Azərbaycan yeni informasiya məkanında
ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
prinsiplər əsasında möhkəmlənir
İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı sayəsində yaşadığımız dünyada yeni reallıqlar yaranmış, dövlətlər arasında sərhədlər "silinmiş", xalqlar arasında məsafə xeyli "kiçilmişdir". Peyk və internet şəbəkəsi fərdlərin, xalqların, dövlətlərin əlaqələrinin intensivləşməsində, keyfiyyətcə yaxşılaşmasında geniş imkanlar açmışdır. Hazırda Yer kürəsi vahid informasiya məkanına çevrilməkdədir.
Dövlətimizin dünya birliyinə inteqrasiyası sürətləndikcə, iqtisadi qüdrəti artdıqca "Azərbaycan" kəlməsi müxtəlif ölkələrin KİV-lərində daha tez-tez işlənir. Lakin inteqrasiya, iqtisadi qüdrət asanlıqla əldə edilməmişdir. Bundan ötrü, ilk növbədə, dövlətçilik bərqərar olunmalı, möhkəmləndirilməli idi.
Ölkəmizin inkişafının strateji xəttini müasir müstəqil Azərbaycan dövlətinin banisi, ulu öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Hamımızın yaxşı yadındadır: ilk dövrlərdə milli ideoloji xəttimizin müəyyən edilməsi zamanı müxtəlif təkliflər eşidilirdi. Türkçülüyə istinad etmək, dinə söykənmək və digər prinsipləri qəbul etmək təklifi ilə çıxış edənlər var idi. Amma bu təkliflərin hər biri yarımçıq idi, mükəmməl deyildi. Hansısa elementin çatışmaması və yarımçıq tezis inkişafa, ideoloji xəttə əngəl olardı. Bu prinsipləri tamamlamaq, inkişaf etdirmək və mütləqləşdirmək lazım idi. Bunu məhz ümummilli lider Heydər Əliyev etdi və Azərbaycanın ideoloji xəttinin aşağıdakı təməl prinsiplərini müəyyənləşdirdi: birincisi, dövlətçilik. Yeni Azərbaycan Partiyasının yaranmasının 6 illiyi ilə bağlı keçirilən tədbirdə çıxış edən ulu öndər dövlətçiliyin nə olduğunu və nəyə görə ideologiyamızda bu amilə birinci yer verildiyini çox aydın şəkildə ifadə etmişdir: xalq üçün birinci onun dövlətidir, əgər dövlət yoxdursa, hansı ideologiya və prinsipdən danışmaq olar?
Ümummilli lider təməl prinsiplərində sonrakı yerdə qanunçuluğu müəyyən etmişdir: dövlət varsa, qanun olmalıdır. Əgər qanun yoxdursa, dövlət mövcud olmayacaq. Dövlət qanuna söykənməlidir. Dövlətin söykəndiyi qanun onun idarə edilməsinin əsas xətlərini və prinsiplərini müəyyən edir. Bu qanunlar olmasa, idarəçilik olmayacaq. İdarəçiliksiz isə dövlətin gələcəyi təhlükə altına düşər.
Müdrik siyasət xadiminin müəyyən etdiyi təməl prinsiplərindən biri də varislikdir. Varislik dövlətin idarəçiliyində, siyasətdə, iqtisadiyyatda və ideologiyada prinsipial olaraq əldə edilənlərin gələcək nəsillərə ötürülməsidir. Varislik mexaniki deyil, yaradıcı şəkildə, təkamül yolu ilə baş verir. Yaradıcı varislik nəticəsində biz bu gün ümummilli liderimizin müəyyən etdiyi təməl üzərində Azərbaycanı irəliyə aparmaqdayıq. Yaradıcı varisliyin nəticəsidir ki, Azərbaycan özünün ideologiyasında, iqtisadiyyatında keçmişə söykənərək, gələcəyə doğru inkişaf etməkdədir. Bəzən varislik deyəndə kimlərsə hakimiyyət varisliyini önə çəkmək istəyir. Ancaq bu, hakimiyyət varisliyi, fərdi şəkildə varislik deyildir. Bu, hakimiyyətin ideoloji, siyasi, iqtisadi baxımdan gələcək nəsillərə ötürülməsidir.
Heydər Əliyevin müəyyən etdiyi digər prinsip azərbaycançılıqdır. Ümummilli lider deyirdi ki, azərbaycançılıq söykəndiyimiz təməl prinsiplərinin əsasıdır. Hələ 1992-ci ildə YAP-ın proqramı qəbul edilərkən Heydər Əliyev azərbaycançılığı vacib məram kimi göstərmişdir. İndi dünyada yaşayan 50 milyon azərbaycanlını vahid ideya - azərbaycançılıq ideyası birləşdirir. Bu ideya bütün dünya azərbaycanlılarının, Azərbaycanda yaşayan bütün xalqların və Azərbaycan dövlətinin söykəndiyi təməl prinsiplərindən biridir. Ölkəmizə düşmən olan Ermənistan bütün dünya ermənilərini erməni kilsəsi ətrafında birləşdiribdir. Biz isə bütün dünyada olan azərbaycanlıları azərbaycançılıq ideyası altında birləşdirmişik.
Azərbaycan dövlətinin çox vacib təməl prinsiplərindən biri də vətəndaş həmrəyliyidir. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda vətəndaş sülhünə nail olunmuşdur. Onun ölkədə vətəndaş qarşıdurmasını aradan qaldırmaq istiqamətində gördüyü tədbirlər, dövlət çevrilişi cəhdlərinin qarşısını alması, silahlı yolla hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik son qoyması və s. vətəndaş sülhünə yol açmışdır. Vətəndaş həmrəyliyi ölkəmiz üçün daimi prinsipdir. Çünki bu bizim hamımızı birləşdirən amillərdən biridir.
Heydər Əliyevin müəyyən etdiyi digər bir prinsip isə sosial ədalətdir. Cəmiyyətdə sosial ədalət olmasa, qarşıdurma qaçılmazdır. Bütün cəmiyyətlərin tarixi göstərir ki, ədalət prinsipi pozulduqda qarşıdurma meyilləri güclənir. Bu isə xaosa və anarxiyaya gətirib çıxara bilər. Qədim müdriklərdən biri deyirdi ki, ən yaxşı dövlət o dövlətdir ki, orada nə yoxsul, nə də həddən artıq varlı vətəndaşlar var. Ədalət prinsipinin təmin olunması islahatlardan keçir. Davamlı islahatlar, sürətli inkişaf yolu, cəmiyyətdə insanların rifah halının yaxşılaşdırılması fonunda sosial ədalətin təmin olunması siyasi və iqtisadi vasitələrlə ölkəmizdə uğurla gerçəkləşir.
Müasir müstəqil Azərbaycan yeni informasiya məkanında məhz bu meyarlar əsasında möhkəmlənir, nüfuz qazanır, beynəlxalq münasibətlərə töhfələr verir.
Ümummilli lider həmişə vurğulayırdı ki, milli ideologiyamız tarixi keçmişimizə, adət-ənənələrimizə, xalqımızın mentalitetinə söykənməlidir. Bu, həqiqətən də belədir. Görkəmli filosof alim, akademik Ramiz Mehdiyev əsərlərində bu prinsipi tarixi reallıq kontekstində əsaslandırır, ulu öndərin irəli sürdüyü məramlar əsasında yeni istiqamətlər müəyyənləşdirir. Azərbaycan xalqı məhz bu prinsiplərə söykənərək gələcəyə doğru inamla addımlayır, dövlətimiz inkişaf edir. Heç bir qüvvə ümummilli prinsiplərə zidd getməməlidir. Kimsə dini qabardıb fundamentalizmi ölkəmizə gətirmək, kimsə azərbaycançılığı kənara sıxışdırmaq istəyirsə, onun qarşısı mütləq alınmalıdır. Akademik Ramiz Mehdiyevin vurğuladığı kimi, Azərbaycanda Heydər Əliyevin müəyyən etdiyi ideoloji prinsiplərdən kənarlaşmaq qeyri-mümkündür. Necə ki, Türkiyədə heç bir siyasi dairə Atatürkün müəyyənləşdirdiyi prinsiplərdən imtina edə bilməz, ABŞ öz banilərinin müəyyən etdiyi Konstitusiya prinsiplərindən uzaqlaşa bilməz, Böyük Britaniya tarixi ənənələrinin ziddinə gedə bilməz, Yaponiya tarixi ənənələrindən kənara çıxaraq ölkəni başqa istiqamətə yönəldə bilməz, Azərbaycanda da Heydər Əliyevin müəyyən etdiyi təməl prinsiplərindən kənara çıxıla bilməz.
Azərbaycan Prezidenti
İlham Əliyev bu prinsiplərə sadiqdir. Məhz bu
sadiqlik, ümummilli liderin müəyyənləşdirdiyi
siyasətin davam etdirilməsi ölkəmizə uğur
qazandırmış, onu dünyanın nüfuzlu KİV-lərinin
diqqət obyektinə çevirmişdir. Uğurlarımız
xaricdə diqqətlə izlənilir. İnamla demək olar ki,
Azərbaycan informasiya blokadasını yararaq, yeniləşmiş
dünya informasiya məkanına daxil olmuşdur və erməni
təbliğatına qarşı qətiyyətlə
mübarizə aparır. Məlumdur ki, erməni təbliğat
maşını yalan və iftira üzərində qurulan bir
mexanizmdir. Bu gün ermənilər uydurma "erməni
soyqırımı" haqqında danışır, Azərbaycan
isə müxtəlif vasitələrlə dünya birliyinə
Xocalı soyqırımı, azərbaycanlılara
qarşı törədilən vəhşiliklər barədə
həqiqətləri çatdırır. 1992-ci ildə
Xocalıda ermənilər tərəfindən törədilən
vəhşiliklərin soyqırımı olması artıq
heç kimdə şübhə doğurmur. Bunun etiraf
olunması isə başqa məsələdir.
Tam qətiyyətlə deyə
bilərik ki, Azərbaycanın yeni informasiya məkanına
daxil olması, onun dünyada tanıdılması, ermənilərin
güclü təbliğat maşınının və ondan
da güclü lobbisinin məkrli səyləri sayəsində
düşdüyü informasiya blokadasından
çıxarılması məhz Heydər Əliyevin qətiyyəti
ilə mümkün olmuşdur. Ulu öndər 1993-cü ildə
Prezident kimi özünün ilk xarici səfərini Fransaya
etmişdi və bu, təsadüfi deyildi. O, dekabrın 21-də
Parisdə mətbuat konfransında demişdir: "Mən burada
olarkən daha çox yəqin etdim ki, Azərbaycanla Fransa
arasında əlaqələr son dərəcə zəif
olmuşdur, Fransada Azərbaycan barəsində məlumat
olduqca azdır. Bəzən qeyri-obyektiv məlumat ölkəmiz,
Azərbaycan dövlətinin tədbirləri barədə
yalan-yanlış təsəvvür yaradır. Buna görə
də hesab edirəm ki, Fransaya səfər iki ölkənin rəhbərləri
arasında sıx qarşılıqlı əlaqələr,
ikitərəfli münasibətlərin inkişafı
üçün bünövrə yaratmaqla yanaşı,
Fransada Azərbaycanın daha yaxşı təsəvvür
olunması mənasında böyük əhəmiyyətə
malikdir. Mən belə düşünürəm ki, bu
günlər ərzində biz bunu etməyə müvəffəq
olduq".
Bununla bağlı,
Fransanın ölkəmizdəki ilk səfiri Jan Perrənin
1994-cü il iyulun 14-də AzərTAc-ın müxbirinə
müsahibəsində dediyi sözləri də xatırlatmaq
istərdim: "Açığını deyim ki, Azərbaycanı
Fransaya, sözün əsl mənasında, Heydər Əliyev
tanıtdı. Onun Fransaya səfərinə qədər bizim
ölkədəki ermənipərəst qüvvələr Azərbaycan
əleyhinə təbliğatları ilə müəyyən
məqsədlərə çatmağa
çalışırdılar... Prezident Heydər Əliyevin
Fransaya səfəri hadisələri öz məcrasına
yönəltdi. Onun bizim ölkədəki
çıxışları, verdiyi bəyanatlar Azərbaycanın
siyasətini və regiondakı siyasi vəziyyəti
düzgün qiymətləndirməyə imkan yaratdı. Azərbaycan
Fransa üçün daha anlaşıqlı, daha yaxın
oldu. İndi Fransadakı erməni azlığı bilir ki,
qarşıdurma mənasızdır, ərazi dəyişikliyi
baş tutan sevda deyil".
Sonralar hətta düşmənlərimiz
də etiraf etməyə məcbur olmuşlar ki, Heydər Əliyevin
bu sahədə fəaliyyəti öz bəhrəsini
vermişdir. Bədnam "Daşnaksütyun"
partiyasının liderlərindən biri G.Kirakosyan demişdi
ki, Heydər Əliyev Ermənistanla yanaşı, dünyada
erməni lobbisini də sarsıtdı.
Həqiqətən də,
Heydər Əliyev bu sahədə o vaxt heç kəsin - nə
siyasətçilərin, nə təbliğat
qurumlarının, nə də kütləvi informasiya vasitələrinin
görə bilmədiyi işi gördü. Ümummilli liderin
sayəsində Azərbaycan dünya informasiya məkanına,
necə deyərlər, daimi qeydiyyata düşmüş və
layiqli yerini tutmuşdur.
Bu gün ölkəmizin
uğurlarından yazan əcnəbi jurnalistlər yekdilliklə
etiraf edirlər ki, əgər Azərbaycan təhlükəsiz
bir regionda yerləşsəydi, o, şübhəsiz, daha
böyük uğurlar qazanardı. Möhkəm daxili sabitlik və
təhlükəsizlik, yüksək səviyyəli dövlət
idarəçiliyi, dünyəvi inkişaf xətti və Qərbə
inteqrasiya Azərbaycanın uğurlarını təmin edən
əsas amillərdir. Bir neçə il ardıcıl surətdə
dünyada ən böyük iqtisadi artıma nail olmuş Azərbaycanda
son altı ildə 840 min iş yerinin açılması,
yoxsulluğun səviyyəsinin sürətlə azalaraq təqribən
49 faizdən 11 faizə düşməsi beynəlxalq mətbuatda
dərc olunan materiallarda xüsusi vurğulanır. Eyni zamanda,
bildirilir ki, Azərbaycan Qərbin enerji təhlükəsizliyinə
böyük töhfə verir.
Təkcə mətbuat deyil,
beynəlxalq maliyyə qurumları da Azərbaycanda iqtisadi
inkişaf naminə görülən işləri yüksək
qiymətləndirir. Dünya iqtisadiyyatına inteqrasiya edən
Azərbaycanda hətta böhran ilində - 2009-cu ildə də
uğurlar qazanılmış, bütün infrastruktur layihələri,
sosial proqramlar icra edilmişdir. Ötən ilin də
yekunlarına görə, Azərbaycan dünyada ən sürətlə
inkişaf edən ölkələr sırasında olmuşdur.
Keçən il Azərbaycanda ümumi daxili məhsul 9,3 faiz,
sənaye istehsalı 8,6 faiz, kənd təsərrüfatı
3,5 faiz artmış, inflyasiyanın səviyyəsi 1,5 faiz
olmuşdur. Artıq Azərbaycan xaricdən sərmayə alan
ölkədən sərmayə yatıran ölkəyə
çevrilmişdir. Son bir ildə ölkəmizə 9,2 milyard
dollar sərmayə qoyulmuşdur ki, bunun da 7,3 milyardı daxili
sərmayələrdir. Hazırda Azərbaycanın valyuta
ehtiyatları 20,4 milyard dollara bərabərdir. Bu uğurlar
dünya informasiya məkanında inkişafın Azərbaycan
modeli kimi qiymətləndirilir, ölkəmizin təcrübəsinin
öyrənilməsindən yazılır. Bu baxımdan
tanınmış macar iqtisadçısı, İqtisadi
Modelləşdirmə və Proqnozlaşdırma Mərkəzinin
aparıcı elmi işçisi Jolt Şomloinin fikirləri
xüsusi maraq doğurur. Doktor Şomloi fevralın 25-də AzərTAc-ın
müxbiri ilə söhbətində demişdir: "Dünya
maliyyə-iqtisadi böhranından ciddi zərər çəkmiş
Macarıstan üçün Azərbaycanın təcrübəsini
öyrənmək çox maraqlıdır. Azərbaycan son il
yarımda sənaye cəhətdən inkişaf etmiş
ölkələrin demək olar ki, hamısını
sarsıtmış çətinliklərdən bacarıqla
yan keçmiş və həmin böhrandan daha da bərkimiş
halda çıxmışdır. Bu sınaqdan uğurla
çıxmış ölkələr azdır və onlardan
biri də Azərbaycandır. Bu baxımdan Azərbaycanın təcrübəsini,
ölkənizdə aparılan islahatları öyrənmək,
uğurlarınızın sirrini aydınlaşdırmaq bizim
üçün çox maraqlıdır. Azərbaycanın
büdcə siyasətini öyrənmək bizim
üçün xüsusilə maraqlıdır. Fikrimcə,
bu siyasət çox diqqətlə
düşünülmüş və risklərdən
qorunmuşdur".
Əcnəbi jurnalistlər
ölkəmizdən yazarkən dövlətimizin
başçısının şəxsiyyətindən,
dövlətçiliyimizin inkişafındakı rolundan da bəhs
edirlər. ABŞ-da çıxan "Fortune" qəzeti
yazır ki, Prezident İlham Əliyev ölkənin
inkişafında, əhalinin təhsil səviyyəsinin
yüksəldilməsində, ölkəyə Qərb həyat
tərzinin gətirilməsində maraqlıdır. Bu
baxımdan Azərbaycanın indiki cavan Prezidenti İlham Əliyevi
alqışlamaq olar. İlham Əliyev MDB ölkələrinin
liderlərindən üstünlüyünü sübut
etmişdir.
Fransanın "
Əcnəbi jurnalistlər
onu da vurğulayırlar ki, İlham Əliyev ikinci prezidentlik
müddətinə seçilməkdə xalqın
etimadını qazanmaqla tam mənada tarixi şəxsiyyətə
çevrilir, özü də təkcə Qafqaz miqyasında
yox. İlham Əliyev hakimiyyətə əsasən aqrar
ölkə olan, resursların və potensialların meqapolis və
regionlar arasında qeyri-mütənasib
bölündüyü, lakin zəngin xammal potensialına malik
Azərbaycanı fundamental şəkildə modernləşdirmək
ideyaları ilə gəlmişdir.
Yeni informasiya məkanında
Azərbaycanın "vətəndaşlıq
qazanmasının" əsas səbəblərindən biri
iqtisadiyyatının ölçülərinə görə
Qafqazda birinci yeri tutmasıdır. İqtisadiyyatın biliyə
əsaslandığı şəraitdə
informasiya-kommunikasiya texnologiyalarının inkişafı
intellektual və elmi potensialın mühüm göstəricilərindən
biridir. Eyni zamanda indiki qloballaşan dünyada dövlətlərin
rəqabətə davamlılığını, ilk növbədə,
informasiya-kommunikasiya texnologiyalarının səmərəli
tətbiqi formalaşdırır. Məhz bunu nəzərə
alaraq, ümummilli lider Heydər Əliyev 2003-cü ildə
"Azərbaycan Respublikasının inkişafı naminə
informasiya və kommunikasiya texnologiyaları üzrə Milli
Strategiya"nı təsdiq etmişdi. Prezident İlham Əliyev
isə "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin informatikalaşdırılması
üzrə Dövlət Proqramı"nı təsdiqləmişdir.
İnformasiya texnologiyalarının inkişaf səviyyəsinə
görə Azərbaycan MDB ölkələri arasında
liderdir. Dünya İqtisadi Forumu tərəfindən
2007-2008-ci illər üçün hazırlanmış
"İnformasiya texnologiyalarının qlobal inkişafı
haqqında hesabat"da Azərbaycan dünyanın ən
qabaqcıl ölkələri sırasında yer tutur.
Bu ilin yanvarında
ABŞ-ın nüfuzlu "Haffinqton Post" internet qəzeti
tanınmış amerikalı politoloq, Kaliforniyanın
"Tool Shed Group LLC" analitik mərkəzinin eksperti Ceyson
Katzın "İncəliklə oynanılan oyun" sərlövhəli
məqaləsini dərc etmişdir. Məqalədə
bildirilir ki, Şərq-Qərb enerji dəhlizinin fəaliyyətinin
təmin edilməsində mühüm rol oynayan Azərbaycanın
təşəbbüsü və iştirakı ilə
reallaşdırılan enerji layihələri, xüsusilə də
Bakı-Tbilisi-Ceyhan neft kəməri Qərb ölkələri
üçün çox böyük əhəmiyyət
daşıyır. Müəllif qeyd edir ki, dünyəvilik və
dözümlülük baxımından nümunə olan,
öz siyasətində Qərbə inteqrasiya yolunu tutmuş Azərbaycan
istər iqtisadi, istərsə də diplomatik məsələlərdə
ABŞ-la müttəfiqlikdən irəli gələn
bütün vəzifələri yerinə yetirir. Lakin təəssüf
ki, rəsmi Vaşinqton bunu kifayət qədər qiymətləndirmir
və Azərbaycana qarşı çox vaxt laqeydlik göstərir.
Bu isə Azərbaycanda ABŞ-a qarşı münasibətin
soyuqlaşmasına gətirib çıxara bilər. Müəllif
vurğulayır ki, Azərbaycan Türkiyə-Ermənistan
münasibətlərinin normallaşmasına və iki ölkə
arasında bu məqsədlə imzalanmış protokollara
qarşı çıxmır. Əslində, Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
Ermənistan ilə dialoq aparır. Azərbaycanı narahat edən
əsas məsələ ondan ibarətdir ki, ABŞ siyasətçiləri
və diplomatları "normallaşma" prosesinə
xüsusi önəm verməklə, regionda real qeyri-sabitlik
yaradan əsas məsələni arxa plana keçirirlər. Azərbaycan,
sadəcə, Türkiyənin Ermənistanla münasibətlərinin
normallaşması prosesinin Dağlıq Qarabağ
münaqişəsinin həllində əldə ediləcək
irəliləyişdən asılı olacağına əmin
olmaq istəyir. Reallıq isə bundan ibarətdir ki,
Dağlıq Qarabağ Ermənistan tərəfindən
işğal edilmiş Azərbaycan ərazisidir və bu
işğal nəticəsində bir milyondan artıq azərbaycanlı
doğma yurd-yuvasından didərgin salınmışdır.
BMT, Avropa İttifaqı kimi nüfuzlu təşkilatlar, eləcə
də ABŞ Dağlıq Qarabağı Azərbaycanın tərkib
hissəsi kimi tanıyır. Buna görə də
münaqişənin həllinə biganəlik göstərilməməli,
əksinə, onun həlli istiqamətində səylər daha
da artırılmalıdır.
Məqalədə deyilir ki,
Azərbaycan dəfələrlə dünya ictimaiyyətinin
diqqətini regiondakı problemlərə biganə münasibət
bəslənilməsinin təhlükəli nəticələr
doğura biləcəyinə cəlb etməyə
çalışsa da, onun bu
çağırışları gözlənilən nəticəni
vermir. Dağlıq Qarabağ münaqişəsinin həllinin
Azərbaycan rəhbərliyi üçün nə dərəcədə
əhəmiyyət daşıması da, təəssüflər
olsun ki, kifayət qədər qiymətləndirilmir. Müəllif
bildirir ki, Azərbaycan haqqında məlumat əldə etmək
istəyən hər bir kəs bu ölkənin öz milli
maraqlarından çıxış edən olduqca praqmatik bir
ölkə olduğunu öyrənər. ABŞ siyasətçiləri
Qafqaz və Avrasiya ilə bağlı xarici siyasətdə
strateji yanaşma tətbiq etməli və yaxın deyil, ən
azı 20 il sonrakı tarixi nəzərə
almalıdırlar. ABŞ-ın regiondakı problemlərin həllinə
töhfəsi, şübhəsiz ki, müsbət nəticələr
verə bilər. Müəllif xüsusi olaraq vurğulayır
ki, Azərbaycan kimi bir dostun itirilməsi ABŞ-ın xarici
siyasəti və maraqları üçün böyük zərbə
ola bilər.
Azərbaycanın yeni
informasiya məkanında öz mövqeyini möhkəmləndirməsində,
ölkəmizin üzləşdiyi problemlər barədə həqiqətlərin
dünya ictimaiyyətinə çatdırılmasında
Bakıda keçirilən beynəlxalq tədbirlərin, bu tədbirlərdə
xarici kütləvi informasiya vasitələri nümayəndələrinin
iştirakı böyük rol oynayır. Bu mənada Azərbaycanın
birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın və
prezidenti olduğu Heydər Əliyev Fondunun təşəbbüsü
ilə ölkəmizdə və onun hüdudlarından kənarda
keçirilən beynəlxalq tədbirlərdə
dünyanın nüfuzlu informasiya qurumlarının nümayəndələrinin
iştirakını xüsusi qeyd etmək lazımdır.
Fondun təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun
dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası
dialoqda qadınların rolunun gücləndirilməsi"
mövzusunda beynəlxalq forum, "Muğam aləmi" beynəlxalq
festivalı və elmi simpozium, Qəbələdə beynəlxalq
musiqi festivalı, Brüsseldə Avropa Parlamentinin mənzil-qərargahında
"Azərbaycan mədəniyyəti günləri" və
s. tədbirlər Azərbaycanın milli informasiya məkanında
möhkəmlənməsinə layiqli töhfələr
vermişdir. Bu baxımdan yanvarın 22-23-də Bakıda
keçirilmiş Humanitar Əməkdaşlıq üzrə
Birinci Azərbaycan-Rusiya forumunun əhəmiyyətini
xüsusi vurğulamaq istərdim. Təkcə onu demək kifayətdir
ki, bu tədbirdə Rusiya Federasiyasının
"Kommersant", "İzvestiya", "Komsomolskaya
pravda", "Selskaya jizn", "Rossiyskaya qazeta" kimi
geniş oxucu auditoriyası olan populyar qəzetlərinin rəhbərləri,
aparıcı teleradiokanalların təmsilçiləri
iştirak edirdilər. Bu forum Azərbaycan həqiqətlərinin
yayılması, qarşılıqlı əməkdaşlığın
genişləndirilməsi üçün geniş meydan
açmışdır. Qonaqlar Azərbaycan Dövlət
Teleqraf Agentliyində - AzərTAc-da keçirilən mətbuat
bölməsinin işində də iştirak etmişlər.
Rusiya KİV-lərinin görkəmli nümayəndələri
agentliyin işi ilə
Ölkəmizin yeni informasiya
məkanında möhkəmlənməsində 2010-cu ilin
martında özünün 90 illiyini qeyd edən Azərbaycan
Dövlət Teleqraf Agentliyinin də xidmətlərini
xatırlamamaq olmaz. Yubiley mərasimində dünyanın
nüfuzlu milli informasiya agentliklərinin 40-a yaxın nümayəndəsinin
iştirakı Azərbaycanın beynəlxalq informasiya məkanına
inteqrasiyasını təsdiq edən faktlardan biridir. Prezident
İlham Əliyev yubiley mərasimində iştirak edən
nümayəndə heyətlərinin
başçılarını qəbul edərkən
demişdir ki, ölkələr və xalqlar arasında
qarşılıqlı anlaşmaya daha geniş imkanlar
açan infromasiya agentliklərinin, kütləvi informasiya
vasitələrinin fəaliyyətindən çox şey
asılıdır. Həqiqi məlumatın vaxtında verilməsi
operativ qərarların qəbulu, proseslərin düzgün
şərh edilməsi, ölkələr arasında ikitərəfli
və çoxtərəfli əlaqələrin qurulmasında
mühüm rol oynayır. Memarı və qurucusu Heydər Əliyev
olan müstəqil Azərbaycanın inkişaf
strategiyasının Prezident İlham Əliyev tərəfindən
müasir dövrün tələblərinə uyğun olaraq
yaradıcılıqla davam etdirilməsi nəticəsində
respublikamızın dünyanın ən sürətlə
inkişaf edən dövlətinə çevrilməsi,
mövqeyinin möhkəmlənməsi AzərTAc-ın beynəlxalq
əlaqələrinin genişlənməsinə, onun dünya
informasiya məkanına inteqrasiyasına müsbət təsir
göstərən amillərdən biridir. İndi
dünyanın tanınmış xəbər agentlikləri AzərTAc
ilə əməkdaşlığa böyük maraq göstərir.
Hazırda AzərTAc-ın 90-dan artıq ölkənin
informasiya agentlikləri ilə çox səmərəli əlaqələri
vardır. Bundan əlavə, AzərTAc Müstəqil Dövlətlər
Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya
Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər
Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin
Milli İnformasiya Agentlikləri Assosiasiyasının (BSANNA) təsisçilərindən
biridir. 2004-cü ilin sentyabrında AzərTAc Asiya və Sakit
Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının
(OANA) üzvü olmuşdur. Bunun sayəsində AzərTAc-ın
informasiyaları OANA-nın xüsusi saytında yerləşdirilir
və onlardan təşkilatın üzvü olan digər 32
ölkənin 39 informasiya agentliyi istifadə edir. 2007-ci il
dekabrın 12-də OANA-nın İndoneziyanın paytaxtı
Cakartada keçirilən iclasında AzərTAc bu qurumun rəhbər
orqanı olan İcraiyyə Komitəsinin büro üzvü
seçilmişdir. AzərTAc-ın Avropa Xəbər Agentlikləri
Alyansına (EANA) üzv qəbul edilməsi agentliyimizin həyatında
ən mühüm hadisələrdən biri kimi qiymətləndirilməlidir.
Beləliklə, agentliyimiz postsovet məkanında İTAR-TASS
və Ukrinformdan sonra EANA-ya qəbul edilmiş
üçüncü informasiya agentliyi və həmin təşkilatın
sayca 31-ci üzvü olmuşdur. 2008-ci ildən AzərTAc Asiya
Xəbər Agentlikləri Konsorsiumunun ("AsiaPulse") da
üzvüdür.
Artıq regional və beynəlxalq
əhəmiyyətli tədbirlərə ev sahibliyi edən AzərTAc-ın
təşkilatçılığı ilə 2008-ci il aprelin
30-u - mayın 3-də Bakıda Türkdilli Xəbər
Agentlikləri Birliyi (TKA) Baş Məclisinin VII iclası
keçirilmişdir. Hazırda TKA-da AzərTAc sədrlik edir.
2008-ci il sentyabrın 1-4-də isə AzərTAc-ın ev
sahibliyi ilə OANA İcraiyyə Komitəsinin
"Qloballaşan dünyada informasiya hamı
üçün" mövzusunda 30-cu iclası
keçirilmişdir. İlk dəfə idi ki, dünyanın
20-dən çox ölkəsindən ən nüfuzlu xəbər
agentliklərinin rəhbərləri və yüksək vəzifəli
təmsilçiləri respublikamıza gəlmişdilər.
Azərbaycanın ictimai həyatında mühüm hadisə
olan bu toplantının əhəmiyyəti həm də onda
idi ki, OANA və EANA-nın tarixində ilk dəfə olaraq bu
qurumların rəhbərləri tədbirdə birlikdə
iştirak edirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin
iclas iştirakçılarını qəbul etməsi
qonaqlarda çox böyük təəssürat
doğurmuşdur.
Müstəqil Azərbaycanın
rəsmi informasiya agentliyinin dünya informasiya məkanına
çıxması, Azərbaycan reallıqlarının
yayılma coğrafiyasının genişləndirilməsi ulu
öndər Heydər Əliyevin ən böyük
arzularından biri idi. İndi tam məsuliyyətlə deyə
bilərik ki, ümummilli liderin bu arzusu da reallığa
çevrilmişdir. Azərbaycan qloballaşan dünyanın
yeni informasiya məkanında öz yerini tutmuşdur və bunu
getdikcə möhkəmləndirir.
Aslan ASLANOV,
Azərbaycan Dövlət Teleqraf
Agentliyinin baş direktoru
Azərbaycan.- 2010.- 5 may.- S. 3.