Azərbaycan Ordusu istənilən anda torpaqlarımızı işğaldan azad etməyə hazırdır

 

Demokratik, hüquqi dövlət quruculuğu və sosial-iqtisadi inkişaf istiqamətində ildən-ilə uğurlarını artıran Azərbaycan Respublikasında ölkənin etibarlı müdafiəsinin təşkil edilməsi, hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsinə çatdırılması kimi məsələlər diqqətdən kənarda qalmır. İqtisadiyyatın davamlı inkişafı, Dövlət büdcəsinin artması digər sahələr kimi, hərbi təhlükəsizliklə bağlı görülən işlərə də daha çox maliyyə vəsaitlərinin ayrılmasını şərtləndirir.

 

1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə irəliyə doğru başlanan dönüş ordu quruculuğunda daha tez hiss olunmağa başladı. 1993-cü ilin payızında ulu öndər Heydər Əliyevin xalqa tarixi müraciətindən sonra Azərbaycan Ordusunun yaradılması istiqamətində başlanan işlər uğurla davam etdi. Qısa zaman kəsiyində müxtəlif təyinatlı hərbi birləşmələr formalaşdırıldı, cəbhədə döyüş əməliyyatlarının vahid komandanlıq əsasında hazırlanaraq həyata keçirilməsi və bunun nəticəsi olan uğurlar 1994-cü ilin əvvəllərində hiss edilməyə başladı.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrdə çoxşaxəli islahatların aparılmasına geniş imkan yaratdı. Yeni formalaşdırılan ayrı-ayrı qoşun növlərinin hərbi nizamnamələrin tələblərinə uyğun idarə olunması, hərbi hissələrin təxribatçı ünsürlərdən təmizlənməsi Azərbaycan Ordusunu keyfiyyətcə yeniləşdirdi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı qüvvələrə tələb olunan hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər texniki vasitələrin istehsalı üçün sifarişlərin Azərbaycanın sənaye müəssisələrində icrası bu sahənin inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. İldən-ilə ordunun döyüş hazırlığının yüksəldilməsi, peşəkar hərbçilərin hazırlanması, hərbi hissələrdə nizam-intizamın möhkəmləndirilməsi, təlimin düzgün qurulması istiqamətində aparılan işlər daha da gücləndi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi və Azərbaycan Silahlı Qüvvələrinin mükəmməl qanunvericilik bazası yaradıldı.

Azərbaycan Respublikasının Milli Məclisi ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədilə 1993-cü ildə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanun qəbul etdi. Qanuna görə şəhid adının əbədiləşdirilməsi üçün şəhid adlarının küçələrə, meydanlara, müəssisələrə, təşkilatlara, idarələrə, məktəblərə, mədəni-maarif ocaqlarına verilməsi nəzərdə tutulurdu. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri birinci növbədə yaşayış sahəsi ilə təmin olunurdular.

"Müdafiə haqqında" 26 noyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının qanunu qəbul edildi. Bundan sonra qanunverici orqan ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, hərbi sahənin inkişafına yönəlmiş, onun üçün hüquqi bazanı müəyyən edən qanunlar qəbul etdi. 1994-cü il 4 yanvar tarixli "Sərhəd Qoşunları haqqında", 1994-cü il 8 fevral tarixli "Daxili Qoşunların statusu haqqında", 1994-cü il 23 sentyabr tarixli "Silahlı Qüvvələrin intizam Nizamnaməsinin təsdiqi haqqında", "Silahlı Qüvvələrin daxili xidmət Nizamnaməsinin təsdiqi haqqında", 1995-ci il 10 yanvar tarixli "Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyət haqqında Əsasnamənin təsdiqi haqqında" qanunlar buna misaldır.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində ötən müddətdə böyük işlər həyata keçirmişdir. Son illər dövlət başçısının, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının diqqət və qayğısı sayəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, ordunun döyüş qabiliyyəti yüksəlmişdir.

Hərbi və təhlükəsizlik məsələlərinə büdcədən ayrılan vəsaitin artırılması həqiqətən də, ulu öndər Heydər Əliyevin bununla bağlı tövsiyələrinə ciddi əməl olunmasından xəbər verir. Dövlət başçısı cənab İlham Əliyev orduda islahatların davam etdirilməsini, daha müasir metodlara üstünlük verilməsini, Silahlı Qüvvələrin gücləndirilməsini, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifə kimi müəyyənləşdirib. Müqayisə üçün qeyd edək ki, 2003-cü ildə Azərbaycanda hərbi xərclərə 135 milyon dollar ayrılırdısa, 2007-ci ildə bu məbləğ 1 milyard ABŞ dollarına çatdırıldı. Bu gün Azərbaycanın Dövlət büdcəsində hərbi xərclər birinci yeri tutur. 2003-cü ildən sonra hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin nəzərə çarpacaq dərəcədə artırılması Azərbaycan hakimiyyətinin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Hərbi xərclərin artması ordu quruculuğu prosesini daha da sürətləndirmiş və bunu Azərbaycan ordusunun bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. İldən-ilə Dövlət büdcəsindən orduya ayrılan vəsaitin artırılması hərbi qulluqçuların - generalların, baş və kiçik zabitlərin, gizirlərin, miçmanların, çavuşların, əsgərlərin, matrosların, müddətdən artıq hərbi qulluqçuların sosial təminatının gücləndirilməsi, mənzil şəraitlərinin daha da yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının modernləşdirilməsi ölkənin müdafiə sisteminin gücləndirilməsi deməkdir. Aprelin 23-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyində ordu quruculuğuna həsr olunmuş müşavirədə bildirmişdi: "Sirr deyil ki, Azərbaycan başqa sahələri inkişaf etdirdiyi kimi, hərbi sahəyə də böyük diqqət göstərir. Bu, bizim təbii yanaşmamızdır. Çünki Azərbaycan müharibə şəraitindədir. Müharibə bitməyib, müharibənin birinci mərhələsi başa çatıb. Biz elə etməliyik ki, istənilən anda torpaqlarımızı hərbi yolla azad edə bilək...

Bizim hərbi xərclərimiz son 5-6 il ərzində 10 dəfədən çox artıb. Orduya ayrılan vəsait 10 dəfədən çox artıb. Hərbi hazırlıq yüksək səviyyədədir. Orduda və bütün Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Son illər ərzində çoxlu texnika, silah-sursat alınmışdır. Bu proses davam edir və bu, bizim təbii haqqımızdır".

Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir, torpaqlarımızın 20 faizi işğal altındadır. Belə bir vəziyyət isə müdafiə məsələlərinə diqqətin daha da artırılmasını tələb edir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu siyasət davam etdirilir və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca bunun da miqyası genişləndirilir. Azərbaycanda eyni zamanda ordumuza lazım olan avadanlığın, silah-sursatın istehsalı üçün böyük işlər görülür. Müdafiə Sənayesi Nazirliyinin bu istiqamətdə uğurlu fəaliyyəti deyilənlərə əyani misaldır.

Son illərdə dövlət rəhbərinin qətiyyətli mövqeyi, verdiyi bəyanatlar nəinki təbliğati prizmadan olduqca effektiv olmuşdur, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı olaraq aparılan danışıqlarda rəsmi Bakının psixoloji-siyasi üstünlüyünü də təmin etmişdir. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi, Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi problemin həlli ilə bağlı danışıqlarda rəsmi Bakının mövqeyinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Avropa Şurası, Avropa Birliyi, ATƏT, İKT kimi nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etmiş BMT problemin həllində Azərbaycanın ərazi toxunulmazlığı prinsipini önə çəkmişdir. Son illər danışıqlar prosesi Madrid prinsipləri əsasında aparılır. Bu prinsiplər əsasında tərəflərə təqdim edilmiş yeniləşmiş təkliflər demək olar ki, məsələnin həlli üçün əsas ola bilər.

Sülh danışıqları ilə yanaşı Azərbaycan cəmiyyətində daim gündəmdə qalan məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllidir. Torpaqlarımızın müharibə yolu ilə işğaldan azad edilməsi perspektivi Azərbaycana hərbi qələbə vəd edir. Çünki ordu quruculuğu münaqişənin həlli prosesində dönüş yaratmaq imkanına malik ən vacib amillərdən biridir ki, Azərbaycan bu sahədə kifayət qədər böyük uğurlar qazanmışdır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyində ordu quruculuğuna həsr olunmuş müşavirədə bir daha aydın və qətiyyətli mövqe ortaya qoymuş, Azərbaycandan hələ də güzəşt umanlara sərt mesaj ünvanlayaraq bildirmişdir: "Ermənistanın mövqeyi bir daha onu göstərir ki, Ermənistan tərəfi sülh istəmir. Onlar sadəcə olaraq status-kvo vəziyyətini maksimum, nə qədər mümkünsə uzatmaq istəyirlər. İşğal edilmiş torpaqlardan çıxmaq istəmirlər. Bu işğalı davam etdirmək istəyirlər. Özlərinin danışıqlara guya ki, sadiq olduqlarını nümayiş etdirmək üçün cəhdlər göstərirlər. Sadəcə olaraq çalışırlar ki, bu danışıqlar prosesi daha da uzansın və bir növ permanent, əbədi xarakter alsın.

Əlbəttə ki, Azərbaycan tərəfi bununla heç vaxt razılaşa bilməz. Biz dəfələrlə demişik, o vaxtadək danışıqlarda iştirak edəcəyik ki, danışıqların real nəticələri mümkün ola bilsin. Azərbaycan tərəfi maksimum dərəcədə konstruktivlik nümayiş etdirdi və bu gün də nümayiş etdirir. Bizim ən böyük kompromisimiz ondan ibarətdir ki, 20 ilə yaxındır ki, torpaqlarımız işğal altında qaldığı halda hələ də sülh prosesinə sadiqik".

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2010.-  5 may.- S.  5.