"...Eldən
soruş"!
Rəsul Rza - 100
Naxçıvan Dövlət Universitetində xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rzanın anadan olmasının 100 illiyi ilə bağlı elmi konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli qeyd etmişdir ki, Rəsul Rza yaradıcılığı timsalında ötən əsrin 60-cı illərinin ədəbiyyatındakı novatorluq, milli məfkurənin cəsarətli təbliği ümummilli lider Heydər Əliyevin keçmiş sovetlər dövründə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafı istiqamətində yürütdüyü məqsədyönlü siyasətin bəhrələri idi. Xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2010-cu il tarixli sərəncamı Rəsul Rza yaradıcılığına, bütövlükdə milli poeziyaya verilən yüksək qiymət kimi dəyərləndirilmişdir. Tanınmış ədəbiyyatşünas İ.Həbibbəyli xalq şairi Rəsul Rzanın Azərbaycan poeziyasında sərbəst vəznin yaradıcısı, V.Səmədoğlu, Ə.Kərim, İ.İsmayılzadə kimi şairlərin məhz Rəsul Rza məktəbinin yetirmələri olduğunu vurğulamışdır. Akademik İsa Həbibbəyli xalq şairinin Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan kinematoqrafiya naziri, Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru kimi fəaliyyətinə də toxunmuşdur.
NDU-nun "Azərbaycan ədəbiyyatı" kafedrasının professoru, filologiya elmləri doktoru Yavuz Axundlu şairin əsərlərinin fəlsəfəsindən, poetik məna çalarlarından söz açmış, onun "Qızılgül olmayaydı" poemasını milli poeziyanın repressiya qurbanlarına həsr olunmuş ilk və ən mükəmməl nümunələrindən biri olduğunu, Rəsul Rzanın Böyük Vətən müharibəsi illərində hərbi müxbir kimi vətənpərvərlik ruhlu məqalə və şeirlər yazdığını söyləmişdir. Filologiya elmləri namizədi Seyfəddin Eyvazov "Rəsul Rza yaradıcılığında forma və məzmun vəhdəti" mövzusunda məruzə edərək onun poeziyasındakı ənənə və novatorluğa, mövzu rəngarəngliyi və aktuallığına aid nümunələr çəkmişdir. Filologiya elmləri namizədi, dosent İman Cəfərli "Rəsul Rza yaradıcılığı və satirik ədəbi irs", filologiya elmləri doktoru Sədaqət Həsənova "Rəsul Rza əsərlərinin dil xüsusiyyətləri" mövzusunda məruzə etdilər. Tələbələrin ifasında Rəsul Rza şeirlərinin bədii qiraəti poeziyasevərlər üçün əsl sovqat olmuşdur.
Konfransda Rəsul Rzanın həyat və yaradıcılığını, ədəbi irsini əks etdirən fotoslaydlar və kitab sərgisi nümayiş etdirilmişdir.
Mehriban SULTAN
Azərbaycan.- 2010.- 4 may.- S.
7.