Azərbaycanda sosial proqramlar uğurla icra edilir
Cari ilin birinci rübünün makroiqtisadi göstəriciləri
bunu deməyə əsas verir
Azərbaycanda hər bir vətəndaşın
mənafeyinə cavab verən, təminatlı gələcəyə
etibarlı zəmin yaradan təkmil siyasi kursun davam etdirilməsi
bugünkü uğurlarımızı şərtləndirir.
Son yeddi ildə ictimai-siyasi sabitliyin, davamlı sosial-iqtisadi
inkişafın təmin edilməsi, insan və vətəndaş
hüquq və azadlıqlarının qorunması sahəsində
atılan məqsədyönlü addımlar ölkəmizin
beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirmişdir.
İqtisadi, siyasi, hüquqi, mədəni, humanitar və digər
sahələrdə həlledici uğurlar qazanmış
müstəqil respublikamız dünya miqyasında dinamik
inkişaf edən ölkə kimi qəbul olunur. Azərbaycanın
son illərdəki dövlət büdcəsinə nəzər
saldıqda həyata keçirilən iqtisadi strategiyanın
milli maraq və mənafe baxımından səmərəliliyi
bunu bir daha təsdiq edir.
Qlobal maliyyə
böhranına baxmayaraq, 2009-cu ildə ümumi daxili məhsulda,
eləcə də qeyri-neft sektorunda artımın
müşahidə olunması respublikanın iqtisadi siyasətinin
qlobal miqyasda cərəyan edən neqativ təsirlərə
müqavimət gücünü nümayiş etdirdi. Dünya
maliyyə böhranının Azərbaycana guya ciddi təsir
göstərəcəyi ilə bağlı səslənən
bəzi fikirlər də özünü doğrultmadı.
Ölkəmizdə həyata keçirilən qlobal infrastruktur
layihələrinin icrası ötən bir ildə də inamla
davam etdirilmiş, vətəndaşların sosial mənafeyinə
xidmət edən kompleks tədbirlər sistemi həyata
keçirilmiş, bütün bunların da əsasında məhz
insan amili, vətəndaşa layiqli xidmət məramı
dayanmışdır. Bu sırada Bakı-Oğuz-Qəbələ
su kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin
çəkilişini, paytaxtda yeni körpülərin, yol
ötürücülərinin, piyada keçidlərinin
istifadəyə verilməsi, respublika əhəmiyyətli
yollarda əsaslı yenidənqurma işlərinin
aparılmasını, regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət,
olimpiya-idman komplekslərinin tikintisini xüsusi vurğulamaq
olar. Bunların hamısı Azərbaycan vətəndaşlarının
firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya
layihələridir.
2009-cu ildə ölkə
iqtisadiyyatı təxminən 10 faiz artmışdır. Belə
bir yüksək göstərici dünya tarixinə böhran
ili kimi düşən ildə əldə olunmuşdur. 2010-cu
ilin birinci rübündə də iqtisadiyyat 5,4 faiz
artmışdır. Artım sənaye istehsalında 5,6 faiz,
qeyri-neft sektorunda 2,8 faiz, kənd təsərrüfatında
1,5 faiz olmuşdur. İnflyasiya cəmi 3,8 faiz təşkil
etmişdir ki, bu da öz növbəsində sosial məsələlərin
həlli üçün əlavə imkanlar yaradır.
Prezident İlham Əliyevin
14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı" davamlı inkişaf sahəsində
ötən illərdə əldə olunmuş nəticələrin
uğurla davam etdirilməsi baxımından böyük əhəmiyyət
kəsb edən sənəddir. Proqrama əsasən,
qarşıdakı müddətdə ölkənin təbii və
əmək potensialından səmərəli istifadə etməklə
qeyri-neft sektorunun sürətli inkişafının təmini,
infrastrukturun yaxşılaşdırılması istiqamətində
tədbirlərin davam etdirilməsi, sahibkarlıq mühitinin
yaxşılaşdırılması ilə bağlı məqsədyönlü
tədbirlərin həyata keçirilməsi, özəl
sektorun inkişafının daha da sürətləndirilməsi,
ixracyönümlü məhsul istehsalının
stimullaşdırılması, müasir tipli infrastruktur obyektlərinin
yaradılması, əhalinin kommunal xidmətlərlə təminatının
yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin
azaldılması və digər mühüm tədbirlər nəzərdə
tutulub. Birinci Dövlət Proqramında olduğu kimi, yeni
dövlət proqramında da sosial infrastrukturun inkişaf
etdirilməsi, müasir tələblər səviyyəsində
yenidən qurulması prioritet vəzifə kimi müəyyənləşdirilmişdir.
Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş iclasda demişdir: "Əgər güclü
iqtisadi siyasət olmasa, heç bir sosial layihəni, sosial
proqramı icra etmək mümkün olmayacaqdır. Biz
bütün sosial proqramları uğurla icra edirik. Pensiyalar,
maaşlar vaxtaşırı artırılır. Bu il də
maaşların və pensiyaların artımı nəzərdə
tutulur. Ünvanlı sosial proqram uğurla icra edilir.
Bütün sosial proqramlar, sosial ödəmələr
vaxtında təmin edilir.
Sosial obyektlərin tikintisi
istiqamətində çox böyük işlər
görülür. Təkcə bu ilin birinci rübündə
proqrama dövlət büdcəsində nəzərdə
tutulmayan layihələr əlavə edildi. Çünki yerlərdən
xahişlər oldu ki, bəzi rayonlarda tibbi xidmətin
lazımi səviyyədə olmaması insanları narahat edir.
Baxmayaraq, son illərdə demək olar ki, hər bir bölgədə
ən müasir tibbi avadanlıqla təchiz edilmiş müasir
xəstəxanalar, müalicə diaqnostika kompleksləri
tikilmişdir və onlar insanlara gözəl xidmət göstərir".
Son illərdə büdcə
zərfində sosialyönümlü xərclərin
prioritetliyi iqtisadiyyatda bu sahənin
üstünlüyünü bir daha təsdiqləyir. Bu siyasətin
real nəticələri isə insanların gündəlik həyatında
öz təcəssümünü tapır. Ölkəmizdə
ünvanlı sosial yardım proqramının uğurla həyata
keçirilməsi, respublikamızda yeni açılan iş
yerlərinin sayının 840 mini ötməsi sosial siyasətin
praktik nəticələri kimi diqqəti çəkir. Sosial
sahəyə qayğının ildən-ilə
artırılması ölkə vətəndaşlarının
rifah halının yüksəlməsi ilə nəticələnir.
Sosial islahatların əsas
istiqamətlərində əhalinin məşğulluğunun
təmin edilməsi, yeni iş yerlərinin
açılması və paralel olaraq sosial müdafiəsi məsələlərində
ünvanlılıq prinsipinə üstünlük verilməsi,
aztəminatlı ailələrin, əlillərin, ailə
başçısını itirənlərin, şəhid ailələrinin
və bu qəbildən olan digər şəxslərin pensiya
və müavinət təminatının
yaxşılaşdırılması, onların həyat səviyyəsinin
yüksəldilməsinə xidmət edir. Prezident İlham Əliyev
cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr
olunmuş iclasda bununla bağlı demişdir: "Ölkəmizdə
bütövlükdə sosial rifah məsələləri
uğurla icra edilir. Birinci rübdə orta əməkhaqqı
qalxmışdır. Bu gün orta əməkhaqqı 304 manat,
yaxud da ki, 380 dollar təşkil edir. Hesab edirəm ki, bu,
yaxşı nəticədir, yaxşı göstəricidir.
Ancaq, əlbəttə, ölkə iqtisadiyyatı elə
inkişaf etməlidir ki, orta əməkhaqqı da artsın.
Ümid edirəm ki, biz həm dövlət tərəfindən
görüləcək tədbirlər nəticəsində və
özəl sektorun inkişafı sayəsində buna nail
olacağıq".
Cari ilin birinci rübündə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 197 sahibkarlıq subyektinə 19,1 milyon manat güzəştli kreditlər verilmişdir ki, bu da 2009-cu illə müqayisədə 2 dəfə çoxdur. Ötən dövr özəl sahibkarlığın sabit iqtisadi münasibətlər qurması ilə də səciyyəvi olmuş, nəticədə qeyri-dövlət sektorunun vergi daxilolmalarında xüsusui çəkisi 67,6 faizə çatmışdır. Bütün bunlar ölkə rəhbərliyi tərəfindən özəl sektorun inkişafına göstərilən diqqətin parlaq təzahürüdür.
Dünyada maliyyə böhranının nəzərəçarpacaq dərəcədə zəifləməsi, bir çox ölkələrdə iqtisadi artımın bərpa olunması, maliyyə-kredit bazarlarında baş verən canlanma, dünya bazarlarında enerji daşıyıcılarının qiymətlərinin artması 2010-cı ildə də Azərbaycan iqtisadiyyatının inkişafına əlverişli şərait yaradacaqdır.
Başqa sözlə desək, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır.
E.HACIALIYEV
Azərbaycan.- 2010.- 2
may.- S. 1.