Daşkənddə öz işinə başlayan Asiya İnkişaf Bankı Direktorlar Şurasının 43-cü illik
iclasında Azərbaycanın
iqtisadi uğurları
yüksək qiymətləndirilmişdir
Özbəkistanın paytaxtı Daşkənddə Asiya İnkişaf Bankı (AİB) Direktorlar Şurasının 43-cü illik iclası işə başlamışdır.
İclasda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.
Forum çərçivəsində AİB-nın prezidenti Xaruxiko Kuroda yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bankın son vaxtlar Asiya ölkələrində həyata keçirdiyi böyük layihələr haqqında məlumat vermişdir. Onun sözlərinə görə, 2009-cu ildə üzv ölkələrin iqtisadiyyatına 16 milyard dollar vəsait qoyulmuşdur. Bu vəsait əsasən səhiyyənin, təhsilin, infrastrukturların möhkəmləndirilməsi və digər mühüm sahələrin inkişafına xərclənmişdir. Bankın rəhbəri demişdir ki, hazırda maliyyə-iqtisadi böhrandan əziyyət çəkən olkələrdə bərpa prosesi başlanmışdır.
AİB-nın prezidenti Xaruxiko Kuroda Azərbaycanda aparılan uğurlu iqtisadi siyasətin nəticələrini yüksək qiymətləndirmişdir. O bildirmişdir ki, Azərbaycan Mərkəzi Asiya və Qafqaz dövlətləri arasında ən yüksək sürətlə inkişaf etmiş ölkəyə çevrilmişdir və bu istiqamətdə uğurlu layihələr həyata keçirilir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri
Daşkənd
Azərbaycan.- 2010.- 4
may.- S. 6.