Zamanın fövqündə dayanan lider

 

Bəşər tarixi göstərir ki, hər hansı ölkənin inkişafında, dünyanın siyasi səhnəsində öz yerini müəyyənləşdirməsində mühüm rol oynayan məqamlardan biri xarizmatik lider amilidir. İstər uzaq keçmişə, istərsə də yaxın dövrə nəzər salmaq kifayət edir ki, lider amilinin dövlətin yaranmasında, inkişafında, daxili və xarici təhlükələrdən hifz olunmasında nə dərəcədə vacib rola malik olduğu konkret nümunələr əsasında bir daha öz təsdiqini tapsın.

Bu mənada Azərbaycan xalqı özünü xoşbəxt hesab edə bilər ki, kifayət qədər ziddiyyətlərlə, mürəkkəbliklərlə zəngin olan XX əsrin ikinci yarısını əhatə edən üç onillikdə ölkəyə zamanın belə fövqündə dayanan bir lider - Heydər Əliyev rəhbərlik etmişdir. Azərbaycan məhz bu dahi şəxsiyyətin rəhbərliyi altında yeni yüzilliyə güclü, qüdrətli, dünya miqyasında öz sözünü deyə bilən bir ölkə olaraq qədəm qoymuşdur.

Qeyd olunan kontekstdə heç də təəccüblü deyil ki, Heydər Əliyev fenomeni təkcə ölkəmizdə yox, Azərbaycanın sərhədlərindən çox-çox kənarda da həmişə xüsusi diqqət mərkəzində olmuş, bu dahi insanın liderlik keyfiyyətləri dünya miqyasında qəbul olunaraq öyrənilmiş və öyrənilməkdədir. Ulu öndərin fenomenal idarəçilik qabiliyyəti, rəhbərliyi, liderliyi barədə söz açarkən YUNESKO-nun sabiq direktoru Federiko Mayor onu belə təqdim etmişdir: "Heydər Əliyev bütün dünyanın etiraf etdiyi görkəmli liderdir". Dövrünün tanınmış dövlət xadimlərindən olan Eduard Şevardnadze isə bu fikri bir qədər də konkretləşdirərək belə ifadə etmişdir: "XX əsr liderlər əsridir. Əsrin lideri isə Heydər Əliyevdir". Bəli, Heydər Əliyev həqiqətən əsrinin lideri olaraq tarixə öz adını silinməz izlərlə əbədi həkk etmiş, ötən yüzilliyin son dekadasında müstəqil Azərbaycan dövlətinin əsaslarını qoyaraq, onu beynəlxalq hüququn suveren subyektinə çevirərək dönməz inkişafını təmin etmişdir.

Demokratik tərəqqi yolunu seçən, Avratlantik məkana inteqrasiya prosesini prioritet elan edən, Qərb təsisatları ilə sıx işbirliyi quran bir dövlət olaraq Azərbaycanın dünya birliyində öz yerini müəyyən etməsi fonunda isə ulu öndərin rəhbərliyi altında ölkəmizdə xüsusi diqqət yetirilən məqamlardan biri insan hüquqlarının ən yüksək səviyyədə qorunması, söz, fikir azadlığının təmini və bu qəbildən olan digər məsələlər olmuşdur. Bu mənada 1993-cü ildə xalqın təkidli tələbi ilə növbəti dəfə hakimiyyətə qayıdan ümummilli liderin milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atdığı vacib addımlar sırasında insan amilinə yüksək dəyər verən hüquq sisteminin qurulmasının xüsusi yer tutması tamamilə təbii xarakter daşımışdır. Ümumiyyətlə, Heydər Əliyev idarəçiliyində humanizm prinsiplərinin prioritet istiqamət təşkil etməsi, insan hüquq və azadlıqlarının reallaşdırılmasına hər cür şərait yaradılması, onların yüksək səviyyədə müdafiəsi daim ön planda gələn məsələlər sırasında yer almış və dünyanın siyasi səhnəsinə artıq müstəqil dövlət olaraq qədəm qoyan Azərbaycan dövlətçiliyinin mahiyyətində dayanan əsas məqamlardan birini təşkil etmişdir. Beləliklə, həm də böyük demokrat olan ümummilli liderin rəhbərliyi altında Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət quruculuğu başlanmış, bunun üçün daim təkmilləşdirilən möhkəm hüquqi baza formalaşdırılmışdır. Bu məqsədlə zamanın tələblərinə cavab verən genişmiqyaslı hüquqi islahatlar aparılmasına həmişə ulu öndərin rəhbərliyi altında xüsusi diqqət yetirilmiş, yerli qanunvericilik bazası qabaqcıl beynəlxalq təcrübəyə müvafiq olaraq daha mükəmməl formaya gətirilmişdir.

Əlbəttə, ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra hüquqi qanunvericilik və islahatlar fonunda 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyamız xüsusi qeyd olunmalıdır. Çünki dövlətin idarə olunmasında hakimiyyət bölgüsünün Avropa təcrübəsinə uyğun paylaşdırılmasını özündə ehtiva edən müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin suverenliyinin möhkəmlənməsində, hüquqi, demokratik dövlət quruculuğu işində mükəmməl bir sənəd rolunu oynayırdı. Digər tərəfdən Əsas Qanunun qəbulundan sonra həyata keçirilən hüquqi islahatlar məhz Konstitusiya prinsiplərinə əsaslanaraq aparılır, özü də kifayət qədər dinamik xarakter daşıyırdı. Ən əsası isə ümummilli liderin rəhbərliyi altında hazırlanmış Konstitusiya insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyətə malik bir sənəd olaraq çıxış edir. Bu mənada təəccüblü deyil ki, əksər ekspertlər haqlı olaraq sözügedən sənədi həm də "İnsan hüquqları manifesti" adlandırmışlar.

Əsas Qanunun qəbulunda insan hüquqlarının reallaşdırılması, müdafiəsinə bu dərəcədə yüksək diqqət ayrılması həm də onu göstərirdi ki, cəmiyyətin maddi və mənəvi çiçəklənməsinin, inkişafının məhz insanın hüquq və azadlıqlarının təmin edilməsindən keçdiyi, bunun dövlətin başlıca vəzifəsi olaraq görüldüyü əsas məqsəd kimi qəbul edilir. Qəbulundan sonra ölkəmizdə hüquqi qanunvericilik bazasında müsbət köklü dəyişikliklərə təkan verən Konstitusiya müasir dünyanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu tələblərinə cavab verən dövlətçiliyin formalaşdırılması işində də mühüm əhəmiyyət daşımışdır. Ölkəmizin hüquqi dövlət olaraq müəyyən edildiyi bu sənəddə insan və vətəndaşın hüquq və azadlıqları, onların tanınması, müdafiə və təmin edilməsi qanunvericiliyin, onun tətbiq edilmə təcrübəsinin hüquqi xarakterinin əsas və təyinedici meyarı olaraq öz əksini tapmışdır.

Bütün bunlar həm də onu təsdiq edir ki, hakimiyyətin yeganə mənbəyi kimi xalqın qəbul olunduğu Konstitusiyanın mahiyyətində duran ən önəmli məsələlərdən biri hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna xidmət edən ideyalardır. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ümumiyyətlə, ulu öndərin müəllifliyi ilə hazırlanan Konstitusiyasının əsas fəlsəfəsi olaraq da qəbul oluna bilər. İlk növbədə ona görə ki, Baş Qanunda təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas prinsipi dövlət hakimiyyətinin bütün sahələrini özündə ehtiva edir, həmin sahələri qeyd olunan hüquqlarla əlaqələndirir, onlar qarşısında bir çox mühüm vəzifələr qoyur.

Beləliklə, bir daha aydın olur ki, mükkəmməl xarakter daşıyan Azərbaycan Konstitusiyası ictimai inkişafın, dövlətin insan və vətəndaşla qarşılıqlı münasibətlərinin bütün sahələrində dövlət tənzimetməsinin sərhədlərini və xarakterini özündə təsbit edir. Bununla yanaşı, sözügedən sənəd cəmiyyətin bütün üzvlərinin statusunun əsasını da müəyyən edərək insanın əsas hüquq və azadlıqlarına ali hüquqi qüvvə verir. Xatırlatmaq yerinə düşərdi ki, Konstitusiyanın 12-ci maddəsi insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi olaraq təsbit etmişdir.

İnsan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu dövlət quruculuğunda Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məqamlardan biri də nüfuzlu beynəlxalq təşkilatlara üzvlük, Avratlantik məkana inteqrasiya prosesi olmuşdur. Çünki bu, siyasi-hüquqi sistemin kökündən demokratikləşməsi istiqamətində əsaslı rol oynaya biləcək mühüm cəhətlərdən biri kimi çıxış edir. Qeyd olunan kontekstdə Azərbaycanın Avropa Şurasına üzvlüklə bağlı ulu öndərin atdığı addımlar mühüm önəm daşımışdır. Çünki bu, Avropa dəyərlərinə uyğun hüquqi islahatların həyata keçirilməsində özünəməxsus rol oynamışdır. Bu mənada tam cəsarətlə söyləmək mümkündür ki, qabaqcıl Avropa dəyərlərini özündə ehtiva edən islahatların həyata keçirilməsi, bu prosesin mahiyyət etibarı ilə dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Avropa Şurası ilə qurulan əməkdaşlıq istiqamətində əlamətdar hadisələrdən biri quruma üzv dövlət və hökumət başçılarının 1997-ci ilin oktyabrında Strasburqda keçirilən ikinci zirvə görüşü olmuşdur. Həmin görüşdə iştirak edən ulu öndər burada geniş və dərin məzmunlu çıxışında Azərbaycanın müstəqillyini əldə etdikdən sonra ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu sahəsində görülmüş işlər haqda ətraflı danışmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu nəticələr, problemin sülh yolu ilə aradan qaldırılması sahəsində ölkəmizin mövqeyini bir daha bəyan etmişdir. Burada bir faktı da xüsusi olaraq vurğulamaq lazım gəlir ki, Heydər Əliyev müxtəlif beynəlxalq təşkilatlarda, ayrı-ayrı xarici dövlət nümayəndələri ilə görüşündə münaqişə nəticəsində yurd-yuvasından qovulmuş 1 milyon qaçqın və məcburi köçkünün hüquqlarının işğalçı qüvvələr tərəfindən kobud şəkildə pozulmasını daim diqqətə çatdırmış, beynəlxalq birliyi bu ədalətsizliyə son qoyulması üçün fəal rol oynamağa çağırmışdır.

Strasburqda keçirilən ikinci zirvə görüşündən sonra isə Azərbaycanın Avropa Şurasına inteqrasiyası istiqamətində görülən işlər daha da intensivləşdirildi, qanunvericilik mexanizminin Avropa standartlarına uyğunlaşması daha sürətlə həyata keçirilməyə başlandı. Bundan sonra görülən digər işlərin məntiqi nəticəsi olaraq Azərbaycan 2001-ci ilin yanvarın 25-dən etibarən Avropa Şurasının tam və bərabər hüquqlu üzvlərindən birinə çevrildi. Heç şübhəsiz ki, yeni əsrin əvvəllərində bu, Azərbaycanın demokratik inkişafının sürətlənməsində mühüm rol oynayaraq ölkəmizin Avratlantik məkana inteqrasiya yolunda önəmli bir məsafənin qət edilməsindən xəbər verirdi. Avropa Şurasına üzv qəbul olunduqdan sonra ölkəmiz bu qurum qarşısında üzərinə götürdüyü öhdəliklərin tam əksəriyyətini yerinə yetirmiş, bununla bir daha Avratlantik məkana inteqrasiya kursuna sadiqliyini əyani nümayiş etdirmişdir. Bu vaxta qədər isə sözügedən qurum çərçivəsində Azərbaycan onlarla beynəlxalq hüquqi aktları qəbul etmişdir ki, onların da əksəriyyəti məhz insan hüquqları ilə bağlı olmuşdur. Onlar sırasında işgəncələrin və qeyri-insani rəftarın qarşısının alınması, Avropa Sosial Xartiyasının ratifikasiya edilməsi, İnsan Hüquqları üzrə Müvəkkil təsisatının yaradılması və digərlərini qeyd etmək olar.

Lakin görülən işlər bununla məhdudlaşmayaraq ulu öndərin rəhbərliyi altında daha geniş miqyas almaqda idi. Bu xüsusda mühüm bir faktı qeyd etmək lazımdır ki, Avropa Şurasına üzv olduqdan sonra elə həmin il Azərbaycan Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında Konvensiyasını ratifikasiya etmişdir. Bununla da Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına daxil olmaqla Azərbaycan bir daha insan hüquqlarının müdafiəsi sahəsində qabaqcıl dünya standartlarına nə dərəcədə sadiq olduğunu, onların ölkədə tətbiqində maraqlı tərəf kimi çıxış etdiyini bariz şəkildə göstərmişdir. Avropa İnsan Haqları Məhkəməsinə üzv olduqdan sonra isə ölkə vətəndaşları yerli məhkəmələrin qərarlarından narazı qaldığı halda birbaşa sözügedən Avropa hüquq instansiyasına müraciət etmək imkanı əldə etmişdir. Buna qədər isə hüquq sahəsində atılan ən mühüm addımlardan biri yenə də ulu öndərin bu sahədə də uzaqgörən siyasəti nəticəsində Şərqdə ilk dəfə ölüm cəzasının ləğv edilməsinin məhz Azərbaycanda baş tutması idi. 1998-ci ilin fevralında Azərbaycanda ölüm hökmünün ləğv olunması ilə bağlı Heydər Əliyevin müvafiq müraciətində qeyd olunurdu: "Mən cinayət hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu bəyanatı vermişəm".

İnsan hüquqlarının etibarlı müdafiəsi, azadlıqlarının təminatı sahəsində Heydər Əliyevin misilsiz xidmətlərindən biri də üçpilləli məhkəmə sisteminin yaradılması, yeni, müasir tələblərə uyğun hakim korpusunun formalaşdırılması ilə bağlı olmuşdur. Bu fonda məhkəmə-hüquq islahatlarının aparılması və bunun Konstitusiyanın müddəalarına, Avropa tələblərinə uyğun həyata keçirilməsinə də xüsusi önəm verilirdi. Dövlət başçısının "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında" 1998-ci il 18 iyul tarixli, "Məhkəmə və hakimlər haqqında" qanunun qüvvəyə minməsinə dair 1998-ci il 1 dekabr tarixli fərmanları isə qanunvericiliyin təkmilləşdirilməsi baxımından növbəti mühüm addım olmuşdur.

Üçpilləli məhkəmə sisteminin fəaliyyətə başlaması ilə insan hüquqlarının təminatlı müdafiəsində əldə olunan nailiyyətlərin miqyası daha da genişləndirildi. Yeni hakim korpusunun formalaşdırılması prosesinə start verilməsi və bunun beynəlxalq təcrübəyə uyğun olaraq test və şifahi sorğu yolu ilə həyata keçirilməsi, ilk dövrdə hakim korpusunun bu cür ədalətli və şəffaf seçim vasitəsilə 60 faiz yeniləşməsi insan hüquqlarının etibarlı müdafiəsini daha da gücləndirmişdir.

1998-ci il 22 fevral tarixində isə Heydər Əliyevin "İnsan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi sahəsindəki tədbirlər haqqında" fərmanı sözügedən sahədə həyata keçirilən tədbirlərin effektivlik dərəcəsinin daha da artırılmasında vacib əhəmiyyətə malik olmuşdur. Çünki bu tədbirlər planı insan hüquq və azadlıqlarının müdafiəsini gücləndirməklə yanaşı, bu sahədə dövlətin qarşısında duran məqsəd və vəzifələrin müəyyənləşdirilməsində mühüm rol oynayırdı. Bunun ardınca, 1998-ci il 18 iyun tarixində qanunvericilik və institusional islahatların həyata keçirilməsi nəzərdə tutulan "İnsan haqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiqi yeni mühüm addım olmuş və həmin proqrama uyğun olaraq, ölkədə demokratik ədalət prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi və eləcə də Konstitusiya nəzarəti institutunun yaradılması ilə yanaşı, hüquq-mühafizə orqanlarının fəaliyyəti də təkmilləşdirilmişdir.

Bundan başqa qeyri-hökumət təşkilatlarının fəaliyyətinin genişlənməsi, insan haqlarının təmin edilməsi sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılması istiqamətində də "İnsan haqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın qəbulu və icrası vacib əhəmiyyət daşımışdır. Ümumiyyətlə, qeyd olunan proqram insan hüquqlarının müdafiəsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması istiqamətində zəruri rol oynamışdır.

Həmin il kütləvi informasiya vasitələrinin üzərindən senzuranın götürülməsi isə medianın müstəqil inkişafının qarşısındakı ən böyük maneənin aradan qaldırılması ilə nəticələnmişdir. Beynəlxalq aləmdə də kifayət qədər müsbət qarşılanan bu addım ölkəmizdə medianın inkişafında mühüm təkan olmaqla bərabər, azad sözün bərqərar olmasına yol açan əsas addımlardan biri olmuşdur.

2001-ci il 28 dekabr tarixdə isə "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" Konstitusiya qanunu qəbul edilmişdir. Qanuna əsasən Ombudsman institutunun təsis olunmasının əsas məqsədi kimi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquq və azadlıqlarının bərpa edilməsi müəyyən olunmuşdur. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir. Ombudsmanın fəaliyyətini tənzimləyən normativ hüquqi aktın Konstitusiya qanunu olması, müvəkkilə üzərinə düşən vəzifələrin həyata keçirilməsində geniş təminatların verilməsi insan və vətəndaş hüquqlarının müdafiəsini dövlətin ali məqsədi kimi bir daha təsdiqləmişdir.

Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf yolunu layiqincə davam etdirən, onu zamanın diktə etdiyi reallıqlara uyğun olaraq daha da zənginləşdirən Prezident İlham Əliyev hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin daha güclü özüllər üzərində qurulması, insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması kimi fundamental məsələlərə daim xüsusi diqqət yetirmişdir. Azərbaycan Prezidentinin rəhbərliyi altında bu sahədə görülən işlər hər zaman daha mükəmməl formaya gətirilmiş, ölkəmiz bu sahədə beynəlxalq miqyasda böyük nailiyyətlərə imza atan dövlətlər sırasında mövqelərini daha da möhkəmləndirmişdir. İqtisadi artım tempinə görə, son illərdə dünya dövlətlərinin siyahsına başçılıq edən Azərbaycan uğurlu siyasi və hüquqi islahatlar prosesini də uğurla aparmış, bu istiqamətdə görülən işlər qabaqcıl beynəlxalq standartlara uyğun olaraq davam etdirilmişdir. Həyata keçirilən islahatlar milli səviyyədə bir çox taleyüklü problemlərin həllinə ciddi imkanlar açmaqla yanaşı, həm də ölkəmizin inkişaf etmiş dünya birliyində layiqli yerini tutması prosesini sürətləndirmiş, ölkənin beynəlxalq nüfuzunu artırmış, müstəqil beynəlxalq hüquqi subyekt kimi Azərbaycanın mövqelərini daha da gücləndirmişdir. Bütün bunlar isə dünyanın əksər ölkələrinin bir neçə onilliklər ərzində keçdiyi inkişaf yolunu Azərbaycanın son 17 ildə qət edə bilməsinə gətirib çıxarmışdır. Şübhəsiz ki, bu da əsası ulu öndər tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən idarəçilik mexanizminin də kifayət qədər təkmil xarakter daşımasının əsas göstəricilərindən hesab olunur.

Son illərdə insan hüquq və azadlıqlarının təmin edilməsi sferasında geniş imkanlar açan qanunların, proqramların qəbul olunması ölkəmizdə demokratik dəyərlərin bərqərar olmasını daha da gücləndirmişdir. Qeyd olunan kontekstdə Azərbaycanda hüquq-mühafizə sferasında da müntəzəm islahatlar həyata keçirilmişdir. Hüquqi-normativ dövlət aktlarının insan haqlarına dair beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlar ilə yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, elmi-analitik tədqiqatların stimullaşdırılması, hüquqi maariflənmə üzrə işlərin genişləndirilməsi, dövlət və vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi prosesi indi də uğurla davam etdirilir.

Məhkəmə-hüquq sahəsində aparılan islahatlara, qanunvericilik bazasının təkmilləşdirilməsinə gəlincə, bununla bağlı bir sıra qanunlar xüsusi qeyd olunmalıdır. Hələ 2004-cü ildə "Məhkəmələr və hakimlər haqqında" qanuna əlavələr və dəyişikliklər edilməsi barədə" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlar qəbul edilmiş, bununla da məhkəmələrin fəaliyyətində nöqsan və qüsurların aradan qaldırılması, məhkəmələrin fəaliyyətində şəffaflığı təmin etmək üçün zəruri tədbirlərin görülməsi üçün mükəmməl fəaliyyət proqramı yaradılmışdır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2006-cı il 19 yanvar tarixli fərmanı isə bu sahədə həlli vacib olan bəzi məsələlərin uğurlu çözümünə gətirib çıxarmışdır. Prezident fərmanında Azərbaycanın ümumi inkişaf göstəricilərinə əsasən məhkəmə sisteminin müasirləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunmasında fəaliyyətinin daha səmərəli hala gətirilməsi üçün qeyd olunurdu ki, "məhkəmə sisteminin müasirləşdirilməsinin növbəti mərhələsində regionların sosial-iqtisadi inkişafı şəraitində əhalinin hüquq islahatlarına və hüquqi yardıma olan tələbatının ödənilməsi üçün yeni məhkəmələrin yaradılması, vətəndaşların narazılığına səbəb olan sui-istifadə, süründürməçilik və digər nöqsanların aradan qaldırılması, ədalət mühakiməsinin səmərəliliyinin və vətəndaşların məhkəmələrə inamının artırılması, məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq edilməsi, məhkəmə aparatının strukturunun və işinin daha optimal şəkildə qurulması, habelə digər mühüm məsələlərin həlli" ölkəmizin dünyaya inteqrasiyasının, bugünkü inkişafımızın tələb etdiyi prinsip və şərtlərdir.

Cənab İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında" əsasnamənin təsdiqindən sonra isə sözügedən nazirlik müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir, məhkəmə qərarlarının icrasını təmin edir və digər funksiyaları həyata keçirir. Ötən illər ərzində də ölkəmizdə məhkəmə-hüquq islahatlarının aparılması davam etdirilmişdir ki, bu da öz növbəsində Azərbaycanda demokratik proseslərin, vətəndaş cəmiyyətinin güclənməsində əsas təkanverici məqamlardan olmuşdur. Bu baxımdan "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktının layihəsi xüsusi qeyd olunmalıdır. 2009-cu il martın 18-də həmin akt ümumxalq səsverməsində Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən dəstəklənmiş və Konstitusiyanın 29 maddəsinə edilmiş vətəndaşların konstitusion hüququnun təminatını daha da gücləndirmişdir.

İnsan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilməsi barədə Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli fərmanı da xüsusi qeyd olunmalıdır. Fərmanda göstərilmişdir ki, qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir. Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, BMT-nin "Minilliyin inkişaf məqsədlərinin" və Avropa Şurasının 3-cü Zirvə Görüşünün insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyinin təmini sahəsində müəyyən etdiyi prioritetləri nəzərə alaraq, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi məqsədi ilə dövlət başçısı sözügedən Milli Fəaliyyət Planını təsdiq etmişdir.

 

Prezident İlham Əliyevin rəhbərliyi altında bazar iqtisadiyyatına keçid dövrünü sona çatdırmış Azərbaycan milli dəyərlərə sadiq qalmaqla Avratlantik məkana inteqrasiya siyasətini daha böyük uğurlara imza atmaqla davam etdirməkdədir. Bununla yanaşı, insan hüquqlarının etibarlı müdafiəsi məqsədilə ölkəmizdə həyata keçirilən irimiqyaslı qanunvericilik və institusional islahatlar, sürətli beynəlxalq inteqrasiya və sosial-iqtisadi inkişaf prosesi bu gün də davam etdirilməkdə, dünya miqyasında ölkəmizin nüfuzunun artmasına xidmət etməkdədir.

 

 

Alış QASIMOV,

Bakı Dövlət Universitetinin kafedra müdiri,

hüquq elmləri doktoru, professor

 

Azərbaycan.- 2010.- 5 may.- S.  4.