Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) qısamüddətli ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur.

DİA-dan bildirmişlər ki, "Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar" istiqaməti üzrə keçirilən kursda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.

Kursda aparılmış tədrisin əsas məqsədi Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlarla bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə bu sahədə yeni biliklərin verilməsidir.

Kursda tematik plan üzrə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin olunmasında hüquq-mühafizə orqanlarının qarşılıqlı fəaliyyəti, Konstitusiya nəzarətinin mahiyyəti, təşkili və tətbiqi, Azərbaycan Respublikası məhkəmə hakimiyyətinin təşkili və fəaliyyətinin konstitusion-hüquqi əsasları, Azərbaycan Respublikasında seçki hüququ və seçki prosesi, daxili işlər orqanlarının fəaliyyətinin konstitusion hüquqi əsasları və digər məsələlər əhatə olunmuşdur.

Tədris müddəti ərzində kursda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov, Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev, Daxili İşlər Nazirliyinin Təhqiqat İdarəsinin rəisi Zöhrab Qəndilov, Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov, Ali Məhkəmənin hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının sədri Şahin Yusifov, Konstitusiya Məhkəməsinin hakimi Rəfael Qvaladze, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Dəmirov, Azərbaycan Respublikası Silahlı Qüvvlərinin təhqiqat orqanları və əsgər dustaqxanalarında qanunların icrasına nəzarət şöbəsinin rəisi Səfər Əhmədov, Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsinin rəisi Natiq Hüseynov, dövlət ittihamının müdafiəsi üzrə idarənin rəisi İlqar Cəfərov, Avropa İttifaqı "Cənubi Qafqazda narkotiklərə nəzarət" Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev, insan hüquqları üzrə müvəkkil aparatının elmi analitik sektorunun müdiri Zaur Əliyev, həmçinin tanınmış alim-mütəxəssislər, DİA-nın professor-müəllim heyəti dinləyicilər qarşısında hüquq elminin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

Dinləyicilər Ali Məhkəmədə və insan hüquqları üzrə müvəkkil aparatında təcrübədə olmuşlar.

Buraxılış mərasimində çıxış edən DİA-nın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov kursu müvəffəqiyyətlə bitirənləri təbrik etmiş, onlara sertifikatlar təqdim etmişdir.

 

 

Azərbaycan.- 2010.-  4 may.- S.  6.