Elmdə Əkrəm Cəfər
zirvəsi
Azərbaycan ədəbiyyatı tarixində, şərqşünaslıq və dilçilik elmində ustad Əkrəm Cəfər dəst-xəttinin təsdiqlənməsi, bu sahənin korifeylərindən birinə çevrilməsi heç də təsadüfi deyil. Sözün əsl mənasında nazını çəkən, cəfasına dözən, əlində qələm tutduğu vaxtlarda ruhu ilə qoşalaşan Əkrəm Cəfər coşqun və poetik nitqin zirvəsindən boylandı.
Əkrəm Cəfər təkcə Sözün əsgərinə, sərkərdəsinə çevrilmədi, həm də onun poeziya zirvəsinə aparan yollarına nur çilədi. Keçdiyi əzablı, məşəqqətli yollar onun xarakterində əzmkarlıq, bütövlük, həmçinin bir nuranilik də formalaşdırdı. Yaşadıqları onu yaşamağa macal verməsə də, o, Sözün yaşamasını, klassik şeir növü kimi heç də həmişə anlaşlıqlı olmayan əruzun incəliklərini incələdi. Beləliklə, Əkrəm Cəfər özünün söz-sənət məktəbini yaratmış oldu.
Əkrəm Cəfəri - XX əsrin dahi əruzşünas alimini, bu vəznin incəliklərini duymaq, anlamaq və tədqiq etmək üçün Hüseyn Cavidin yaradıcılığına baş vurması, türk dünyasının, xüsusən də Şərqin klassiklərini dərindən mütaliə etməsi onu ədəbiyyat və incəsənət aşiqinə çevirdi.
İsmayıllının Lahıc kəndində dünyaya gələn, ibtidai təhsilini mollaxanada alaraq "Qurani-Kərim"i xətm edən, Sədi Şirazinin "Gülüstan" və "Bustan" əsərlərini mənimsəyən balaca Əkrəmin ərəb, fars və türk dillərinə yiyələnərək, on beş yaşında Darülmüəlliminə (Bakı Pedaqoji Məktəb) daxil olaraq dahi Hüseyn Cavidlə ata-oğul qədər yaxın olmaq şərəfinə çatması və onun sevimli tələbəsinə çevrilməsi, çoxlarına qismət olmayan bu xoşbəxtlik, tale yollarına yazılanlardan idi. Pedaqoji məktəbi bitirdikdən sonra dörd il Lənkəran və Qazaxda ədəbiyyat müəllimi işləyən Əkrəm Cəfər 1929-cu ildə S. Vurğun və O. Sarıvəlli ilə birlikdə Moskva Dövlət Universitetinin dil və ədəbiyyat fakültəsinə daxil olub.
Maraqlıdır, Əkrəm Cəfər Kremldə də çalışıb. O, hər türkoloq-alimə nəsib olmayan bir ömür yaşayıb. 1932-ci ildə Moskva Dövlət Universitetini, 1934-cü ildə aspiranturanı bitirib, görkəmli türkoloq-alim, akademik A.N.Samoyloviçin rəhbərliyi ilə "XX əsr Azərbaycan ədəbi dilinin inkişaf mərhələləri (1905-1936-cı illər)" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdi. 1932-34-cü illərdə dünya şöhrətli dilşünas, akademik N.Y.Marrın Moskva mühazirələrinin elmi katibi olmuş Əkrəm Cəfər, o vaxtkı sovet hakimiyyəti dairələrində elmi biliyi yüksək qiymətləndirildiyindən, Kremldə işləməyə dəvət olunub.
Əkrəm Cəfər 1937-ci ildə nüfuzlu bir alim kimi Bakıya qayıdıb və Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsinə təyin edilib...
Bütün varlığı ilə türkçülük, islamçılıq, millətçilik, vətənçilik ideyalarına bağlı olan, müxtəlif təzyiqlərə baxmayaraq, əqidəsindən dönməyən Ə.Cəfər 1942-ci ilin sentyabr ayında həbsə məhkum olunub, məhkəməsiz Kuybışevə katorqaya göndərilib. Məsləkdaşları olan Hüseyn Cavidə, Əhməd Cavada, Mikayıl Müşfiqə, Həmid bəy Şaxtaxtinskiyə pərəstiş etməsi, antisovet ideologiyasının daşıyıcılarından biri kimi onun sonrakı taleyini Vətəndən uzaqlarda, Krım çöllərində keçirməsi iradəsi poladdan olan Əkrəm Cəfəri sındıra bilməyib və elə buna görə də o, 1949-cu ildə həbsdən çıxdıqdan sonra 1954-cü ilədək Türkmənistanda qanıbir türk arkadaşlarına, soydaşlarına "Qurani-Kərim"i türkməncə anladıb və bu savadına, biliyinə, nitqinə görə onları heyrətləndirib.
Əkrəm Cəfərin ömrünün doğma Azərbaycanı ilə bağlı illərinə nəzər saldıqda qürur hissi keçirməyə bilmirsən. 1940-cı ildə namizədlik, 1969-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edən Əkrəm Cəfər sıradan bir alim deyildi. O, Şərq və Azərbaycan ədəbiyyatşünaslığına, dilçiliyinə və türkologiyaya həsr olunmuş 230-dan artıq əsərin və neçə-neçə monoqrafiyanın müəllifidir. Yetirmələrinin sayı on min nəfərdən artıq olan Ə.Cəfərin minlərlə şərqşünas, musiqişünas, folklorşünas alimin elmin sirlərinə yiyələnməsində göstərdiyi xidmətlər öz dəyərini doğma xalqı tərəfindən aldığı kimi, dövlət də onun əməyini yüksək qiymətləndirib. Şərq aləminin görkəmli filosof və şairlərindən olan N.Gəncəvi, Ə.Xaqani, M.Füzuli, İ.Nəsimi, S.Şirazi, H.Şirazi, T.Fikrət, M.Ə.Sabir, H.Cavid, Ö.Xəyyam kimi dühaları, ziyaları ilə bəşəriyyətə nur saçanların əsərlərinə şərhlər, izahlar yazan Əkrəm Cəfər hələ Moskvada işləyərkən SSRİ-nin ən nüfuzlu elmi-tarixi nəşri olan "Bolşaya Sovetskaya Ensiklopediya"nın ayrı-ayrı cildlərində Türk dünyasının böyük şəxsiyyətləri barədə məqalələrini dərc etdirmək imkanı qazanıb, həmçinin "Azərbaycan Sovet Ensiklopediyası"nın əsas, aparıcı müəlliflərindən biri olub.
Ə.Cəfər poliqlot alim idi: o, 8 dildə sərbəst danışır və yazırdı. Ömər Xəyyamın rübailərini ilk dəfə öz vəznində tərcümə edərək 1984-cü ildə kitab halında buraxdırıb.
1982-ci ildə dahi H.Cavidin anadan olmasının 100 illiyi münasibətilə şairin əsərlərinin külliyyatının nəşrə hazırlanması işinin ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə məhz Əkrəm Cəfərə tapşırılması hər iki söz sərkərdəsinə ümummilli liderin böyük diqqət və qayğısından, yaradıcılıqlarına dərin məhəbbətindən irəli gəlirdi.
Əlbəttə, Əkrəm Cəfərin Azərbaycan və ümumiyyətlə, Türk ədəbiyyatına, Şərq poeziyasına göstərdiyi tükənməz məhəbbət, azalmayan sevgi onun adını şərəflə yaşadacaq. Tükənməz həyat eşqinə, geniş yaradıcılıq diapazonuna, fenomenal hafizəyə, dərin ensiklopedik biliyə, güclü iradəyə, qeyri-adi zəkaya malik olan Əkrəm Cəfər ötən əsrin təkcə elm tarixinə deyil, ədəbi aləminə də əruzşünas alim kimi daxil edilib. Onun 20 illik gərgin axtarışlarının məhsulu olan "Əruz elminin Quranı" adlandırılan "Əruzun nəzəri əsasları və Azərbaycan əruzu (ərəb, fars, tacik, türk və özbək əruzları ilə müqayisədə)" ensiklopedik monoqrafiyası bu gün analoqu olmayan bir əsər kimi qiymətləndirilir. Alim, əlbəttə, bu elmi traktatı ilə müqayisəli əruzşünaslıq elminin (yəni altı xalqın poetikası) binasının özülünü qoyaraq, Azərbaycan Milli Əruzşünaslıq Məktəbini yaradıb.
Şərqdə, eləcə də Qərbdə haqqında on dörd dildə məlumat yayılan Əkrəm Cəfər yaradıcılığı doğma xalqının ədibləri, şair və yazıçıları, elm xadimləri tərəfindən də daim yüksək qiymətləndirilib. Xalq şairi Bəxtiyar Vahabzadənin "Əkrəm Cəfər dünyası" adlı xatirə yazısından sətirlərə diqqət yetirmək yerinə düşərdi: "Böyük ustad Əkrəm Cəfərlə Azərbaycan Dövlət Universitetində oxuyarkən tanış oldum. O, həddən artıq dərin düşüncəli bir insan idi. Özü də emosional adam idi. Bəzən ürəkdən danışanda ağlayırdı... Mühazirələrini böyük maraqla dinləyirdim. Əkrəm Cəfər Vətənini, millətini dəlicəsinə sevən, vətənpərvər bir şəxsiyyət idi".
Əkrəm Cəfərin alim ömründən, bədii və elmi təfəkküründən qalan yadigarlar dəyərinə və zənginliyinə görə uzun illər araşdırılacaq, qədirbilən xalqı tərəfindən dərindən dərk edilərək öz layiqli qiymətini alacaq. Onun "Əruz" kitabının II cildi olan "XIII-XX əsrlər Azərbaycan şeirində əruz və əkrəmi vəznləri" adlı monoqrafiyası da var. Şərq ədəbiyyatşünaslığı tarixində ilk dəfə yaradılan qafiyə lüğəti, yəni "Mirzə Ələkbər Sabir şeirinin qafiyə lüğəti" adlı tədqiqat əsəri 2006-cı ildə oğlu Sokrat Cəfər tərəfindən nəşr edilib. Əlyazma şəklində olan "İran və türkdilli xalqlarda rübai: tarix, nəzəriyyə və praktika" monoqrafiyası, alimin məşəqqətli həyatını özündə əks etdirən və repressiya dövrünün vəhşətlərini göz önünə gətirən irihəcmli "Cəlladnamə", Azərbaycan qafiyəşünaslığına həsr edilən "Qafiyənin nəzəri əsasları və Azərbaycan şeirində qafiyə" irihəcmli kitabı, "Şərq poetikasının izahlı terminləri lüğəti", 40 illik zehni və fiziki əməyinin bəhrəsi kimi əldə qalan 400-ə qədər elmi-ədəbi mənbə və məxəzlər əsasında yaratdığı 3 min Azərbaycan, 5 min türk, 7 min fars-tacik şair, yazıçı və ədəbiyyatşünasına həsr etdiyi "Ədəbiyyat ensiklopediyası" qorunub saxlanan yadigarlarındandır.
Arzularının çiçək açanı ömrünü nurlandıran, çalışmaqdan yorulmayan, usanmayan, poetik düşüncələri ilə elmi təfəkkürünü qoşalaşdıran alim, şair, elm fədaisi, professor Əkrəm Cəfər gördüklərini görəcəklərinin mində biri sayaraq, Azərbaycan ədəbiyyatının xəritəsini cızmaq istəyində və həvəsində idi. Ona görə də "Mən bədinin də, bəyanın da nəzəri əsaslarını yaradacağam", deyirdi. Bu gün də İranda, Türkiyədə, və digər Şərq ölkələrində elmi-ədəbi yaradıcılığı məktəb kimi qəbul olunan Əkrəm Cəfər Poetika İnstitutu da yaratmaq istəyirdi və belə arzuları çox idi...
Bədii obrazı görkəmli yazıçımız Əlibala Hacızadənin "Vəfalım mənim" romanında yaradılan Əkrəm Cəfərin ömrü örnək, sənəti və sənətkarlığı unudulmaz korifeylərimizdəndir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2010.- 4
may.- S. 7.