Milli liderliyini xalqından
halallıqla qazanmış rəhbər
Bəşəriyyətin mövcudluq salnaməsi göstərir ki, xalqların taleyində müstəsna rol oynayan böyük liderlər həm də dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsinə nail olur, milli tərəqqi üçün dayanıqlı əsasların, inkişaf strategiyasının banisinə çevrilirlər.
Bu gün
dünyada elə bir millət tapmaq çətindir ki,
hansısa taleyüklü və mürəkkəb mərhələdə
onun taleyində müstəsna rol oynamış, sabit və
davamlı dövlətçilik ənənələri
formalaşdırmış rəhbərləri olmasın. Bu liderlər bir adla
tanınmışdır - prezident, baş nazir, kansler və
sairə. Onların heç biri bu adla yanaşı milli liderə
çevrilməmiş, sadəcə, dövlət xadimi kimi
öz vəzifələrini icra etmişlər.
Heydər Əliyevin dəyəri
və xoşbəxtliyi ondadır ki, o, müdrik dövlət
xadimi olmaqla yanaşı, həm də milli liderə
çevrilə bilmiş, ümumbəşəri dəyərləri
öz əxlaqında, davranışında və fəaliyyətində
cəm etmişdir.
Azərbaycan kimi özünəməxsus
dəyərləri, mentaliteti, dövlətçilik ənənələri
olan dövlətlərdə şəxsiyyət və lider
amili hər zaman aktualdır. Bu prizmadan əminliklə demək
olar ki, xalqın əsrlər boyu formalaşan güclü, qətiyyətli,
istiqamətverici milli lider idealı məhz dünya
şöhrətli ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyevin
parlaq şəxsiyyətində həqiqətə
çevrilir. Heydər Əliyev XX əsr Azərbaycan tarixində
təkcə milli müstəqillik ideyasını praktik surətdə
gerçəkləşdirmiş lider kimi yox, həm də
yaratdığı dövlətin möhkəmliyini,
dayanıqlığını təmin edən, onun hərtərəfli
inkişafı üçün iqtisadi, siyasi və hüquqi zəmin
hazırlayan böyük strateq, müdrik rəhbər kimi daim
xalqın qəlbində yaşayır.
Ulu öndər respublikaya rəhbərliyinin
hər iki mərhələsində qarşıya qoyduğu
ali məqsədlərə doğru irəliləyərkən
təkcə daxili inamına, iti fəhminə, yüksək
intellektinə və parlaq zəkasına deyil, həm də
ictimai etimada əsaslanmış, ən böyük dəstəyi
xalqdan almışdır. Heydər Əliyev
dühasının böyüklüyü həm də onun
daim xalq qarşısında yüksək mənəvi və
siyasi məsuliyyət hissi daşıması, ictimai inamı
doğrultmaq üçün böyük səylə, əzmlə,
vicdanla çalışması olmuşdur. Siyasətə
ideyaların realizə vasitəsi kimi yanaşan böyük
strateq bütün məsələlərdə daim ümumxalq
mənafeyindən çıxış etmiş, hakimiyyətdə
olduğu hər iki mərhələdə eyni əzmlə, həvəslə
çalışmış, qarşıya qoyduğu hədəflərə
yetişmək üçün bütün gücünü
səfərbər etmişdir. Məhz bu keyfiyyətləri sayəsində
Heydər Əliyev heç zaman kiçik bir qrupun, toplumun
lideri olmamış, bütöv bir millətə, xalqa rəhbərlik
etmək haqqını təmin etmişdir. Şəxsiyyət
və lider kimi miqyasının böyüklüyü ona hələ
sağlığında ümummilli liderlik zirvəsini fəth
etmək imkanı vermişdir.
Tarixdən yaxşı məlumdur
ki, liderlik keyfiyyətlərinə malik şəxsiyyətlər
sosial-iqtisadi, ictimai-siyasi və mənəvi-mədəni
kataklizmlər dövründə xalqa düzgün yol göstərən
mayak və xilaskar missiyasında çıxış
etmişlər. Heydər Əliyev də qeyri-adi şəxsiyyət
kimi insanları öz ideya və baxışları ətrafında
toplamaq, onların iradələrinə, qərarlarına
pozitiv təsir göstərmək imkanında olmuş, məhz
bu xüsusiyyətləri sayəsində idarəçilikdə
böyük uğurlara imza atmış, cəmiyyətin həlledici
kəsimini arxasınca apara bilmişdir. Heydər Əliyevin
xarizması, özünəməxsus liderlik keyfiyyətləri,
siyasi prosesləri düzgün məcraya yönəltmək məharəti,
cəmiyyətin maraq və mənafelərini ümumi bir
nöqtədə birləşdirmək bacarığı Azərbaycan
xalqının bu dahi şəxsiyyətə sonsuz
etimadının əsas səbəblərindən biri kimi
çıxış edir.
Danılmaz faktdır ki, uzun
illər Azərbaycanda demokratiya istilahı mahiyyəti üzrə
başa düşülmürdü. Ən yaxşı halda,
ictimai rəy bunu 1993-cü ilin iyun hadisələrinə qədərki
proseslər fonunda anarxist meyillər kimi qavrayırdı. Bu
gün isə demokratik dəyərlər qanunların və
milli dəyərlərin tənzimlədiyi sərhədlərdən
kənara çıxmır və dialektik inkişafa uyğun
olaraq getdikcə ictimai şüur tərəfindən tam
şəkildə mənimsənilir. Bəli, Azərbaycanda həqiqi
demokratiya da məhz Heydər Əliyevin milli dövlətçilik
irsinin təcəssümü kimi formalaşmışdır.
Bu irs demokratiyanın kütləvi özbaşınalıq
kimi başa düşülməsinə və yaxud da ifrat Qərb
demokratiyasının neqativ cəhətlərini özündə
ehtiva etməsinə yol vermir. Faktiki olaraq, bu kursun bütün
sahələrdəki tənzimləmə missiyası ideoloji
müstəvidə də özünü doğrultmuşdur.
Azərbaycan xalqının
vahidliyinə çalışan Heydər Əliyev
dühası özünün fitri idarəçilik
istedadı sayəsində respublikada ümumbəşəri dəyərlərlə
çulğalaşan, milli xüsusiyyətləri, mental dəyərləri
qoruyan ədalətli, sivil və demokratik cəmiyyət
qurmuş, dövlət-vətəndaş münasibətlərində
hər birinin mənafeyini prioritet
götürmüşdür. Müxtəlif tarixi dövrlərin
siyasi təbəllüdatları ümummilli problemlərin həllində
cəmiyyətin Heydər Əliyev siyasi kursuna olan inamına zərrə
qədər də təsir etməmiş, əksinə, bu inam
günü-gündən güclənmiş, möhkəmlənmişdir.
İctimaiyyət Heydər Əliyev siyasətinə olan
yüksək etimadın müqabilində dövlətə,
hakimiyyətə inamını bərpa etmişdir. Məhz bu
inam da cəmiyyəti anarxist meyillərə sürüyən
mənfi tendensiyalara qarşı güclü "immunitet"
formalaşdırmışdır. Bu mənada, Heydər Əliyevin
siyasi irsinin alternativsizliyi təkcə praktik məsələlərdə
özünü təsdiqləməmişdir - bu amil cəmiyyətin
ideoloji yetkinləşməsi baxımından da ciddi əhəmiyyətə
malikdir.
Şübhəsiz,
hüquqi, demokratik, dünyəvi dövlət məhz
demokratik qanunlar əsasında yaradılır. Dünyanın
demokratik ölkələrində isə dövlətin
hüquqi təməlini Konstitusiya təşkil edir, digər
qanunlar məhz onun əsasında hazırlanaraq qəbul edilir.
1995-ci il noyabrın 12-də ulu öndərin təşəbbüsü
əsasında Azərbaycan Respublikası
Konstitusiyasının referendumla qəbul edilməsi ilə
respublikamız hüquqi və demokratik dövlət
quruculuğu yolunda inamla addımladığını bir daha
dünyaya nümayiş etdirmişdir. Bu mərhələdən
hüquqa və ədalətə söykənən mülki cəmiyyətin
formalaşdırılması üçün, ilk növbədə,
milli qanunvericiliyin Avropa standartlarına
uyğunlaşdırılması prosesi davam etdirilmişdir.
Ardıcıl surətdə həyata keçirilən
köklü iqtisadi, sosial və hüquqi islahatların qayəsində
məhz insana qayğı, insan ləyaqətinə, şəxsiyyətinə
hörmət prinsipi dayanmışdır. Eyni zamanda məhkəmə-hüquq
islahatları keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuş, üçpilləli məhkəmə sistemi
formalaşdırılmış, hakimlərin test üsulu ilə
şəffaf və demokratik şəraitdə seçilməsi
təmin edilmişdir.
Siyasətdə və
dövlət idarəçiliyində mütərəqqi ənənələrin,
irs-varislik əlaqələrinin qorunub saxlanılması hər
bir xalqın sabit və davamlı inkişafı baxımından
vacib əhəmiyyət daşıyır. İrs-varislik əlaqəsi
Azərbaycan xalqının milli düşüncə sistemində
də möhkəm intişar tapmış, xalqımız
tarix boyu inandığı, etibar etdiyi siyasəti ürəkdən
dəstəkləyərək təminatlı gələcəyinə
doğru inamla addımlamaq ehtiyacı duymuşdur. Ümummilli
lider Heydər Əliyev bu mənada həm də böyük
müdrikliklə müəyyənləşdirdiyi milli
inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək
layiqli siyasi varis yetişdirmişdir.
Azərbaycan Prezidenti
İlham Əliyev bütün sahələrdə Heydər Əliyev
ideyalarının layiqli davamçısı olduğunu hələ
Prezident seçilməmişdən xeyli əvvəl də ulu
öndərin müəllifi olduğu yeni neft
strategiyasının həyata keçirilməsinə, Milli Məclisin
deputatı və Azərbaycanın AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri kimi beynəlxalq təşkilatlarla
münasibətlərin inkişafına, Azərbaycan
idmanının yüksəlişinə verdiyi töhfələrlə
sübuta yetirmişdir. Dövlətə rəhbərlik fəaliyyətinin
ötən 7 ili isə cənab İlham Əliyevin Azərbaycan
xalqına, dövlətinə qazandırdığı daha
böyük uğurlarla əlamətdar olmuşdur.
Ölkədə həyata
keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam
etdirərək dövrün tələblərinə uyğun
yeni çalarlarla zənginləşdirən dövlət
başçısı cənab İlham Əliyev hələ
2003-cü ilin prezident seçkiləri ərəfəsində
verdiyi bütün vədləri böyük səylə,
ardıcıl və sistemli surətdə yerinə
yetirmişdir. Dövlət başçısı qısa
dövr ərzində imzaladığı məqsədyönlü
fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla,
habelə obyektiv reallıqdan irəli gələn
addımları ilə ölkəmizin dinamik yüksəlişini
təmin etmiş, dövrün tələbi kimi qarşıda
duran vəzifələri düzgün müəyyənləşdirmiş,
həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da
çevikliyinə, işləkliyinə nail olmuşdur.
Dövlət
başçısı praqmatik və rasional addımları ilə
respublikada demokratik proseslərə yeni nəfəs vermis,
ölkənin iqtisadi resurslarını siyasi və hüquqi
islahatların dərinləşdirilməsi yönümündə
səfərbər etmişdir. 2003-2010-cu illərdə
respublikada elmi əsaslara söykənməklə həyata
keçirilən siyasət sabit iqtisadi və siyasi sistemin
yaradılmasına, sosial vəzifələrin həllinə, əhalinin
sosial-rifah halının, alıcılıq qabiliyyətinin
yüksəldilməsinə, cəmiyyətdə ictimai
konsensusun əldə edilməsinə yönəlmişdir.
Qazanılan uğurlar Azərbaycanın davamlı və sonu
görünməyən demokratiya magistralında uğurla irəliləməsinə,
dünya miqyasında nüfuzunu yüksəltməsinə,
özünüifadəsinə geniş imkanlar
yaratmışdır.
Respublikamız
demokratiyanın universal prinsiplərindən uzaqlaşmamaq
şərtilə özünün milli-tarixi adət-ənənələrini,
siyasi-mədəni köklərini, milli-mənəvi dəyərlərini
ehtiva edən demokratiya modeli formalaşdırmağa
çalışır. Tranzit mərhələsini uğurla
başa vuran Azərbaycan üçün demokratikləşmə
tendensiyasının əsas hədəfi totalitar siyasi sistemin
- bütün institutları, strukturları və münasibətləri
ilə birlikdə tamamilə yeni siyasi sistemə
transformasiyasından ibarətdir.
Azərbaycan Prezidenti
İlham Əliyev məhz bu prinsiplərə söykənməklə,
ulu öndərin möhkəm təməl üzərində əsasını
qoyduğu məhkəmə-hüquq islahatlarını yeni
dövrün tələbləri səviyyəsində davam etdirir.
Prezident İlham Əliyev
ötən dövrdə respublikada qanunun aliliyinin təmin
olunmasını, vətəndaş hüquq və
azadlıqlarının yüksək səviyyədə
qorunmasını özünün başlıca fəaliyyət
prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin
gerçəkləşdirilməsinə yönəlmiş
çoxşaxəli tədbirlərin həyata keçirilməsini
diqqətdə saxlamışdır.
Hər bir dövlətdə
ictimai münasibətlər sisteminin qanunamüvafiq surətdə
tənzimlənməsinin ən fundamental şərti məhkəmələrin
müstəqilliyinin təmin edilməsidir və dövlət
başçısının həyata keçirdiyi
islahatların əsasında da məhz bu amil dayanır. Beynəlxalq
təcrübədən çıxış edən cənab
İlham Əliyev məhkəmələrin insan və vətəndaş
hüquq və azadlıqlarının yüksək səviyyədə
qorunduğu, ədalət mühakiməsinin tam qanunamüvafiq
şəkildə həyata keçirildiyi ali instansiyaya
çevrilməsinə və cəmiyyətdə yüksək
etimad qazanmasına çalışır. Demokratik dəyərlərin
cəmiyyət həyatında getdikcə daha möhkəm əsaslarla
intişar tapdığı, həyata keçirilən
sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələr
verdiyi, siyasi sistemin, vətəndaş cəmiyyəti təsisatlarının
möhkəmləndiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın
yeni müstəvidə davam etdirildiyi bir şəraitdə məhkəmələrin
fəaliyyətindəki çatışmazlıqlarla
bağlı ictimai narazılıqların tamamilə aradan
qaldırılması Prezident İlham Əliyevin
qarşıya qoyduğu başlıca vəzifələrdən
biridir.
Ümumilikdə, son 7 ilin
yekunları deməyə əsas verir ki, dövlət
başçısı İlham Əliyevin ulu öndərin
ali ideyalarına istinad etməklə həyata keçirdiyi
çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın
hər bir vətəndaşı üçün layiqli və
firavan həyat tərzinin təmin olunması, ölkədə
azad və demokratik cəmiyyətin qurulması, qanunun aliliyinin
bütün səviyyələrdə təmin edilməsidir. Bütün
bu proseslərdə Azərbaycan Prezidentinə ən
böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə
etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir.
Çünki xalq həyatında, taleyində baş vermis
böyük dəyişikliklərin, bizi Azərbaycanın
parlaq sabahına doğru yaxınlaşdıran hazırkı
siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu
siyasəti birmənalı dəstəkləyir.
Ələkbər QULİYEV,
Ağır Cinayətlərə dair
işlər üzrə Azərbaycan
Respublikası Məhkəməsinin
Hakimi
Azərbaycan.- 2010.- 4
may.- S. 4.