Azərbaycan Prezidenti İlham Əliyev İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev İran İslam Respublikasının daxili işlər nazirinin Azərbaycana səfərinin uğurlu olacağına və bu səfərin ölkələrimiz arasında mövcud olan dostluq, qardaşlıq münasibətlərinə yeni təkan verəcəyinə əminliyini bildirdi. İran İslam Respublikası daxili işlər nazirinin böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etməsini münasibətlərimizin yaxşı göstəricisi kimi qiymətləndirən dövlət başçısı ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu dedi.

İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccar Prezident Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycana bundan əvvəlki səfərlərini məmnunluqla xatırlayan Mustafa Məhəmməd Nəccar başçılıq etdiyi nümayəndə heyətində onu İran İslam Respublikasının Azərbaycan ilə həmsərhəd olan 4 ostanının valilərinin müşayiət etməsini səfərə verilən önəmin təzahürü kimi dəyərləndirdi.

Dövlətimizin başçısı İran Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 4 may.- S.  1.