Hər guşəsində dinamik
inkişafın müşahidə olunduğu Binəqədi
Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri respublikamızın bütün bölgələri kimi Bakı şəhərinin Binəqədi rayonunda da yaxından hiss olunmaqdadır. Paytaxt rayonları arasında özünəməxsus yeri olan Binəqədi rayonu son illərdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Bu gün rayonda hansı ünvana baş çəksən dinamik inkişafın şahidi olarsan.
Binəqədi rayonunun sosial-iqtisadi həyatında son illər müşahidə olunan sürətli inkişaf 2009-cu ildə də saxlanılmış, həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılmışdır. 2009-cu ildə rayon üzrə 1 milyard 337 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da əvvəlki illə müqayisədə 100,2 faiz təşkil edir. Ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi 10,3 faiz təşkil etmişdir. Sənaye məhsulunun həcmində dövlət sektorunun payı 23,1 faiz, qeyri-dövlət sektorunun payı isə 76,9 faiz olmuşdur. 2009-cu ildə sənayedə çalışan işçilərin sayı 6133 nəfər olmuş, orta aylıq əmək haqqı isə 2008-ci illə müqayisədə 15 faiz artaraq 328,3 manata çatmışdır.
2009-cu ildə
Binəqədidə əsas kapitala 73 milyon 420 min manat
investisiya yönəldilmişdir. Bu investisiyada daxili
investisiyaların xüsusi çəkisi 100 faiz olmuşdur.
İlin sonuna 56,1 milyon manatlıq
tikinti-quraşdırma işləri yerinə yetirilmişdir. Həmçinin
53,7 min kv.m mənzil sahəsi tikilib istifadəyə
verilmişdir.
İqtisadiyyatın
başqa sahələrində olduğu kimi Binəqədi
rayonunun istehlak bazarında da müsbət irəliləyişlər
əldə edilib. Qlobal böhrana baxmayaraq 2009-cu il
müddətində istehlak bazarı dinamik inkişaf etmiş,
rayon əhalisinə 1 milyard 48 milyon manatlıq istehlak
malları satılmış və pullu xidmətlər
göstərilmişdir. 2008-ci illə müqayisədə bu
sahədə artım 24,1 faiz olmuşdur. İlin əvvəlindən
pərakəndə əmtəə dövriyyəsinin və
iaşə xidmətlərinin real həcmi 29,2 faiz artaraq 855,5
milyon manata çatmışdır. Pərakəndə ticarət
sahəsində və pullu xidmətlərin həcmində
qeyri-dövlət sektorunun payı 99,9 faiz təşkil
etmişdir.
Binəqədi rayoununda
işsizliyin aradan qaldırılması da daim diqqət mərkəzində
olan məsələdir. Əvvəlki illərdə olduğu
kimi 2009-cu il də rayonda xeyli yeni iş yerlərinin
açılması ilə yadda qalıb. Belə ki, ötən
il rayonda 2955 yeni iş yeri açılmışdır. Burada
diqqəti çəkən məsələlərdən biri
yeni açılan iş yerlərinin hamısının daimi
olmasıdır. Ümumiyyətlə, 2003-cü ilin
oktyabrından bu ilin əvvəlinə qədər rayonda 24026
iş yeri açılıb ki, bunun da 23962-si daimidir.
Ötən il rayonda əhalinin
artımı da uğurlu statistik göstəricilərlə
yadda qalıb. Belə ki, il ərzində 3486 nəfər
anadan olmuşdur. Bu 2008-ci ildəki göstəricidən 199 nəfər
çoxdur. Həmçinin 1773 nikah
bağlanmışdır. Ümumiyyətlə Binəqədidə
2008-ci illə müqayisədə demoqrafik göstəricilər
bütün istiqamətlərdə
yaxşılaşmışdır.
Fərəhli haldır ki,
paytaxtda 2009-cu ildə tikilib istifadəyə verilən
respublika əhəmiyyətli obyektlərin bir qisim Binəqədi
rayonunun ərazisində yerləşir. Ötən ilin fevral
ayında Avropada ən böyük avtovağzallardan biri olan
"Bakı Beynəlxalq Avtovağzal Kompleksi", mayda
"Bakı Tennis Akademiyası" və "Akademik Zərifə
Əliyeva adına Milli Ovtalmalogiya Mərkəzi", noyabrda məcburi
köçkünlər üçün 369 mənzilli 6 ədəd
9 mərtəbəli yaşayış binası və 260
yerlik məktəb binası, dekabrda Azadlıq prospekti ilə
Ziya Bünyadov prospektinin kəsişməsində yol
qovşağı və nəhayət ilin son günlərində,
30 dekabrda metronun "Azadlıq prospekti" stansiyası tikilib
istifadəyə verilmişdir. Təkcə rayon
üçün deyil, ümumiyyətlə
respublikamızın əhalisi üçün mühüm əhəmiyyət
kəsb edən bu böyük obyektlərin
açılışlarında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
iştirak etmişdir.
Onu da xüsusi qeyd edək
ki, son 6 ildə Prezident İlham Əliyev Binəqədi
rayonuna 13 dəfə səfər etmiş, bu səfərlərin
hər biri yeni bir obyektin açılışı ilə əlaqədar
olmuşdur. Bu səfərlərdə Prezident İlham Əliyevin
binəqədililərlə görüşləri, səmimi
söhbətləri rayon sakinlərinin xatirində dərin izlər
buraxmışdır.
Ötən il Binəqədi
rayonunun hər guşəsində geniş quruculuq və
abadlıq işləri aparılmış, əhalinin elektrik
enerjisi, təbii qaz, içməli su ilə təminatının
yaxşılaşdırılması, yol infrastrukturunun
inkişafı istiqamətində çox böyük işlər
görülmüşdür. Metronun "Azadlıq
prospekti" stansiyasının istifadəyə verilməsi ilə
əlaqədar stansiya üzərində və ətrafında
yerləşən binaların fasadlarının əsaslı
təmiri başa çatdırılmış, stansiyanın
hər iki tərəfini əhatə edən S.S.Axundov
küçəsinin asfalt örtüyü təmir
edilmiş, təxminən 4 ha ərazidə gözəl park
salınmış, 2 mindən çox dekorativ ağac və
gül kolu əkilmişdir.
8-ci mikrorayonun əsas küçələrindən
sayılan İbrahimpaşa Dadaşov küçəsi
bütünlüklə yenidən qurulmuş, küçənin
asfalt örtüyü tamamilə dəyişdirilmişdir.
Burada yerləşən Sovet İttifaqı Qəhrəmanı
Həbibullah Hüseynovun abidəsi tamamilə yenilənmiş,
bütün küçə boyu çəmənlik
salınmış, xeyli miqdarda gül kolları və dekorativ
ağaclar əkilmişdir. Rayonun N.Nərimanov küçəsi
tam abadlaşdırılmışdır.
Ümumiyyətlə, il ərzində
Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xətti
ilə rayon ərazisində 58531 kv.m yeni asfalt örtük
salınmış, 20812 kv.m yumşaq dam örtüyü cari
təmir edilmiş, binaların 192 giriş qapısı, 175 ədəd
pəncərəsi təmir edilib şüşələnmişdir.
Bunlardan başqa yaşayış binalarında 724 p/m
tüstü borusu təmizlənmiş, 924 p/m yağış
suyu axıdıcı boru və novalça dəyişdirilmiş,
binaların zirzəmisində 4162 p/m uzunluğunda müxtəlif
diametrli kommunikasiya xətləri cari təmir edilmişdir.
Yaşayış məhəllələrində 189 ədəd
oturacaq, 15 ədəd uşaq oyuncaq elementləri, 3 ədəd
günlük quraşdırılmışdır.
Ötən il rayonun qaz təchizatını
yaxşılaşdırmaq məqsədilə də xeyli
işlər görülmüşdür. Belə ki, Binəqədi
qəsəbəsinin qaz təchizatını
yaxşılaşdırmaq üçün 426 mm-lik borudan
4768 p/m uzunluğunda ayırmalar çəkilmişdir. Biləcəri
qəsəbəsinin qaz təchizatını yaxşılaşdırmaq
məqsədilə 435 p/m, M.Ə.Rəsulzadə qəsəbəsində
886 p/m, Sulutəpə qəsəbəsində 9044 p/m
uzunluğunda qaz xətti çəkilmiş, 50-250 mm diametrlik
25 ədəd siyirtmə, 8 ədəd qaztənzimləyici
quraşdırılmışdır.
Əhalinin və digər
istehlakçıların elektrik enerjisi ilə təchizatını
yaxşılaşdırmaq məqsədilə Binəqədi
və Biləcəri Enerji Təchizat və Enerji Satış
İdarələri tərəfindən məqsədyönlü
işlər aparılmışdır. Biləcəri qəsəbəsində
4 ədəd müxtəlif yeni transformator
quraşdırılaraq əhalinin istifadəsinə
verilmişdir. Binəqədi şossesinin sağ və sol tərəfində
yaşayan əhalinin və burada yerləşən obyektlərin
enerji təchizatını yaxşılaşdırmaq məqsədilə
901 saylı transformator məntəqəsində 2 ədəd
vakum tipli yuva quraşdırılmış və 2 km
uzunluğunda kabel çəkilmişdir. Qəsəbədə
kabellərin SİB-ləşməsi davam etdirilmiş,
yararsız hala düşmüş kabellər və hava xətləri
dəyişdirilmiş, mexaniki sayğaclar elektron tipli
sayğaclarla əvəz edilmişdir.
Sulutəpə qəsəbəsində
elektrik enerjisi itkilərinin qarşısının
alınması üçün kabellərin SİB-ləşməsi
davam etdirilir. 3 transformator məntəqəsi təmir
edilmiş, Xocasən qəsəbəsini qidalandıran və
onu əhatə edən 0,4 kilovoltluq hava xətti tamamilə
sökülərək kabellər SİB-ləşdirilmişdir.
3500 abonentin mexaniki sayğacları elektron sayğaclarla əvəz
edilmişdir. Bu istiqamətdə rayonun Binəqədi, M.Ə.Rəsulzadə
qəsəbələrində, yeni yaşayış massivlərində
təqdirəlayiq işlər görülmüşdür.
Ötən il Binəqədi
Rayon Enerji Təchizat və Enerji Satış Şəbəkəsi
tərəfindən rayonun müxtəlif yaşayış sahələrində
2357 p/m uzunluğunda 10 kilovoltluq kabel xətti
quraşdırılmış, 4 ədəd müxtəlif
güclü transformatorlar daha güclü transformatorlarla əvəz
olunmuş, 230 abonentə xidmət edən 45 ədəd dayaq
quraşdırılmış, 4225 p/m uzunluğunda 0,4
kilovoltluq kabel xətti dəyişdirilmişdir.
Əhalinin içməli su
ilə təchizatını yaxşılaşdırmaq məqsədilə
bir sıra işlər görülmüşdür. İl
boyu su kəmərlərinə qeyri-qanuni qoşulanlar müntəzəm
olaraq ləğv edilmiş, məhəllə daxili su
ambarları yuyularaq təmizlənmiş və
xlorlanmış, məhəllə daxili nasos stansiyaları və
avadanlıqlar vaxtlı-vaxtında təmir edilmişdir. Hesabat
ilində 7810 p/m uzunluğunda müxtəlif
ölçülü su xətləri çəkilmiş və
dəyişdirilmiş, 3 dəst elektrik mühərriki və
nasos quraşdırılmış, 36 ədəd müxtəlif
ölçülü siyirtmə
quraşdırılmışdır.
Rayonun kanalizasiya şəbəkələrinin
istismarı sahəsi tərəfindən il ərzində
müxtəlif yaşayış məhəllələrində
1235 p/m uzunluğunda müxtəlif ölçülü
kanalizasiya xətti çəkilmiş, 31 ədəd
baxış quyusu təmir edilmiş, 810 ədəd
baxış quyusu təmizlənmiş və digər işlər
görülmüşdür.
Əhalinin elektrik enerjisi, təbii
qaz, içməli su ilə təminatının
yaxşılaşdırılması istiqamətində
işlər daha geniş miqyasda davam etdiriləcəkdir.
Ötən il Binəqədidə
diqqət yetirilən əsas məsələlərdən biri
də torpaqların zəbt olunmasının
qarşısının alınması və qanunsuz tikililərə
qarşı tədbirlərin görülməsi olmuşdur.
Binəqədi rayonunun qəsəbələri əsasən
neft mədənləri olan ərazilərdə yerləşir.
Həmin ərazilər isə Azərbaycan Dövlət Neft
Şirkətinin istifadəsində olan torpaqlardır. Buna
baxmayaraq bir çox hallarda bələdiyyələr vətəndaşlara
fərdi mənzil tikintisi üçün torpaqlar ayırarkən
qanun pozuntularına yol vermiş, dövlət mülkiyyəti
olan torpaqlar barədə qərarlar qəbul etmişlər.
Eyni zamanda ayrı-ayrı vətəndaşlar
özbaşına torpaq sahələri tutaraq burada qanunsuz
tikinti aparmışlar. Bununla əlaqədar Binəqədi
Rayon İcra Hakimiyyəti tərəfindən ötən il
icazəsiz tikililərin qarşısının
alınması üçün müntəzəm olaraq tədbirlər
görülmüşdür. 2009-cu ildə Dövlət Neft
Şirkətinin Təhlükəsizlik İdarəsi, Binəqədi
Rayon İcra Hakimiyyəti və rayon polis idarəsinin əməkdaşları
il boyu müntəzəm olaraq rayon ərazisində müxtəlif
yerlərdə torpaqların zəbt edilməsi və
özbaşına inşa edilmiş tikililərin ləğv
edilməsi ilə bağlı mütəmadi olaraq reydlər
keçirmişdir. Bu reydlər zamanı 412 (sahəsi 14791
kv.m) sökülməsi mümkün olan qanunsuz tikili, 10490
metr uzunluğunda daş hasar sökülmüş, inşaat
materialları ərazidən daşınmış,
sökülməsi mümkün olmayan tikililər barədə
isə müvafiq sənədləşmə işləri
aparılaraq qanunvericilikdə nəzərdə tutulmuş
qaydada tədbir görülməsi üçün hüquq
mühafizə orqanlarına təqdim olunmuşdur.
Binəqədi Rayon İcra
Hakimiyyətinin diqqət mərkəzində olduğu ən
mühüm məsələlərdən biri də vətəndaşların
müraciətlərinə baxılması olmuşdur. Ötən
il ərzində RİH aparatına 3274 müraciət edilib.
Müraciətlərin 58,4 faizni və ya 1912-ni torpaq sahəsinin
ayrılması, mənzil və tikinti məsələləri
təşkil edir. Onların təhlili göstərir ki, 2008-ci
illə müqayisədə vətəndaşların
müraciətlərinin sayı 539 ədəd, Prezident
Administrasiyasından daxil olmuş müraciətlərin
sayı isə 215 ədəd azalmışdır.
Təhlillər göstərir
ki, əvvəlki illərlə müqayisədə vətəndaşların
müraciətlərinin sayının xeyli azalması ölkə
Prezidentinin sosial problemlərin həllinə yönəlmiş
siyasətinin ardıcıl və ünvanlı
olmasıdır. Azərbaycan Prezidentinin sosial siyasətinin
bütün kateqoriyalardan olan vətəndaşları əhatə
etməsi nəticə etibarilə əhalinin müxtəlif məsələlərə
dair aidiyyatı dövlət qurumlarına müraciətinin
azalmasına gətirib çıxarmışdır.
Ötən il Binəqədi
RİH-də vətəndaşların qəbulu tam təlimata
uyğun aparılmışdır. İl ərzində 1289 nəfər
vətəndaş qəbulda olmuşdur. Onlardan 217 nəfəri
birbaşa rayon icra hakimiyyətinin başçısı
Alı Qocayev tərəfindən qəbul edilmişdir. Bu qəbulların
nəticəsi olaraq vətəndaşlar tərəfindən
qaldırılan məsələlərin əksəriyyəti
öz həllini tapmışdır. Bundan başqa Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının tövsiyələrinə
uyğun olaraq, 2009-cu ildə yaşayış məhəllələrində,
mikrorayonlarda və qəsəbələrdə Rayon İcra
Hakimiyyəti rəhbərliyinin qəbul və
görüşləri daha intensiv və davamlı xarakter
almışdır. Belə ki, əvvəlcədən müəyyənləşdirilmiş,
təsdiq edilmiş qrafikə uyğun olaraq il ərzində 36
görüş keçirilmişdir. Bu görüşlərdə
2675 nəfər rayon sakini iştirak etmiş, vətəndaşlar
tərəfindən 190 məsələ
qaldırılmışdır. Keçirilən
görüşlərdə vətəndaşların
qaldırdıqları problemlərin bir qismi yerində həll
edilmiş, həlli vaxt tələb edən məsələlərlə
əlaqədar isə tədbirlər planı tərtib edilərək
icrası nəzarətə
götürülmüşdür. Görüş və qəbullarda
qaldırılan məsələlərin icra vəziyyəti
Rayon İcra Hakimiyyəti başçısı yanında
şura iclasında müzakirə olunmuşdur.
2010-cu ilin birinci rübü
də Binəqədi rayonunda bir çox uğurlu işlərlə
yadda qalmışdır. İqtisadi sahədəki irəliləyişlər
diqqəti daha çox çəkir. Rayon üzrə ilin ilk
üç ayında əsas kapitala yönəldilmiş
investisiyaların həcmi 473,5 min manatdır. Bu müddətdə
rayonda 22 milyon 630 min manatlıq sənaye məhsulu istehsal
olunmuş və xidmətlər göstərilmişdir. Həmçinin
bu dövrdə sənaye müəssisələrində 4956 nəfər
işçi çalışmışdır. 2010-cu ilin
yanvar-fevral aylarında sənaye müəssisələrində
orta aylıq əmək haqqı 317,7 manat olmuşdur. Bu isə
ötən ilə müvafiq olaraq 0,7 faiz çoxdur.
İctimai həyatımızın
ən mühüm sferalarından biri olan istehlak
bazarının vəziyyəti də rayonda ürəkaçandır.
Binəqədi rayonunun inkişaf dinamikasına nəzər
saldıqda istehlak bazrının dinamik inkişafda olduğunu
müşahidə etmək olar. Belə ki, bu ilin I
rübündə 244 milyon 500 min manatlıq və ya 2009-cu ilin
müvafiq dövrü ilə müqayisədə 9 faiz
çox geniş çeşidli istehlak malları
satılmış və pullu xidmətlər göstərilmişdir.
Artım əsasən pərakəndə əmtəə
dövriyyəsinin və əhaliyə göstərilən
pullu xidmətlərin real həcminin artması hesabına
yaranmışdır.
Cari ilin yanvar-mart aylarında
əmtəə bazarının vəziyyəti yüksələn
xətt üzrə inkişaf etmişdir. Pərakəndə
ticarət və iaşə şəbəkəsində əhaliyə
200 milyon 570 min 300 manatlıq istehlak malları
satılmış və iaşə xidmətləri göstərilmişdir.
2010-cu ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə
əmtəə dövriyyəsinin həcmi 0,2 faiz
artmışdır.
Ölkə Prezidenti tərəfindən
2010-cu ilin "Ekologiya ili" elan olunması ilə əlaqədar
olaraq bu ilin birinci rübündə Binəqədi rayonunda
xeyli iş görülmüşdür. Hər həftənin
şənbə günləri RİH Aparatının məsul
işçiləri, icra nümayəndəlikləri, bələdiyyələr
və bəzi müəssisəslər də daxil olmaqla yol kənarlarına,
xiyabanlara, parklara və digər məqsədəuyğun
boş sahələrə ağaclar və bəzək
kolları əkilir. Bu günədək rayon ərazisində
10.000 mindən çox ağac və bəzək kolları əkilmişdir.
Son ilin I rübündə də
rayonda əhalinin kommunal xidmətlərlə yüksək səviyyədə
təminatı diqqət mərkəzində
saxlanılmışdır. Bakının 7, 8 və 9-cu
mikrorayonlarında, Binəqədi, Biləcəri, M.Ə.Rəsulzadə
və Sulutəpə qəsəbələrində müxtəlif
diametrli borularla yeni qaz xəttləri çəkilmiş və
sayğaclar həyətlərdən çıxarılaraq
bayır tərəfdən
quraşdırılmışdır.
Əhalinin içməli su
ilə təchizatının
yaxşılaşdırılması istiqamətində rayon
su istehsalatı və istismarı zonası tərəfindən
müəyyən işlər görülmüşdür.
Biləcəri, M.Ə.Rəsulzadə qəsəbələrində
diametri 160 mm, 325 mm, 114 və 76 mm-lik boruların çox hissəsi
yeniləri ilə əvəz olunmuşdur. Müşviqabad qəsəbəsində
yeni 90 kvt/saat gücündə elektrik mühərriki
quraşdırılmışdır.
Tikinti və abadlıq
işləri də I rübdə yüksək dinamizmlə həyata
keçirilmişdir. Hazırda rayon MKTB-nin xətti ilə
H.Babaşov küçəsində abadlıq işləri
uğurla davam etdirilir. S.S.Axundov küçəsində
qanunsuz tikililərin söküntüsü başa çatmaq
üzrədir. Bir çox ünvanlarda "nümunəvi həyət"
və nümunəvi məhəllələr yaradılması
məqsədilə işlər aparılır.
Heydər Əliyev
parkında inşasına başlanan "İctimai mərkəzin"
tikintisi də uğurla davam etdirilir. "İctimai mərkəzin"
tikintisi ilə yanaşı parkın yenidən qurulması və
daha da abadlaşdırılması nəzəzrdə tutulur.
RİH-in təşəbbüsü ilə
başlanmış və inşası daxili imkanlar hesabına
aparılan bu nəcib işdə müvafiq maliyyə
orqanları da öz köməklərini əsirgəmirlər.
I rübdə rayonun Biləcəri
qəsəsbəsində inşa olunmuş ikinci
tunel-körpünün istifadəyə verilməsi əhalinin
böyük razılığı ilə
qarşılanmışdır. Uzun illər bundan öncə
inşa olunmuş əvvəlki primitiv körpüdən nəqliyyat
vasitələrinin bir tərəfli hərəkəti
böyük problemlər yaradırdı. İkinci
körpü inşa olunduqdan sonra problem öz həllini
tapmış, nəqliyyat vasitələri maneəsiz ikitərəfli
hərəkət etməyə başlamışdır. Bu,
Prezident İlham Əliyevin rayon sakinlərinə böyük
hədiyyəsidir.
Yol infrastrukturunun yenidənqurulması
ilə bağlı rayonun 28 may qəsəbəsində
avtomobil yolunda piyadalar üçün yeraltı keçidin
inşası davam etdirilir. Bu yaxınlarda qəsəbə
sakinlərinin uzun illərdən bəri arzuladığı
bu nəcib iş uğurla başa çatdırılacaq.
Bakının böyük
rayonlarından olan Binəqədinin kompleks inkişafı
uğurla davam edir. Təbii ki, ilbəil artan maliyyə
imkanları nəticəsində Binəqədi getdikcə daha
da inkişaf edəcək və paytaxt rayonları arasında
özünəməxsusluğunu daim qoruyub saxlayacaq.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2010.- 1
may.- S. 6.