Bahar təravətli toplu

 

Sənət və sənətkar barəsində söz açmağın məsuliyyətini duyanların yaratdıqları həmişə sənət əsərinə çevrilib. Oxuculara yenicə təqdim olunan "Mənim könlüm deyir kiE" kitabından aldığım təəssürat belədir: ciddi sənət və məsuliyyətli sənətkarlar haqqında ancaq ciddi yazılar yazılar. Qeyri-ciddiliyin nə sənətə, nə də sənətkara aidiyyəti var.

Sənətlər içərisində xüsusilə seçilən, xalqımızın milli-mənəvi sərvətlərinin qorunub saxlanmasında digərlərindən fərqlənən, bir "sənət boxçası" kimi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə yadigar qalan incəsənətin bütün növlərində yaşayır tariximiz, mədəniyyətimiz, folklorumuz, dilimiz, musiqimiz, ruhumuzun laylaları - muğamımız, Dədə Qorqudumuzun yaddaşı qədər zəngin və ulu saz-söz yadigarları.

"YUNİSEF" və "Qızıl qələm" mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Rafiq Salmanovun 60 yaşının hesabatı kimi də təqdim olunan "Mənim könlüm deyir kiE" toplusunun ünvanı da milli musiqimizdir. Müəllifin qəhrəmanları, son 20 ildə qələmi və fotoaparatının obyektivi ilə təqdim etdiyi sənətkarlar xalqımızın milli musiqi sənətini yaşadanlar, ona öz ruhları ilə yeni nəfəs verən, sevdirən korifeylərdəndir. Bundan başqa, həmin yazılarda incəsənətlə bağlı həyatın on illərini əhatə edən mənzərəsi də canlanır.

Zaman-zaman sənət insanı sənətkar etdiyi kimi, sənətkar da sənəti zirvəsinə layiq qoruyub, sevdirib. Əlbəttə, söhbət sözün əsl mənasında, sənətkar olanlardan gedir. Bu mənada "Mənim könlüm deyir kiE" kitabının öz dəyəri var. Müəllifin uğuru ondadır ki, o, xalqımız tərəfindən sevilən sənətkarlarla ünsiyyət qurub, onların bir insan və sənətkar olaraq portret cizgilərini cızmaq üçün fərdi xarakter xüsusiyyətlərini öyrənə bilib, yəni, pərdəarxası yaşantıların canlı şahidinə çevrilib, ona görə də qələmə aldığı hər bir portret oçerk orijinallığı ilə seçilir. R. Salmanov xoşbəxt sənətkarlardandır ki, oxucularına verdiyi hesabat zəngin faktlarla cilalanıb. Bu yazılar qələmə alınarkən Fatma Mehrəliyeva, İslam Rzayev, Əlağa Quliyev, Mais Salmanov və sadalamadığımız neçə-neçə sənətkar ömrü yaşayanlar həyatda idilər. Doğrudur, onlar bu gün aramızda deyillər, lakin sənətkar olaraq yaşayır və bir ölməzlik ömrü qazanmışlar. Əlbəttə, bu, sənətin və sənətkarlığın insanlara bəxş etdiyi xoşbəxtlikdir.

Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Səyavuş Kəriminin təbirincə desək, dahilərdən biri musiqini "bəşəriyyətin universal dili" adlandırıb: "EHər bir xalqın dili onun ağlını, musiqisi isə ruhunu ifadə edir. Ağıl düşüncə yaradır, sözə çevrilir, ruh isə duyğuları oyadır, musiqiləşir. Ağılla ruh insanın mənəvi aləminin qoşa qanadı olduğundan, hər birimizi məkandan-məkana, zamandan-zamana vəhdətdə aparır. Onlar nəinki bir yerdə mövcuddur, hətta biri o birinə nüfuz edir: söz musiqiyə məna gətirir, musiqi sözə gözəl bir libas geyindirir".

Mərhum şairimiz Əli Kərim isə bu ülvi təmasda, sanki dirilik iksiri tapmışdı: "Şeirlə musiqinin möcüzəsiylə ayılmağa çox dəli bir ümidim var".

Kitabın bütün məziyyətləri barədə geniş bəhs etmək ehtiyacı duyulmasa da, bəzi məqamların üstündən keçmək günah olardı. Onlardan biri də mədəni-tarixi prosesin ən tanınmış, istedadlı iştirakçılarının yaşlı, orta və gənc nəslin nümayəndələrinin çağdaş oxucuya bütöv təqdim edilməsi müəllifin onların bioqrafiyasına, rəngarəng sənət aləminə bələdçiliyidir.

Digər müəlliflərdən fərqli olaraq, R. Salmanov burada qələminin deyil, fotoaparatının obyektiv baxışları ilə də "dil açıb", musiqi sənətini sənətkarcasına yaşadanları yaşadıb, duyğularının, səslərinin işığına yazdıqları ilə onları oxucusuna təqdim edib. Professional sənətkarın yaratdığı əsl sənət əsəri olan bu topluda Azərbaycanın musiqili dünyasının zirvələşmiş korifeyləri sanki bir ocaq başına toplaşıb. Hər bir portret oçerkin özəlliyi ondadır ki, müəllif qəhrəmanlarının izi ilə sənət dünyasını dolaşır, onların ən kiçik, gözlə görünməyən hisslərini duyur və qələmə alır.

Müəllifin bundan əvvəl də oxucularla görüşə gəldiyi "Sizi məndən soruşsalar" və "El sevsə sənətkarı"nda olduğu kimi, "Mənim könlüm deyir kiE" kitabı da dünyaya səpələnmiş, unudulmağa layiq olmayan sənət incilərinin zərrə-zərrə toplanması nöqteyi-nəzərdən təqdirəlayiqdir. Burada söhbət adı Üzeyir bəy Hacıbəyli ilə qoşa çəkilən Teyyub Dəmirovdan, səsində və nəfəsində Qarabağımızın, onun Bülbülünün, Xan əmininE nəfəsini, zəngulələrini qoruyub saxlayan, yaradıcılığı bir musiqi akademiyası qədər zəngin olan Arif Babayevdən, "Məni yada salsanaE" istəyi ilə ruha çevrilən ağ səsli Qulu Əsgərovdan, hər yaşın öz nəğməsi olduğunu anladan İslam Rzayevdən, xoşbəxtliyini və gözəlliyini gözlərində qoruyan Elmira xanım Rəhimovadan, tarın ömründən tarzənə qalanları axtaran, Sadıqcanın tarını Əhməd Bakıxanovdan müqəddəs hədiyyə kimi yadigar saxlayan Sərvər İbrahimovdan, səhnədən tez uzaqlaşsa da, xalqının qəlbində əbədiləşən, "Yetim segah"la sanki taleyini dilə gətirən Fatma xanım Mehrəliyevadan, zümzüməsi bulaq suyu kimi könülləri sərinlədən, Şövkət xanım Ələkbərovadan, kamanının titrək tellərində sənət kamına çatan Habil Kamandan, "Ömür deyir qocalmışam, ürək deyir yaşa hələ" eşqi ilə insanlara yaşamaq eşqi, həvəsi aşılayan Əlibaba Məmmədovdan, çox haqlı olaraq özünü daim dünyanın xoşbəxti sayan Zeynəb Xanlarovadan, bir sözlə, özlərini sənətdə deyil, sənəti özlərində yaşadan neçə-neçə sənət korifeyindən bəhs edən bitkin bir əsərdən gedir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.-  2 may.- S.  7.