4. Böyük maraqların kəsişdiyi
məkan
Bu gün informasiya texnologiyaları ixtiyari bir ölkənin coğrafiyası, tarixi, ədəbiyyatı, elmi, mədəniyyəti, siyasi quruluşu, iqtisadi durumu və ağlımıza belə gəlməyən daha nələri barədə dolğun və qədərincə məlumat almağa imkan verir. Lakin insan zehninin yaratdığı ən mükəmməl cihaz belə yurdundan didərgin düşmüş insanların el-ocaq həsrətinə qalanmış mənəvi sarsıntılarını, balasını itirmiş anaların, dul qalmış gəlinlərin dodaqlarından qoparaq üzü Qarabağa sarı səmt götürən bayatılardakı hüznü, budaqları meyvəsinin ağırlığından qırılan ağacların bağban hənirinə susamış göynərtisini, bağrı toxuma, sinəsi sünbülə, belə, kətmənə, dırmığa, bir cüt doğma ləpirə həsrət torpağın ağrılarını ifadə etməkdə acizdir. Varsa, göstərin. Göstərin ki, 20 ildən bəri babalarının sümükləri uyuyan torpaqlara yalnız yadigar şəkillərdən və xatirələrinin bulanıq aynasından boylana bilən yüz minlərlə insan ondan alıb dərdinə məlhəm eləsin, Vətən içində cəlayi-vətən olanların qövr edən qəribçiliyinə qaysaq toxusun, hər gecə uşağı-böyüyü yuxuya verəndən sonra yanıqlı-yanıqlı bayatı çağıran nənələrin hıçqıran qəlbini ovutsun...
Bütün çətinliklərə, məhrumiyyətlərə rəğmən Azərbaycan etnosu özgünlüyünü itirməyib, əksinə, mətinləşərək inkişaf edib, dövrünün şifahi və yazılı tarixinin çoxsaylı faktlarına söykənən mədəniyyət olmağı bacarıb. "Kitabi-Dədə-Qorqud", "Oğuznamə", "Koroğlu" kimi epik-monumental yaradıcılıq nümunələri əsrlər öncə Azərbaycana gəlib kök salmış oğuz mədəniyyəti ilə uğurlu sintezin barı kimi ərsəyə gəlmişdir.
Azərbaycan bu gün tolerantlığı, etnik və dini polifoniyanı özünün bəşəri dəyərlər sistemi kimi təqdim edə bilməsi ilə güclü və fərqlidir. Müxtəlif millətlər, dillər və dinlər bu ölkənin özgün koloritinə çevrilmiş, əqidə və milli mənsubiyyətindən asılı olmayaraq hər bir şəxs Azərbaycan vətəndaşı kimi Vətəninin milli-dövlət maraqlarının təbliğatçısı və əsgəri olmuşdur.
Amma nə zillətdirsə, tarix boyu əl-ayağımızı dalayanlar, böyür-başımızda yalmananlar, girəvə tapan kimi gizlətdikləri namərd xəncərini köksümüzə saplamaq istəyənlər sarıdan da Tanrı bizi "binəsib eləməyib". Və bugünün gerçəkliyindən üzü aşağı - tarixi taleyimizin keçdiyi o qarğaşalı yollara nəzər salarkən indimizə, əlimizdəkilərə, hələ tərk etmədiklərimizə baxıb şükür eləyirik. Bu qədər nəfsin, iddianın, məkrin, riyanın dövrəsində baş salamat saxlamağın və üçüncü minilliyin əvvəlində böyük bir coğrafiyanın - Cənubi Qafqazın aparıcı, öncül ölkəsinə çevrilməyin özü balaca iş deyil, axı.
Azərbaycan Respublikası dövlət müstəqilliyini 1991-ci ildə bərpa etsə də, həqiqi müstəqilliyinə iki il sonra - ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışı ilə qovuşdu. O böyük xilaskar Ermənistanın "ilhaq" etdiyi işğalçı müharibənin məhrumiyyətlərini, etnik separatizmin xaricdən "körüklənən" fəsadlarını, iflas həddinə çatdırılmış iqtisadiyyatın problemlərini, sosial-mədəni və ictimai-siyasi həyatın çətinliklərini dəf edə-edə Azərbaycanı inkişaf etməkdə olan ölkələr sırasına çıxartdı, dünyaya tanıtdı. Kim nə deyir-desin, ancaq Heydər Əliyev olmasa idi, dünyanın güc sahibləri 16 ildən bəri davam edən Qarabağ düyününü çoxdan istədikləri, yəni ermənilərin istədiyi kimi çözmüşdülər. Bir kimsə də "gözün üstə qaşın var" deyə bilməyəcəkdi.
Heydər Əliyev bütün bunları bildiyinə görə qüdrətli Azərbaycan uğrunda çalışırdı. Çünki yalnız iqtisadi cəhətdən azad olan bir ölkə həqiqətən müstəqil ola bilərdi. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" yeni neft strategiyasının əsasını qoymaqla kifayətlənmədi, Azərbaycanın Qərb geosiyasi və iqtisadi arxitekturasına inteqrasiyasının da bələdçisinə çevrildi. Böyük iqtisadi maraqların açılan perspektiv üfüqləri Azərbaycanı tək regional deyil, beynəlxalq miqyasda da "söz sahibi" olmasa belə, "sözünün sahibi" dövlətlərdən birinə çevirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.
"Əsrin müqaviləsi"nin reallaşdırılması indi, neçə illər keçəndən sonra, çox düzgün olaraq Azərbaycan xalqının malik olduğu potensial qüvvə barədə düşünməyə vadar edir. Bu qüvvə adi gözlə görünməyən enerji ehtiyatlarından, millətin iradə gücündən və böyük amallara can atmasından asılıdır. Qürurvericidir ki, xalqın böyük bir hissəsinin siyasi iradəsi ilə ikinci dəfə Prezident seçilmiş İlham Əliyev ölkənin həyatında taleyüklü yer tutan nefti təbii ehtiyat, enerji mənbəyi olmaq kimi müstəqim təyinatından sıyırıb çıxararaq ona Azərbaycanın enerji təhlükəsizliyinin, Azərbaycan insanının sosial rifahının təminatçısı statusunu bəxş etməyi bacardı.
İki onillikdir ki, Azərbaycanı öz çənginə almış Qarabağ müharibəsinin özü ilə gətirdiyi "cehiz"in ağır nəticələrinə baxmayaraq, ölkəmiz bütün potensialını səfərbər edərək demokratik inkişaf yolunda böyük uğurlar əldə etməkdədir. Azərbaycan mürəkkəb və sərt maneələri dəf edərək nüfuzlu beynəlxalq təşkilatların üzvü kimi demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu və vətəndaş cəmiyyəti formalaşması istiqamətində mühüm və qətiyyətli addımlarını atmaqda davam edir.
İndi aparıcı dövlətlər yaxşı başa düşürlər ki, regionda baş verən mühüm geosiyasi dəyişikliklər fonunda münaqişə ocaqlarının söndürülməmiş qalması ümumi situasiyaya mənfi təsir göstərməklə yanaşı, onların regionla bağlı iqtisadi-siyasi maraqlarını da ciddi şəkildə təhdid edir. Son illər Azərbaycanın iqtisadi cəhətdən daha da qüdrətlənməsi isə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlarda rəsmi Bakının diplomatik mövqelərinin güclənməsi ilə müşayiət olunur. Respublikamızın hərtərəfli inkişafı, hərbi büdcəsinin ildən-ilə artması fonunda danışıqlar prosesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Xarici siyasət kursunu yeridərkən hansısa güc mərkəzinin mənafeyini önə çəkməyən Prezident İlham Əliyev, eyni zamanda, Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməyəcəyini həmişə vurğulamış, xalqın milli maraqları ilə bağlı məsələlərdə daim əzmkar və qətiyyətli mövqe tutaraq ölkədən güzəştli mövqe gözləyən qüvvələri məyus etmişdir.
Artıq neçə vaxtdır ki, bizə necə yaşamağı öyrətmək istəyənlər cərgəsi peyda olub. Əslində, onların emissarları Avropada "dəmir pərdə" götürüləndən, Sovetlər İttifaqı çökəndən sonra görünməyə başlamışdılar. Sov.İKP-nin 70 ildə kommunizm idealları ilə pərdələnərək etdiklərini bunlar demokratiya adı altında qoydular süfrəyə. Bir tərəfdə kökə, o biri tərəfdə isə zopa. Buyurduqları kimi yeyənə kökə verdilər, təamın dadsız-duzsuz, yavan olduğunu söyləyənlərə isə zopanın tamını dadızdırdılar. Təbii ki, sırf özlərinə məxsus "demokratik" üsullarla. Kimlərdir onlar? Çoxdurlar; sağda, solda, öndə, arxada. Başda gedənləri Amerikadır. Bəli, dünyaya bir ispan dənizçisinin hesabına açılan, yerli aborigenləri dədə-baba torpağından qovub başqasının yurdunda oturanların nəticə və kötücələrinin Azərbaycanın Qarabağ dərdinə həyan dura biləcəyi, Fələstinin ağrılarını duya biləcəyi perspektivi sizə dumanlı görünmürmü?
Tarixi taleyin işidir ki, dünyaya 234 il əvvəl gəlmiş bir dövlət dövlətçilik ənənələri min illər əvvələ təsadüf edən xalqlara əsil-nəcabət, ədəb-ərkan, idarəçilik, həyat dərsi öyrədir. Uzaq 1775-ci ildə indiki Birləşmiş Ştatların şərq sahilində məskunlaşmış 13 Britaniya koloniyası ingilis kralı və parlamentlə müharibəyə başladı. Bir il sonra qəbul edilmiş İstiqlal bəyannaməsində isə müharibənin səbəbi kimi xalqın ingilis hökmranlığından azad olmaq istəyi əksini tapmışdı. Maraqlıdır, əgər hesablasan, gör bu gün eyni düşüncə ilə neçə ölkə özünü dünyanın "avtoriteti" elan etmiş ABŞ-ın qabağına "hesab" qoya bilər?!
- Bəs yaxşı, - Nə üçün məhz Azərbaycan? - sualı üzərində baş sındırmısınızmı? Heç şübhəsiz, bu suala siyasətşünasdan, idarəçidən, məmurdan tutmuş adi tələbəyə, obıvatelədək hərənin öz cavabı, fərqli baxış bucağı var. Bütün çaylar axıb dənizə töküldüyü kimi. Lakin indiki halda söhbət aysberqdən gedə bilər. Üzdə görünən hissəsi hamıya əyandır; beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərinə hörmət, strateji tərəfdaşlıq, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq, uzlaşdırılmış xarici siyasi xətt və s. Suyun altında qalan hissə isə... bu, artıq hər kəsin nüfuz edə bilməyəcəyi daxili mətbəxdir və buranın öz qanunları var. Burada oyun qaydalarını ev sahibi hazırlayır, diktə edir. Vay, səsini çıxarıb kələk gəlindiyini söyləyənin, haqq və ədalət istəyənin halına. O saat Konqresdən tutmuş BMT-yədək əl altındakı bütün cəbbəxana işə salınacaq, Qərbdəki təzyiq resursları hərəkətə gətiriləcək. Baxın, bu, Amerikadır. Bütün çılpaqlığı ilə.
ABŞ Azərbaycanda gedən demokratikləşmə prosesinin müntəzəm və dönməz xarakter almaqla daha da dərinləşməsindən, daxili sabitlik faktının siyasi iradə göstəricisindən adi həyat normasına çevrilməsindən, cəmiyyətin aşkarlıq və plüralizm tonusunun get-gedə yüksəlməsindən məmnun qaldığını dəfələrlə bəyan etmişdir. Regionda əsas oyunçusunun Azərbaycan olduğu bir neçə transmilli nəqliyyat-kommunikasiya və enerji layihəsi var ki, onların hər birinin işləməsi Amerikanın geosiyasi və geoiqtisadi maraqlarının çevrəsinə daxildir. Bu üzdən rəsmi Vaşinqton üçün Cənubi Qafqaz coğrafiyasının Azərbaycan cinahı daima strateji prioritet təşkil edən bir vektor olaraq qalacaqdır. Bununla belə, demək olmaz ki, ABŞ Azərbaycana münasibətdə həmişə birmənalı ədalətli mövqe tutmuşdur. Dağlıq Qarabağ münaqişəsi zəminində ortaya çıxmış "Azadlığa dəstək Aktına" bədnam 907-ci düzəliş yalnız tarixi ədaləti və öz haqqını tələb edən Azərbaycan xalqının milli maraq və hisslərinə təhqir idi. Böyük dövlətlərin səhvi də, ədalətsizliyi də böyük olur. ABŞ-ın Dövlət katibi postunu tutmuş H.Kissincerin sözüdür - Böyük dövlətlər heç vaxt müttəfiqlərinə görə intihar etmirlər. Zamanında söylənmiş bu ifadə həmin dövlətin siyasətinin səmimiyyət və ikili standartlardan uzaq olmadığına dəlalət edən ən dəqiq arqumentlərdəndir.
Bütövlükdə, ABŞ xarici siyasəti üçün ikili standartlar anlayışı yad məfhum deyildir. Bununla heç onların özlərini də təəccübləndirə bilməzsən. Keçib gəldiyimiz tarixdə qənaətimizi təsdiq edəcək yetərincə fakt vardır. Məsələn, çox az təsadüf olunan iki dollarlıq əskinasda əksi olan Tomas Cefferson öz zamanında patent mühafizəsinə qarşı çıxarkən "ideya oğurluğu"na bu sözlərlə haqq qazandırmışdı: "...İdeya hava kimi bir şeydir, heç kim ona sahibliyini iddia edə bilməz". Böyük Britaniyanın ABŞ-ı azad ticarətin prinsiplərini tanıyıb əməl etməyə çağırışlarına rəğmən bu ölkənin digər bir prezidenti Uliss Qrant demişdi: "Yalnız 200 ildən sonra - ABŞ proteksionizmdən (iqtisadi sahədə - X.N.) nə mümkündürsə əldə etdıkdən sonra, azad ticarətə keçəcəkdir".
İkili standartları Amerika xarici siyasətinin norması kimi bəyan etmiş məşhur "Kirkpatrik doktrinası"nın müəllifi Djin Kirkpatrik vəfat edəndə bir çox amerikalı siyasətçi onu qeyri-korrekt baxışları səbəbindən kütləvi şəkildə "ağlamaqdan" çəkindi. Amma bu həmin o Amerikadır ki, dünyada "O, köpək oğludur, amma bizim köpək oğludur" ifadəsinin müəllifi kimi tanınır.
İkili standartlar mövzusuna amerikalı diplomatlardan biri belə bir yozum verir ki, bu, daha çox ABŞ-a qarşı qıcığı olan ölkələrin uydurmasıdır. Belə ki, - ABŞ ikili standartlardan istifadə edir- söyləyən ölkələr, əslində, - ...biz sizin standartlarınızla razı deyilik, öz standartlarımız daha yaxşıdır - demək istəyirlər. Riya göz qabağındadır.
Qlossari lüğətində ikili standartlar anlayışı bu cür təfsir olunur "...rəsmən inkar olunsa da, praktikada istifadə edilən, adi norma kimi qəbul edilən, müxtəlif ölkə və irqlərə, əhalinin müxtəlif kateqoriyalarının hüquq və vəzifələrinə, davranışına diskriminasiyalı yanaşma..." Concise Oxford English Dictionaru isə nisbətən lakonik şərh verir: ikili standartlar - bu, bir qisim adamlara nisbətdə başqalarına daha ciddi şəkildə tətbiq edilən qayda, yaxud prinsiplərdir.
Barak Obamanın Ağ evə gəlişi ilə Amerikanın xarici siyasət kursunda ikili standartların əleyhinə konkret təshihlər edəcəyi ilə bağlı planlarını BMT-nin Baş Assambleyasında söylədikləri də təsdiq edir: "Heç bir ölkə bir başqası üzərində hökmranlıq etmək fikrinə düşməməlidir. Bir ölkəni, yaxud insanlar qrupunu digəri üzərində yüksəltməyə cəhd edən dünya quruluşu uğursuzluğa məhkumdur. Demokratiya heç bir ölkəyə kənardan ilhaq edilə bilməz. Hər bir cəmiyyət öz yolunu axtarmalıdır, çünki etalon yoxdur. Hər bir ölkə öz köklərini xalqının mədəniyyət və ənənəsindən götürən yolla irəliləməlidir. Və mən etiraf edirəm ki, Amerika demokratiyanın yayılmasında tez-tez seçmə üsulundan istifadə etmişdir". Amerika xalqı demokratiyanın hər cür rasist düşüncədən yüksək olduğuna sadiqlik nümayiş etdirərək ilk qaradərili prezidentini seçdi. Fəqət, həmin şəxs başqa xalqlara münasibətdə axıracan demokrat qala bildimi?
Azərbaycanın da standartlarla bağlı öz təsəvvürləri var. Heç iddialarımız da az deyil. Amma Los-Ancelesin ermənilərə məxsus olduğunu, yaxud sayı bir neçə milyon nəfəri aşan çinlilərə muxtariyyət statusu verilməsinin insan haqlarına zidd olduğunu haçansa iddia etməyimiz yadımıza gəlmir. Məgər qamburgerin dolmadan, dovğadan daha dadlı olduğunu sübut etmək üçün mütləqmi "nüvə çemodanı"na malik olmaq lazımdır?
İkili standartlar siyasətini tanıyan dünya ölkələri üçün sirr deyildir ki, Azərbaycan iki onilliyə yaxındır ki, Dağlıq Qarabağda Ermənistan dövləti tərəfindən dəstəklənən separatizm və terrorizmlə üzbəsurət qalmışdır. Lakin beynəlxalq ictimaiyyət tərəfindən həmin qüvvələrin mütəşəkkil terrorçu qüvvələr kimi tanınması nədənsə yubanır. 2001-ci il sentyabrın 11-də Nyu-York və Vaşinqton şəhərlərində həyata keçirilmiş və bütövlükdə tarixə sivil insan cəmiyyətinə, ümumbəşəri dəyərlərə qəsd kimi həkk olunan amansız terror olayı supergüc dövlətlərini yerdə qalan ölkələrin problemlərinə münasibətdə daha həssas, qayğıkeş və obyektiv olmağa məcbur edə bilmədi. Onlar başa düşmədilər (daha doğrusu, düşmək istəmədilər - X.N.) ki, terrorizmə loyal, ikili münasibət onun "balalamasına" münbit şərait yaradır.
ABŞ və bəzi Qərb dövlətləri güclü erməni lobbisinin təsiri altında Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsinə qarşı çıxsalar da, Prezident İlham Əliyev ortaya prinsipial mövqe və iradə qoyaraq Türkiyə və Gürcüstanın da yaxından qoşulduğu bu layihənin gerçəkləşməsinə nail oldu. Üstəlik, Azərbaycan Gürcüstanın bu layihədə iştirakını kredit şəklində maliyyələşdirməklə müstəqil siyasət yeritmək əzmini nümayiş etdirdi.
2007-cı ildə ABŞ Dövlət Departamentinin hesabatında Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğuna şübhə toxumu səpən qeyri-obyektiv yanaşmaya etiraz olaraq rəsmi Bakının nümayiş etdirdiyi mövqe yol verilmiş "texniki" yanlışlığın tez bir zamanda aradan qaldırılmasını təmin etdi. Rəsmi Bakının İraqdakı sülhyaratma əməliyyatlarında iştirak edən Azərbaycan hərbçilərini geri çağırmaq barədə qərar qəbul etməsi də dövlətimizin müstəqil siyasət əzmindən xəbər verirdi.
Nəhayət, bir müddət əvvəl Türkiyənin Ermənistanla sərhədləri açacağı ilə bağlı yayılan məlumatlar fonunda cənab İlham Əliyevin bu ölkədə keçirilən "Mədəniyyətlər İttifaqı" layihəsinin təqdimat mərasimində iştirak etməməsi analitiklər tərəfindən respublikamızın qətiyyətli mövqeyinin nümayişi kimi dəyərləndirildi.
Amerikanın öz ambisiyalarının girovuna çevrilərək demokratiya pərdəsi arxasında qisasçılıq siyasəti yeritməsi artıq heç kim üçün sirr deyildir. Ağ ev İraqda başladığı hərbi əməliyyatda üç əsas məqsəd güddüyünü bəyan etmişdi - kütləvi qırğın silahlarını məhv etmək, İraq xalqını diktatura rejimindən azad etmək və İraq rəhbərliyinin region ölkələri, bütövlükdə beynəlxalq ictimaiyyət üçün yaratdığı təhlükəyə, yəni onun beynəlxalq terrorizmlə olan əlaqələrinə son qoymaq. Bu günə kimi qaranlıqdır; Amerika İraqda hərbi gücünü göstərirdi, yoxsa demokratiya və insan hüquqlarının qorunması kimi ali bəşəri prinsiplərə sadiqliyini nümayiş etdirirdi? Amerika "güc hüququ"nu İraqla yanaşı, Əfqanıstanda da tətbiq etdi. Daha çox demokratiya və insan hüquqları şüarı altında aparılan belə bir ekspansiya, heç şübhəsiz, siyasət, iqtisadiyyat, mədəniyyət, sosial sfera, milli mənəviyyat sahələrini ehtiva etməyə hesablanıb.
İki il əvvəl BMT-nin Baş Məclisinin yığıncağında Azərbaycan tərəfinin təqdim etdiyi və iki ölkə arasındakı münaqişənin tənzimlənməsinin əsas prinsiplərini özündə əks etdirən bəyanatın səsvermə prosesi böyük dövlətlərin ədalətli münsif ola bilmədiklərini bir daha ortaya qoydu. Bütün çılpaqlığı ilə. Tarix haqq-ədalətdən danışanların haramxorluğunun, şərəfdən dəm vuranların namussuzluğunun az şahidi olmayıb, ha! Səsvermə vaxtı 100 ölkə neytrallığını qorudu. 39 ölkə Azərbaycanın yanında olduğunu səsi ilə təsdiq etdi, 7 ölkə isə əleyhinə səs verdi. Və Vanuatu kimi balaca ada ölkəsi ilə bir sırada dayanan "anarxistlərin" arasında ABŞ, Rusiya və Fransanın yer alması gerçəkdən təəccüblüdür. ATƏT-in Minsk qrupundakı neçə illik həmsədrlik və qərəzdən uzaqlaşa bilməyən ləkəli münsif ampluası.
Amerikanın qeyri-hökumət araşdırmalar mərkəzi "Brooking Institutions" dövlətlərin zəifliyi üzrə 141 ölkə arasında ənənəvi reytinqini (Index of State Weakness in the Developing World) açıqlamışdı və qiymətləndirmələr dörd əsas indikator əsasında aparılmışdı: iqtisadiyyat, siyasət, təhlükəsizlik və sosial sahədəki vəziyyət. Azərbaycan bu siyahıda 80-ci yerdə idi. Bu ölkələrin hansı prinsiplə bir araya gətirilməsi, ədalətli və düzgün seçim aparmaq üçün informasiyanın hansı mənbədən əldə edilməsi xeyli sual doğursa da, nəticə etibarilə hər bir müqayisə qüsurludur.
Antiazərbaycançı qüvvələr cəbhəsində birləşən "qırğı"lardan biri də Freedom House beynəlxalq təşkilatıdır. Bu "evin" "tikinti sənədlərinin" olub-olmadığı, harada "qeydiyyatdan keçdiyi" məlum deyil. Əvəzində məhz nə üçün və hansı məqsədlərlə "inşa olunduğu", memarının kimlər olduğu, "lisenziya pulunu" haralara ödədiyi bəllidir. Hər il dünya ölkələrində siyasi və mülki azadlıqların vəziyyətinə dair hesabat hazırlayaraq "ipə-sapa yatmayan", "bac-xərac" verməyən ölkələri öz hesabatında, Rza bəy demişkən, "biabır edir". Neynək, bunlar da çörəklərini belə çıxarırlar.
Amma fərqli düşünənlər də var. ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri Riçard Luqar - Azərbaycanla beynəlxalq ictimaiyyət arasında insan hüquqları əvəzinə neft bazarlığının baş tutduğunu iddia etmək ədalətli olmazdı - söyləyir. - Bu gün Azərbaycan informasiyanın əldə edilməsi və onun yayılmasının səviyyəsinə görə bəzi dövlətlərə nümunə ola bilər. Və xoşbəxtlikdən belələri əvəzliyin tək şəklində deyillər.
İkili standartların dünya evində vətəndaşlıq statusu qazanmasında BMT-ni günahlandıranlar da az deyil. Cənab İlham Əliyev heç bir zaman bəzi beynəlxalq təşkilatların problemə münasibətdə açıq-aşkar büruzə verən qeyri-obyektiv mövqeyini tənqid atəşinə tutmaqdan və bu zaman hədəfi də göstərməkdən çəkinməmişdir. Məsələn, BMT TŞ tərəfindən qəbul edilmiş dörd qətnamənin 17 ildən bəri təsirsiz qalmasını, eləcə də həmin sənədlərdə təcavüzkarın birmənalı şəkildə tanınmamasını başqa nə ilə izah etmək olar? Avropa Birliyi də Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən bir neçə bəyanatla çıxış etsə də, həmin sənədlərdə Ermənistanın təcavüzkar fəaliyyəti, işğalçı siyasəti pislənilməmişdir. Azərbaycan Prezidentinin qətiyyətli və prinsipial mövqeyi xüsusilə son günlər daha fərqli bir ajiotaj yaşayan ABŞ-Türkiyə-Ermənistan danışıqları ilə bağlı ortaya çıxmışdır.
Ermənilərin XX əsrin əvvəlində və sonuna yaxın Azərbaycanda törətdikləri soyqırıma, yüz minlərlə insanın yurd-yuvasından qovulmasına lal və kar olan Amerika uzun illərdir müvəffəqiyyətlə istifadə etdiyi ənənəvi şantaj taktikasını - ermənilərin soyqırımını tanıya biləcəyi ilə bağlı spekulyativ eyhamını ortaya qoymaqla Türkiyəni Ermənistanla sərhədləri açmağa vadar etmək istəyir. Bu işdə Türkiyənin, Azərbaycanın köklü maraq və mənafeləri nəzərə alınmadan. Ortada bir superdövlət ambisiyası ilə yanaşı, Nobel mükafatının əbəs verilmədiyini isbatlamaq kimi bayağı izzəti-nəfs məsələsi də var. Lakin cənab İlham Əliyev Azərbaycanın vassal olmağı bacarmadığını və heç bir vaxt da özünə süzeren axtarmadığını hər dəfə olduğu kimi, bu dəfə də ortaya qoydu.
Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafına həsr olunmuş iclasındakı nitqində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqışəsinin həlli ilə bağlı Azərbaycanın yeganə və birmənalı konstruktiv mövqeyini səsləndirən Ali Baş Komandan danışıqlar prosesində konkret hərəkət və keyfiyyət mərhələsinin başlamayacağı təqdirdə ölkəmizin hər cür ssenariyə hazır olduğunu bəyan etmiş, Azərbaycan xalqının, ictimaiyyətinin torpaqlarımızın işğalına göz yumanların, işğalçı dövləti çətin, ağır iqtisadi vəziyyətdən çıxarmaq üçün min bir səy göstərənlərin mövqeyini qəbul etmədiyini bildirmişdir: "Nə üçün işğalçı ölkəyə təzyiqlər göstərilmir?! Nə üçün Azərbaycan bugünkü danışıqlarda demək olar ki, ən böyük konstruktivlik nümayiş etdirir, Ermənistan danışıqları pozur?! Ermənistanı bu ağır vəziyyətdən çıxarmaq cəhdlərini biz görürük. Nə üçün məhz Türkiyə-Ermənistan sərhədləri açılsın və Ermənistana elə bil ki, nəfəs gəlsin?!
...Heç şeydən xəbəri olmayan, bölgədə gedən proseslərdən xəbəri olmayan tərəflər təzyiqlə, şantajla, qara yaxmaqla nəyə nail olmaq istəyirlər?! Biz bunu belə qəbul edirik. Bu, açıq şəkildə Azərbaycanın maraqlarına zidd olan bir siyasətdir."
Bütün bu dediklərimizdən, demədiklərimizdən və bir də deyə bilmədiklərimizdən sonra yenə də qeyri-ixtiyari bir sual üzərində baş sındırmalı olursan: niyə bu boyda balaca bir ölkə qıyığa dönüb girib dünyanın gözünə? Niyə varlığımızı "həzm" edə bilmirlər?
Xalid NİYAZOV
Azərbaycan.- 2010.- 5
may.- S. 8.