Azərbaycan və İranın hüquq-mühafizə orqanları arasında əməkdaşlıq əlaqələrinin inkışaf perspektivləri müzakirə edilmişdir

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, mayın 4-də milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov ölkəmizdə səfərdə olan İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazir Eldar Mahmudov ölkələrimiz arasında mehriban qonşuluq və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin, bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin ümumi təhlükəsizliyin təmin olunması işinə, o cümlədən cinayətkarlıqla, onun təhlükəli forma və təzahürləri ilə mübarizəyə öz töhfəsini verəcəyini bildirmişdir.

General-leytenant Eldar Mahmudov regiondakı kriminogen şərait, ona təsir göstərən amillər, xüsusilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya və digər məsələlər, habelə bununla əlaqədar görülən adekvat tədbirlər barədə məlumat vermiş, bu sahələrdə hər iki ölkənin müvafiq strukturlarının əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd etmişdir.

Səmimi qarşılandığına və dolğun məlumata görə təşəkkürünü bildirən Mustafa Məhəmməd Nəccar, Azərbaycana səfərindən xoş təəssürat aldığını qeyd etmişdir. Qonaq bu cür görüşlərin transmilli cinayətkarlıqla, o cümlədən beynəlxalq terrorçuluqla mübarizə işində və hər iki dövlətin hüquq-mühafizə qurumları arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyət daşıdığını söyləmişdir. Mustafa Məhəmməd Nəccar İran və Azərbaycan münasibətlərinin indiki səviyyəsindən məmnunluq hissi duyduğunu, ölkələrimiz arasındakı mehriban qonşuluq və dostluq əlaqələrinin bundan sonra inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Görüş səmimi və qarşılıqlı anlaşma şəraitində keçmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  5 may.- S.  5.