Daşkənddə Asiya
İnkişaf Bankı Direktorlar Şurasının 43-cü
illik iclası başa çatmışdır
Tədbirdə Azərbaycanın
maliyyə naziri Samir Şərifov çıxış
etmişdir
Daşkənddə Asiya İnkişaf Bankı (AİB) Direktorlar Şurasının 43-cü illik iclası başa çatmışdır.
Dörd gün davam edən iclasda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Tədbirlərdə dünyanın 90-dan artıq ölkəsindən gəlmiş 3 mindən çox hökumət nümayəndələri, ekspertlər, maliyyəçilər iştirak etmişdir.
Sonuncu gün keçirilən ikinci biznes sessiyada nazir Samir Şərifov çıxış etmiş, Azərbaycandakı iqtisadi vəziyyət barədə məlumat vermiş, AİB ilə ölkəmiz arasında əməkdaşlıq haqqında danışmışdır.
Samir Şərifov demişdir: "Məlumdur ki, 2009-cu il bütün dünya iqtisadiyyatı üçün məsuliyyətli və ağır bir il olmuşdur. Təbii ki, bu böhranın mənfi fəsadları Azərbaycandan da yan ötməmişdir. Bununla belə, Azərbaycan rəhbərliyinin vaxtında həyata keçirdiyi dəqiq və qətiyyətli addımlar nəticəsində ölkədə iqtisadiyyatın sürətli inkişafı, makroiqtisadi sabitliyin saxlanması təmin edilmişdir. Bu da bütün sosial proqramların həyata keçirilməsinə şərait yaratmışdır. 2009-cu ilin nəticələrinə görə Azərbaycan iqtisadiyyatında 9,3 faiz artım olmuşdur.
Nazir Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında əməkdaşlığın inkişaf perspektivlərindən danışaraq qeyd etmişdir ki, AİB ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsinə dəstək verir. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramları, ilk növbədə, ölkəmizdə tarazlı inkişafın təmin olunmasına yönəldilmişdir. Bu proqramların həyata keçirilməsində isə həm milli maliyyə ehtiyatlarından, həm də xarici bankların vəsaitlərindən istifadə edilir.
Qulu KƏNGƏRLİ,
AzərTAc-ın xüsusi müxbiri,
Daşkənd
Azərbaycan.- 2010.- 5
may.- S. 9.