Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin dövlət başçılarının 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümü münasibətilə Birliyin üzvü olan dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciəti

 

2010-cu il mayın 9-da Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin xalqları 1941-1945-ci illərin Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 65-ci ildönümünü qeyd edirlər. Gərginliyinə və amansızlığına görə misli görünməmiş bu müharibədə çoxmillətli sovet xalqı və Sovet İttifaqının Silahlı Qüvvələri öz Vətəninin azadlığını və müstəqilliyini qoruyub saxlamış, dünyanın bir sıra ölkələrini faşizm əsarətindən xilas etmişlər.

Xalqlarımız ön və arxa cəbhələrdə fədakarlıq və kütləvi qəhrəmanlıq, vətənpərvərlik və beynəlmiləlçilik, misilsiz dözüm nümayiş etdirmişlər. Bunlarsız qalib gəlmək mümkün olmazdı. Bu cür sarsılmazlıq, bu cür qələbə əzmi tarixdə görünməmişdi.

İllər keçir, lakin xalqlarımızın göstərdiyi igidliyin əzəməti solmur. Bizi o hadisədən uzaqlaşdıran müddət artdıqca gələcək nəsillərin yaşamaq hüququnu qorumuş Qələbə əsgərlərinin tarixi missiyasının əhəmiyyəti daha aydın dərk edilir. Buna görə də biz bu gün Birliyin iştirakçısı olan dövlətlərin xalqlarına və dünya ictimaiyyətinə müraciətlə hazırda bizim dövlətlərdə yaşayan veteranlara "sağ olun" deyirik. Biz qalib gəlmiş qəhrəmanlara ehtiramımızı təkcə sözlə deyil, həm də əməli işlə bildirməyə, müharibə iştirakçılarına və arxa cəbhə əməkçilərinə gündəlik qayğı və diqqət göstərməyə, onlar üçün layiqli həyat şəraiti yaratmağa çağırırıq.

9 May - Qələbə Günü - son dərəcə amansız, dəhşətli döyüşlərdə həlak olmuş milyonlarla insanın xatirəsinə dərin ehtiram günü kimi, ümumxalq hüzn, ədalətin təntənəsi və insanlarımızın qəlbində qürur günü kimi qalacaqdır. Böyük Vətən müharibəsi illərində qəhrəmancasına həlak olmuş insanların adları bizim üçün müqəddəs və əzizdir. Vətənimizi qoruyub saxlamaq naminə, azadlığımız naminə canlarından keçmiş insanlar qarşısında hədsiz dərəcədə borcluyuq.

Biz dünyanı faşizmdən xilas etmiş döyüşçülərin və arxa cəbhə əməkçilərinin fədakarlığını unutmayacağıq. Buna görə də biz Vətənin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş insanların xatirəsini ehtiramla yad etməyə, döyüşçülərin məzarlarının, memorial komplekslərin, abidələrin və heykəllərin, həmçinin partizanların, o vaxt gizli fəaliyyət göstərən könüllülərin, faşist düşərgələrində olmuş məhbusların məzarlarının qorunmasına və lazımi vəziyyətdə saxlanılmasına daim qayğı göstərməyə, Böyük Vətən müharibəsi illərində faşist işğalçılarının qətlə yetirdiyi döyüşçülərin və mülki vətəndaşların məzarlarının axtarışı ilə bağlı işləri fəallaşdırmağa çağırırıq.

Biz Qələbəni özümüzünkü və özgələrinki hesab etmirik, nasizmə müqavimət göstərənlərin mərdliyinə həmişə hörmətimizi bildiririk. Antihitler koalisiyası üzrə müttəfiqlərimizin Qələbəyə töhfəsini, onların bizə köməyini xatırlayırıq. Lakin ən geniş miqyaslı və nəticə etibarilə əsas hadisələr sovet-alman cəbhəsində baş vermişdir. Müharibə illərində bizim ölkələr on milyonlarla vətəndaşını itirmişdir. Döyüş meydanlarında həlak olanlar arasında bütün millətlərin nümayəndələri vardı.

Qələbənin qazanılmasına bizim dövlətlərin xalqlarının həlledici töhfə verdiyini nəzərə alaraq, böyüməkdə olan nəsildə ümumi qəhrəmanlıq tariximizə və faşizmə qarşı mübarizədə böyük igidliyə görə qürur hissi tərbiyə etməyə çağırırıq.

Biz beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, BMT Nizamnaməsinin və Helsinki Yekun Aktının müddəalarına sadiq qaldığımızı təsdiqləyərək, dünyada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün qarşılıqlı əlaqələri fəallaşdırmağa, beynəlxalq terrorizmə və ekstremizmə qarşı mübarizəyə, mövcud münaqişələrin dinc siyasi yollarla tənzimlənməsinə və baş verə biləcək yeni münaqişələrin qarşısının alınmasına yönəlmiş səyləri artırmağa çağırırıq.

 

 

Azərbaycan.- 2010.- 5 may.-  S.1.