Varaqlanan söz kitabı
Azərbaycan Yazıçılar Birliyində Beynəlxalq Rəsul Rza mükafatı laureatı, şair-publisist və tədqiqatçı Teyyub Qurbanın "Həqiqət olduğu kimi" kitabının təqdimatı keçirildi. Eyni zamanda, M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Teyyub Qurbanın ötən əsrin 50-ci illərindən bəri ədəbi yaradıcılığını əks etdirən "Teyyub Qurban. Biblioqrafiya" adlı biblioqrafik göstəricisi də oxuculara təqdim olundu.
M.Ə.Sabir adına Mədəniyyət evi və Ü.Hacıbəyli adına Kütləvi Kitabxananın təşkilatçılığı ilə şair-publisist Teyyub Qurbanın doğulduğu Bülbülə qəsəbəsində yubiley tədbirii keçirildi.
Həmin gün mədəniyyət evinin foyesində şair- publisist Teyyub Qurbanın "Düşmənlərindən güclü şəxsiyyət" adlı kitabı oxuculara təqdim olundu.
Tədbiri giriş sözü ilə M.Ə.Sabir adına Mədəniyyət evinin müdiri Cavad Səlimov açdı.Ü.Hacıbəyli adına Kütləvi Kitabxananın direktoru Şamo Orucov şair-publisist Teyyub Qurbanın həyat və yaradıcılığı haqqında məlumat verdi. Mədəniyyət evinin "Üfüq" poeziya teatrının balaca üzvləri yubilyarı gül-çiçəklə təbrik edərək, şairin yazdığı şeirlərdən və "Bülbülə" poemasından parçalar söylədilər.
Tədbirdə 1993-cü ildə Azərbaycan Dövlət Gənclər Teatrı tərəfindən T.Qurbanın "Yaşayan ömür" pyesi əsasında hazırlanan tamaşanın video çəkilişindən fraqmentlər də nümayiş olundu.Yubileydə çıxış edən natiqlər ömrünün 75-ci baharına daxil olan şair, publisist və dramaturq Teyyub Qurbanı təbrik edərək, ona daha böyük yaradıcılıq uğurları arzuladılar.
Görüşün sonunda Teyyub Qurban çıxış edərək tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Şairin varaqlanan söz kitabından hamıya pay düşdü. O gün bütün bülbüləlilər öz həmyerlilərinin yaradıcılıq uğurlarından xüsusi qürur duydular.
Təranə CƏBİYEVA
Azərbaycan.- 2010.- 2 may.- S.
7.