Parisdə açılmış sərgidə Azərbaycanla bağlı fotolar nümayiş etdirilir

 

Paris Metropoliteninin Lüksemburq stansiyasında Fransada yaşayan iranlı soydaşımız Reza Deqatinin fotolarından ibarət sərgi təşkil edilmişdir. Nəinki Fransada, habelə dünyanın müxtəlif ölkələrində yaxşı tanınan R.Deqatinin sərgisində fotoqrafın Pekindən Parisə iki ay ərzində qatarla etdiyi səyahət zamanı yolboyu rast gəldiyi dövlətlər, o cümlədən qədim İpək yolu üzərində yerləşən Azərbaycanla bağlı çəkdiyi fotolar nümayiş etdirilir.

 

"Paralel yollar" adlı sərginin bir hissəsində Rezanın Azərbaycanda həyata keçirdiyi layihələrdən bəhs edən fotolar yerləşdirilmişdir. Bu fotolar arasında Bakının Qaradağ rayonunda məskunlaşmış qaçqın məcburi köçkün ailələrinin uşaqları üçün inşa edilmiş məktəb binasının Xocalı faciəsi zamanı öz ailə üzvlərinin cəsədini axtaran qadının təsvir olunduğu işlər diqqəti cəlb edir. Sərgidə Bakı Naxçıvanla bağlı fotolar üçün xüsusi guşə ayrılmışdır.

Hər gün 10 mindən artıq sərnişinin istifadə etdiyi stansiyada sakinlər şəhərin qonaqları sərgidə fotoqrafın "Ana fəryadı" adı verdiyi eksponatın qarşısında daha çox dayanır, uzun müddət nəzərlərini bir ananın faciəsindən bəhs edən bu sənət əsərindən çəkə bilmir, onun altında fransız dilində yazılmış mətni həyəcansız oxuya bilmirlər: "O, gözləri çıxarılmış əri oğlunun cəsədlərini indicə tapmışdır. Mən hələ onun türkürpədici fəryadını eşidirəm. Erməni qoşunları tərəfindən Xocalı sakinlərinə qarşı törədilmiş qırğından sağ qurtaran az idi. Onlar öz ailələrinin itkin düşmüş üzvlərini tapmaq ümidi ilə Ağdam şəhərində cəsədlərin saxlandığı yerə baş çəkir, kəfənlənmiş meyitlərin üzlərini əlləri ilə yoxlayır erməni əsgərlərinin qurbanlarının hansı vəhşiliklərə məruz qaldıqlarının şahidi olurdular".

Fransız pərəştişkarları tərəfindən sevilən Reza Deqatin sərgidən əlavə iki aylıq səfəri çərçivəsində İpək yolu boyunca səyahət etdiyi yerlər, o cümlədən Azərbaycanla bağlı, hər biri 26 dəqiqə olmaqla 5 sənədli film çəkmişdir. Filmlər mayın 24-dən 28-dək "National Geographie Channel" televiziya kanalında nümayiş olunacaqdır. Sərginin nümayişi sentyabrın 12-dək davam edəcəkdir.

Xatırladaq ki, soydaşımızın Senatın təşkilatçılığı ilə 2003-cü ildə nümayiş etdirilmiş fərdi sərgisində azərbaycanlı qaçqın məcburi köçkünlərdən bəhs edən fotolar nümayiş etdirilmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.-2010.- 4 may.-S.6.