"NATO-nun Avropada və strateji məkanda stabilliyin və təhlükəsizliyin təmin olunmasında rolu" mövzusunda konfrans

 

Mayın 4-də Bakıda "NATO-nun Avropada və strateji məkanda stabilliyin və təhlükəsizliyin təmin olunmasında rolu" mövzusunda konfrans keçirilmişdir.

Konfrans Azərbaycan-NATO əməkdaşlığının 16 illiyinə və Alyansın yaranmasının 61 illiyinə həsr olunmuşdur.

Rumıniyanın Bakıdakı səfiri Nikolaye Ureke konfransda çıxış edərək bildirmişdir ki, ölkəsi Azərbaycan-NATO əməkdaşlığının əlaqələndiricisi kimi Bakı ilə Brüsselin qarşılıqlı əlaqələrinin möhkəmlənməsini dəstəkləyir. Azərbaycan-NATO əməkdaşlığının əlaqələndiricisi kimi səfirliyin fəaliyyəti iki istiqamətdən ibarətdir. Onlardan biri Azərbaycanın Alyansla maksimum dərəcədə yaxınlaşmasıdır.

Diplomat Bakı ilə yanaşı respublikanın regionlarında da Azərbaycan ictimaiyyətinin NATO-nun rolu barədə məlumatlandırılmasını Rumıniya səfirliyinin fəaliyyətinin ikinci əsas istiqaməti olduğunu demişdir: "Biz NATO-nun oynadığı mühüm rolu Azərbaycan ictimaiyyətinə çatdırmağa çalışırıq. Çünki bir qayda olaraq postsovet ölkələri Alyans barədə səthi təsəvvürlərə malikdirlər".

Səfir onu da vurğulamışdır ki, Rumıniya Azərbaycanın NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının (İPAP) yerinə yetirilməsini və ölkəmizin Alyansın xaricdəki sülhməramlı missiyalarında, eləcə də elm və enerji proqramlarında iştirakını dəstəkləyir.

Konfransda səfir Nikolaye Urekenin "NATO-nun tərəfdaşlıq siyasətinə dair bəzi qeydlər", Norveçin Azərbaycandakı səfiri İoan Romberqin "NATO Yeni Strateji Konsepsiya axtarışında" mövzularında və s. məruzələr dinlənilmişdir.

Bundan əlavə konfransda NATO-nun tərəfdaş ölkələrlə münasibətlərinə dair, həmçinin Yeni Strateji Konsepsiya ətrafında fikir mübadiləsi aparılmışdır.

Konfransda Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, yerli və xarici ekspertlər, bir sıra QHT-lərin rəhbərləri və s. iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  5 may.- S.  9.