Liviyanın Tamoil şirkətinin nümayəndələri
Bakıda olublar
ARDNŞ-də Liviyanın Tamoil qrupunun icraçı direktoru İsam Zanatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları səmimi salamlayan ARDNŞ prezidenti Rövnəq Abdullayev Liviya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlərin yarandığını qeyd edib. Bildirib ki, hökumətlərarası komissiyanın işi, istərsə də iki ölkə şirkətlərinin intensiv görüşləri nəticəsində bu münasibətlər daha da genişlənməkdədir.
Azərbaycana ilk dəfə səfər etdiklərini söyləyən İsam Zanati ARDNŞ-dəki görüşdən məmnunluğunu ifadə edib. O, başçılıq etdiyi Tamoil qrupu haqqında məlumat verərkən deyib ki, qrup Liviya xaricindəki layihələrdə bu ölkənin maraqlarını təmsil edir. Qrupun əsasən Avropada - İtaliya, Almaniya, İsveçrə, İspaniya kimi ölkələrdə uğurlu fəaliyyət göstərdiyini qeyd edən qonaq ARDNŞ ilə xam neft və neft məhsulları istiqamətlərində əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.
Azərbaycanın neft strategiyası
çərçivəsində həyata keçirilən
layihələrdən söz
açan, ölkəmizdə
qısa müddətdə
etibarlı ixrac-nəql
kəmərləri sistemi
yarandığını vurğulayan
ARDNŞ prezidenti hasil
olunan neftin, qazın və istehsal edilən neft məhsullarının
geniş ixrac coğrafiyası haqqında qonaqlara məlumat verib. O, Tamoil qrupu ilə
ARDNŞ arasında əməkdaşlıq
üçün imkanların
geniş olduğunu qeyd edib və
qarşılıqlı əməkdaşlıq
imkanlarının dəyərləndiriləcəyini
söyləyib.
Azərbaycan.- 2010.- 1 may.- S.
7.