“Azərkosmos”
Açıq Səhmdar
Cəmiyyətinin təsis
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında” 2008-ci il 4 noyabr tarixli 27
nömrəli Sərəncamının və 2009-cu il 17 avqust
tarixli 443 nömrəli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan
Respublikasının telekommunikasiya peykinin orbitə
çıxarılması, idarə olunması və istismar
işlərinin həyata keçirilməsini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikası Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə
çıxarılması, idarə edilməsi və
istismarı işlərinin həyata keçirilməsi məqsədi
ilə səhmləri dövlətə məxsus “Azərkosmos”
Açıq Səhmdar Cəmiyyəti təsis edilsin.
2. “Azərkosmos”
Açıq Səhmdar Cəmiyyətində (bundan sonra - Cəmiyyət)
ümumi yığıncağın səlahiyyətlərinin
həyata keçirilməsi aşağıdakı dövlət
orqanlarına həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə:
2.1.1. Cəmiyyətin
Nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə
kapitalının miqdarının müəyyən edilməsi;
2.2. Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə:
2.2.1. Cəmiyyətin
inkişaf istiqamətlərinin müəyyən edilməsi;
2.2.2. Cəmiyyətin
nümayəndəlik və filiallarının, həmçinin
tabeliyində olan hüquqi şəxs statuslu qurumların rəhbərlərinin
vəzifəyə təyin və vəzifədən azad edilməsinə
razılıq verilməsi;
2.2.3. Cəmiyyətin
illik hesabatlarının, mühasibat balanslarının, mənfəət
və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin
və zərərinin bölüşdürülməsi;
2.2.4. Cəmiyyətin
xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən
artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli
əqdin) bağlanmasına razılıq verilməsi;
2.2.5. Cəmiyyətin
işçilərinin say həddinin və xərclər
smetasının təsdiq edilməsi;
2.2.6. Cəmiyyətin sədr
müavinlərinin vəzifəyə təyin və vəzifədən
azad edilməsi.
2.3. Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsinə:
2.3.1. Cəmiyyətin
nümayəndəlik və filiallarının
yaradılması və ya ləğv edilməsinə,
tabeliyində olan hüquqi şəxs statuslu qurumların
yaradılması, yenidən təşkili və ya ləğv
edilməsinə razılıq verilməsi;
2.3.2. bu Sərəncamda
qeyd olunanlar istisna olmaqla, Azərbaycan Respublikasının
Mülki Məcəlləsi ilə ümumi
yığıncağın səlahiyyətlərinə aid
edilmiş digər məsələlərin həll edilməsi.
3. Müəyyən
edilsin ki, Cəmiyyətin sədrinin vəzifəyə təyin
və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən
təşkili və ləğvi məsələlərinin həll
edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən
həyata keçirilir.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə tapşırılsın ki:
4.1. Cəmiyyətin
Nizamnaməsini və strukturunu Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla
iki ay müddətində təsdiq etsin;
4.2. Telekommunikasiya
peykinin istehsalı və orbitə çıxarılması, əsas
və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin
yaradılması və beynəlxalq tələblərə
uyğun tikintisi üçün qaytarılmaq şərti ilə
növbəti illərin Azərbaycan Respublikasının
dövlət büdcəsinin layihəsində müvafiq vəsaitin
nəzərdə tutulmasını təmin etsin;
4.3. Azərbaycan
Respublikasının telekommunikasiya peyki orbitə
çıxarılanadək, Cəmiyyətin saxlanma xərclərinin
maliyyələşdirilməsinin dövlət büdcəsinin
vəsaiti hesabına həyata keçirilməsini təmin
etsin;
4.4. Əsas və ehtiyat
Yerüstü Peyk İdarəetmə Mərkəzinin tikintisi
üçün Cəmiyyətə müvafiq torpaq sahəsinin
ayrılması üçün iki ay müddətində zəruri
tədbirlər görsün;
4.5. bu Sərəncamdan
irəli gələn digər məsələləri həll
etsin.
5. Azərbaycan
Respublikasının Vergilər Nazirliyi və Azərbaycan
Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi öz səlahiyyətləri daxilində Cəmiyyətin
dövlət qeydiyyatına alınması üçün zəruri
tədbirləri həyata keçirsinlər.
6. Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinə tapşırılsın ki, Azərbaycan
Respublikasında kosmik fəaliyyət sahəsində
elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni
öyrənmək, bu sahədə dövlət siyasətinin
həyata keçirilməsinə dair müvafiq tədbirlərin
görülməsində iştirak etmək və həmin sahənin
inkişafı ilə bağlı təklifləri
hazırlamaq məqsədi ilə müvafiq Şura
yaratsın.
7. Cəmiyyətə
tapşırılsın ki, bu Sərəncamın 4.2-ci bəndinə
uyğun olaraq ayrılmış vəsaitin qaytarılması
məqsədi ilə xüsusi yığım fondu yaratsın
və telekommunikasiya peykinin xidmətindən əldə olunan
vəsaitin həmin fonda toplanmasını və Azərbaycan
Respublikasının dövlət büdcəsinə
qaytarılmasını təmin etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
3 may 2010-cu il.
Azərbaycan.- 2010.- 4 aprel.- S. 1.