Həqiqi müstəqilliyimizin
banisi
Minilliklərin sınağından çıxmış təcrübə göstərir ki, fenomenal keyfiyyətlərə, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lideri olmayan xalqlar nəinki müstəqil dövlət yarada bilməmiş, hətta dünya səhnəsindən tamamilə silinmək təhlükəsi ilə üzləşmişlər.
Ümummilli lider ilk növbədə, xalqının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaratmış şəxsiyyətdir. Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən ən başlıca amil də məhz onun ən çətin, mürəkkəb siyasi şəraitdə məsuliyyətdən boyun qaçırmaması, xalqının, dövlətinin problemlərinə biganə qalmaması olmuşdur.
Ulu öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, milli dövlətçilik ənənələrinin qorunub saxlanılması istiqamətində atdığı addımlar yenicə müstəqillik qazanmış xalqımızın həyatında mühüm tarixi əhəmiyyət daşıyır. Cəmiyyətin mənafeyini qarşıya qoyduğu ali məqsədlərdə təcəssüm etdirən belə nüfuzlu şəxsiyyətlər dövlət hakimiyyətini ölkənin yalnız bugünkü deyil, həm də gələcək mənafeyi baxımından təşkil etməyə, dövlətçiliyin ideoloji-siyasi və iqtisadi əsaslarını formalaşdıraraq yeni dünya nizamı ilə uzlaşan optimal dövlət modeli yaratmağa çalışırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasının 17 noyabr 1990-cı il tarixli iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan MR-in bayrağı kimi qəbul olunması haqqında qərar verilməsi də məhz ulu öndər Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü sayəsində mümkün olmuşdu.
Azərbaycan Respublikası Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasında SSRİ-nin qorunub saxlanılması barədə referendumda Azərbaycanın iştirakı məsələsinin müzakirəsi zamanı çıxış edən ulu öndər Heydər Əliyev bu cür aksiyanın xalqımızın dövlət müstəqilliyinə qarşı yönəldiyini bildirməklə onun əleyhinə səs vermişdi. Naxçıvan MR Ali Məclisinin 14 mart 1991-ci il tarixli sessiyasında isə SSRİ-nin qorunub saxlanılmasına dair Ümumittifaq referendumunda Naxçıvan MR-in iştirak etməməsi barədə qərar qəbul edildi. Bu cür tarixi addımların atılması Heydər Əliyevin uzaqgörən müdrik siyasətçi kimi hadisələrin məntiqi gedişini zərgər dəqiqliyi ilə proqnozlaşdıra bilməsi ilə bağlı idi.
Ulu öndər Heydər Əliyevin səmərəli və gərgin fəaliyyəti nəticəsində çoxsaylı problemlərlə üzləşmiş Naxçıvanda sosial-iqtisadi vəziyyətin normalaşdırılması sahəsində mühüm nailiyyətlər əldə edilmişdi. Bu məqsədlə muxtar respublika ilə qonşu dövlətlər olan İran və Türkiyə arasında sıx iqtisadi və mədəni əlaqələr yaradıldı. Xüsusilə, Naxçıvan və Türkiyə arasında Sədərək körpüsünün tikintisi və onun 28 may 1992-ci il tarixdə istifadəyə verilməsi blokada şəraitində yaşayan muxtar respublika üçün həyati əhəmiyyət kəsb edən məsələ idi.
1992-ci il noyabr ayının 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması və Heydər Əliyevin bu siyasi təşkilata sədr seçilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi hadisəyə çevrildi. Bu partiya AXC-Müsavat iqtidarının ona qarşı yönəlmiş təqib və təzyiqlərə baxmayaraq, qısa vaxt ərzində təşkilati və ideoloji baxımdan gündən-günə güclənərək öz ətrafında böyük intellektual potensialı və geniş sosial bazanı birləşdirdi.
Cəmiyyətdə hadisələrin dağıdıcı istiqamətdə sürətlə cərəyan etməsi və hakimiyyətdaxili ziddiyyətlərin kəskinləşməsi, bu ziddiyyətlərin yeni və həlledici mərhələyə qədəm qoyması ölkədə ictimai-siyasi vəziyyəti daha da gərginləşdirmişdi. Məhz AXC-Müsavat iqtidarı özünün ən gərgin anlarını yaşadığı bir vaxtda Heydər Əliyevin Azərbaycan xalqı arasındakı nüfuzunu nəzərə alaraq bu görkəmli şəxsiyyətə müraciət etmək məcburiyyətində qaldı. İqtidar vaxtilə Naxçıvan MR-in rəhbərliyindən uzaqlaşdırmağa çalışdığı Heydər Əliyevdən Gəncədə baş verən hadisələrə münasibət bildirməyi xahiş etdi.
Heydər Əliyev iyunun 13-də Gəncədə vəziyyətlə tanış olduqdan sonra Bakıya qayıdıb Milli Məclisin təklifini qəbul etdi və iyunun 15-də parlamentin sədri seçildi. Beləliklə, 15 iyun 1993-cü il Azərbaycan tarixinə "Qurtuluş günü" kimi daxil oldu. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi respublikanın tarixi müqəddəratını müsbət həll etdi. İnsanlarda Azərbaycanın gələcəyinə inam yarandı. 1997-ci il 27 iyun tarixli iclasında deputatların təklifi ilə Azərbaycan dövlətçiliyinin müqəddəratı tarixində taleyüklü əhəmiyyəti olan 15 iyun tarixi "Milli Qurtuluş Günü" elan edildi.
1993-cü ilin yayında Azərbaycanın cənub rayonlarında həyata keçirilən cinayət xarakterli proseslər respublikada onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirirdi. Lakin məhz Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanın parçalanmasının qarşısı alındı.
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevin 2 iyul 1993-cü il tarixli bəyanatında deyilirdi: "Bildirirəm ki, Azərbaycan demokratiya, siyasi plüralizm və azad iqtisadiyyat yoluna davam edəcəkdir. Azərbaycan dövləti insan hüquqlarına və bütün beynəlxalq hüquq normalarına riayət edəcək, respublikamızda başlanmış demokratik islahatlar bundan sonra daha geniş və sürətlə həyata keçiriləcəkdir. Dünya dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalanma prinsipləri əsasında başlanmış iqtisadi əməkdaşlıq davam etdiriləcək, ayrı-ayrı xarici şirkətlərlə imzalanması nəzərdə tutulmuş bütün müqavilələrlə bağlı götürülmüş öhdəliklər sivilizasiya normaları çərçivəsində yerinə yetiriləcəkdir. Ölkəmizin daxili ictimai-siyasi vəziyyəti sabitləşdikcə həmin məsələlərlə daha fəal məşğul olmağa imkan yaranacaqdır".
Tarixi prosesləri araşdırdıqca bir daha aydın olur ki, Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Bununla da, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycanın dövlət müstəqilliyi hər cür daxili və xarici təhdidlərdən qurtuldu. Çağdaş Azərbaycan tarixinin həqiqi müstəqillik mərhələsi başlandı. Azərbaycanı, onun dövlət müstəqilliyini Heydər Əliyev dühası, zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, Azərbaycan xalqına sonsuz məhəbbəti xilas etdi. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmışdır. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilmişdi.
Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı. Onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır.
1993-cü ildən başlayaraq ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiyası təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci il noyabrın 12-də müəllifi Heydər Əliyev olan müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu. Müstəqillik illərində Azərbaycan dili, sözün həqiqi mənasında, müstəqil Azərbaycanın dövlət dilinə çevrildi.
Ulu öndər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son yeddi ildə daha da qüdrətlənərək dünya miqyasında öz layiqli yerini möhkəmləndirmişdir.
Günel MƏLİKLİ,
BDU-nun tələbəsi
Azərbaycan.- 2010.- 2
may.- S. 2.