1941-1945-ci illər müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımın çatdırılması təmin olunub

 

Prezident İlham Əliyevin 22 aprel 2010-cu il tarixli "1941-1945-ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" sərəncamına əsasən Dövlət Sosial Müdafiə Fondu ayrılan məbləği yardımın şamil olunduğu şəxslərin hesablarına köçürmüşdür.

Sərəncam 33600 nəfərə şamil olunmuşdur. Onlardan 4250 nəfəri bilavasitə müharibə iştirakçısıdır və sərəncama əsasən onlara 500 manat məbləğində birdəfəlik yardım göstərilmişdir. Müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 2-ci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, müharibə dövründə Leninqradın müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad mühasirəsinin iştirakçılarına 200 manat məbləğində birdəfəlik maddi yardım edilmişdir. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 29350 nəfərdir.

Bu il həmçinin 1941-1945-ci illər müharibəsində qələbənin 65-ci ildönümü ilə əlaqədar müharibə iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılıb. Artım Prezidentin "1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubilyeinə hazırlıq və yubilyein qeyd edilməsi üzrə milli proqram"ın təsdiq edilməsi haqqında sərəncamı çərçivəsində həyata keçirilib.

 

 

Azərbaycan.- 2010.-2  may.- S.  4.