İran ilə Azərbaycan arasında siyasi və mədəni əlaqələr yüksək səviyyədədir

 

Dost, qardaş və qonşu ölkələr olan İran ilə Azərbaycan arasında siyasi və mədəni əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz arasındakı münasibətlər çox səmimi və tarixi köklərə malikdir.

Bu sözləri ölkəmizdə səfərdə olan İran İslam Respublikasının daxili işlər naziri Mustafa Məhəmməd Nəccar mayın 4-də Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AzərTAc) müsahibəsində demişdir.

Azərbaycana daxili işlər nazirinin dəvətinə əsasən böyük nümayəndə heyəti ilə səfərə gəldiyini bildirən nazir olduqca məhsuldar görüşlər keçirdiyini demişdir. Mustafa Məhəmməd Nəccar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edildiyini və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli və dəyərli müzakirələrin aparıldığını qeyd etmişdir.

Nazir bildirmişdir ki, nümayəndə heyətinin tərkibinə Ərdəbil, Gilan, Şərqi və Qərbi Azərbaycan ostanlıqlarının nümayəndələri də daxildir. Bu ostanlıqlar ilə Azərbaycan arasında hazırkı iqtisadi əlaqələr yüksək səviyyədədir, lakin biz bu əlaqələri daha da genişləndirmək niyyətindəyik.

Mustafa Məhəmməd Nəccar azərbaycanlı həmkarı Ramil Usubovla keçirdiyi görüş zamanı təhlükəsizlik sahəsində memorandum imzaladıqlarını bildirmişdir. Memoranduma mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa, insan alverinə, qeyri-qanuni miqrasiyaya qarşı birgə mübarizədə əməkdaşlıq, məhkumların mübadiləsi, İran vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi və digər məsələlər daxildir. Qonaq əlavə etmişdir ki, İran və Azərbaycan quru və dəniz sərhədinə malik olduğundan hər iki ölkə üçün sabitlik və təhlükəsizlik məsələləri böyük önəm daşıyır.

İranın təbii fəlakətlərin aradan qaldırılmasında böyük təcrübəyə malik olduğunu qeyd edən qonaq Fövqəladə Hallar Nazirliyində keçirilmiş görüş zamanı bu sahədə Azərbaycan ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdir.

Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayan nazir, İqtisadi İnkişaf Nazirliyində keçirilən görüşdə müştərək sərmayələr yatıran şirkətlərin yaradılması ilə bağlı razılıq əldə edildiyini diqqətə çatdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 5 may.- S.  5.