Azərbaycanın və İranın müvafiq qurumları arasında əlaqələrin inkişafı
transmilli mütəşəkkil
cinayətkarlıq və
beynəlxalq terrorizmlə
mübarizədə səylərin
birləşdirilməsi üçün
imkanlar yaradır
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 3-də İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazir xalqlarımız arasında çoxəsrlik əlaqələrin olduğunu xatırlatmış, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra təməli 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin İrana səfəri zamanı qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin iki dövlətin prezidentlərinin səyləri ilə daha da genişlənməkdə olduğunu bildirmişdir.
Ölkələrimiz arasında inteqrasiya proseslərinin nəticələri bütün sahələrdə - iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə özünü büruzə verməkdədir. Belə bir şəraitdə hüquq-mühafizə orqanlarının, xüsusilə də ictimai təhlükəsizliyi təmin edən daxili işlər orqanlarının öhdəsinə böyük məsuliyyət düşür.
General-polkovnik R.Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərimizin birləşdirilməsi üçün imkanlar yaratdığını qeyd edərək ümidvar olduğunu bildirmişdir ki, bu səfər ölkələrimiz arasında getdikcə möhkəmlənən əməkdaşlığın və inteqrasiya proseslərinin bundan sonra daha da genişlənməsinə xidmət edəcəkdir.
Nazir iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığı tənzimləyən müqavilələrin də mühüm əhəmiyyət kəsb etdiyini və bu sənədlərin gələcək əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə şərait yaratdığını xatırlatmışdır.
Prezident İlham Əliyevin İrana müxtəlif vaxtlarda etdiyi rəsmi səfərlərin ikitərəfli əlaqələrin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə imkan verdiyini nəzərə çatdıran Ramil Usubov ölkələrimizin Daxili İşlər nazirlikləri səviyyəsində əməkdaşlığın genişləndirilməsində rəhbərlik etdiyi qurumun maraqlı olduğunu vurğulamışdır.
Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilmişdir. Respublikamızda dövlət müstəqilliyinin, demokratik prinsiplərin möhkəmləndirilməsi, bazar münasibətlərinin inkişafı, genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işlər qeyd olunmuşdur. Vurğulanmışdır ki, hüquq-mühafizə orqanları sıx qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirir.
General-polkovnik Ramil Usubov nazirliklərimiz arasında əməkdaşlığın potensial imkanlarını yüksək qiymətləndirərək əmin olduğunu bildirmişdir ki, qarşılıqlı faydalı əlaqələr ölkələrimizin və xalqlarımızın mənafelərinə, beynəlxalq təhlükəsizliyin təmin olunması işinə xidmət edəcəkdir.
İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar səmimi qəbula və ətraflı məlumata görə Ramil Usubova təşəkkürünü bildirərək qeyd etmişdir ki, həqiqətən, belə səfərlər, görüşlər və imzalanmış sazişlərin yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik qardaş, dost ölkələrimizin mənafelərinə tam uyğundur və bütün sahələrdə, o cümlədən təhlükəsizlik, hərbi, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilmiş, görüş protokolu imzalanmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 4 may.- S.
5.