Lənkəranda "Azərbaycan Respublikasının cənub rayonlarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti" mövzusunda konfrans keçirilmişdir

 

Prezident Administrasiyası və Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Baş Prokurorluğun, Daxili İşlər, Milli Təhlükəsizlik, Səhiyyə, Təhsil, Gənclər və İdman nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin, Ali Məhkəmənin, Dövlət Gömrük Komitəsinin, narkotiklərə və cinayətkarlığa qarşı milli təbliğat ofisinin məsul işçiləri, Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Şirvan və Hacıqabul rayon icra hakimiyyətlərinin başçıları, həmin rayonların polis şöbələrinin rəisləri, prokurorları, MTN-in şəhər və rayon şöbələrinin rəisləri, mərkəzi xəstəxanaların baş həkimləri, gənclər və idman idarələrinin rəisləri, təhsil şöbələrinin müdirləri, cənub bölgəsindəki ali və orta ixtisas məktəblərinin rəhbərləri iştirak etmişlər.

Konfransın iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmişlər.

Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov konfransın məqsəd və vəzifələrindən danışaraq bildirmişdir ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə regionda ilk dəfədir ki, bu cür geniş tərkibdə toplantı keçirilir. Ölkə üzrə bu problemin böyük bir hissəsi cənub bölgəsinin payına düşür. Ona görə də qərara alındı ki, cənub bölgəsində tədbir keçirməklə geniş müzakirələr aparılsın və bütün müvafiq icra qurumlarının, hüquq-mühafizə orqanlarının və ictimai təşkilatların diqqəti bu problemin həllinə və onun müəyyən dərəcədə səviyyəsinin aşağı salınmasına cəlb edilsin.

Azərbaycan üçün narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin spesifik problem olmadığını vurğulayan Ə.Həsənov son dövrlərdə ölkəmizdə böyük regional layihələrin həyata keçirilməsinin, yükdaşımaların həcminin çoxalmasının beynəlxalq narkomafiyanın bu əraziyə marağının artmasına səbəb olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, respublikamıza narkotik vasitələr üç marşrutla daxil olur: Əfqanıstan-İran-Azərbaycan; Əfqanıstan-Pakistan-İran-Azərbaycan və Əfqanıstan-Orta Asiya-Türkmənistan-Azərbaycan.

Ölkəmizdə bu sahədə 4-cü marşrutun da olduğunu, lakin həmin marşrutun beynəlxalq təşkilatların hesabatlarına daxil edilmədiyini bildirən dövlət komissiyasının sədri, həmin marşrutun Əfqanıstan-İran-Dağlıq Qarabağ olduğunu və bu marşrutla MDB və Avropa ölkələrinə narkotik vasitələrin daşındığını diqqətə çatdırmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin bu problemin həllinə xüsusi diqqət yetirdiyini vurğulayan Ə.Həsənov ölkəmizdə təhlükəli sosial bəlaya qarşı mübarizə sahəsində lazımi hüquqi bazanın yaradıldığını bildirmişdir.

Konfransın gündəliyində duran məsələ ilə bağlı çıxış edən daxili işlər naziri Ramil Usubov, qlobal xarakter daşıyan narkotik maddələrin qanunsuz dövriyyəsinin bütün dünyada olduğu kimi, respublikamız üçün də ağrılı məsələyə çevrildiyini, bu sahədə dövlət və hökumət səviyyəsində davamlı şəkildə həyata keçirilən tədbirlər, o cümlədən qəbul edilən milli qanunvericilik aktları, konseptual proqramlar çərçivəsində son illər daxili işlər orqanlarının fəaliyyətinin də yeni keyfiyyət səviyyəsinə yüksəldiyini bildirmişdir.

Vurğulanmışdır ki, problemin müvəffəqiyyətli həlli üçün ölkədə narkotik maddələrə tələbatın azaldılması və satışının mümkünsüzlüyə çevrilməsi ilkin şərtlərdəndir. Bu məqsədə nail olunduğu halda isə cinayətlərin təşkilatçılarının və narkoişbazların respublikamıza olan marağı da aradan qalxacaqdır.

Transmilli qruplaşmaların narkotik maddələri respublikamıza gətirmələrinə, eləcə də onların Avropaya daşınmasında Azərbaycanın ərazisindən tranzit dəhlizi kimi istifadə etmələrinə etibarlı sipər çəkilməsi də qarşıda duran başlıca vəzifələrdən biri kimi diqqətə çatdırılmışdır.

Qeydiyyatda olan narkomanların sayı ilə narkotik maddələrin faktiki istehlakçılarının sayı arasındakı fərqə də toxunan nazir R.Usubov konfrans iştirakçılarının diqqətini narkomanların real sayının dəqiqləşdirilməsinə, bunun qarşıda duran vəzifələrin əhatə dairəsinin və istiqamətlərinin müəyyənləşdirilməsində başlıca amil olduğuna, eləcə də narkomaniyanın yayılmasının əsl miqyasının müəyyən edilməsi üçün ictimai birliklər və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə monitorinqlərin keçirilməsinin vacibliyinə cəlb etmişdir.

Bununla bərabər, narkotiklərdən asılılığın, şəxsin nəinki ailəyə və cəmiyyətə, hətta insan həyatına münasibətini belə mənfi anlamda dəyişdiyini, habelə kiminsə cinayət yolu ilə, yüzlərlə başqa ailənin bədbəxtliyi üzərində əldə etdiyi gəlirlə özünə xoşbəxt və firavan həyat qura bilməsinin yolverilməzliyini və bu cür ictimai təhlükəli əməllərlə insanların sağlamlığına, bütövlükdə milli genofonda sarsıdıcı zərbə vuranlara qarşı cəmiyyətdəki statusundan, qulluq mövqeyindən və xidmətlərindən asılı olmayaraq, mübarizə aparılmasının da hər bir vətəndaşın mənəvi borcu olduğu diqqətə çatdırılmışdır.

Nazir, həmçinin ölkə üzrə bağlanmış nikahların 3,5 faizinin, cənub rayonlarında isə 5,5 faizinin məhz narkomanlıq səbəbindən pozulduğunu, narkotiklərdən asılı şəxslərin ailə üzvləri və yaxınlarının hər an onların idarəolunmaz, nəzarətsiz hərəkətlərinin qurbanına çevrilmək təhlükəsi ilə üzləşdiklərini bildirmişdir.

General-polkovnik Ramil Usubov bu ümumbəşəri problemin həllinə həm profilaktiki-reabilitasiya, həm inzibati-məcburi, həm də cinayət-hüquqi aspektlərdən yanaşılmasının, müvafiq istiqamətdə dövlətin və cəmiyyətin səylərinin daha sıx birləşdirilməsinin zəruriliyinə də toxunmuş, narkotiklərdən istifadənin insanı məhvə sürükləyən yol olmasını təbliğ edən davamlı informasiya siyasətinin aparılmasını, əhali ilə görüşlərin, təhsil və səhiyyə təşkilatlarının nümayəndələri cəlb edilməklə orta və ali təhsil müəssisələrində maarifləndirmə işinin, seminarların və sair tədbirlərin təşkil edilməsini təklif etmişdir.

Nazir bu müstəsna ağır təhlükənin qarşısının alınmasına cəmiyyətin bütün qüvvələrinin, o cümlədən ictimai birliklərin, kütləvi informasiya vasitələrinin, ağsaqqalların və din xadimlərinin səfərbər olunmasının aktuallığını diqqətə çatdırmışdır.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən bölgələrdə böyük quruculuq işlərinin, ciddi iqtisadi islahatların aparıldığını vurğulayan nazir Ramil Usubov Heydər Əliyev kursunun, ulu öndərin ideyalarının təntənəsi olan mövcud yüksəliş, tərəqqi, rifah və əmin-amanlıq fonunda xalqımızın gələcəyi üçün təhlükə mənbəyinə çevrilə bilən narkomaniyanın və narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasının hamının vətəndaşlıq borcu olduğunu, bunun üçün cəmiyyətimizin bütün təbəqələrinin birləşərək vahid bir qüvvəyə çevrilməsinin əhəmiyyətini və yalnız birgə səylərlə real və müsbət nəticələr əldə etməyin mümkünlüyünü vurğulamışdır.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin sosial-hüquqi aspektləri" mövzusunda məruzəsində bildirmişdir ki, Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyi, ölkədə uğurla həyata keçirilən çoxsaylı irimiqyaslı iqtisadi layihələr nəticəsində dünya ölkələri ilə ticarət əlaqələrinin genişlənməsi narkotik vasitələrin qanunsuz dövriyyəsi və nəql edilməsi ilə məşğul olan şəxsləri özünə cəlb edir.

Bundan əlavə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindən narkotik vasitələrin istehsalı üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin çiçəklənməsinə şərait yaradır.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə hər zaman Azərbaycan Prezidentinin xüsusi diqqət mərkəzində olmuşdur və bu sahədə fəaliyyətin səmərəsini artırmaq məqsədi ilə dövlətimizin başçısı 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ı təsdiq etmişdir.

Proqramın icrası nəticəsində son illər ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə əlaqədar aşkar edilən cinayətlərin və cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı, habelə qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin miqdarı əhəmiyyətli dərəcədə artmışdır.

F.Ələsgərov qeyd etmişdir ki, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar demoqrafik təhlillər aparılmış, bu kateqoriyaya daxil olan cinayətlərin törədilməsinə görə məsuliyyətə cəlb edilmiş şəxslərin sosial tərkibi araşdırılmışdır. Müəyyən edilmişdir ki, 2009-cu ildə bu növ cinayətlərin törədilməsinə görə məsuliyyətə cəlb olunanların böyük əksəriyyətini işləməyənlər təşkil edir. Tüfeyli həyat tərzi narkomaniyanın yayılması və bununla bağlı digər sosial patologiyaların əmələ gəlməsi üçün əsas mənbədir.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə kompleks tədbirlər planlaşdırılaraq yerinə yetirilməlidir. Həmin tədbirlər çərçivəsində narkotik vasitələrin istehsalına qarşı hər bir mərhələdə adekvat tədbirlər görülməlidir. Tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası, onların toplanması, prekursorlardan istifadə edilməsi, yarımfabrikatların və hazır məhsulun saxlanılması, əldə olunmuş narkotik vasitələrin satılması yolları və üsulları aşkar olunmalı, narkotik vasitələrin alınma mənbələrinin və narkotik vasitələrin alqı-satqısı şəbəkəsinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilməli, hüquq-mühafizə orqanları arasında həyata keçirilən informasiya mübadiləsi daha da gücləndirilməli, bu mübarizədə bütün dövlət orqanlarının qüvvə və vasitələri birləşdirilməlidir.

Profilaktik tədbirlərin genişləndirilməsinə, təbliğat işinin gücləndirilməsinə xüsusi diqqət yetirilməli, səhiyyə, təhsil, gənclər təşkilatlarının bu sahədə fəaliyyətinin səmərəliliyi artırılmalı, narkomanlığın profilaktikası və narkomaniya problemi ilə bağlı layihələr həyata keçirən qeyri-hökumət təşkilatlarının fəaliyyəti təşviq edilməlidir.

F.Ələsgərov çıxışında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində hüquqi bazanın təkmilləşdirilməsi məqsədi ilə bir sıra təkliflər irəli sürmüş, müvafiq dövlət orqanları qarşısında duran vəzifələr və onların bu sahədə fəaliyyətinin səmərəliliyinin artırılması üçün zəruri olan tədbirləri diqqətə çatdırmışdır.

Baş prokuror Zakir Qaralov "Narkomanlıqla mübarizənin aktual problemləri və prokuror nəzarəti" mövzusunda çıxışında bildirmişdir ki, Prezident İlham Əliyevin bu günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarına səfəri mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasında narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələləri dövlət səviyyəsində ciddi nəzarət altında olmaqla, onun səmərəliliyinin artırılması və profilaktikasının gücləndirilməsi məqsədilə zəruri işlər görülür.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ulu öndər Heydər Əliyev tərəfindən başlanılan, hazırda yeni müstəvidə davam etdirilən barışmaz mübarizə xətti dövlətimizin maraqlarının qorunmasının prioritet istiqaməti səviyyəsinə qaldırılmışdır.

Ölkəmizin cənub rayonlarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyətinə dair Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşəbbüsü ilə Lənkəran şəhərində keçirilən konfrans, ilk növbədə, dövlətin narkomanlığa qarşı davamlı mübarizə aparmaq iradəsinin ifadəsidir.

Statistik hesabatların təhlili sosial bəlaya çevrilmiş narkomanlığın bu bölgədə daha geniş yayıldığına dəlalət edir. Təhlükəli cəhət ondan ibarətdir ki, ölkəmizə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsi kimi mütəşəkkil cinayətkar fəaliyyətə bəzi rayonların sərhədboyu ərazilərində yaşayan ailələr, çoxsaylı gənclər cəlb olunur. Cənub bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ən mühüm vasitəsi dövlət sərhədlərinin mühafizəsinin möhkəmləndirilməsindən, narkotiklərin qaçaqmalçılığının bütün mümkün yollarının bağlanmasından ibarətdir. Çox müsbət haldır ki, narkotiklərin qaçaqmalçılığının qarşısının alınması məqsədi ilə sərhədlərimizin mühafizəsinin gücləndirilməsi istiqamətində son illər ölkəmizdə böyük işlər görülmüşdür. Lakin təcrübə onu göstərir ki, narkotiklərin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstələrin dövlət sərhədlərini keçmələri üçün müəyyən imkanlar hələ də qalmaqdadır.

Qeyd olunmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində məhkum edilmiş şəxslərin sosial reabilitasiyası çöx mühüm əhəmiyyət kəsb edir.

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar bütün məsələlər üzrə real vəziyyət dəqiq öyrənilməlidir. Bu sahədə latent proseslərin aşkarlanması, onların səbəblərinin öyrənilməsi, dinamikalarına təsir edə biləcək səmərəli mexanizmlərin, metodikaların hazırlanması və tətbiqi yollarının müəyyən edilməsi vacib məsələlərdir.

Narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin müalicəsinin düzgün təşkili narkomanlığa qarşı mübarizə işində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir.

Qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq bu qəbildən olan cinayətlərin istintaqı, təhqiqatı və əməliyyat-axtarış fəaliyyəti üzərində prokuror nəzarətinin yeni müstəvidə daha səmərəli təşkili, ibtidai araşdırmaya prosessual rəhbərliyin səviyyəsinin keyfiyyətcə yüksəldilməsi, istintaq işini təkmilləşdirməklə vahid təcrübənin formalaşdırılması məqsədilə metodiki işin gücləndirilməsi, bu sahədə digər dövlətlərin əlaqədar təsisatları və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri həmişə respublika Baş Prokurorluğu rəhbərliyinin diqqət mərkəzində olmuşdur.

Prokurorluq orqanları bundan sonra da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.

Konfransda, həmçinin Ali Məhkəmənin hakimi Əli Seyfəliyev, səhiyyə nazirinin müavini Elsevər Ağayev, təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Dövlət Sərhəd Xidməti rəisinin müavini Asif Cəbrayılov, narkotiklərə və cinayətkarlığa qarşı milli təbliğat ofisinin rəhbəri Məzahir Əfəndiyev, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov, Dövlət Gömrük Komitəsinin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə baş idarəsinin rəisi Güloğlan Muradlı və Milli Təhlükəsizlik Nazirliyinin baş idarə rəisinin müavini Fazil İmamverdiyev mövzu ilə bağlı çıxış etmişlər.

Konfransa yekun vuran Baş nazirin müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirmişdir ki, 2009-cu ildə dünyada narkotik maddələrin satışından 350 milyard ABŞ dolları vəsait əldə edilmişdir. Dövlət komissiyasının sədri, narkotik vasitələrin qanunsuz dövriyyəsinə sərf olunan 1 ABŞ dollarının 12 min ABŞ dolları məbləğində gəlir gətirdiyini, məhz buna görə də bu sosial bəlaya qarşı mübarizənin çətinləşdiyini diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, bu problemlə təkcə hüquq-mühafizə orqanlarının gücündən istifadə etməklə mübarizə aparmaq mümkün deyildir. Dünya ölkələri bu sahədə informasiya və təcrübə mübadiləsi aparmaq yolu ilə birgə əməkdaşlıq edirlər.

Bütün dünyada sosial bəlaya çevrilən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə ictimaiyyətin bütün təbəqələri, o cümlədən kütləvi informasiya vasitələri də fəal iştirak etməli, Azərbaycan millətinin gələcəyini, onun genofondunu düşünən hər bir şəxs bu mübarizəyə qoşulmalıdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  4 may.- S.  2, 5.