Avrasiya İqtisadi Zirvələri -qitələri
yaxınlaşdıran forum
Ulu öndər Heydər Əliyev Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirələ həsr etdiyi yazılarından birində belə bir fikir söyləmişdi: "Tale insana həyatda üç nemət bəxş edər: birincisi - ana, ikincisi - millət və xalq, üçüncüsü isə Vətən! Bu nemətləri göz bəbəyi kimi qorumaq hər bir insanın müqəddəs borcudur. Yüksək zirvəyə gedən yol isə Vətəndən, Vətənə xidmətdən başlayır!"
Bu il yaranışının 25-ci ildönümünü qeyd edən Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfini də keçib gəldiyi əsrin dörddə birinə bərabər bu zaman məsafəsində daima cəmiyyətin diqqətində və gündəliyində saxlayan məhz belə bir yüksək vətənkeşlik hissi olmuşdur. Vəqfin belə bir Vətənə xidmət məramı ilə 1998-ci ildən bəri düzənlədiyi növbəti - 13-cü Avrasiya İqtisadi Zirvəsi bu həftə İstanbulda işinə başlayır. Hər il olduğu kimi, bu il də yaxın və uzaq qonşuların, Avropa və Asiyanın, Amerika və Afrikanın sözünün çəkisi və nüfuzu olan ölkələrinin qatılacağı, dövrünün tanınmış diplomatlarının, siyasətçilərinin, hərbçilərin, iş adamlarının, dövlət xadimlərinin iştirak edəcəkləri, ümumi havasında ən müxtəlif fikirlərin, qeyri-standart yanaşmaların, gerçək və nikbin mülahizələrin, düşüncələrin yer alacağı təbdirlər, müzakirələr, nəticə etibarilə müxtəlif coğrafiya və fərqli dəyər daşıyıcılarının, ölkə və xalqların iradə və mənafelərinin meydana qoyulacağı auditoriyaya, tribunaya çevriləcəkdir.
Zirvəyə ev sahibliyi edən Mərmərə Qrupu Vəqfinin rəhbəri dr. Akkan Suverlə bağlantı qurub tədbir haqqında fikirlərini bölüşməsini xahiş etdik:
- Sıralarında Türkiyənin görkəmli oğullarının yer aldığı Mərmərə Qrupu müasir Türkiyənin qurucusu olan böyük Atatürkün - Ölkəm Türkiyə mənə nə verəcək deyil, mən ölkəm Türkiyəyə nə verəcəyəm? - ictimai motivli səslənişini öz fəaliyyətinin əsas məram və konsepsiyası elan etmişdir. Hər kəs qədəm qoyduğu yola bir məqsədlə çıxır. Bizim də əsas hədəflərimiz demokratiya, dövlətçilik, müasirlik və öncül hesab etdiyimiz bütün bəşəri dəyərlərə inteqrasiyadır. Bu yola sədaqət həm də böyük Atatürkün millətə ərməğan etdiyi ümdə vəzifələrin həyata keçirilməsində bir vəfa borcu kimi dəyərləndirilə bilər. Atatürk Qafqazda və Orta Asiyada məskunlaşmış türksoylu insanlarla sülh, sabitlik və rifah müstəvisində iş birliyi qurmaqla daha da yaxınlaşmağı nəsihət etmişdi. Hesab edirəm ki, geridə buraxdığımız illərdə Avrasiya Zirvələri Qərbdən Şərqədək uzanan böyük bir coğrafiyada ortaq iqtisadi maraqlar kontekstində vacib və xeyirxah bir sosiomədəni missiyanı yerinə yetirməyə müvəffəq olmuşdur.
Bu ilki Zirvəyə dünyanın 40-dan artıq ölkəsinin, 32 beynəlxalq təşkilatın nümayəndələri qatılacaqlar. Rəsmi təmsiletmə yenə də yüksək olacaq. Artıq bir neçə ölkə Zirvənin işində dövlət və hökumət başçısı, nazirlər səviyyəsində iştirak edəcəyini bəyan edib. Azərbaycanı həmişəki kimi səbirsizliklə və ən böyük nümayəndə heyəti ilə gözləyirik. Belə ki, qardaş ölkənin Prezidenti zati-aliləri İlham Əliyevin Mərmərə Qrupu Vəqfinin fəxri sədri olması və hər il Zirvəyə öz təbrikləri ilə qatılması mövqeyimizə xüsusi status verməklə yanaşı, ovqatımıza, tədbirin aurasına da müsbət təsirini göstərir. 13-cü Zirvənin gündəliyinə daxil edilmiş və iştirakçıların ətrafında fikir mübadiləsi aparacaqları problemlər özünün iqtisadi əhəmiyyətinə, geosiyasi çəkisinə, ictimai funksionallığına görə müstəsna dərəcədə fərqlənməklə yanaşı, bütövlükdə dünya birliyini düşündürüb narahat edən aktual məsələləri əhatə edir.
Sammitin gündəliyi həmişə nəinki region, eləcə də bütün dünya ölkələri üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən məsələləri ehtiva edir. İstanbulun ən böyük mədəniyyət və toplantı mərkəzi olan "Convention Center"də bir araya gələcək onlarca ölkənin ən yüksək səviyyədə təmsil olunmuş heyəti enerji qaynaqları və onlardan birgə istifadə, nəqliyyat kommunikasiyaları, sahibkarlıq, iqtisadi əməkdaşlıq və inteqrasiya, turizm sahəsində birgə layihələrin işlənməsi, eləcə də digər aktual problemlərlə bağlı fikir mükalimələri apararaq faydalı əlaqələr qurmaq imkanı əldə edəcəklər. Məruzələrdə dünya ölkələri arasında sülh və təhlükəsizliyin bərqərar olmasında dinlərarası dialoqun önəminə toxunulacaq, insan haqları, gender bərabərliyi məsələləri, hər bir ölkənin inkişafında müstəsna əhəmiyyət kəsb edən təhsil, elm və gənclər siyasəti nəzərdən keçiriləcəkdir.
Avrasiya bölgəsinin potensialı, dünya birliyindəki yeri və perspektivləri barədə sualımızı cavablandıran dr. Akkan Suver söylədi ki, biz Avrasiya düşüncəsini Atatürkün Türkiyəyə buraxdığı miras kimi dəyərləndiririk. Bu regiona sadəcə zəngin bir coğrafiya kimi baxmaq kökündən yanlış olardı. Bu məkan əməkdaşlıq, həmrəylik mərkəzidir, sosiomədəni dəyərlərin hər bir xalq üçün ortaq meyarlara çevrildiyi bölgədir. Fəqət, günümüzün reallıqları, içində bulunduğumuz qloballaşmanın çağırışları prizmasından çıxış etdikdə, Avrasiya fəlsəfəsinə yaxınlıq bizi qloballaşmanın müqəyyəd prinsiplərindən heç vəchlə uzaqlaşdırmamalıdır. Türkiyə də, qardaş Azərbaycan da, Orta Asiya ölkələri də qloballaşan dünyanın çox önəmli aktorları sırasındadırlar. Biz uzaqlaşmağa, təcrid olunmağa deyil, əməkdaşlıq müstəvisində bir araya gəlmək, barış, inkişaf və istiqrar fəlsəfəsinin çətiri altında birləşmək siyasətindən yanayıq. Zirvənin coğrafiya əlvanlığı ona olan marağı və qaldırılacaq məsələlərin aktuallığına diqqəti də bariz şəkildə göstərir. Belə ki, dəvətlilərin sırasında Azərbaycan, Rusiya, ABŞ, Almaniya, Fransa, Hollandiya kimi ölkələrlə yanaşı, Çernoqoriya, Estoniya, Litva, Əfqanıstan, Liviya, Avstriya, Nigeriya, Misir, Sinqapur, Yaponiya, İsveçrə, Rumıniya və başqa ölkələr yer alıblar.
Avropa İttifaqının İstanbulu "2010-cu ilin mədəniyyət mərkəzi" elan etməsi ilə bağlı tədbirlərimiz, eləcə də Avrasiya İqtisadi Zirvəsinin kuboku uğrunda at yarışları tədbirimizin işinə bir ayrı rəng qatacaqdır. Hesab edirəm ki, 13-cü Zirvə çox işgüzar və faydalı ovqatda çalışacaq və hər bir dəvətli İstanbuldan xoş təəssürat, xatirə və işgüzar təkliflər "qovluğu" ilə ayrılacaqdır.
Söhbəti yazdı: Xalid NİYAZOV
Azərbaycan.- 2010.- 4 may.- S.
7.