Ekoloji maarifləndirmə ekoloji cəmiyyəti formalaşdıran başlıca amildir

 

"Bu gün ekoloji məsələlərin həlli vacib məsələlərdən biridir. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdir. Artıq bütün cəmiyyətdə bu təşəbbüs müsbət qarşılanır və görülən tədbirlər əhali tərəfindən, ictimaiyyət tərəfindən dəstəklənir, ağacəkmə kampaniyası və digər vacib məsələlər xalqın iştirakı ilə həyata keçirilir"

 

İlham ƏLİYEV

 

Məlum olduğu kimi, XIX və XX əsrlərdə insanın antropogen və texnogen fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin, onun amillərinin, təbii sərvətlərin, biosferin, ekosistemlərin, flora və faunanın normal ahəngi tamamilə pozulmuş və çox ciddi ekoloji disbalans yaranmışdır. Müharibələr, etnik münaqişələr, terrorizm, kosmik tədqiqatlar, sənaye və nəqliyyat tullantıları, kənd təsərrüfatında işlədilən zəhərli kimyəvi maddələr atmosferi, hidrosferi və litosferi çirkləndirməklə ekoloji tarazlığın ritmini tamamilə öz məhvərindən çıxarmış, onu kollaps və aqoniya vəziyyətinə salmışdır.

Son 30 il ərzində təkcə Avropa ölkələrində minlərlə fövqəladə iqlim hadisəsi baş vermiş, 2003-cü ildə isə Avropanın 12 ölkəsində qlobal iqlim dəyişkənliyi nəticəsində 70.000 nəfərdən çox insan dünyasını dəyişmişdir. İqlim dəyişkənliyi insan sağlamlığının ən başlıca amili sayılan su, hava, ərzaq və məişətə güclü neqativ təsirlər göstərməklə, sağlamlıq üçün ağır fəsadlarla nəticələnir.

Təbiət-cəmiyyət, cəmiyyət-biosfer münasibətlərində yaranan ziddiyyətlərin dinamik inkişafı və ildən-ilə daha da kəskinləşməsi bütün nüfuzlu beynəlxalq təşkilatların ciddi narahatlığına səbəb olmuşdur. Məhz bu səbəbdən BMT-nin 1992-ci ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçirdiyi ətraf mühit və inkişafa həsr olunmuş ümumdünya konfransında beynəlxalq ekoloji təhlükəsizliyin əsas istiqamətləri müzakirə olunaraq bir çox dövlətlərin milli təhlükəsizlik strategiyasının prioritetinə çevrilmişdir. Həmin konfransda davamlı inkişafa keçməzdən öncə hər bir ölkədə ekoloji təhlükəsizlik problemlərinin sosial-fəlsəfi cəhətdən araşdırılması və beləliklə də, "ekoloji cəmiyyət"in formalaşdırılmasının əsas sahələrinin müəyyənləşdirilməsi prioritet məsələ kimi qaldırılmışdır. BMT-nin təşəbbüsü sayəsində 2000-ci ilin sentyabrında keçirilən Minilliyin forumunda dünyanın 147 ölkəsinin dövlət və hökumət rəhbərlərinin iştirakı ilə "Minilliyin Bəyannaməsi" qəbul edilmiş, XXI əsrin dünyada Minilliyin İnkişafı Məqsədləri (MİM) müəyyənləşdirilmişdir. Həmin bəyannamədə 2015-ci ilədək bütün ölkələrdə davamlı inkişafı və ekoloji təhlükəsizliyi təmin etmək üçün insanların sosial sferanın bütün sahələri üzrə təmin olunması və onların rifahının daha da yaxşılaşdırılması planlaşdırılmışdır. XXI əsrdə elmi-texniki tərəqqinin sürətli və dinamik inkişafı, İKT (informasiya kommunikasiya texnologiyaları), internet, robot, nano-texnologiyanın insan həyatının bütün sahələrinə inteqrasiyası cəmiyyətin şüurunda təbiətə, onun sərvətlərinə, floraya, faunaya yaradıcı münasibətin formalaşmasını tələb edir. Hazırda beynəlxalq aləmdə hamı belə bir fikirlə razılaşır ki, insanlarda mədəniyyətin, sivilizasiyanın yeni növü - ekoloji mədəniyyət formalaşmalıdır. Əks təqdirdə, insanların təbiətə, onun sərvətlərinə mənfi münasibəti dəyişilməyəcək, əksinə, daha da dərinləşəcəkdir. Bu gün insanlarda ekoloji mədəniyyətin, sivilizasiyanın, təfəkkürün, şüurun, tərbiyənin və təhsilin formalaşması artıq günün, dövrün tələbinə çevrilmişdir. Ekoloji mədəniyyət bütün insanlarda bəşəri mədəniyyəti təcəssüm etdirən mədəniyyətin sivil inkişaf forması və təhsil mühitidir. XXI əsr bütün xalqlardan mədəni inkişafın əsas istiqaməti kimi ekoloji təhsilin fasiləsiz inkişaf strategiyasını, konsepsiyasını, proqramını hazırlamağı və həyata keçirməyi tələb edir. Ekoloji təhsilin ardıcıl və sistemli olması üçün bu prosesə şəxsiyyətin formalaşmasının ilk anlarından, uşaqlıqdan başlamaq lazımdır ki, onun da təməli məhz ailədə, məktəbəqədər tərbiyə ocaqlarında, ibtidai siniflərdə qoyulmalı, orta, orta ixtisas və ali məktəblərdə isə tamamilə formalaşmalıdır. Bunun üçün isə ilk növbədə, yüksək ixtisaslı ekoloji kadrlar (ekoloji mühəndislər, ekspertlər, hidroloqlar, hidrobioloqlar, ixtioloqlar, ixtiopatoloqlar, iqlimşünaslar, meşə mühəndisləri, dendroloqlar, ornitoloqlar və s.) hazırlanmalıdır. Bu vacib məsələ təbii ki, müvafiq ali məktəblərin, xüsusilə, ADAU-nun üzərinə düşür.

Əfsuslar olsun ki, Azərbaycanda uşaqlar, şagirdlər, tələbələr, ümumilikdə isə əhali və ictimaiyyətin ekoloji mədəniyyəti, şüuru, psixologiyası hələ də günün tələbi səviyyəsində deyil. Bunun əsas səbəbi onlarda ekoloji bilgilərin, məlumatların zəif olması, yaxud tamamilə olmamasıdır. Bu baxımdan ölkəmizin mövcud təhsil sistemində ekologiya üzrə nəzəri biliklərin əxlaqi davranışlara çevrilməsini formalaşdıran proqram işlənib hazırlanmalıdır. Təqdirəlayiq haldır ki, 1999-cu ildə Moskvada MDB ölkələrinin mütəxəssisləri tərəfindən ekoloji təhsilin ümumi istiqamətlərini və prinsiplərini özündə əks etdirən təhsil konsepsiyası hazırlanmış və ondan proqram sənədi kimi istifadə edilməsi tövsiyə olunmuşdur. Konsepsiyada ekoloji təhsilin əsas müddəaları və vəzifələri ətraflı şərh edilmişdir. Bu müddəalara - təbii ehtiyatlara, yeraltı və yerüstü sərvətlərə qənaət etmək, ətraf mühitin çirklənməsinin qarşısını almaq, bütün ərazilərdə ekosistemləri, biosferi qoruyub saxlamaq, beynəlxalq ekoloji normalara hörmət və həssaslıqla yanaşmaq, vahid ekoloji sistemlərə xidmət edən bütün aspektləri nəzərə almaq və təbii ehtiyatlardan istifadə olunmasında qarşılıqlı anlaşmalara gəlmək aiddir. 1997-ci ildə Azərbaycanda ekoloji təhsilin problemlərinə dair keçirilən konfransda isə həmin problemlərin həlli yolları geniş müzakirə olunmuş və müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Müasir dövrdə ekologiya elminin öyrənilməsi, təbliğ edilməsi, inkişafı, onun əsas müddəalarının yerinə yetirilməsi, ekoloji cəhətdən təmiz, saf ərzaq məhsullarının istehsalı, ekoloji kənd təsərrüfatına geniş yer verilməsi, bəşəriyyətin sivilizasiya yolu ilə inkişafının ən vacib, ümdə porblemi hesab olunur. Bütün bəşəriyyət ekologiyanın qorunması üçün səfərbərliyə cəlb edilməli, təbiətə, torpağa, havaya, suya, heyvanlara, bitkilərə, balıqlara, quşlara qəddar münasibət göstərənlərə, beynəlxalq, ekoloji və bioloji terrorizmə qarşı müharibə elan olunmalıdır. Akademik Həsən Əliyevin ibarəsi ilə desək, "Təbiətin keşiyini çəkməyə söz silahının gücü ilə geniş kütləni qaldırmaq lazımdır".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə respublikamızda qlobal xarakterli ekoloji problemlərin həlli üçün görülən işlər, həyata keçirilən layihə və proqramlar da ekoloji durumun bərpası və yaxşılaşdırılması istiqamətində müsbət və təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Nazirlik həqiqətən, son illər Azərbaycanda təbii ətraf mühitin mühafizəsi, dövlət qoruqları, yasaqlıqlar və milli parkların yaradılması, səhralaşmaya və meşəsizləşməyə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi, yeni meşə zolaqlarının və tingliklərin salınması, eləcə də ekoloji cəhətdən mühüm əhəmiyyət kəsb edən digər vacib məsələlər sahəsində böyük işlər görmüşdür.

Bütün görülən işlərə baxmayaraq, ölkədə əhalinin ekoloji maarifləndirilməsi və məlumatlandırılması Davamlı İnsan İnkişafı Konsepsiyasının tələblərinə cavab vermir və onunla uzlaşmır. Odur ki, alimlərimiz, ziyalılarımız əhalinin ekoloji maarifləndirilməsində fəal iştirak etməli və öz mənəvi vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir. Ölkəmizdə fəaliyyət göstərən KİV də bu istiqamətdə təşəbbüskarlıq göstərməli və fəaliyyətini gücləndirməlidir. Çünki əksər mətbu orqanlarda, radio-televiziya kanallarında qlobal ekoloji məsələlərə, onların qarşısının alınması yollarına, təbiətin, ətraf mühitin mühafizəsinə lazımınca fikir verilmir, əhalinin ekoloji maarifləndirilməsinə həsr olunmuş xüsusi verilişlər aparılmır, sanki bu planetar və bəşəri əhəmiyyətli məsələ unudulub. Bunun əvəzinə qəzet səhifələrində və efir vaxtlarında milli mentalitetimizə yad olan, gənclərimizin tərbiyəsinə olduqca neqativ təsir göstərən materiallar yer alır, televiziya kanallarında bayağı, yararsız "şou" proqramlarına və səsi, sənəti ilə seçilməyən, səhnə mədəniyyəti olmayan "müğənnilər", "estrada ulduzları", "toylar kralı" daha çox tüğyan edir, ekran sanki onlar tərəfindən zəbt olunub. Televiziya kanallarında onların ata, ana olmağa hazırlaşması, bir-birini təhqir etməsi, onlara villalar, mebel, mənzil, maşın, qiymətli daş-qaşlar bağışlanması barədə verilişlərin sayı azaldılmalı və həmin bayağı verilişlərin əvəzinə, ekoloji maarifləndirmə proqramları nümayiş etdirilməlidir.

Ən yaxşı halda, televiziya kanalları əcnəbi ölkələrdə hazırlanan heyvanat aləminə həsr olunmuş qısametrajlı filmlərin nümayiş etdirilməsi ilə kifayətlənir. "Şou" və digər yararsız, lüzumsuz "musiqi" proqramlarının sayı azaldılmalı, qlobal ekoloji problemlərə həsr olunan yeni rubrikalar açılmalı, xüsusi verilişlər hazırlanmalı, tanınmış, səriştəli alim və pedaqoqlar bu vacib işə cəlb olunmalıdır. Bu proses daimi xarakter almalı və bütün televiziya kanallarında ona çox geniş və önəmli yer verilməlidir. Bundan əlavə, ətraf mühitin qorunmasına həsr olunmuş rəngli plakatların, rəsm əsərlərinin və jurnalların nəşrinə böyük diqqət verilməlidir.

Bu gün Azərbaycanda ekologiyaya dair jurnalların nəşri günün tələbləri səviyyəsində deyil. Bu səbəbdən ekoloji jurnalların nəşri artırılmalı, onlar kütləvi tirajla nəşr olunmalı, bütün bölgələrdə əhali və ictimaiyyət arasında geniş yayılmalıdır.

Ölkəmizdə ekologiyaya aid yeni dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasına xüsusi ehtiyac var. Qiymətli dərsliklərin nəşri üçün müsabiqələr keçirilməli, görkəmli alimlər bu işə cəlb olunmalıdırlar. Eyni zamanda, onlara lazımi şərait yaradılmalı, alimlər həvəsləndirilməlidir.

Unutmamalıyıq ki, hazırkı dövrdə əhali və ictimaiyyət arasında ekoloji təbliğatın aparılmasının çox böyük əhəmiyyəti var. Əgər əhali bilsə ki, meşələrin, ağacların qırılması, yaşıllıqların məhv edilməsi hansı neqativ ekoloji böhranlarla nəticələnir, zənnimizcə, onda heç kim əlinə balta, mişar alıb meşəyə qənim kəsilməz. Həmin ekoloji "terrorçular" mərhum akademik Həsən Əliyevin qiymətli kəlamını eşitsələr, bəlkə də bəd əməllərindən çəkinərlər: "Meşə sərvətimiz, var-dövlətimiz, məişətimizin bir hissəsidir. Meşə olan yerdə məhsulu yığmaqla qurtarmaz, xəstəlik olmaz. Yer kürəsinin bu yaşıl kəmərini bircə an təsəvvür etməsək, demək, bəşər də yoxdur". Meşə habelə atmosferin oksigen "fabrik"idir, onun qırılması havada oksigen aclığı - hipoksiya törədir, nəticədə ozon təbəqəsi zədələnir, torpaq eroziyaya, deflyasiyaya, deqradasiyaya uğrayır, nəmliyini itirir, sürüşmələr, uçqunlar, kəskin iqlim dəyişkənlikləri, güclü küləklər, qasırğalar, tufanlar, quraqlıq, səhralaşma, təbii və ekoloji fəlakətlər baş verir. Bir hektar meşə, kol və yaşıllıq sahəsi ildə 4,6-6,5 ton karbon qazı udur, 3,5-5,0 ton oksigen ixrac edir. Meşə və yaşıllıqlar həm də atmosfer havasında olan tozları və zəhərli qazları udaraq onu təmizləyir və havanı saflaşdırır, müxtəlif fauna növlərinin, xüsusilə, quşların çoxalmasını, populyasiyasını, inkişafını təmin edir. Heç şübhəsiz ki, biz ekoloqlar əhaliyə bu barədə vaxtaşırı məlumatlar verə bilsək, güman ki, meşə "terrorçuları" həmin ekoloji cinayətdən əl çəkər, ibrət dərsi götürər.

Hamı bilməlidir ki, tarixən Azərbaycanın ümumi ərazisinin 30 faizdən çoxunu meşəliklər təşkil etmişdir. Bu gün isə bu göstərici orta dünya göstəricisindən çox az olmaqla 11,8 faizdir. Ona görə də əvvəlki göstərici mütləq bərpa olunmalıdır. Bir qayda olaraq ölkəmizdə, xüsusilə, rayon və kəndlərdə payız fəslində yarpaqların tayalara vurularaq yandırılması, necə deyərlər, adət xarakteri almışdır. Buna ekoloji düşmənçilikdən başqa heç bir ad vermək olmaz. Unutmaq olmaz ki, bu zaman tüstü ilə atmosferə atılan zəhərli və zərərli qazlar insanların, ən çox isə qocaların, hamilə qadınların, uşaqların, xüsusilə, ürək-damar və respirator xəstəlikləri olan insanların sağlamlığına olduqca neqativ təsir göstərir və ağır fəsadlar törədir. Yarpaqların toplanıb ən qiymətli gübrə kimi istifadə olunması olduqca mühüm əhəmiyyətə malikdir.

Planetimizin hər yerində olduğu kimi, respublikamızda da mövcud olan ekoloji bumeranqın (insanların təsərrüfat və digər fəaliyyəti zamanı düşünülmədən təbiətə göstərdiyi antropogen təsirlər nəticəsində yaranan neqativ ekoloji fəsadlar, insanların proqnozunu nəzərə almadan adaptasiya olunduğu məhvedici adətlər, özləri üçün "ölüm hökmü" verməsi) qarşısının alınması təbiətin və onun sərvətlərinin, bütövlükdə isə bütün bəşəriyyətin mühafizəsində həyati vacib amillərdən biridir. Əlbəttə, dövlət səviyyəsində təbiətin qorunması sahəsində çox ciddi tədbirlərin həyata keçirilməsinə baxmayaraq, əhalinin ekoloji sivilizasiyası və mədəniyyəti hələ də günün tələbləri ilə uzlaşmır və ekoloji bumeranq yenə də davam edir. Zənnimizcə, bunun ən ümdə səbəbi əhalidə ekoloji şüurun, mədəniyyətin, psixologiyanın, dünyagörüşün sivilizasiya səviyyəsində formalaşmamasıdır. Əhalinin, ictimaiyyətin ekoloji mədəniyyətinin müasir tələblər səviyyəsində formalaşması ölkədə ekoloji cəmiyyətin bərqərar olmasının ən əsas təminatçısıdır.

Ölkəmizdə əhalinin və ictimaiyyətin ekoloji mədəniyyətinin formalaşmasında beynəlxalq və regional miqyaslı layihələrin həyata keçirilməsi üçün çoxlu sayda qrantların verilməsi ekoloji cəmiyyətin və mədəniyyətin - sivilizasiyanın təşəkkül tapması üçün ən başlıca amil kimi dəyərləndirilməlidir. Ekoloji sivilizasiya mahiyyət etibarı ilə ətraf mühitə, onun əsas amillərinə (hava, torpaq, su, flora, fauna və s.) neqativ və antropogen amillərin qarşısının alınması, təbii resurslardan düzgün və məqsədyönlü istifadə olunması, qorunub saxlanması və gələcək nəsillərə təhvil verilməsindən ibarətdir. Dünyanın inkişaf etmiş və inkişafda olan bütün ölkələrində olduğu kimi, respublikamızda da bu məsələ dövlət siyasətinin əsas tərkib hissələrindən biridir. Prezident İlham Əliyev 2010-cu ili ölkəmizdə "Ekologiya ili" elan etmişdir. "Ekologiya ili" ölkəmizin bütün alimlərinin KİV vasitəsilə əhalinin ekoloji maarifləndirilməsinə müvafiq kömək göstərməsini, ona çox böyük önəm verilməsini tələb edir.

 

 

Eldar HÜSEYNOV,

ADAU-nun "Ekologiya

və meşə mühəndisliyi"

kafedrasının müəllimi,

professor, Ekologiya

Mükafatı Laureatı

 

Azərbaycan.- 2010.-  2 aprel.- S.  6.