İnkişaf strategiyasının banisi

 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 14 iyul 1969-cu il tarixdə keçirilmiş plenumunda ulu öndər Heydər Əliyevin respublika rəhbəri seçilməsi ölkəmizdə iqtisadi və mədəni yüksəlişin əsasını qoymuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir. Ulu öndər yüksək idarəçilik keyfiyyətləri, milli ideallara bağlılığı ilə ilk gündən Azərbaycanın üzləşdiyi sosial-iqtisadi problemləri aradan qaldırmaq, qanunçuluğu və hüquq qaydalarını gücləndirmək istiqamətində əzmkar fəaliyyət göstərmişdir. Ulu öndər respublikamızın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə, onların həlli üçün lazımi iradə, qətiyyət, prinsipiallıq göstərmiş və ən qısa müddətdə müsbət nəticələr əldə etmişdir.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə seçildiyi dövrdə respublika iqtisadiyyatı ağır vəziyyətdə idi. Ötən əsrin 60-cı illərində iqtisadiyyatın inkişafında mənfi meyillər özünü göstərir, bir sıra obyektiv və subyektiv səbəblərdən respublikamız umumittifaq miqyasında sosial-iqtisadi inkişafdan geri qalırdı. Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesində işlərin fasiləsizliyi pozulur, bir çox sahələrin texniki-iqtisadi göstəriciləri aşağı düşürdü. Bütün bunlar isə respublikaya rəhbərlik missiyasını üzərinə götürmüş liderdən sonsuz qətiyyət, problemlərə rasional yanaşma qabiliyyəti, yüksək işgüzarlıq tələb edirdi.

Heydər Əliyev rəhbərliyə gəlişindən bir ay sonra Azərbaycan KP MK-nın 1969-cu il avqust plenumunda məruzə ilə çıxış etdi. Həmin məruzədə respublika iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyətin hərtərəfli təhlili aparıldı, buraxılmış nöqsan və çatışmazlıqlar diqqətə çatdırıldı. 1969-1970-ci illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi oldu. Respublikamızın dinamik inkişafı üçün kompleks proqramlar işlənib hazırlandı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin respublikanın inkişafı üçün yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı 1970-1980-ci illərdə müvəffəqiyyətlərin rəhni oldu.

Ötən əsrin 60-cı illərində kənd təsərrüfatının inkişaf etdirilməsində mövcud imkanlardan lazımınca istifadə edilmirdi. Əsas sahə sayılan pambıq, dənli bitkilər, əkin sahələri əsaslı surətdə azaldılmışdı. Respublikada kənd təsərrüfatının geriliyinin səbəbləri avqust plenumunda açıq şəkildə göstərildi, geridə qalan təsərrüfat sahələrinin inkişaf etdirilməsinin düzgün elmi yolları müəyyənləşdirildi.

Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev aqrar sahəni inkişaf etdirməklə respublikamızın ayrı-ayrı bölgələrində kənd təsərrüfatı məhsullarının becərilməsinə xüsusi əhəmiyyət verirdi. Məsələn, Lənkəran zonasında faraş tərəvəz məhsullarının yetişdirilməsi nəticəsində cənub bölgəsi "Ümumittifaq bostanı" adını almışdı. Bu zonanın inkişafı əhalinin maddi-məişət şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynayırdı. Beş ildə nəzərdə tutulan bir çox məhsul istehsalına dair tapşırıqlar dörd ildə yerinə yetirilmişdi.

Respublikanın sonrakı beşillikdə inkişaf planı Heydər Əliyevin ideyaları, fikirləri, proqnozları əsasında tərtib edilmişdi. Azəbaycan iqtisadiyyatının inkişaf etdirilməsi üçün yeni mənbələr, imkanlar axtarılır, aşkarlanırdı. Ümumiyyətlə, sonrakı beşillik Azərbaycan iqtisadiyyatının inkişafında dönüş mərhələsi oldu. Hər il Azərbaycan SSR Ümumittifaq sosializm yarışının qalibi olur, Keçici qırmızı bayraqla təltif edilirdi. Heydər Əliyevin böyük təşkilatçılığı və rəhbərliyi altında 1971-1975-ci illərdə xalq təsərrüfatının bütün sahələrində əməyin səmərəli təşkili, 1976-1980-ci illərdə planların vaxtından əvvəl yerinə yetrilməsi üçün möhkəm baza yaradılmışdı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev respublikamızın Lenin ordeni ilə təltif edilməsi münasibətilə "Pravda" qəzetində "Vaxtından əvvəl yerinə yetirdilər" başlıqlı məqalə ilə çıxış etmişdi. Məqalədə xalq təsərrüfatının bütün sahələrində müvəffəqiyyətlərin kökləri, səbəbləri təhlil edilir və 1976-1980-ci illərdə sənaye və kənd təsərrüfatında qazanılmış nailiyyətlərin məzmunu və əhəmiyyəti dərindən işıqlandırılırdı. Bu məqalə, demək olar ki, respublikamızda Heydər Əliyevin rəhbərliyi altında 10 ildə sosial-iqtisadi siyasətin həyata keçrilməsinin hesabatı idi. Belə ki, bütün SSRİ-də ilk dəfə olaraq Azərbaycan SSR 1975-ci il sentyabrın 10-da ümumi sənaye istehsalı üzrə doqquzuncu beşillik planı yerinə yetirmişdi.

1971-1975-ci illərdə 55 yeni iri sənaye müəssisəsi və işləyən müəssisələrdə 32 yeni sex və istehsal sahəsi işə salınmışdı. 1975-ci il dekabrın 25-də Bakı Məişət Kondisionerləri Zavodu istifadəyə verilmişdi. Bu, nəhəng bir sənaye kompleksi idi. Həmin zavodun Bakıda tikilməsi şəxsən Heydər Əliyevin xidməti idi. Onun sayəsində zavodun layihəsi SSRİ-nin başqa regionundan götürülüb Bakıya gətirilmiş və qısa müddətdə, iki ilə tikilib istifadəyə verilmişdi. Zavod Sovet İttifaqında bu tipli dördüncü sənaye kompleksi hesab olunurdu.

Sənaye müəssisələrinin, yaşayış binalarının, mədəni-məişət obyektlərinin tikilib istifadəyə verilməsi sosial-iqtisadi tərəqqinin yüksək mərhələsinə çatmışdı. 1970-1985-ci illərdə Azərbaycanda elektron maşınqayırma, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq, digər mütərəqqi istehsal sahələri yaranmışdı. Əgər XIX əsrdən 1969-cu ilədək (yəni təxminən 100 il ərzində) Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə (cəmi 14 ildə) onların sayı 1048-ə çatdırılmışdı.

Əsas istehsal sahəsi olan neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi inkişaf etdikcə Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilirdi. Nəqliyyat kompleksində, dəmiryolunda, gəmilərin yüklənmə-yükboşaltma işlərində hərəkət sürətlənmiş, sərnişin nəqliyyatının işində intensivlik artmışdı. Diqqət mərkəzində olan məsələlərdən biri də yeni yolların tikintisi idi. 1969-1982-ci illərdə tikilib istifadəyə verilən asfalt yolların uzunluğu 20,4 min kilometrə çatırdı, halbuki 1969-cu ilədək həmin rəqəm 12,7 min kilometr idi.

Azərbaycan sənayesinin inkişafında elmi-texniki tərəqqinin nailiyyətləri geniş tətbiq olunaraq 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdı. Azərbaycan 1970-1985-ci illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı və digər məhsullar istehsalı üzrə Sovetlər İttifaqında aparıcı yerlərdən birini tuturdu. Ölkəmizdə buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə nəhəng aqrar sənaye respublikalarından birinə çevrildi. Meliorasiya və irriqasiya sahəsində mühüm tədbirlər həyata keçirilir, aqrotexniki qaydalar sürətlə təkmilləşir, taxılın, pambığın, tərəvəzin, üzümün, çay yarpağının və başqa kənd təsərrüfatı mallarının artımı ildən-ilə yüksəlirdi. Heydər Əliyevin təşəbbüsü ilə 70-80-ci illərdə ucqar rayon mərkəzlərində, müxtəlif bölgələrdə respublika əhəmiyyətli obyektlər tikilir, iş yerləri açılırdı. Bunun nəticəsində respublikada ən kəskin problemlərdən biri olan əmək qabiliyyətli əhalinin ictimai əməyə cəlb olunması, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi təmin edilirdi.

Ulu öndər Heydər Əliyev respublikamıza rəhbər seçildikdən sonra Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən neft sənayesinin inkişaf etdirilməsinə xüsusi fikir verirdi. O vaxta qədər Xəzər dənizinin 40 metr dərinliyinə qədər sahələrdə, demək olar ki, bütün neft-qaz yataqları kəşf edilmişdi və istismara buraxılmışdı. Heydər Əliyev təşəbbüs irəli sürdü və 12 il ərzində Azərbaycana əvvəlcə dənizin 70 metr dərinliyində, sonra isə 200 metrədək dərinliyində işləyən 12 qurğu gətirildi. 1970-1980-ci illərdə Azərbaycana gətirilən "Şelf-2", "Şelf-3", "Şelf-4", "Şelf-5" qazma qurğuları vasitəsilə "Dədə Qorqud" və "İstiqlal" qurğuları düzəldildi. Onların işini təşkil etmək üçün "Süleyman Vəzirov", "İsrafil Hüseynov" kimi boruçəkən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər, başqa texniki gəmilər gətirildi. Ümumiyyətlə, o illərdə Xəzərdə 400-dən çox gəmi fəaliyyət göstərirdi. Açılan neft yataqlarında platformaları avadanlıqla təmin etmək üçün Bakıda Dərin Dəniz Özülləri Zavodu inşa edildi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı Azərbaycanı xaos və anarxiyadan, dərin sosial-iqtisadi böhrandan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik inkişaf yoluna çıxardı. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan bu sazişin reallaşması, ərsəyə gəlməsi təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyət daşıyır. Bu qlobal enerji müqaviləsi Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqlədi.

"Əsrin müqaviləsi"nin imzalanmasından sonra dünyada əsas enerji mənbələrinə nəzarət uğrunda mübarizənin kəskinləşməsi sözügedən müqavilə çərçivəsində hasil olunacaq milyonlarla ton xam neftin hansı əsas marşrutla Qərb bazarlarına nəql ediləcəyi məsələsi də başlıca mübahisə predmetinə çevrilmişdi. Bu məsələ ilə bağlı fərqli təklif və ideyalar təkcə layihənin iştirakçısı olan dövlətlərin iqtisadi deyil, həm də kəmərin təhlükəsizlik maraqlarından irəli gəlirdi. Eyni zamanda region dövlətləri əsas ixrac boru kəmərinin məhz onların ərazisindən keçməsinə, beləliklə də külli miqdarda tranzit gəlirinə sahib çıxmağa, eyni zamanda alternativ enerji mənbələri əldə etməyə çalışırdılar. Mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması uzun müddət dünya siyasətinin aparıcı mövzusuna çevrilmişdi. Həmin vaxt layihənin əleyhdarları bu strateji kəmərin Bakı-Tbilisi-Ceyhan marşrutu üzrə gerçəkləşməsini əfsanə hesab edir, onun reallıqdan tamamilə uzaq olduğunu bildirirdilər. "Bizim Bakı-Ceyhandan başqa yolumuz yoxdur. Bu, bizə həm iqtisadi baxımdan faydalıdır, həm siyasi baxımdan, həm də ən mühümü müstəqilliyimizi möhkəmləndirmək üçün ən əsas amildir", - deyən ulu öndər Heydər Əliyev böyük diplomatik səylər hesabına Bakı-Tbilisi-Ceyhan marşrutunun siyasi baxımdan alternativsiz olduğunu beynəlxalq miqyasda tam sübuta yetirdi və müvafiq sazişin imzalanmasına nail oldu. Bununla da müstəqil respublikamızın davamlı inkişafı və yüksəlişi üçün daha bir möhkəm bünövrənin əsası qoyuldu.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ulu öndərin yeni neft strategiyasının məntiqi sonluğa yetişməsini uğurla təmin etdi. 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tam istismara verilməsi ilə bağlı təntənəli tədbir keçirildi. Beləliklə, kimlərinsə bir vaxtlar əfsanə hesab etdiyi bu strateji layihə "Əsrin müqaviləsi"nin imzalanmasının 12-ci ildönümü ərəfəsində gerçəkliyə çevrildi. Dövlət başçısı İlham Əliyevin həmin mərasimdə bəyan etdiyi kimi, bu kəmər məhz ulu öndər Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində gerçəkləşmişdir: "Hamımız xatırlayırıq ki, bu nəhəng transmilli layihənin təməli 1994-cü ildə Bakıda - "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanmışdır. Məhz o ağır, çətin dövrdə Azərbaycan rəhbərliyinin qətiyyəti və uzaqgörənliyi nəticəsində "Əsrin müqaviləsi" imzalandı və bundan sonra bütün məsələlər öz həllini tapdı. Yeni kəmərlər tikildi, yeni neft infrastrukturu yaradıldı. O illər Azərbaycanda çox böyük təlatüm müşahidə olunurdu, Azərbaycana ciddi təzyiqlər edilirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaranmasını istəməyən qüvvələr müxtəlif təzyiqlər göstərirdi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti, Azərbaycan xalqının dəstəyi bizə imkan verdi ki, ölkəmiz öz zəngin neft, qaz yataqlarını işə sala bilsin və bu gün bizim təbii ehtiyatlarımız dünya bazarlarına çıxarılır".

 

Prezident İlham Əliyevin rəhbərliyi altında son yeddi ildə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevrilmişdir. Respublikamız qlobal böhran şəraitində belə sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində öz sözünü deyir. Əldə olunan nəticələr böyük öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi siyasət strategiyasına alternativin olmadığını bir daha sübuta yetirir.

 

 

Tahir SÜLEYMANOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.-  4 may.- S.  4.