Biologiya təbabət elminin əsasıdır

 

Azərbaycan Tibb Universiteti - 80

 

Respublikada səhiyyənin inkişafı və vətəndaşlarımızın sağlamlığı ümummilli lider Heydər Əliyevin fəaliyyətinin əsas xəttlərindən birini təşkil edirdi. Təhsil, xüsusilə səhiyyə təhsilini daim diqqət mərkəzində saxlayan ulu öndər dəfələrlə Azərbaycan Tibb Universitetində olmuş, onun maddi-texniki bazasının zənginləşdirilməsi və kadr hazırlığının yüksəldilməsi istidamətində əvəzsiz işlər görmüşdür. Xüsusi qeyd olunmalıdır ki, bu gün müvəffəqiyyətlə fəaliyyət göstərən həkim-professorlardan çoxu (o cümlədən bu sətirlərin müəllifi) məhz böyük rəhbərin uzaqgörənliklə Moskva və Rusiyanın qabaqcıl təhsil ocaqlarına ezam etdiyi, həmin məktəbləri keçərək respublikaya qayıdan kadrlardır.

 

Hazırda Heydər Əliyevin siyasi kursunun davamçısı və varisi olan möhtərəm Prezident İlham Əliyev tərəfindən bu ənənə uğurla davam etdirilir, respublikanın ayrı-ayrı bölgələrində dünya standartlarına cavab verən diaqnostika və müalicə mərkəzləri yaradılır, səhiyyə ilə bağlı dövlət proqramları qəbul edilir. Son illər ölkə başçısının universitetin təzə terapevtik və cərrahiyyə korpuslarının inşası ilə bağlı imzaladığı fərmanlar, artıq tikintisi başa çatmış korpusun tibbi texnikanın ən müasir aparaturalarla təhcizatı ölkə Prezidentinin səhiyyə təhsilinə göstərdiyi qayğının təzahürüdür. Bu sahədə Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın apardığı işlər də xalqımızın ürəyincədir.

Azərbaycanda tibbi kadrların hazırlanması əvvəlcə Bakı Dövlət Universitetində, 1930-cu ildən isə bilavasitə Azərbaycan Tibb İnstitutunda, daha sonra isə Azərbaycan Tibb Universitetində həyata keçirilir. Tibb Universiteti nəinki həkim kadrların hazırlanması və səhiyyənin təşkilində, eləcə də dövlət quruculuğunda qabaqcıl mövqe tutmuşdur. Xatırlatmaq yerinə düşər ki, keçmiş sovetlər birliyi yarandığı ilk günlərdə respublikanın, daha sonra SSRİ-nin rəhbərlərindən biri N.Nərimanov, uzun müddət Dağıstan respublikasına başçılıq edən görkəmli alim Əziz Əliyev, Azərbaycan KP MK-nin birinci katibi V.Axundov ixtisasca həkim olmuşlar.

Bu il Azərbaycan Tibb Universitetinin yaradılmasının 80 illiyi qeyd olunur. Təhsil ocağında ilk yaradılan kafedralardan biri də "Tibbi biologiya və genetika" kafedrası olmuşdur.

Azərbaycan təhsilində və dünya şöhrətli tibb kadrlarının hazırlanmasında Azərbaycan Tibb Universitetinin xidmətləri böyükdür. Təkcə onu qeyd etməliyik ki, Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti akademik M. Mirqasımov, akademiklər M.Topçubaşov, Z.Əliyeva, M.Cavadzadə, EA-nın müxbir üzvləri D.Hacıyev, Ə.Həsənov, professorlar Ə.Əliyev, Q.Qəhrəmanov, B.Mahmudbəyov, Z.Məmmədov bu universitetdə təhsil almış, işləmiş fəaliyyət göstərmişlər. Hazırda isə universitetdə Ə.Əmiraslanov, Ə.Namazova, B.Ağayev və onlarla dünya şöhrətli alimlər çalışırlar.

Azərbaycanda yüksək ixtisaslı həkim kadrların hazırlanmasında bioloqların da xidməti az olmayıb. Biologiya təbabətin nəzəri əsasını təşkil edən fənlərdən biridir. Təsadüfi deyil ki, təbabətin atası sayılan Hippokrat (b.e.əvvəl 460) göstərirdi ki, hər bir həkimin təbiəti bilməsi vacibdir. Bütün nəzəri və praktiki təbabətdə ümumi bioloji nəticələrdən istifadə olunur. Biologiyanın müxtəlif sahələrində aparılan nəzəri tədqiqatların nəticələrini həkimlər praktik fəaliyyətlərində geniş istifadə edirlər. Əyani bir misal çəkək: xəstəlik törədən virusun və ümumən infeksion xəstəliklərin törədicilərinin quruluşunun öyrənilməsi, onlara qarşı peyvəndlənmə üsulunun tapılması insanların kütləvi ölümünün qarşısının alınması ilə nəticələnmişdi.

Məlumdur ki, insanlar çox qədimdən heyvanları əhliləşdirməklə onlardan istədikləri kimi faydalanıblar, lakin heyvanlarla təmasda olduqları üçün bir sıra xəstəliklərə də yoluxublar. Başqa sözlə heyvanlar insanlar üçün xəstəlik mənbəyi rolunu oynayıb. Bunlardan bəzilərini açıq şəkildə görmək mümkünsə (məsələn, parazit qurdlar), bəzilərini isə görmək mümkün deyil (malyariya, ensefalit, irsi xəstəliklər və s.). Belə heyvanların bioekologiyasını dərindən öyrənmədən ona qarşı mübarizə üsulları yaratmaq mümkün deyil. Ona görə də bioloqlarla parazitoloqlar daim birlikdə axtarışlar aparırlar. Parazitologiyanın sirlərinə yaxından bələd olmayan həkim, xüsusilə gənc pediatr-həkimlər qarın boşluğundakı ağrıların diaqnostikası zamanı səhvlərə yol verə bilər ki, o da ağır fəsadlar törədər.

Tibb sahəsində mürəkkəb cərrahi əməliyyatlar başlanğıcda heç də birbaşa insanlar üzərində aparılmır. Həmin əməliyyatlar dəfələrlə və son dərəcə dəqiqliklə heyvanlar üzərində yerinə yetirildikdən sonra əmin olunur ki, onu (əməliyyatı) insan üzərində aparmaq olar. Təsadüfi deyil ki, laboratoriya heyanlarına insanın sağlamlığı sahəsindəki xidmətlərinə görə, hətta heykəl də qoyulub. Sankt-Peterburq şəhərində Nobel mükafatı laureatı İ.P.Pavlovun işlədiyi fiziologiya institutunun qarşısında itə, Fransanın Paris şəhərində təbabət tarixi muzeyi institutunun qarşısında qurbağaya heykəl qoyulub. Bu baxımdan bioloqların apardığı tədqiqat işlərinin nəticələrinin əhəmiyyəti danılmazdır və universitetin tibbi biologiya və genetika kafedrasının əməkdaşlarının bu sahədə əməyi az olmayıb.

Azərbaycan Dövlət Tibb İnstitutu 1930-cu ildə Azərbaycan Dövlət Universitetindən ayrıldıqdan sonra burada "Ümumi biologiya" kafedrası təşkil edilib. Yeni yaradılmış kafedranın ilk rəhbəri Fətulla Rzabəyli olmuşdur. O, 1911-ci ildə Novorossiya Universitetini bitirmiş və 1913-cü ilədək həmin təhsil ocağında işləmişdir. Vətənə qayıtdıqdan sonra bir müddət müxtəlif vəzifələrdə çalışmış, 1930-1933-cü illərdə isə Tibb İnstitutunda biologiya kafedrasına rəhbərlik etmişdir. Kafedranın formalaşmasında, onun nəzdində tədqiqat laboratoriyası və tələbə elmi dərnəyinin yaradılmasında, preparat və tabloların əldə edilməsində və digər tədris vəsaitlərinin hazırlanmasında onun müstəsna rolu olmuşdur. Parazitologiyanın tibbdə əhəmiyyətini nəzərə alaraq tədris zamanı bu sahəyə xüsusi diqqət yetirmişdi.

1933-1944-cü illərdə kafedraya professor V.Yelpatevski rəhbərlik etmişdir. O zaman Azərbaycanda ixtisaslaşmış kadrlar olmadığından kafedra müdirləri Rusiyadan dəvət olunurdu. 10 ildən artıq bir dövrdə biologiya kafedrasına rəhbərlik edən V.Yelpatevski tədris proqramının təkmilləşdirilməsi, dərs vəsaitlərinin sayının artırılması və yeni elmi istiqamətin müəyyənləşdirilməsi, eləcə də tədris otaqlarının bioloji istiqamətə uyğunlaşdırılması baxımından cox böyük işlər görmüşdür. Professor 1936-1939-cu illərdə Azərbaycan EA-nın Zoologiya İnstitutunun direktoru vəzifəsində də işləmişdir. 1944-1946-cı illərdə kafedraya rəhbərlik professor Z.Şahtaxtinskayaya həvalə olunmuşdu. Qısa dövr ərzində o, özündən əvvəlki kafedra müdirlərinin ənənələrinə sadiq qalaraq elmi və pedaqoji potensialın genişlənməsi sahəsində yorulmadan çalışmışdır. 1946-cı ildən kafedraya rəhbərlik yenidən professor Fətulla Rzabəyliyə tapşırıldı. Onun rəhbərliyi altında əməkdaşlar əvvəlcə məktəb yaşlı uşaqların fiziki inkişaf dinamikasının öyrənilməsi və helmintlərə yoluxmuş Bakı məktəblilərinin müayinəsi problemi, daha sonra Azərbaycan ərazisində bitən bitkilərin fitonsid xüsusiyyətləri mövzusu ilə məşğul olmuşlar.

1964-cü ildən biologiya kafedrasına Azərbaycan SSR EA-nın müxbir üzvü professor Dəmir Hacıyev rəhbərlik etməyə başlamışdı. Professor 1954-cü ildə ADTİ-nun pediatriya fakultəsini bitirmiş, iki il Krım vilayətində həkim işlədikdən sonra vətənə qayıdaraq Azərbaycan EA-da işə qəbul olunmuşdu. 1961-ci ildə elmlər namizədi alimlik dərəcəsi almaq üçün onun müdafiəyə təqdim etdiyi dissertasiya işi böyük elmi-praktik əhəmiyyət kəsb etdiyi üçün SSRİ Ali Attestasiya Komissiyası tərəfindən alimə birbaşa biologiya elmləri doktoru elmi dərəcəsi verilmişdir. D.Hacıyev 1964-cü ildən ömrünün sonunadək (1999) Biologiya kafedrasının müdiri işləməklə 1965-1968-ci illərdə ADTİ-nin elmi işlər üzrə prorektoru vəzifəsində də çalışmışdır. O, eyni zamanda Azərbaycan EA Geologiya İnstitutunun nəzdində poleontologiya şöbəsini yaratmış və həmin şöbənin rəhbəri, Azərbaycan EA biologiya bölməsinin akademik katibinin müavini olmuşdur. Yüzdən artıq elmi məqalənin, 10-a yaxın monoqrafiyanın və çoxsaylı dərslik, dərs vəsaitinin və proqramın müəllifidir. D.Hacıyevin kafedraya rəhbərlik etdiyi dövrdə əməkdaşlar respublika faunasının paleontoloji baxımdan tədqiqi ilə məşgul olmuş, tədris və elmi-tədqiqat işinin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən zəngin zooloji muzey yaratmışlar. Muzeydə Azərbaycan faunasını, xüsusilə məməlilərin skelet sistemini əks etdirən nümunələr toplanmışdır. Hazırda kafedranın zooarxeoloji və osteoloji muzeyində minlərlə qədim və müasir heyvan kolleksiyaları saxlanılır. Bununla yanaşı kafedra əməkdaşlarının əsas tədqiqat işləri respublika ərazisində yaşayan məməlilərin skeletinin inkişaf qanunauyğunluqlarının, istinad-hərəkət sisteminin əsasını təşkil edən skelet və əzələnin embrional və postembrional inkişaf xüsusiyyətlərinin öyrənilməsi olmuşdur. Professorun fəaliyyəti dövründə molekulyar biologiya, tibbi genetika, kosmik biologiya və bionika kimi yeni perspektivli elm sahələri meydana çıxmış, bu da biologiya kafedrasının elmi-pedaqoji inkişafında yeni bir mərhələ olmuşdur. Bu dövrdə kafedra əməkdaşlarının əsas nailiyyətlərindən biri yeni və ana dilində yazılıb nəşr olunan dərslik və dərs vəsaitləridir. İlk dəfə olaraq 1964-cü ildə dosent K.Səfərov biologiyadan praktik məşğələlər üçün dərslik nəşr etdirdi ki, o da Azərbaycan bölməsi tələbələrinin tədris olunan materialın mənimsəmə keyfiyyətinin yüksəlməsində mühüm rol oynadı. Kafedranın yüksək ixtisaslı professor-müəllim heyəti 1980-ci ildən başlayaraq keçmiş SSRİ-nin tibb institutlarının tədris proqramına uyğun olaraq yeni dərslik və dərs vəsaitləri hazırlamaq sahəsində fəaliyyətlərini genişləndirdilər. Qısa müddət ərzində kafedranın əməkdaşları, əsasən D.V.Hacıyev, R.Ə.Əliyev, S.D.Əliyev birlikdə hazırladıqları "Parazitizmin bioloji əsasları" (1981), "Tibbi biologiya" (1993), "Biologiya" (1995) dərslikləri həmin dövr üçün xüsusi əhəmiyyət daşımışdır. 1994-1996-cı illərdə "İnsan ekologiyası və atmosferin çirklənməsi" (D.V.Hacıyev, Y.X.Hidayətov, 1994), "Hüceyrə biologiyasının molekulyar-genetik aspektləri" (N.Əliyev, 2007), "Tibbi biologiyadan seminar məşğələlər" (D.V.Hacıyev, Y.X.Hidayətov, 2006) və digər dərslik və dərs vəsaitləri yazılaraq nəşr etdirilmişdir.

1999-cu ildə professor D.Hacıyev dünyasını dəyişdikdən sonra kafedraya rəhbərlik biologiya elmləri doktoru, professor Əkbər Mehrəliyevə tapşırılmışdı. O, 1963-cü ildə ADU-nun biologiya fakültəsini bitirmiş, bir müddət müəllim işləmiş, 1968-1990-cı illərdə Azərbaycan EA-nın Zoologiya İnstitutunda əvvəlcə aspirant, sonra isə kiçik elmi işçi və baş elmi işçi vəzifələrində çalışmışdır. 1977-ci ildə namizədlik, 1994-cü ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir. Ə.Mehrəliyev 1990-cı ildən Azərbaycan Tibb Universitetinin "Tibbi biologiya və genetika" kafedrasında professor vəzifəsində calışmış, 1999-2000-ci illərdə isə kafedra müdiri vəzifəsini icra etmişdir.

2000-ci ilin mart ayında "Tibbi biologiya və genetika" kafedrasının müdiri vəzifəsinə müsabiqə yolu ilə AMEA-nın müxbir üzvü (hazırda həqiqi üzvüdür), professor Məmməd Salmanov seçilmişdir. O, 1960-cı ildə namizədlik, 1981-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə etmişdir, əsərləri dünyanın bir çox ölkələrinin nüfuzlu jurnallarında nəşr olunmuşdur. Məmməd müəllim 2002-ci ildə AMEA-nın Mikrobiologiya İnstitutuna direktor təyin olunmuş və bu gün də həmin vəzifəni layiqincə yerinə yetirir. Akademik M.Salmanov instituta direktor təyin olunduqdan sonra kafedraya rəhbərlik yenidən professor Ə.Mehrəliyevə tapşırılmışdı.

Professor Əkbər Mehrəliyevin rəhbərliyi dövründə kafedranın tematik planında və proqramında bəzi dəyişikliklər edilmiş, təbabətə daha yaxın olan və müasir dövrün tələblərinə uyğun gələn "Parazitologiyanın bioloji və molekulyar əsasları" mövzusu muhazirə və seminarlara daxil edilmişdir. Əkbər müəllim səhiyyə, baytarlıq və balıqçılıq təsərrüfatı üçün xüsusi əhəmiyyət daşıyan 80-dən çox elmi əsərin, o cümlərən abituriyentlər üçün "Biologiyadan vəsait" (1974), "Biologiya" (1989), "Zoologiya" (7-8-ci siniflər üçün, 1993-2002), "Onurğasızların müqayisəli anatomiyası" (2002) və digər dərslik və dərs vəsaitinin müəllifidir.

2006-cı ildə professor dünyasını dəyişdikdən sonra kafedraya rəhbərlik dosent S.Əliyevə tapşırılmışdır. Sabir müəllim istər kafedranın tədris hissə müdiri işlədiyi müddətdə, istərsə kafedra müdiri vəzifəsini icra edərkən kafedranın maddi-texniki potensialının yüksəlməsinə, xüsusilə rus dilli bölmənin tələbələri üçün dərslik və dərs vəsaitinin yazılması işinə diqqət yetirmişdir. 2007-ci ildən isə kafedraya müdir vəzifəsinə müsabiqə yolu ilə bu sətirlərin müəllifi - biologiya elmləri doktoru, professor C.Nəcəfov seçilmişdir.

Azərbaycan Tibb Universisteti nəinki müstəqil dövlətlər birliyi məkanında, eləcə də Avropada və Asiyada çox böyük nüfuza və beynəlxalq statusa malik olan təhsil ocaqlarındandır. Məhz elə buna görə də hazırda ATU-da minlərlə soydaşlarımızla yanaşı xarici ölkələrdən yüzlərlə tələbə təhsil alır və onların sayı ildən-ilə artmaqdadır. Geniş, işıqlı və hər cür avadanlıqla təchiz olunmuş mühazirə zalları, eləcə də laboratoriya, praktik məşğələ və seminar dərslərini aparmaq üçün tədris otaqları tələbə və müəllimlərin ixtiyarındadır. Universitet rəhbərliyinin məqsədyönlü fəaliyyəti nəticəsində kafedramız təlimin ən müasir texniki vasitələri ilə təmin olunub. Son illər müxtəlif böyütmə qabliyyətinə malik olan mikroskopların və kompüterlərin əldə olunması dediklərimizə əyani sübutdur. Yubiley ərəfəsində tədris otaqlarının ən müasir və rahat mebellərlə təmin olunması tələbə və müəllimlərə sanki bir hədiyyədir. İndi tələbələr kompüter siniflərində ayrı-ayrı mövzuların elektron variantı vasitəsi ilə biologiyanın sirlərini öyrənirlər. Tibbi biologiya və genetika kafedrasında uzun illərin nəticəsi olaraq çox zəngin osteoloji muzey yaradılıb. Həmin müzeyin materialları da tələbələrin istifadəsindədir.

Hazırda kafedrada bir professor, 7 dosent, 5 baş müəllim, 7 assistent, 2 baş laborant, 2 laborant və 3 preparator çalışır. Müəllimlərimizdən bir nəfəri (dosent S.Əliyev) respublikanın əməkdar müəllimidir. Universitetdə təhsil alan əcnəbi tələbələrlə ingilis dilini mükəmməl bilən pedaqoqlar məşğul olurlar. İndi kafedrada biologiya ixtisası üzrə iki doktorant və beş fəlsəfə doktoru dissertasiyası üzərində işlər aparılır. 2007-ci ildən kafedranın tədris proqramında, elmi istiqamətində, yeni dərsliklərin, dərs vəsaitlərinin tərtibatında müsbət dəyişikliklər aparmaqla yanaşı kafedranın maddi-texniki bazasının genişlənməsinə və osteoloji muzeyin zənginləşməsinə çalışılır. Gənc aspirant və dissertantların namizədlik dissertasiyası mövzuları ilə təmin olunmasına, respublikamızın indiyədək öyrənilməyən fauna növlərinin tədqiqinə cəlb edilməsinə xüsusi fikir verilir. Son illərdə kafedranın əməkdaşları tərəfindən "Tibbi biologiya və genetikanın əsasları" (2008) dərsliyi, "Tibbi biologiya və genetika" (2008) adlı laboratoriya məşğələləri üçün dərs vəsaiti, "Tibbi biologiya və genetikadan praktiki məşğələ albomu" (2008, 2009) (I, II hissə), "İnkişafın biologiyası və genetikası" (2009) adlı dərs vəsaitləri Azərbaycan və rus dillərində nəşr edilmişdir. Tibbi biologiya və genetika kafedrası əməkdaşlarının əsərləri ABŞ, Almaniya, Polşa, İngiltərə, Fransa, Türkiyə, MDB ölkələrində ən mötəbər jurnallarda çap olunur. Ümumilikdə götürdükdə kafedra əməkdaşlarının son on ildə 500-dən çox elmi əsəri, o cümlədən 14 monoqrafiya, 16 dərslik və dərs vəsaiti, çoxsaylı proqramları işlənib çapdan çıxmışdır. Müəllimlərimiz dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq konqreslərin, konfransların və digər forumların təşkilatçısı və iştirakçısı olmuşlar. Son illər kafedramızın əməkdaşlarından 3 nəfəri namizədlik dissertasiyası müdafiə etmişdir.

Xüsusi qeyd etməliyik ki, tədrisin məzmunu və formasına uyğun olaraq zaman-zaman kafedranın adı bir neçə dəfə dəyişdirilmişdir. Hazırda kafedra "Tibbi biologiya və genetika" adlanır. Burada tələbə elmi cəmiyyəti də fəaliyyət göstərir. Biologiya elminə həvəsi və marağı olan tələbələrlə təcrübəli alimlər məşğul olurlar. Kafedranın əməkdaşları universitetin 80 illik yubileyinə ciddi hazırlaşır və yüksək ixtisaslı tibbi kadrların yetişdirilməsində var qüvvələri ilə çalışırlar.

 

 

Canbaxış NƏCƏFOV,

Azərbaycan Tibb Universitetinin

"Tibbi biologiya və genetika"

kafedrasının müdiri, biologiya

elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.-  2 aprel.- S.  3.