etdirəcəyini bəyan edən cənab İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində böyük uğurlara imza atmaqla ulu öndərin siyasi varisi, onun güclü dövlətçilik, sosial-iqtisadi inkişaf kimi missiyalarının layiqli daşıyıcısı olduğunu təsdiq etmişdir. Bütün bunlarla yanaşı, Prezident İlham Əliyevə xas olan bir sıra müstəsna keyfiyyətlər - qətiyyətlilik, prinsipiallıq, zamanında sözünü demək, radikal tədbirlər görmək bacarığı dövlətin inkişafını, müxtəlif sferalarda qazanılan uğurları şərtləndirən əsas amillərdir. Heydər Əliyev kimi zəngin dövlətçilik və idarəçilik təcrübəsi olan siyasət dühasından bu cür keyfiyyətləri mənimsəyən Prezident İlham Əliyevin siyasi iradəsi Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsinin, ölkənin inkişafının leytmotivini təşkil edir.

Ulu öndər Heydər Əliyevin inkişaf strategiyasını böyük uğurla davam etdirən cənab İlham Əliyev ölkənin yanacaq-enerji kompleksinin qarşısında olduqca fundamental vəzifələr qoymuşdur. Xüsusilə, "Azərbaycan Respublikasında yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlər əslində, ulu öndərin yeni neft strategiyasının ruhunu, yeni dövr üçün qarşıda duran əsas vəzifələri ifadə edir. Belə ki, hazırda respublikamızın neft-qaz sənayesi öz inkişafının ən mühim dövrlərindən birini yaşamaqdadır. Xüsusilə, qeyd etməliyəm ki, görülən tədbirlər nəticəsində "Azəri-Çıraq-Günəşli" neft-qaz, "Şahdəniz" qaz-kondensat və ARDNŞ-nin istismar etdiyi digər quru və dəniz yataqlarında işlənmənin elmi əsaslarla təşkil edilməsi sayəsində 2009-cu ildə Azərbaycanda 50,4 milyon ton neft, 23,6 milyard kubmetr qaz istehsal olunmuşdur. Ixrac neftinin həcmi isə 41,6 milyon ton olmuşdur. Həmçinin, 2009-cu ildə "Şahdəniz" yatağından hasil olunmuş 6,25 milyard kubmetr qazın 85,6 faizi Türkiyəyə və Gürcüstana nəql edilmişdir. 2010-cu ildə respublika üzrə neft və qaz hasilatının tempi daha da yüksələcək və neft 52,4 milyon ton, qaz 28,5 milyard kubmetr səviyyəsinə çatdırılacaqdır. Sözsüz ki, bütün bunlar ulu öndər Heydər Əliyevin ölkəmizin neft-qaz sənayesinin inkişafı ilə bağlı banisi olduğu siyasətin böyük yaradıcılıq və qətiyyətlə davam etdirilməsinin məntiqi yekunudur.

Bütün bu və digər sahələrdə olduğu kimi, Azərbaycanın mövcud milli elektroenergetika sisteminin əsası da məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. XX əsrin 70-ci illərində ulu öndərin birbaşa təşəbbüsü və tapşırığı ilə Azərbaycanda iki böyük elektrik stansiyası inşa edilmişdir ki, həmin stansiyalar bu gün də ölkəmizin milli elektroenergetika sistemi üçün əvəzsiz rol oynayır. 1975-ci ildə inşasına başlanılmış "Azərbaycan DRES" və "Şəmkir SES"in tikilməsi hesabına respublikanın enerji sisteminin gücü iki dəfədən çox artırılmışdır. Həmin illərdə ümummilli lider Heydər Əliyevin göstərişi ilə 330 kV-luq Əli Bayramlı İES, Ağdam-Gəncə-Ağstafa, Əli Bayramlı-Yaşma-Dərbənd-5-ci Mingəçevir, 500 kV-luq 1-ci və 2-ci Abşeron, Muxramis-Vəli və s. elektrik verilişi xətləri, 330/110/20 kV-luq "Yaşma", "Gəncə", "Ağstafa", 330/110/10 kV-luq İmişli, 500/330/220 kV-luq Abşeron, 220/110/10 kV-luq Hövsan, Nizami, Müşfiq, Səngəçal, Masallı, Ağsu, Babək və s. qovşaq yarımstansiyaları istismara verilmişdir.

Həmçinin XX əsrin 70-ci illərinin sonunda Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Kür çayının üstündə yeni bir obyektin - Yenikənd Su Elektrik Stansiyasının təməli qoyulmuşdur ki, bu da ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hazırlanan möhtəşəm energetika planının tərkib hissəsi idi.

Etiraf etməliyik ki, bütün sahələrdə olduğu kimi, ulu öndər Heydər Əliyevin siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyev də ölkə iqtisadiyyatının və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək üçün ardıcıl və qətiyyətli addımlar atır. Heydər Əliyevin milli elektroenergetika sahəsində təməlini qoyduğu dövlət siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan artıq öz ehtiyaclarını ödəməklə bərabər, elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişdir. Cənab İlham Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində bu illər ərzində ölkədə 9 elektrik stansiyası tikilmişdir ki, bunların da əksəriyyəti regionların payına düşür. Həmçinin Naxçıvan Muxtar Respublikasında yeni tikilmiş elektrik stansiyasının hesabına artıq Türkiyəyə elektrik enerjisinin ixracına başlanmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkə sənayesinin inkişafı üçün də yeni bir tarixi dövrün əsasını qoymuşdur. Belə ki, təkcə 1969-1982-ci illərdə Azərbaycanda 250-dən çox zavod, fabrik, istehsalat sexləri istifadəyə verilmişdir. Təsadüfi deyil ki, Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda istehsal olunan 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Həmçinin Bakı elektrik maşınqayırma, məişət soyuducuları zavodu, radiozavod, robot zavodu, elektron hesablayıcı maşınları zavodu, Sumqayıt kompressor zavodu, Gəncə "Büllur" zavodu, "Azon", "Alunit" zavodları və digər sənaye obyektləri ümummilli liderin şəxsi təşəbbüsləri ilə inşa edilmişdir. Heydər Əliyevin qayğısı və diqqəti sayəsində beş zavodda köhnə avadanlıq yenisi ilə əvəz olunmuş, "Bakı fəhləsi" zavodu yenidən qurulmuş, Bakı Dərin Özüllər Zavodunun, Yeni Bakı Neftayırma Zavodunda yüksək texnologiyaya malik ELOU-AVT qurğusunun, Bakı kondisioner və Sumqayıt kompressorlar zavodlarının, Sumqayıtda və Naxçıvanda iri trikotaj fabriklərinin, polimer tikinti materialları və evtikmə kombinatlarının inşası Azərbaycanın yaxın gələcəkdə daha böyük yüksəlişinə xidmət edir.

Hər bir sahədə Heydər Əliyevin siyasi kursunu ardıcıllıqla həyata keçiriən Prezident İlham Əliyev də ölkənin sənaye infrastrukturunun yenidən qurulması, özəl sektorun yüksəlişi və milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun inkişafı hesabına aradan qaldırılması istiqamətində kompleks tədbirlər həyata keçirməkdədir. Təsadüfi deyil ki, hazırda Azərbaycanda sənaye potensialı ölkə iqtisadiyyatında milli gəlir baxımından əhəmiyyətli yerlərdən birini tutmaqdadır. Belə ki, təkcə 2009-cu ildə sənaye məhsulunun (işlərin, xidmətlərin) həcmi ümumi daxili məhsulun 50 faizindən çoxunu təşkil etmişdir.

Bütün bunlar bir daha təsdiqləyir ki, ümummilli lider Heydər Əliyevin zəngin və tükənməz siyasi irsinə, dövlətçilik ənənələrinə və xalqımızın iradəsinə söykənən Prezident İlham Əliyev görkəmli, bacarıqlı və peşəkar dövlət xadimi kimi ötən illər ərzində dövlətçiliyimizi daha uca zirvələrə yüksəltmiş və ümummilli liderin arzu və istəklərinin həyata keçirilməsini təmin etməyə nail olmuşdur. Bu isə bir daha ulu öndərin əbədiyaşar ideyalarının real həyatda özünü bir daha təsdiqlədiyini nümayiş etdirir.

 

 

Natiq ƏLİYEV,

sənaye və energetika naziri,

iqtisad elmləri doktoru,

Beynəlxalq Mühəndislik

Akademiyasının müxbir üzvü

 

Azərbaycan.- 2010.-  1 may.- S.  4.