Kaliforniyadakı beynəlxalq festivalda Azərbaycanın
nailiyyətləri böyük
maraq doğurmuşdur
ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində keçirilən "Beynəlxalq Gün" adlı mədəniyyət festivalında Azərbaycan guşəsi böyük marağa səbəb olmuşdur. Otuz ildən bəri hər yaz mövsümündə keçirilən "Beynəlxalq Gün" Monterey yarımadasının minlərlə sakinini cəlb edir. Bu il festivalda 24 müxtəlif ölkənin guşələri təmsil olunsa da, Azərbaycan guşəsi festival iştirakçıları tərəfindən "ən rəngarəng" elan edilmişdir.
Monterey şəhərində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələri Ali Məktəbinin azərbaycanlı tələbələri, eləcə də ölkəmizin Vaşinqton və Los-Ancelesdəki diplomatik nümayəndəliklərinin dəstəyi ilə təşkil edilən guşədə Azərbaycanın coğrafi yerləşməsi, dövlət atributları, əhalisi və digər ümumi məlumatlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barədə ətraflı məlumat verilmişdir. Guşə ilə tanış olanlara paylanılan Azərbaycan haqqında məlumat kitabçalarında isə ölkəmizin siyasi və iqtisadi göstəriciləri, müstəqillik dövründə əldə etdiyi böyük nailiyyətlər əks etdirilmişdir. Amerikalılar bu nailiyyətlərdən heyrətləndiklərini diqqətə çatdırırdılar. Onlar həmçinin Azərbaycan Silahlı Qüvvələrinin antiterror koalisiyasında iştirakına görə dövlətimizə minnətdarlığını ifadə edir, ABŞ-ın bölgədəki mühüm tərəfdaşı kimi Azərbaycana böyük önəm verdiklərini bildirirdilər. Azərbaycan guşəsinin təşkilatçıları amerikalıları milli mətbəximizin ləziz şirniyyatları - şəkərbura, paxlava və pürrəngi çaya qonaq etmişlər. Festivalın əyləncə hissəsində isə folklor nümunələrimiz nümayiş etdirilmişdir. Ritmik milli havalarımızı bəyənən festival iştirakçıları məmnuniyyətlə Azərbaycan rəqsinin sədaları altında ifaçılara qoşulmuşlar.
"Beynəlxalq Gün"də Azərbaycanın iştirakı yerli KİV tərəfindən də işıqlandırılmışdır. Monterey yarımadasının KKMC radiosu "Beynəlxalq Gün"də Azərbaycan guşəsi barədə 7 dəqiqəlik xüsusi buraxılış yayımlamışdır.
Şəfəq AKİFQIZI,
AzərTAc-ın xüsusi müxbiri,
Vaşinqton
Azərbaycan.- 2010.- 5
may.- S. 5.