Heydər Əliyev və Azərbaycanın
milli təhlükəsizlik siyasəti
XX əsrin sonunda müstəqillik əldə etməsi Azərbaycanın həm dövlət quruluşunda əsaslı dəyişikliklərin həyata keçirilməsini, yeni sosial-iqtisadi və ictimai-siyasi münasibətlərin formalaşmasını şərtləndirdi, həm də ona davamlı olaraq öz təhlükəsizliyinin qayğısına qalmaq kimi daimi bir məsuliyyət bəxş etdi. Müstəqil dövlətçilik maraqlarının təmin edilməsi tələbləri, yeni geosiyasi aktorlarla birbaşa ünsiyyətin yaranması, tamamilə fərqli bir təhlükəsizlik mühitinə daxil olması, iqtisadi, ictimai, siyasi münasibətlərin demokratiya, vətəndaş cəmiyyəti, bazar iqtisadiyyatı yoluna çıxması və s. yeniliklər Azərbaycanda şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinə dair yeni-yeni yanaşmaların, proqram və konsepsiyaların yaradılması zərurətini ortaya çıxardı. Bütün bunlar Azərbaycan hökumətini və onun müvafiq məsul şəxslərini ölkənin milli maraqlarının və təhlükəsizliyinin əsas vəzifə və tələblərinə uyğun gələn Milli Təhlükəsizlik Konsepsiyasını (MTK) formalaşdırmağa məcbur etdi.
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin nəzəri əsaslarını müəyyən edən təhlükəsizlik konsepsiyasının ərsəyə gəlməsi və təhlükəsizlik siyasətinin tam formalaşdırılması üçün ölkənin müvafiq qurumlarına düz 15 il lazım gəldi. MTK-nın qəbul olunmasından əvvəl Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2004-cü ildə "Milli təhlükəsizlik haqqında" qanun qəbul olunmuş və respublika Prezidentinin 2004-cü il 29 iyun tarixli sərəncamı ilə təsdiq olunmuşdur.
Bu qanun özündə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin milli təhlükəsizlk təliminin və siyasətinin əsas prinsiplərini, məqsəd və vəzifələrini əks etdirmiş və gələcək MTK-nın yaradılmasını şərtləndirmişdir.
Milli Təhlükəsizlik Konsepsiyası ölkənin milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində uzunmüddətli strateji vəzifə və prioritetləri özündə əks etdirən konseptual sənəd hesab olunur. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycan Prezidentinin 2007-ci il 23 may tarixli sərəncamı ilə təsdiq olunmuş və fəaliyyət üçün əsas götürülmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyev ölkənin milli maraqlarla bağlı dövlət siyasətini formalaşdırarkən bir çox iqtisadi, siyasi, ideoloji, coğrafi, mədəni və digər amilləri, daxili siyasi maraqları, müxtəlif milli, etnik, sosial-siyasi və s. qüvvələrin mənafelərini, beynəlxalq aləmin mümkün reaksiyalarını, ulu öndər Heydər Əliyevin təhlükəsizliklə bağlı zəngin nəzəri irsini nəzərə alaraq, ölkə vətəndaşlarının milli iradəsini və dövlətin ali təhlükəsizlik maraqlarını rəhbər tutmuşdur.
Girişdən, dörd bölmədən və yekun müddəalardan ibarət olan MTK XXI əsrdə ölkənin milli maraqlarının təmin olunması ilə bağlı hakimiyyət strukturlarının bəzi fəaliyyət istiqamətlərini müəyyən edir və milli təhlükəsizlik sahəsində dövlət siyasətinin normativ-hüquqi bazasını təkmilləşdirir.
Azərbaycan Respublikasının müstəqilliyə qovuşduqdan sonra - 1991-ci ildən başlayaraq milli təhlükəsizliyinin əsas məqsədləri, milli maraq çərçivəsinin müəyyən edilməsi və təmin olunması, milli təhlükəsizlik siyasətinin vəzifələrinin, mexanizmlərinin, metod və vasitələrinin tapılması və s. haqqında müxtəlif dövlət qurumları səviyyəsində, akademik dairələrdə və ictimai-siyasi institutlarda rəsmi və qeyri-rəsmi müzakirələr başlandı. Əlbəttə, milli inkişaf strategiyasının, milli maraq dairəsinin, ölkənin təhlükəsizliyinin əsaslarının müəyyən olunması və lazımi səviyyədə təşkili, onun təhlükəsizlk çərçivəsinin, geosiyasi kodunun yaradılması və milli təhlükəsizlik siyasətinin həyata keçirilməsi və s. mühüm dövləti vəzifələrin həlli - yenicə müstəqillik qazanmış və milli təhlükəsizlik sistemi hələ kifayət qədər möhkəmlənməmiş bir dövlət üçün düşünüldüyü qədər də asan iş deyildi.
Qeyd edək ki, keçmiş Sovetlər Birliyinin dağılması bir çox nəzəri-hüquqi anlayışlarda olduğu kimi, "təhlükəsizliyin təmin olunması" ifadəsinə də əsaslı düzəlişlər etdi. Məlum oldu ki, ümumiyyətlə "təhlükəsizlik" anlayışı mürəkkəb sosial hadisə kimi konkret-tarixi xarakter daşıyır və "təbiət-insan-cəmiyyət" sistemində qarşılıqlı təsirin digər formaları və istiqamətləri ilə sıx bağlıdır.
Dövlətin
təhlükəsizlik siyasətinin əsas məqsədi
xarici aləmlə təmas zamanı ölkənin həyati əhəmiyyətli
milli maraqlarını qorumaq və yüksək səviyyədə
təmin etməkdən ibarətdir. Dövlətin
milli maraqları, milli təhlükəsizliyi və planetar
nüfuzu həm beynəlxalq hüququn subyekti kimi dünyada nəzərə
alınır, beynəlxalq qurumlar tərəfindən qorunur, həm
də dövlətin özünün daxili və xarici
resurslarının köməyi ilə təmin olunur.
Təhlükəsizlik siyasətinin əsas məqsəd
və vəzifələri
Azərbaycan dövlət müstəqilliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, vətəndaşlarının hüquqlarının, cəmiyyətinin milli və vətəndaş birliyinin, ölkənin sabit inkişafının tələb etdiyi ən ümdə dövləti vəzifələr və onların təminatı yolları, mövcud milli resursların bu işə səfərbər edilməsi proqramı və bəhs olunan sahədə məsuliyyətli dövlət idarəçiliyinin yaradılması onun milli təhlükəsizlik siyasətinin ən ali məqsədini təşkil edir.
Hər bir dövlət kimi Azərbaycan da xaricdən müdaxilə olmadan öz dövlət idarəçiliyini yaratmaq, onun strateji inkişaf yolunu seçmək, ölkənin konstitusiya quruluşunun, daxili həyatının, cəmiyyətin və hər bir vətəndaşın təhlükəsizliyini, əhalinin firavan həyatını təmin etmək, milli- vətəndaş birliyini və ictimai-siyasi sabitliyi qorumaq və s. kimi strateji vəzifələr həyata keçirir. Bu vəzifələrin reallaşdırılması onun milli təhlükəsizliyinin ikinci əsas məqsəd və vəzifəsini təşkil edir.
Milli təhlükəsizlik siyasəti beynəlxalq hüquq normalarına, ölkə konstitusiyasına, daxili qanunlara və prinsiplərə, insanların, cəmiyyətin və dövlətin maraqları arasında tarazlığın gözlənməsinə, həmin tərəflərin qarşılıqlı məsuliyyətinə əsaslanmalıdır. Mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycan Respublikası müstəqilliyə qovuşduğu andan hüquqi və dünyəvi dövlət, demokratik cəmiyyət və siyasi plüralizm yolunu öz inkişafının və konstitusiya quruluşunun əsası elan edərək, bölgə ölkələri ilə sülh və mehriban qonşuluq şəraitində, dünyanın qabaqcıl siyasi, iqtisadi və təhlükəsizlik sistemləri ilə bərabərhüquqlu əməkdaşlıq etmək və bu strukturlara inteqrasiya olunmaq xətti yürüdür. Bu vəzifələr Azərbaycandan həm öz daxili təhlükəsizliyini təmin edən, həm də regionun və dünyanın güc mərkəzləri, geosiyasi aktorları, transmilli strukturları ilə münasibətlərə dair xüsusi düşünülmüş və ardıcıl həyata keçirilən Milli Təhlükəsizlik Konsepsiyasının reallaşdırılmasını tələb edirdi. Bu konsepsiyanın yaradılması və ondan irəli gələn məsələlərin həlli ölkənin milli təhlükəsizlik siyasətinin digər əsas məqsəd və vəzifələrindən birini təşkil edirdi.
Azərbaycanın xarici siyasətinin və geosiyasi hədəflərinin müəyyənləşməsində milli təhlükəsizlik məsələləri aparıcı yer tutur və onun əsas prioritetlərini təşkil edir. Bundan irəli gələrək ölkənin milli təhlükəsizliyin təmin olunması, suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanması, dünya birliyində nüfuzunun möhkəmlənməsi də onun həm xarici siyasətinin, həm də milli təhlükəsizliyinin əsas prioritet istiqamətlərindən və məqsədlərindən birini təşkil edir.
Milli təhlükəsizlik siyasəti təkcə ölkənin məxsusi maraqları və onların təmin edilməsi ilə deyil, həm də yerləşdiyi regionda və dünyada təhlükəsizlik mühitinin yaxşılaşmasına xidmət göstərməlidir. Bu anlamda Azərbaycanın təhlükəsizlik siyasətinin məqsədi və istiqamətləri sırasına həm də sabit, ədalətli və demokratik dünya mühiti naminə beynəlxalq proseslərə müsbət təsir göstərmək, dövlətlər arasında bərabərhüquqlu, qarşılıqlı-faydalı əməkdaşlıq münasibətlərinə töhfə vermək, milli mənafelərin təmin olunması məqsədilə dövlətlərlə və dövlətlərarası birliklərlə üst-üstə düşən ortaq maraqlar tapmaq və bunun əsasında ikitərəfli, çoxtərəfli tərəfdaşlıq münasibətləri formalaşdırmaq kimi məsələlər də daxildir.
Müasir beynəlxalq aləmdə Azərbaycanı dinamik inkişaf edən, insan hüquq və azadlıqlarını qoruyan, sosial yönlü siyasət yürüdən, bazar iqtisadiyyatı və liberal biznes mühiti qaydalarına hörmətlə yanaşan, sabit iqtisadi, siyasi, sosial, milli, dini və vətəndaş cəmiyyətinə malik olan və tam müstəqil xarici siyasət yürüdən demokratik bir dövlət kimi tanıtmaq yolu ilə, onun vətəndaşlarının və xaricdə yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək və s. milli maraqları reallaşdırmaq mümkündür. Odur ki, ölkənin müsbət beynəlxalq imicinin formalaşdırılması vəzifəsi də milli təhlükəsizliyin və xarici siyasətin əsas istiqamətlərindən hesab olunur.
Təbii ki, müasir dünyada baş verən fundamental və dinamik dəyişikliklər Azərbaycan Respublikasından və onun vətəndaşlarının maraqlarından yan keçmir. Buna görə də ölkəmizin milli təhlükəsizlik və xarici siyasəti beynəlxalq aləmdə baş verən hadisələrin axarını və transmilli qloballaşma prosesinin xüsusiyyətlərini nəzərə almalı və bu sahədə mövcud olan bütün vasitələrdən istifadə etməlidir. Məsələn, Azərbaycan hesab edir ki, XXI əsrdə beynəlxalq münasibətlərin tənzimlənməsinin və münaqişələrin həllinin koordinasiya mərkəzi BMT olmalıdır. Odur ki, beynəlxalq aləmdə baş verən siyasi və iqtisadi dəyişikliklərə məqsədyönlü şəkildə adaptasiya olunması məqsədilə, BMT-də rasional islahatların aparılmasını ölkəmiz daim dəstəkləməlidir. Yaxud da, Azərbaycan bir çox nüfuzlu beynəlxalq və regional təşkilatların üzvü kimi dünyanın aparıcı dövlətləri ilə münasibətləri inkişaf etdirir, dünya iqtisadiyyatına və siyasətinə sürətlə inteqrasiya olunur, Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq münasibətlərin arxitekturasının formalaşmasına həlledici təsir göstərir. Eyni zamanda ölkəmiz həm milli, həm də beynəlxalq təhlükəsizliyin təmin olunması üçün bərabərhüquqlu qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan sabit dünya nizamının mövcud olmasına çalışır. Çünki, bu halda dünya birliyinin hər bir üzvünün siyasi, hərbi, iqtisadi, informasiya, humanitar və digər sahələrdə etibarlı və bərabər təhlükəsizliyini təmin etmək mümkündür.
Milli təhlükəsizliyin əsasları
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin əsasını dövlətin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, milli maraqlarının, vətəndaşlarının hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması və təmin edilməsi təşkil edir.
Milli təhlükəsizliyin əsas obyektlərinə vətəndaş - onun hüquq və azadlıqları, cəmiyyət - onun maddi və mənəvi dəyərləri, dövlət - onun müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü daxildir.
Milli təhlükəsizliyin əsas subyektlərinə isə insanların, cəmiyyətin və dövlətin təhlükəsizliyi maraqlarının və tələbatlarının təmin edilməsi məqsədilə yaradılmış dövlət hakimiyyəti orqanları və digər təhlükəsizlik institutları aid edilir.
Təhlükəsizlik mühiti və
beynəlxalq imic
Hər bir ölkənin milli təhlükəsizlik siyasətinin effektivliyi və müvəffəqiyyəti ölkənin təhlükəsizlik mühitindən və beynəlxalq imicindən asılıdır. Dövlətin suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqlarının təminatı, davamlı inkişafı, vətəndaşlarının sosial-siyasi hüquqlarının və rifah halının təmin olunması və milli-mənəvi dəyərlərinin qorunmasına təsir edən əsas amillər məhz təhlükəsizlik mühiti və beynəlxalq imicdir.
Azərbaycan müstəqil bir dövlət olaraq beynəlxalq hüququn subyekti kimi, müasir dünyanın bir hissəsidir; BMT, ATƏT, Avropa Şurası, İKT, MDB, GUAM, EKO, TDB və s. kimi böyük və kiçik beynəlxalq, regional təşkilatların üzvüdür. Siyasi, sosial-mədəni baxımdan nüfuzlu beynəlxalq strukturlara hərtərəfli inteqrasiya xətti yürüdür, çoxsaylı beynəlxalq konvensiyalara qoşulmuşdur. Bütün bunlar həm onun təhlükəsizlik mühitinə, həm də beynəlxalq imicinin müəyyənləşməsinə bilavasitə təsir göstərir.
Azərbaycan mühüm coğrafi və geosiyasi əhəmiyyəti olan bir regionda yerləşir. Onun tutduğu geosiyasi, geoiqtisadi və geostrateji mövqe, yürütdüyü daxili və xarici siyasət dünyanın və regionun aparıcı dövlətlərinin maraqlarına toxunur və onların diqqətindən kənarda qalmır. Bu reallıq həm bölgənin, həm də ölkənin daxili təhlükəsizlik mühitinə birbaşa təsir göstərir. ABŞ və Qərbi Avropanın böyük ölkələri, regionun Rusiya, Çin, Türkiyə, İran kimi böyük dövlətləri və b. geosiyasi aktorlar Cənubi Qafqazda, Orta Asiya və bütövlükdə Avrasiyada öz maraqları çərçivəsində fəal geosiyasət reallaşdırır ki, bu da Azərbaycanın həm regional, həm də beynəlxalq maraqlarından yan keçmir.
Azərbaycanın hərbi-geostrateji durumu, bu sahədə yürütdüyü siyasət və atdığı addımlar həm Qərbin, xüsusilə ABŞ, AB və NATO-nun, həm də Rusiya, İran və Çin kimi region ölkələrinin diqqət mərkəzində dayanır. Regionun Rusiya, İran və Türkiyə kimi güclü ölkələri ilə həmsərhəd olması, dünyada və bölgədə balanslı, tarazlaşdırılmış xarici siyasət aparması, heç bir hərbi-strateji bloka üzv olmaması, əksər ölkələrlə tərəfsiz əməkdaşlıq etməsi və s. geosiyasi addımları onun təhlükəsizlik mühitinə və beynəlxalq imicinə təsirsiz ötüşmür. Bu mənada Azərbaycanın davamlı olaraq müstəqillik illərində yürütdüyü dinc tətəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq siyasəti ona "regionda geosiyasi gərginliyi azaldan və bərabərhüquqlu əməkdaşlıq mühiti yaradan konstruktiv dövlət" imici qazandırmışdır. Bu amil dünya birliyində ölkəmizə etibarlı və sözübütöv tərəfdaş imici qazandırmış, Xəzər hövzəsi və Cənubi Qafqazda onun reallaşdırdığı transmilli layihələrə diqqəti artırmış və bölgədəki geosiyasi roluna ciddi maraq yaratmışdır.
Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik olması və öz milli sərvətlərini insanların rifahı, dünyada sülhün və iqtisadi inkişafın təmin olunması naminə istifadə etməsi, bəşəriyyətin XXl əsrdə artan enerji və nəqliyyat-kommunikasiya ehtiyaclarını təmin etmək məqsədi güdən nəhəng transmilli enerji layihələrinin əsas təşəbbüskarı olması onun müsbət imicini yüksəltmiş və dünyanın əsas güc mərkəzlərinin diqqətini ona cəlb etmişdir. "Əsrin müqaviləsi" çərçivəsində 1994-cü ildən etibarən çoxsaylı xarici tərəfdaşlarla birgə Azərbaycan Xəzər dənizində özünün zəngin neft və qaz yataqlarının istismarına başladı. ABŞ, Böyük Britaniya, Fransa, Norveç, Türkiyə, İtaliya, Yaponiya, Rusiya, Səudiyyə Ərəbistanının nəhəng şirkətləri ilə neft və qaz müqavilələri bağladı və transmilli enerji layihələri reallaşdırıldı.
Bütün bunlarla yanaşı, Azərbaycanın bir çox əhəmiyyətli enerji, nəqliyyat-kommunikasiya və tranzit yükdaşıma - Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizi (TRASEKA və Böyük İpək yolu), Bakı-Tbilisi-Qars dəmiryolu və s. layihələrində iştirakı onun nəinki təkcə regiondakı geoiqtisadi əhəmiyyətini artırdı, həm də beynəlxalq enerji-nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rolu olan ölkələrdən birinə çevirdi. Məsələn, mərkəzində Azərbaycanın dayandığı TRASEKA layihəsinin Hindistandan və Çindən başlayaraq Portuqaliya və İspaniyaya qədər böyük bir coğrafi ərazidə yerləşən Avropa və Asiya dövlətlərini, Cənub-Şərqi Asiyadan Avropa İttifaqına qədər nəhəng iqtisadi güc mərkəzlərini əhatə etməsi və ən əlverişli marşrutla birləşdirməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına böyük töhfə oldu. Lakin ölkəmizin yerləşdiyi əhəmiyyətli coğrafi və geomühit ona mühüm geosiyasi üstünlüklər və arzuolunan tərəfdaş imici qazandırmaqla yanaşı, həm də ona ciddi rəqiblər qazandırdı, bir sıra özünəməxsus təhlükəsizlik problemləri və təhdidləri ilə üzləşdirdi.
Azərbaycan Respublikasının
milli maraqları və onun çərçivəsi
Azərbaycan Respublikasının əsas inkişaf prioritetləri ilk növbədə onun milli maraqlarının formalaşması və təmin olunması ilə bağlıdır. Müasir dövrdə ölkələrin milli inkişaf tələbləri onların daxili və xarici siyasətini - sosial-iqtisadi və siyasi-hüquqi inkişafının vəzifələrini və səviyyəsini, respublikanın coğrafi və geosiyasi mövqeyini, milli-tarixi ənənələrinin qorunmasını və inkişaf etdirilməsini, dövlətin suverenliyinin və milli təhlükəsizliyinin təmin olunmasını və s. çoxsaylı vəzifələrin həyata keçirilməsini tələb edir. Bütün bunlar öz əksini geosiyasət elminin "milli maraq" kateqoriyasında tapır.
Milli maraqlar öz məzmununa görə ictimai maraqlardan bir qədər fərqlənir. Belə ki, ictimai maraqlar dövlətin daxili siyasətini müəyyənləşdirən qanunlar sistemi ilə bağlıdır və onunla tənzimlənir. Milli maraqlar isə əsasən dövlətin xarici siyasət sahəsinə aiddir və beynəlxalq aləmlə təmasda onun rəsmi fəaliyyətinin əsasını təşkil edir. Lakin bu fərqlərə baxmayaraq hər bir ölkənin ictimai və milli maraqları bir-birini tamamlayır. Çünki həm beynəlxalq aləmin və ölkələrarası münasibətlərin təsiri ictimai maraqlardan yan keçmir, həm də milli maraqlar ölkədəki sosial-iqtisadi vəziyyətdən, ictimai-siyasi sabitlikdən və mənəvi-əxlaqi mühitin sağlamlığından bilavasitə asılı olur. Keçid dövrünü yaşayan ölkələrdə isə ictimai və milli maraqlar arasındakı qarşılıqlı təsir və birbaşa bağlılıq özünü daha qabarıq şəkildə büruzə verir. Butün bu formulaları Azərbaycan Respublikasına da şamil etmək olar.
Azərbaycanın daxili siyasətində vətəndaşların əsas maraqlarını hakimiyyət qurumları, ictimai-siyasi təşkilatlar və digər yerli strukturlar ifadə edirsə, milli maraqları beynəlxalq aləmdə və ölkə daxilində əsasən Azərbaycan dövləti və onun müvəkkil etdiyi qurumlar həyata keçirir.
Azərbaycan Respublikasının milli maraq çərçivəsi dünya ölkələrinin yuxarıda sadalanan universal təhlükəsizlik ölçülərini nəzərə almaqla yanaşı, həm də məxsusi təhlükəsizlik təhdidlərinə əsaslanan bəzi xarakterik xüsusiyyətləri ilə şeçilir.
Azərbaycanın milli təhlükəsizliyinin bu gün üçün ən əsas problemi və hərbi-geostrateji vəzifəsi illərdir uzanan və sonu görünməyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq, ölkənin pozulmuş ərazi bütövlüyünü və suveren dövlət hüquqlarını bərpa etmək və bu fonda regionda sülhü və dinc əməkdaşlıq mühitini təmin etməkdən ibarətdir. Ölkənin xarici aləmlə bütün təmaslarında, ikitərəfli və çoxtərəfli münasibətlərində bu problemin müzakirəsi və beynəlxalq hüquq normaları çərçivəsində həlli məsələsi daim diqqət mərkəzində saxlanılır. Bu problem həm də nəinki təkcə Azərbaycana, onun müstəqil dövlət quruculuğu prosesinə, vətəndaşlarının sabit həyat şəraitinə ciddi zərbə vurmuş, eyni zamanda həm də 15 ildən artıq bir dövrdə regionda (Qafqaz, Xəzər-Qara dəniz hövzəsində) dövlətlərarası iqtisadi, siyasi və mədəni əlaqələri pozmuş, ölkələri və xalqları qarşıdurmaya sürükləmiş, onların bir-biri ilə və beynəlxalq aləmlə münasibətlərinə, regional və beynəlxalq inteqrasiya proseslərinə çox ciddi mənfi təsir göstərmişdir. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi həm Cənubi Qafqazda, Avrasiya və Avropada, həm də bütövlükdə qlobal dünyada həllini gözləyən ən çətin və mürəkkəb problemlərdən biri hesab olunur.
Azərbaycanın milli təhlükəsizliyinin həyati əhəmiyyət kəsb edən ikinci əsas məsələsi malik olduğu təbii sərvətləri, respublikanın karbohidrogen və enerji ehtiyatlarını (xüsusən Xəzər dənizinin Azərbaycana aid olan milli sektorunda istehsal olunan nefti və təbii qazı) xarici müdaxilə olmadan, özünün müəyyən etdiyi xarici tərəfdaşlarla birgə işləmək, heç kimdən asılı olmayan, təhlükəsiz və əlverişli yollarla dünya bazarlarına çıxarmaq və əldə olunan gəliri ölkənin inkişafına və digər ehtiyaclarına yönəltməkdən ibarətdir.
Bundan başqa, Azərbaycanın milli maraq çərçivəsinə həm də:
Ş Ermənistanın işğalının nəticələrinin aradan qaldırılması, öz yurdundan didərgin salınmış qaçqın və köçkünlərin geri qaytarılması və məskunlaşdırılması;
Ş işğalın bir daha təkrarlanmaması üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən milli ordunun lazımi hərbi hazırlıq vəziyyətinə gətirilməsi;
Ş Azərbaycan xalqının milli birliyinin və varlığının, bu xalqa məxsus əsrlər boyu formalaşmış adət-ənənələrin, milli-mənəvi dəyərlərin, dilin, dinin qorunması, yaşadılması və ümumbəşəri dəyərlər hesabına zənginləçdirilməsi;
Ş ölkədə hüquq normaları və qanunçuluğun, şəxsiyyət azadlığı və hüquqlarının dönmədən təmin olunması, mövcud ictimai-siyasi sabitliyin, vətəndaş cəmiyyəti normalarının, tolerant etnik və dini mühitin qorunması və inkişafı, separatçılıq, siyasi, etnik və dini ekstremizmin aradan qaldırılması;
Ş dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təmin edilməsi, onların vətənpərvərlik hisslərinin gücləndirilməsi, azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi, dünyada yaşayan soydaşlarımızın milli və vətəndaş hüquqlarının təmin edilməsi və s. problemlər də Azərbaycanın milli təhlükəsizliyini təhdid edən spesifik faktorlar hesab oluna bilər.
Məkan əlamətlərinə görə Azərbaycanın milli maraq çərçivəsi:
1. Ölkənin öz ərazisi daxilində təzahür edən;
2. Regional münasibətlərdə, yaxud beynəlxalq məkanda, qonşu ölkələrlə təmasda, hər hansı hökumətlərarası təşkilatlar çərçivəsində və s. şəklində təmsil olunan maraqlar kimi qruplaşdırmaq olar.
Milli maraqlar əsas və yaxud ikinci dərəcəli, daimi, yaxud əvəzlənən, uzunmüddətli, yaxud qısamüddətli maraqlara ayrılır.
Əsas və daimi milli maraqlar bir çox mühüm geosiyasi parametrlərinə - dövlətin beynəlxalq münasibətlər sistemindəki yerinə və roluna, nüfuzuna və hərbi gücünə, özünün suverenliyini qoruyub saxlamaq və vətəndaşlarının təhlükəsizliyini təmin etmək qabiliyyətinə və s. görə müəyyənləşir.
Azərbaycanın milli maraq çərçivəsi onun geosiyasi parametrlərinə, dövlətin iqtisadi, hərbi gücünə və resurs imkanlarına müvafiq olaraq formalaşır. Bu amil özündə millətin təkamül mərhələsini, iqtisadi, siyasi, sosial, milli-psixoloji və digər amillərin mürəkkəb kombinasiyası ilə reallaşan tarixi inkişaf prosesini ehtiva edir. Göstərilən amillər, eyni zamanda həm də Azərbaycan xalqının milli iradəsini, mill dövlət quruculuğu və tarixi təcrübəsinin məzmununu və xarakterini əks etdirir. Bu halda milli maraqlar ictimai-tarixi fenomen kimi çıxış edir, xalqın identikliyi ilə sıx qarşılıqlı əlaqəyə girir.
Azərbaycan Respublikasının
milli təhlükəsizliyinə təhdidlər
Milli təhlükəsizlik anlayışı və təhlükəsizlik təhdidləri termini 1904-cü ildə ilk dəfə Amerika alimlərinə məxsus geosiyasi ədəbiyyatda istifadə olunub. "Milli təhlükəsizlik" termini sonrakı illərdə dünya geosiyasət elmində bir çox dəyişikliklərə məruz qalmışdır. Əvvəlcə ona daxili məzmun daşıyan məsələlər - əmlakın, şəxsiyyətin və dövlətin mühafizəsi aid edilirdisə, sonradan bu sıraya beynəlxalq və milli təhlükəsizlik məsələlərini də əlavə edirlər. 1986-1987-ci illərdən etibarən isə dünya siyasətşünaslığında milli təhlükəsizliyə insanların, cəmiyyətin və dövlətin daxili və xarici təhdidlərdən qorunmasını təmin edən inteqral anlayış kimi yanaşılmağa başlandı.
Azərbaycanın qanunvericilik və normativ-hüquqi aktlarına müvafiq olaraq milli təhlükəsizlik insanların, cəmiyyətin və dövlətin həyati əhəmiyyətli mühüm maraqlarının, həmçinin milli dəyərlərin və həyat tərzinin daxili və xarici təhdidlərdən etibarlı müdafiəsidir. Milli təhlükəsizlik sistemi ilə milli təhlükəsizliyin təmin olunması sistemi öz məzmununa görə bir-birindən fərqlənir. Birincisi, maraq və təhdidlərin qarşılıqlı təsiri prosesini əks etdirən funksional nəzəri (konseptual) sistemdirsə, ikincisi milli təhlükəsizliyin təmin olunmasının praktiki məsələlərini həll etməyi nəzərdə tutan orqanlar, vasitələr, müxtəlif təşkilatlar (institusional) sistemidir.
Qeyd edək ki, maraqların həyata keçirilməsi ilə bağlı fəaliyyət zamanı geosiyasi aktorlar - fərdlər, sosial qruplar və dövlətlər arasında bəzi obyektiv ziddiyyətlər meydana çıxır. Həmin ziddiyyətlər çoxsaylı fəaliyyət sahələrindən və konkret şəraitdən asılı olaraq müxtəlif formada təzahür edir. Bir-birinə zidd maraqların (daxili, yaxud xarici) toqquşması əvvəl potensial, sonra isə real təhdidlər yaradır. Lakin maraqların üst-üstə düşən və paralellik təşkil edən digər növləri də olur ki, bunlar öz məzmununa görə pozitiv münasibətlərin yaranmasına şərait yaradır, ictimai və beynəlxalq münasibətlərdə qarşılıqlı anlaşmaya nail olmaq üçün baza rolunu oynayır.
Təhdidlərin aşkar edilməsi və aradan qaldırılması, milli təhlükəsizliyin təmin olunması müvafiq qurumlardan bu məsələlərə vaxtında reaksiya verilməsini, insanların, cəmiyyətin və dövlətin maraqlarının müdafiəsinin lazımi səviyyədə, məsuliyyətlə təşkil edilməsini tələb edir.
Azərbaycanın milli təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlər müəyyən təsnifat üzrə qruplaşdırılır. Bu təsnifat təhdidlərə qarşı, onların konkret xüsusiyyətlərini nəzərə almaqla təşkilati tədbirlər görməyə lazımi imkanlar yaradır. Təsnifatın əsasında təhlükə mənbəyinin yerləşdiyi yer, təhdidin formalaşma səviyyəsi, xarakteri və s. dayanır.
Təhdidlər təhlükə mənbəyinin harada yerləşməsindən asılı olaraq daxili və xarici təhdidlərə bölünür. Əgər təhdidlər xarici dövlətdən və onun vətəndaşlarından gəlirsə, onlar xarici təhdidlər adlanır. Təhdidlərin mənbəyi dövlətin öz daxilində və onun vətəndaşları ilə bağlıdırsa, onlara daxili təhdidlər deyilir.
Formalaşma səviyyəsinə görə təhdidlər potensial və real təhdidlərə ayrılır. Potensial təhdidlər özündə təhlükənin yaranmasını, onun ilkin şərtlərinin formalaşmasını, zərər yetirmək imkanlarını ehtiva edir. Real təhdidlər isə artıq formalaşmış hadisədir və onun zərər yetirməsi üçün bir və yaxud bir neçə faktor çatışmır. Real təhdidlərin təzahür etdiyi zaman milli təhlükəsizliyi təmin etmək sisteminin qarşısında təhdidin kəskinliyini azaltmaq və onu aradan qaldırmaq üçün lazımi tədbirlər görmək vəzifəsi dayanır.
Təhdidlər xarakterindən asılı olaraq təbii, antropogen və sosial təhdidlərə bölünür. Təhdidlərin bu cür növlərə ayrılması daha kəskin təhdidləri məqsədyönlü şəkildə aşkarlamağa, onların qarşısını vaxtında almağa, milli təhlükəsizliklə bağlı fəaliyyətin effektivliyini artırmağa imkan verir.
Ümumi təhlükəsizlik prinsiplərinə və təhdidlərin növünə, miqyasına, onların təhlükəsizlik obyektlərinə təsir vasitələrinə görə müasir dövrdə Azərbaycanın milli təhlükəsizliyinin üzləşdiyi təhdidlər sırasına təhlükəsizlik konsepsiyasında aşağıdakı məsələlər aid edilir:
Ş Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və konstitusiya quruluşu əleyhinə qəsdlər;
Ş qanunun aliliyinə nail olunması, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət funksiyalarını yerinə yetirməyə qarşı yönəlmiş fəaliyyət;
Ş
separatçılıq, etnik, siyasi və dini ekstremizm;
Ş terrorçuluq və
kütləvi qırğın silahlarının
yayılması;
Ş regional münaqişələr
və transmilli mütəşəkkil cinayətkarlıq;
Ş ölkəmizin enerji
infrastrukturuna qarşı fəaliyyət;
Ş xarici siyasi, hərbi və
ya iqtisadi asılılıq;
Ş iqtisadi qeyri-sabitlik;
Ş peşəkar insan
ehtiyatlarının çatışmazlığı;
Ş regional hərbiləşdirmə;
Ş ekoloji
problemlər.
Təhdidlərin
bu cür bölgüsü milli təhlükəsizliyin təmin
olunması sisteminin təşkilində və onun əsas fəaliyyət
istiqamətlərinin müəyyənləşməsində
mühüm rol oynayır.
Milli maraq və milli təhlükəsizlik ölçüləri
Azərbaycanın
milli maraq və milli təhlükəsizliyinin təmin edilməsi
bilavasitə onun daxili və xarici maraqlarının
düzgün müəyyənləşdirilməsi və
onların təmin olunması mexanizmlərinin
yaradılmasından asılıdır. Ölkələrin milli təhlükəsizlik
maraqları və onun çərçivəsi müəyyənləşdirilərkən
konkret zaman - SSRİ ilə ABŞ arasındakı "Soyuq
müharibə dövründən" və birincinin
dağılmasından sonra yaranmış "müasir
dünya nizamı" adlandırılan beynəlxalq
münasibətlər sistemindəki mühüm dəyişikliklər
və dünya geosiyasi məkanındakı indiki qüvvələr
nisbətindən irəli gələn xarakterik xüsusiyyətlər
nəzərə alınır.
Milli
maraqların məzmunu, çərçivəsi və
parametrləri cəmiyyətin dəyərlərini
özündə əks etdirən "milli idealla" müəyyənləşir. Ümumi şəkildə
götürdükdə millətin və xalqın ən
mühüm "idealını" ilk növbədə
özünüqoruma, özünüyaşatma və
davamlı inkişaf (yeniləşmə, təkmilləşmə
və s.) maraqları təşkil edir. Məsələn,
Azərbaycan öz milli təhlükəsizliyinin çərçivəsini
və təmin edilməsi mexanizmlərini 1992-1995-ci illərin
"özünüqoruma və özünüyaşatma"
vəziyyətindən, 1996-cı ildən başlanan və
günümüzdə də davam edən - "davamlı
inkişafa qədərki" keçid dövrünün
dinamikasında yarada bilmişdir.
Milli maraq
çərçivəsi milli vəzifələrin əhəmiyyətinə
və dərəcəsinə görə sıralanır və
tez-tez istifadə olunan "həyati əhəmiyyətli
maraqlar" ifadəsi ilə ifadə olunur. Qeyd edək
ki, bu ifadə dünyanın müxtəlif dövlətlərinin
normativ-hüquqi sənədlərində öz əksini
tapmışdır. Məsələn,
ABŞ-ın "Yeni Yüzillikdə Milli
Strategiya"sında, Rusiyanın "Federal Təhlükəsizlik
haqqında" qanununda, Azərbaycanın "Milli Təhlükəsizlik
Konsepsiyası"nda və s. sənədlərdə "həyati
əhəmiyyətli mühüm maraqlar"
anlayışı öz əksini tapmışdır. Bu sənədlərdə bəhs olunan
anlayış altında fövqəladə dərəcədə
vacib olan, millətin təhlükəsizliyi və
özünüyaşatmaq idealı ilə bağlı məsələlər
başa düşülür. Rusiya Federasiyasının
"Təhlükəsizlik haqqında" qanununda həyati əhəmiyyətli
mühüm maraqlara "milli tələbatlar məcmusu"
kimi baxılır ki, onların da reallaşdırılması
insanların, cəmiyyətin və dövlətin
mövcudluğunu, mütərəqqi inkişaf
imkanlarını etibarlı şəkildə təmin edir.
Azərbaycan
Respublikasının milli təhlükəsizlik
konsepsiyasında göstərilir ki, milli maraqlar
xalqımızın fundamental dəyər və məqsədlərini,
habelə insan, cəmiyyət və dövlətin tərəqqisini
təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların
məcmusudur və aşağıdakılardan ibarətdir:
• dövlətin
müstəqilliyinin və ərazi
bütövlüyünün qorunması, onun beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin
toxunulmazlığının təmin edilməsi;
• Azərbaycan xalqının
vahidliyinin qorunub saxlanılması, azərbaycançılıq
ideyasının təşviqi;
• vətəndaş cəmiyyətinin
formalaşdırılması, insan hüquq və əsas
azadlıqlarının təmin olunması;
• demokratik
və vətəndaş cəmiyyəti təsisatlarının
inkişafı, qanunun aliliyi, asayişin təmini yolu ilə
dövlətin funksiyalarının yerinə yetirilməsinin
gücləndirilməsi, əhalinin təhlükəsizliyinin
qorunması;
• beynəlxalq
öhdəlikləri yerinə yetirmək, qlobal və regional təhlükəsizliyə,
sabitliyə töhfə vermək üçün beynəlxalq
təşkilatlarla əməkdaşlığın inkişaf
etdirilməsi;
• bazar
iqtisadiyyatının inkişafı, onun hüquqi əsaslarının
təkmilləşdirilməsi, iqtisadi sabitliyin təmin
olunması məqsədilə daxili və xarici sərmayələr
üçün əlverişli şəraitin
yaradılması;
• təbii sərvətlərdən tam səmərəli
istifadə edilməsi, davamlı iqtisadi inkişaf, ətraf
mühitin qorunması, təhsil, elmi və texnoloji
potensialın artırılması yolu ilə
xalqımızın gələcək inkişafının, əhalinin
layiqli həyat səviyyəsinin və fiziki
sağlamlığının təmin edilməsi;
• milli özünəməxsusluğun və
dünya azərbaycanlılarının həmrəyliyinin
möhkəmləndirilməsi;
• xalqımızın mədəni-tarixi irsinin və
mənəvi dəyərlərinin qorunması, ümumbəşəri
dəyərlərlə zənginləşdirilməsi;
• özünüdərk, vətənpərvərlik
və milli iftixar hissinin, intellektual potensialın inkişaf
etdirilməsi.
Milli təhlükəsizliyin
təmin olunması müasir dövrdə istənilən
dövlətin daxili və xarici siyasətinin ən prioritet vəzifəsi
hesab olunur.
Milli təhlükəsizlik ölçüləri və milli
maraq çərçivəsi dünyada texniki nailiyyətlərin
zəfər çaldığı və qlobal
inkişafın dönməz xarakter aldığı XX əsrin
sonlarına qədər daha çox ölkələrin
müstəqilliyinin, ərazi bütövlüyünün,
konstitusiya quruluşunun və suveren dövlət idarəçiliyinin
birbaşa xarici hücumlardan, hərbi müdaxilələrdən,
cəmiyyət həyatı və şəxsiyyətə
qarşı qəsdlərdən, xəfiyyə fəaliyyətindən
və s. təhdidlərdən qorunması kimi başa
düşülürdüsə, qloballaşmanın vüsət
aldığı və ölkələrarası sərhədlərin
şəffaflaşdığı müasir dövrdə bu
anlayışa həm də:
• Regional münaqişə və transmilli
mütəşəkkil cinayətkarlıq, nəzarətsiz ərazi
və silahlı və mütəşəkkil silahlı dəstələrdən
qaynaqlanan təhlükəsizlik təhdidlərini;
• dövlətdaxili
içtimai həyatın (cəmiyyətin) milli, dini, sosial
balansının, ölkənin demoqrafik mühitinin
pozulmasını və qanunsuz miqrasiyanı;
• dövlətlərin iqtisadi, siyasi, sosial, ərzaq,
enerji, ekoloji, nəqliyyat, maliyyə və milli valyuta təhlükəsizliyinə
və makroiqtisadi mühitinə müdaxilə və xarici
aktorlardan asılı vəziyyətə salmanı;
• ölkələrin
informasiya-kommunikasiya sistemlərinə, içtimai rəyyaratma,
ideoloji və mətbuat vasitələrinə total xarici,
transmilli müdaxiləni və geosiyasi təsiretməni;
• transmilli beynəlxalq terrorizmi,
kütləvi qırğın və digər silahların nəzarətdən
kənar yayılması, narkotik maddələrin ticarəti və
s. kimi milli təhlükəsizlik sahələrini və s. aid
edirlər.
Geosiyasi ədəbiyyatda
milli təhlükəsizliyin XXl əsrdəki əsas
ölçülərinin qloballaşmanın səviyyəsi
və mövcud ölkənin transmilli dünyaya
inteqrasiyasının dərinliyi ilə bağlı müəyyənləşəcəyini
söyləyirlər. Sərhədlərin şəffaflaşması
ilə mal dövriyyəsi və ticarətin, pul, texnologiya və
informasiya innovasiyalarının transmilliləşməsi
dövlətlərin getdikcə öz geoməkanlarını
qorumaq işini cətinləşdirir. Bir
çox ölkələr artıq əvvəlki kimi, sərhəd
maneələri yaratmaqla yerli bazarın təhlükəsizliyini
təmin etmək, dünyanın əsas transmilli şirkətlərinin,
arzuolunmaz ideologiyaların, təbliğat-informasiya
materiallarının onun ərazisinə daxil olmasının
qarşısını almaq iqtidarını itirir. Bu vəziyyət getdikcə milli adət-ənənələrin,
mənəvi dəyərlərin itirilməsinə, ənənəvi
həyat tərzinin pozulması və kosmopolit mühitin
formalaşmasına, ictimai, siyasi və sosial həyatın
standartlaşmasına səbəb olur ki, bu da ölkənin
milli varlığını bilavasitə təhlükə
qarşısında qoyur. Bundan başqa, əsas məqsədi
gəlir götürmək olan transmilli şirkətlər
ölkələrin təbii sərvətlərini və
sağlam ekoloji mühitini vəhşicəsinə istismar
edir, onun təbiətini korlayır, ölkənin balanslı
inkişafını pozaraq xammal mənbəyinə
çevirir və əhalini gələcək iqtisadi, sosial,
ekoloji və başqa geosiyasi, geostrateji və geoiqtisadi təlükələrlə
üz-üzə qoyur. Bütün bunlar və
qloballaşmanın dövlətlərin milli
maraqlarının təmin olunması yolunda
yaratdığı digər müasir problemlər hər bir
ölkədən öz milli maraqlarını və milli təhlükəsizliyini
təminetmənin xüsusi strategiyasını yaratmağı
və onu dönmədən həyata keçirməyi tələb
edir.
Milli təhlükəsizliyin təmin olunmasının əsas
vasitələri və resursları
Milli maraqların və milli
təhlükəsizliyin təmin olunması üçün
dövlət öz sərəncamında olan bütün maddi
və mənəvi vasitələrdən, daxili və xarici
resurslardan - iqtisadi, siyasi, ideoloji, diplomatik və s. mexanizmlərdən
istifadə edir.
Milli təhlükəsizliyin
təmin olunması ölkənin sabit və davamlı
inkişafında strateji əhəmiyyət daşıyır,
ictimai həyatın bütün sahələrini əhatə
edən dinamik dəyişikliklər prosesinə mühüm təsir
göstərir.
Milli təhlükəsizliyinin
təmin olunması üçün dövlət
özünün həm daxili resurslarından, hən də
xarici siyasət vasitələrindən - siyasi, iqtisadi, hərbi,
təbliğat və informasiya və s. istifadə edir. Xarici siyasi fəaliyyətin əsas vasitəsi ilk
növbədə rəsmi diplomatiya qurumları hesab olunur.
Diplomatiya xüsusi institutların timsalında və
beynəlxalq hüquqa uyğun olan çoxsaylı metod və
vasitələrin köməyi ilə dövlətin rəsmi
xarici fəaliyyətini təşkil edir və ona rəhbərlik
edir.
Dövlətin malik olduğu
iqtisadi vasitələr qarşıya qoyulan məqsədlərə
nail olmaq üçün iqtisadi resurslardan istifadə etməyi
və xarici iqtisadi imkanlardan bəhrələnməyi nəzərdə
tutur. Çünki güclü iqtisadiyyata və
maliyyə mənbələrinə malik olmaqla dövlətin
beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirməsi
mümkündür.
Hərbi vasitələrə
özündə ordunu, onun sayını, silahlanmanın keyfiyyətini
birləşdirən və silahlı qüvvələrdə
mənəvi əhval-ruhiyyəni əks etdirən dövlətin
hərbi gücü aiddir.
Xarici siyasətin
təbliğat və informasiya vasitələrinə isə
bütün müasir informasiya vasitələrinin fəaliyyəti
və xarici diaspor qurumlarının imkanları daxildir. Sadaladığımız
bütün bu vasitələr Azərbaycan dövlətinin
milli maraq və milli təhlükəsizliyinin təmin
olunmasında, dünya birliyində öz nüfuzunu yüksəltməsində,
özünə çoxsaylı tərəfdarlar
qazanmasında və onlarla qarşılıqlı-faydalı əməkdaşlıq
yaratmasında böyük əhəmiyyət
daşıyır.
Təhlükəsizliyin
təmin edilməsində ən çox istifadə olunan daxili
resurs və siyasət vasitələri dövlət
orqanları və qeyri-hökumət strukturları, siyasi
partiyalar, vətəndaş cəmiyyəti institutları,
kütləvi informasiya vasitələri, milli elita və
sairdir.
Dövlət bu qurumların hər biri ilə milli təhlükəsizlik
naminə xüsusi iş aparır və onların bəzi
şərtlərini təmin etməklə imkanlarından milli
təhlükəsizliyin təmin olunması istiqamətində
istifadə edir.
Milli təhlükəsizliyin
təmin olunmasının daxili şərtləri
sırasına dövlətin ali orqanlarının ölkədə
demokratiyanı və hüquqi dövlət maraqlarını
dönmədən təmin etməsi, milli-vətəndaş
birliyinə nail olunması, tolerant mühit yaratması, elmin, təhsilin,
sosial həyatın inkişaf etdirməsi, milli-mənəvi dəyərlərin
qoruması, iqtisadi, mənəvi, sosial tərəqqiyə nail
olması və sairdən ibarətdir.
Azərbaycanın təhlükəsizlik
siyasətində daxili sabitlik və sərhəd təhlükəsizliyinin
təmin olunması, ölkədaxili miqrasiya, enerji, nəqliyyat
təhlükəsizliyi, fövqəladə idarəetmə, ətraf
mühitin və əhalinin sağlamlığının
mühafizəsi, informasiya təhlükəsizliyi və s. məsələlərin
də daim diqqətdə saxlanılmasını tələb
edir.
Əli HƏSƏNOV,
Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının ictimai-siyasi
məsələlər şöbəsinin müdiri,
Azərbaycan.- 2010.- 4
may.- S. 2, 3.