Montana ştatı Dövlət Universitetinin tələbəsi Heydər
Əliyev adına illik mükafata layiq görülmüşdür
Montana ştatı (ABŞ) Dövlət Universitetinin tələbəsi Kolin Daniel Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) haqqında kursun əla səviyyədə hazırlanmasına və aparılmasına görə 2010-cu ildə Heydər Əliyev adına mükafata layiq görülmüşdür.
Azərbaycana və Avrasiya regionuna həsr edilmiş tədqiqatlarda xüsusilə fərqlənmiş amerikalı tələbələr üçün Heydər Əliyev adına illik mükafat 2008-ci ildə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu tərəfindən təsis edilmişdir.
Baş konsul Elin Süleymanov universitetdə olarkən mükafatı sahibinə təqdim etmişdir. Azərbaycan təmsilçisi amerikalı tələbələrin məlumatlılıq səviyyəsinin yüksək olduğunu qeyd edərək xatırlatmışdır ki, bütün region, o cümlədən QDİƏT çərçivəsində rifahın yüksəldilməsinə yönəlmiş əməkdaşlıq ideyaları ümummilli lider Heydər Əliyevin strateji siyasətinin əsasını təşkil edirdi. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi regional inteqrasiya siyasətində də məhz bu yanaşma öz əksini tapır.
Sonra Universitetin təhsildə ən çox fərqlənən tələbələrinə xatirə hədiyyələri təqdim edilmişdir.
Montana ştatı Dövlət Universitetinin siyasi elmlər fakültəsində QDİƏT haqqında kursu professor Tomas Holts tədris edir. Çox populyar olan bu kursun interaktiv modelləşdirmə formasında tədris edilməsi tələbələrin regional mövzuları daha dərindən öyrənməsinə kömək edir, diplomatiya və beynəlxalq danışıqlar sahəsində faydalı vərdişləri inkişaf etdirməyə imkan verir. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu bu kursun tədris edilməsini dəstəkləyir.
E.Süleymanov Montanaya səfəri çərçivəsində Universitetin Energetika Mərkəzinin müəllim və tələbələri üçün seminar keçirmişdir. Baş Konsul enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu, habelə ölkə rəhbərliyinin alternativ enerji mənbələrinin inkişafına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş siyasəti barədə söhbət açmışdır. Bu siyasətə əyani nümunə kimi Prezident İlham Əliyev tərəfindən elan edilmiş "Ekologiya ili" çərçivəsində ARDNŞ-in çirklənmiş ərazilərin təmizlənməsi üzrə fəaliyyəti qeyd edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 4 may.- S.
6.