Bəşəriyyətin üzləşdiyi
problemlərin həllinə din xadimləri də töhfə
verə bilərlər
Dini liderlərin Bakı sammiti belə bir qənaətə
gəldi
Müasir dünyada cərəyan edən siyasi-iqtisadi, ictimai-mədəni proseslər mürəkkəbliyi, bir çox hallarda isə paradoksluğu ilə diqqəti cəlb edir. Elmi-texniki tərəqqinin sürətlənməsi həyatın bütün sahələrində inkişafa şərait yaratmaqla bərabər, bəşər sivilizasiyasını təhdid edən təhlükələr də doğurur. Qloballaşmanın dərinləşməsi ilə meydana çıxan problemlər planetin gələcəyini düşünən insanların bir araya gəlməsini, gözlənən təhlükələrin qarşısını birgə səylərlə almağı tələb edir. Bu işdə din xadimlərinin də üzərinə böyük vəzifələr düşür.
Dünya dini liderlərinin Bakıda keçirilmiş sammitində məhz bəşəriyyətin üz-üzə qaldığı təhlükələrin aradan qaldırılması yolları müzakirə edildi. Bəri başdan qeyd edək ki, 33 ölkənin ənənəvi dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə heyətinin, həmçinin 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərlərinin və nümayəndələrinin qatıldığı mötəbər tədbirin məhz paytaxtımızda keçirilməsi bir neçə cəhətdən əlamətdardır. Azərbaycan müxtəlif dinlərə və millətlərə mənsub insanların əsrlər boyu bir ailə kimi yaşadığı diyardır. Burada dini-milli tolerantlığın digər ölkələrə və xalqlara örnək ola biləcək nümunəsi formalaşmışdır. Zaman-zaman Azərbaycan xalqının bu milli dəyərinə kölgə salmaq cəhdləri olmuş, amma onların hamısı uğursuzluqla nəticələnmişdir. Zəngin tolerantlıq ənənələri milli müstəqilliyin bərpasından sonra daha da möhkəmlənmişdir. Müsəlman ölkəsi olan Azərbaycanda, əvvəllər olduğu kimi, indi də başqa dinlərə etiqad edən vətəndaşlara hörmətlə yanaşırlar. Bu işdə dövlətin din siyasəti mühüm rol oynayır. Azərbaycanda vətəndaşların dini etiqad azadlığı tam təmin edilmişdir. Burada mindən çox məscid, on bir kilsə, altı sinaqoq və digər məbədlər gündəlik fəaliyyət göstərir. Təsadüfi deyil ki, ölkəmizdə bu sahədə vəziyyətlə tanış olan əcnəbi qonaqlar Azərbaycanın dövlət-din münasibətlərini, dini dözümlülüyü ixrac etməyə haqqı olduğunu bəyan edirlər.
Digər tərəfdən, ölkəmiz Asiya ilə Avropanın qovşağında, deməli, mədəniyyətlərin qarşılaşdığı, qovuşduğu məkanda yerləşir. Milli-mənəvi dəyərlərinə sadiq qalan, ümumbəşəri dəyərləri bölüşən Azərbaycan xalqı dialoqa, qarşılıqlı anlaşmaya, əməkdaşlığa açıqdır. Bütün bu amillər ölkəmizin dinlərarası, mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən birinə çevrilməsinə yol açır.
Yeri gəlmişkən, Bakıda müxtəlif beynəlxalq səviyyəli tədbirlərin, o cümlədən konfessiyalararası əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə həsr olunmuş forumların keçirilməsi artıq müntəzəm xarakter almışdır. Ötən il də burada sivilizasiyalararası dialoqun gücləndirilməsi mövzusunda mötəbər tədbir keçirilmişdir.
Dini liderlərin budəfəki sammitində dövrün aktual problemləri müzakirə predmeti oldu. Zirvə görüşünün iştirakçıları bu və ya digər məsələyə toxunarkən narahatlıqlarını ifadə etməyə bilmirdilər. Bu da səbəbsiz deyil. Çünki bəşər sivilizasiyasının qarşılaşdığı təhlükələr son dərəcə ciddidir. Dünyada iqtisadi, ekoloji problemlərlə yanaşı, mənəvi dəyərlərin itirilməsi kimi problem də mövcuddur. Eləcə də insan hüquqlarının pozulması, narkotik maddələrin yayılması, nüvə terrorizmi, kütləvi qırğın silahlarının bəşəriyyət üzərində tətbiqi kimi problemlər həll olunmamış qalır. Son illər müşahidə edilən qlobal iqtisadi böhran ucbatından milyonlarla insan acından və xəstəlikdən ölür, cinayətkarlıq artır.
Bütün bunlarla yanaşı, dünyanın müxtəlif bölgələrində, o cümlədən Fələstində, Əfqanıstanda, İraqda, Qafqazda terror aktlarının törədilməsi, terrorizmin beynəlxalq xarakter alması, zorakılıq hallarının artması, milli-dini zəmində toqquşmalar narahatlıqla qeyd edildi. Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə sammit iştirakçılarının diqqətinə çatdırdı ki, bütün problemlərin fövqündə duran sülh probleminin həm qlobal, həm də lokal miqyasda həllində dövlətlərin, hökumətlərin, ictimai və dini qurumların birgə əməkdaşlığı səmərəli nəticə verə bilər.
Sammitdə belə bir məqam vurğulandı ki, cəmiyyətlər uca Yaradanın aşıladığı mənəvi dəyərlərdən uzaqlaşdıqca bəşəri fəlakətlərə yaxınlaşır. Ona görə də qarşıya çıxan problemlər ilahi mənbəyə müraciətin vacibliyini bir daha təsdiqləyir. Vaxtilə dini ictimai həyatdan tamamilə uzaqlaşdırmaq, dinsiz cəmiyyət yaratmaq cəhdləri olmuşdur. İndinin özündə də belə ssenarilər işlənib hazırlanır. Amma bütün bu "layihə"lər heç bir nəticə verməmişdir. Sadəcə olaraq, inancsız, milli-mənəvi dəyərlərdən məhrum insanların yaşadığı cəmiyyəti təsəvvür etmək mümkün deyildir.
Qloballaşma prosesində bütün mədəniyyətləri "vahid məxrəc"ə gətirmək, bir ictimai quruluşun standartlarına uyğunlaşdırmaq, müəyyən dəyərlər sistemini başqa xalqlara zorla qəbul etdirmək cəhdləri də sammit iştirakçıları tərəfindən tənqid edildi və bildirildi ki, bu cəhdlər yalnız hərc-mərcliyə, insanların əzablarının artmasına gətirib çıxara bilər.
Belə bir fikir ifadə edildi ki, dinlərarası dialoqun gücləndirilməsi, xalqlar və cəmiyyətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi din xadimlərinin ümdə vəzifəsi olmalıdır. Bu vəzifəni həyata keçirmək, nəticə etibarilə dini, milli mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar arasında mehriban münasibətlər qurmaq üçün imkanlar var. Belə ki, müxtəlif dinlərə etiqad edən insanları birləşdirən dəyərlər onları fərqləndirən amillərdən qat-qat çoxdur.
Sammitin yekun bəyannaməsində iştirakçılar müzakirələrin nəticələrini ümumiləşdirərək bildirmişlər ki, dünyada baş verən qloballaşma birmənalı proses deyil. Bu, istehsalın, ticarətin, elmin, təhsilin inkişafına, təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahələrində ümumi çağırışlara cavab verilməsində az praktiki səmərə verməyib. Beynəlxalq əlaqələr inanclı insanlara müasir çoxmillətli və çoxdinli cəmiyyətlərdə öz hüquqlarını qorumağa imkan verir. İnsanların hətta dünya elitalarının xoşuna gəlməsə belə, öz dünyagörüşünü sərbəst şəkildə formalaşdırması, xalqlara isə öz həyat tərzini qoruyub saxlaması üçün imkan yaratmaq lazımdır. Sənəddə təəssüflə qeyd edilir ki, qloballaşma dövlətlərin, xalqların və ayrı-ayrı insanların təhlükəsizliyi üçün təhdidləri aradan qaldırmayıb: "Müasir dünyamızda ötən əsrlərdən miras qalmış aclıq, sosial qeyri-bərabərlik, ətraf mühitin çirklənməsi, milli-dini zəmində silahlı münaqişələr kimi problemlər hələ də həllini tapmayıb. Əksinə, bu problemlərə yeniləri əlavə olunub. Varlı ölkələr daha da varlanmaqda, kasıb ölkələr daha kasıblaşmaqdadır. Ümumdünya gəlirlərinin qeyri-bərabər bölünməsi təhdidləri hər gün daha da artırır".
Sammitin yekun bəyannaməsində bir sıra dövlətlərin yeritdiyi işğalçılıq siyasəti də pislənir: "Hər bir ölkənin ərazi bütövlüyü qorunmalı, eyni zamanda hər bir xalq azad şəkildə inkişaf etməli, öz taleyi ilə bağlı bütün beynəlxalq qərarların qəbulunda iştirak etməlidir. Meydana çıxan münaqişələr ədalətli, bu münaqişəyə cəlb olunan bütün tərəflərin maraqları nəzərə alınmaqla, beynəlxalq birlik tərəfindən qəbul olunmuş norma və prinsiplər əsasında həllini tapmalıdır".
Dini liderlər bir məqamı da diqqətə çatdırırlar ki, dünyanın üzləşdiyi problemləri öz gücləri ilə həll etmək iqtidarında deyillər. Amma onların inanclı insanlara təsir etmək imkanları var. Onların sözünü eşidənlər az deyil. Ona görə də dini liderlər mövcud problemlərin həllində öz imkanlarından maksimum istifadə etməlidirlər.
A.MEHDİYEV
Azərbaycan.-2010.- 2 may.- S.1.