Gədəbəydə turizmin inkişafı üçün hər şərait yaradılır

 

Rayon mərkəzinə çatmamış məxməri yamacların qoynunda müasir quruluşlu ikimərtəbəli bir bina ucalır. "Kiçik Qafqaz" turizm mərkəzidir. Geniş sahəsi var. Milli üslubda tikilib, Avropa sayağı bəzədilib. Elə uzaqdan diqqəti cəlb edir. Həyətdə geniş istirahət guşələri, idman-əyləncə yerləri düzəldilib. Mərkəz ən müasir avadanlıqla təchiz olunub. Eyni vaxtda azı 70 nəfərin dincəlməsi üçün hər şərait yaradılıb. Bu gün-sabah açılışı gözlənilir. Bu, Gədəbəyin dördüncü turizm-istirahət mərkəzidir.

 

Bahar erkən gəlib. Havalar xoş keçir. Ağaclar gül açıb. Bu yerlərin ən gözəl çağıdır. Dağlar diyarı Gədəbəy əsl istirahət mərkəzi, başdan-başa turizm oylağıdır. Bu saf, səfalı yerlərdə turizmin inkişafı üçün hər cür imkan və şərait vardır.

Bu günlərdə cari ilin ilk üç ayının yekunları müzakirə olunarkən bir sıra mühüm məsələlərlə yanaşı, turizmin inkişafı üçün hər cür şəraitin yaradılmasının vacibliyindən də geniş söhbət getdi. Qeyd olundu ki, rayonda iqtisadiyyat sürətlə inkişaf edir. Abadlıq və quruculuq işləri getdikcə geniş miqyas alır. Sosial problemlər ardıcıl şəkildə həll olunur. Ən ucqar kəndlərdə belə infrastruktur yeniləşir. Xüsusən Prezident İlham Əliyevin bu yerlərə tarixi səfərlərindən sonra Gədəbəy başdan-başa yeniləşir, tanınmaz olur. Dövlətimizin başçısı ilk dəfə, yəni 2006-cı il noyabrın 1-də dağlar diyarına gələndə Şəmkir-Gədəbəy yolu yarıtmaz idi. Cənab İlham Əliyevin tapşırığı ilə yol yenidən quruldu. Kəndlərin çoxunda, xüsusən sərhəd bölgələrində təbii qaz yox idi. Dövlət başçısının tapşırığı ilə hər yana qaz kəməri çəkilir. Elə o vaxtdan səhiyyə, maarif, mədəniyyət obyektlərinin siması da sürətlə dəyişir. "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına uyğun olaraq rayonda 27 məktəb binası ucaldılıb, 41 bina əsaslı təmir olunub, ayrı-ayrı məktəblərdə 30-a qədər sinif otağı əlavə edilib.

Səhiyyə və rabitə sahəsində də xeyli işlər görülüb. Akademik Zərifə Əliyeva adına mərkəzi rayon xəstəxanasının ikinci korpusu istifadəyə verilib. Mərkəzi rayon stadionu başdan-başa yenidən qurulub. Rayonun müxtəlif guşələrində 18 elektron ATS işə salınıb. Göyəlli, İsalı, Düzrəsullu, Qaraməmmədli, Kiçik Qaramurad, Gərgər kəndi ATS-lərinə birləşdirici fiber 12 tipli optik kabel qoşulub. Rayonun bütün ərazisində "Azercell" işləyir. Şəhərin mərkəzində isə əlavə olaraq "Bakcell", "Narmobile" operatorlar xidmət göstərir.

Bir sözlə, əhalinin gün-güzəranının daha da yaxşılaşdırılması, yaxın-uzaq ellərdən gələn insanlara qayğı və diqqətin göstərilməsi üçün hər şərait yaradılır. Ən əsası isə Gədəbəy öz təbii gözəlliyi ilə ad çıxarıb, uca dağlar, səfalı yaylaqlar, sərin bulaqlar, məxməri şəlalələr təbiətisevənlərə gəl-gəl deyir. Bu yerlər sanki abidələr muzeyidir. Hər qəsəbədə, hər kənddə Vətənimizin milli memarlığının tarixi yaşayır. Rayonun müxtəlif guşələrində səksəndən çox bir-birindən dəyərli abidə qeydə alınıb. Baxırsan, hərəsi bir tarix, hərəsi bir memarlıq əsəridir.

İlk öncə IX əsrin yadigarı olan Qız Qalası gəlib-gedənin diqqətini cəlb edir. Tarixin bu nadir incisi yamyaşıl dağların başında ucalır. Söyüdlü qalası, Söyüdlü şır-şırı göz oxşayır. Düzyurdun yüzillik Tağlı körpüsü elə bil bu gün qurulub. Cavanşir-Koroğlu qalası əsl mərdlik ocağı, hünər, qeyrət rəmzidir. Neçə-neçə məbəd, yurd-ocaq yerləri, XIX əsrdə dünyaya səs salmış misəritmə zavodlarının, qədim yolların, körpülərin, ölkənin ilk dar dəmiryolu xəttinin qalıqları... Ən əsası isə Gədəbəyin səfalı guşələrindən olan loğman qüdrətli, ölkə şöhrətli Narzan çeşmələri...

Baxdıqca heyran olursan. Elə buna görə də Prezident İlham Əliyevin tövsiyəsi ilə ulu dağların, müalicə-sağlamlıq ocaqlarının qoynunda turizmin yeni-yeni cığırları açılır. İlk addımı atanlardan biri yol mühəndisi Aqibət Məmmədovdur. İş adamı Zair Əsgərovla birlikdə Slavyanka kəndində "Bala Narzan" ailə istirahət mərkəzi yaratdılar. Asfalt yol çəkildi, çayın üzərində körpü salındı. Turizm üçün müvafiq infrastruktur düzəldildi. İki-üç ailəlik evlər tikildi, istirahət guşələri, şəlalələr, körpülər, keçidlər düzəldildi.

Sonra "Böyük Narzan"ın qapıları açıldı. Bu da özgə aləmdir. Düz Narzan çeşməsinin başında, yamyaşıl dağların döşündə milli ornametli, bir-birindən yaraşıqlı katejlər, əyləncə-istirahət guşələri göz oxşayır. Heyif ki, təqribən üç kilometrlik yol bir qədər narahatdır. O da düzəlsə, bəlkə də qərb bölgəsində turizm və ailəliklə istirahət üçün "Böyük Narzan"ın tayı-bərabəri çətin tapılar.

Turizm cığırları getdikcə uca dağlara, səfalı yaylaqlara, sərin bulaqlara, Qızıl Torpaq bölgəsinə, Şınıxa, Qalakəndə, Novosaratovkaya, neçə-neçə digər yerlərə doğru uzanır.

Bu yerlərin flora və faunasına yüksək qiymət verən ölkə başçısı İlham Əliyevin sözləri bütün gədəbəylilər üçün dillər əzbəri olmuşdur. Tarixi səfərlərdən birində cənab İlham Əliyev demişdir: "Gədəbəyin çox gözəl təbiəti, çox gözəl iqlimi var. Burada turizmin inkişafı üçün çox böyük işlər görmək olar. Mən hesab edirəm ki, əgər biz bu məsələlər üzərində birlikdə, səmərəli işləsək, qısa müddət ərzində bu gözəl diyar turizm üçün də çox cəlbedici ola bilər".

Dövlətimizin başçısının bu tapşırıq və tövsiyələri rayonda icra orqanlarının fəaliyyət proqramına çevrilib. Bütün rayonu bürüyən və getdikcə genişlənən abadlıq, quruculuq və yaşıllaşdırma işləri məhz bu istiqamətdə qurulub.

"Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" müzakirə edilərkən bu yerlərdə görülməsi vacib olan çox mühüm məsələlərə toxunuldu. İcra hakimiyyətinin başçısı Kamran Rzazadə dedi ki, bizim yerlərin coğrafi mövqeyi, təbii şəraiti elədir ki, hamının diqqətini cəlb edir. Bu yerlərdə turizmin daha geniş miqyas alması üçün, inkişafı üçün hər şərait vardır. Bizim əsas vəzifəmiz bu səfalı guşələrdə, əsrarəngiz təbiətin qoynunda istirahətin və xidmətin təşkilinin müasir tələblər səviyyəsində qurulmasına nail olmaqdan ibarətdir. Yol-iz rahat, ətraf təmiz, səfalı olmalıdır. Azərbaycan yeməklərinə, milli adət-ənənəmizə, mətbəxdə, süfrədə səliqə-sahmana, nəzakətli davranışa xüsusi fikir verilməlidir. Elə buna görə də texniki peşə məktəbində, yaxud mədəniyyət və turizm şöbəsində qısamüddətli kursların təşkili vacibdir.

Gədəbəyin sosial siması tamam dəyişib. Gediş-gəliş çoxalıb. Vaxtilə iş, çörək dalınca uzaq ellərə gedən 600-dən çox adam doğma ata-baba yurduna qayıdıb. Təkcə Düzyurd kəndində 170-ə yaxın "Cip" və xarici markalı maşın vardır. Ona görə də yol-iz həmişə rahat, abad olmalıdır. İndi bu cür məsələlərə xüsusi fikir verilir.

Rayonun mərkəzində hərəkətin sıxlığı gərginlik yaradırdı. Ona görə də daxili imkanlar hesabına Xocalı yaşayış sahəsi boyunca yeni yol açıldı. Səkilər düzəldildi, ağaclar əkildi. Bu gün-sabah isə asfaltın döşənməsinə başlanılacaqdır.

Gədəbəyin daha bir özəlliyi diqqəti cəlb edir. Rayonun ən səfalı guşəsində Prezident İlham Əliyevin iştirakı ilə aşıq məktəbinin təməli qoyulub. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə elimizin aşıq sənəti YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilib. Bütün bunlarla əlaqədar, heç şübhəsiz, dağlar diyarı ilə əlaqə-ünsiyyət daha da genişlənəcək. Burada vaxtaşırı genişmiqyaslı beynəlxalq tədbirlər keçiriləcəkdir. İlk belə tədbirin may ayında Prezident İlham Əliyevin ikinci səfərinin ildönümü ilə əlaqədar Qızıl zavodunun ərazisində təşkili nəzərdə tutulur. Bəlli olduğu kimi, ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş Gədəbəy Qızıl zavodu keçən il may ayının 26-da dövlətimizin başçısı İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamışdır. "Ayrum-brendi" adı ilə tanınan Gədəbəy qızılı ABŞ-ın PBİN Vestment Qroub Servintes kampaniyası ilə birlikdə dünya bazarına çıxarılır.

Bu yaxınlarda daha bir dəyərli sənaye obyekti - Gədəbəy Mis zavodu istifadəyə verilib. Bununla əlaqədar olaraq yaxın vaxtlarda suvenir kimi Gədəbəy ünvanlı ilk mis sikkələrinin istehsalı nəzərdə tutulub. Dövlətimizin başçısının tarixi səfərinin ildönümü ərəfəsində möhtəşəm bayramın keçirilməsi, elə həmin günlərdə də "Kiçik Qafqaz" turizm mərkəzinin qapılarının açılması gözlənilir.

Təbiəti gözəl, havası səfalı, abidələri qədim, əyləncə-istirahət yerləri səliqə-sahmanlı, yolları abad... Gədəbəy turizm mövsümünə hazırdır.

Günü-gündən pardaqlanan gözəllik göz oxşayır. Gədəbəy gəl-gəl deyir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.- 5 may.- S.  6.